Avropa səsimizi duydu

 

   Eldar Nigar cütlüyü Azərbaycana əsl qələbə yaşatdı

 

   Biz gələn il qapılarımızı Avropaya açırıq. O qapılar elə açılmalıdır ki, avropalı müsabiqədə olduğu kimi silkələnsin. Yaxşı mənada şoka düşsün. Biz təkcə musiqimizlə deyil, eyni zamanda qonaqpərvərliyimiz, mədəniyyətimiz, mətbəximiz, milli adətlərimiz, modern, müasir Azərbaycan cəmiyyəti ilə Avropanın qarşısına çıxmalıyıq. Bu görüş avropalılarda o qədər xoş təəssürat yaratmalıdır ki, burdan qayıdanda Azərbaycan adı onların yaddaşlarında mədəni, qədim tarixə malik, eyni zamanda müasir Avropa ölkəsi kimi qalsın.

   Biz bu qalibiyyət üçün Eldar və Nigar cütlüyünə təşəkkür edirik. Məhz onların çıxışı bu qalibiyyətin əldə olunmasına zəmin yaratdı. Bu həm də qalibiyyətə, uğura təşnə olan bir xalqın qalibiyyət günü idi.

   Avropanın ən mötəbər musiqi yarışı sayılan "Eurovision 2011"-in qalibi məhz Azərbaycan olması bir çox xalqları susdurmağa vadar etdi. Nəzərə alsaq ki, builki müsabiqədə bədnam qonşularımız finala belə qala bilmədilər, Azərbaycanın 43 ölkə arasında seçilərək "Eurovision-2011"in qalibi olması həm mədəni, həm də siyasi baxımdan böyük qələbə sayılır. Artıq bir neçə gündür ki, Azərbaycan bu qələbənin sevincini yaşayır. Biz bunu bacardıq, QALİB olmağı. Əslində bu uğur, bu qələbə ilk addımlardır. Qələbəyə aparan yolun ilk addımlarını atdıq. Bu qələbə sabah bizi Qarabağa aparan uğurun təməlini qoydu. Biz bütün dünyaya sübüt etdik ki, Azərbaycan hər sahədə öndə, qalib olmağı bacarır. Evrovizion qələbəsini, Evrovizion sevincini bizə Eldar və Nigar yaşatdılar. Eyni zamanda Azərbaycan "Evrovizion" milli seçim turlarından başlayaraq finala aparan yola qədər böyük bir məsafə qət etdi. Bu yolda nümayəndə heyətimizə dəstək olan bir çox qurumlar oldu ki, onların da əməyini yüksək qiymətləndirmək lazımdır. Heç bir uğur, heç bir qalibiyyət təkbaşına əldə olunmur. Burda Azərbaycan birliyi, azərbaycanlıların həmrəyliyi özünü göstərdi. Sübut etdik ki, biz bir dövlət olaraq birik, güclüyük. Təbii ki, bütün bu qalibiyyətin başında ilk növbədə təmsilçilərimiz, yəni Eldar və Nigar cütlüyü durur. Ancaq bu cütlüyün arxasında böyük bir xalq durdu. AZƏRBAYCAN XALQI.

   Təmsilçilərimizin hazırlanmasında, onların "Eurovision-2011" səhnəsində professional çıxışları üçün böyük bir nümayəndə heyəti səfərbər oldu. Aylarla çəkilən zəhmət nəhayət ki, bəhrəsini göstərdi. Yeri gəlmişkən onu da qeyd edək ki, milli seçim turlarından sonra müxtəlif fikirlər səsləndi. Münsifləri qeyri-obyektivlikdə suçlayanlar oldu. Ancaq bütün bunlara baxmayaraq, kimsəyə acı cavab verilmədi. Bu gün isə qalibiyyət sözünü dedi. Və ən böyük cavab da Azərbaycanın belə bir mötəbər yarışdan qələbə ilə qayıtması oldu. "Eurovision-2011"ə hazırlıq üçün Azərbaycanın Gənclər və İdman Turizm Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, İctimai Telekanal, xüsusilə də Heydər Əliyev Fondu böyük işlər gördülər. Onlar Azərbaycan təmsilçilərinin təbliği məsələsində ən xırda detalları belə nəzərə aldılar. Professional insanlarla işbirliyi qurdular və nəticə sonda qalibiyyət oldu. Həqiqətən, Azərbaycana qələbə yaraşdı. Həmin gecə Azərbaycan sabahı ayaq üstə salamladı. Minlərlə insan küçələrə töküldü. Qələbənin sədaları sazla, qavalla müşayiət olundu. Küçələrdə Azərbaycan bayrağını dalğalandıran minlərlə həmyerlimiz qol qaldırıb oynadılar. Həmin gün təbiət bizə müjdəsini narın yağan yağışlarla çatdırdı. Elə ona görə deyirik, Azərbaycan, sənə qələbə yaraşır! Ümid edirik ki, qısa zaman ərzində bu bayraqlar Azərbaycanın ürəyi sayılan Qarabağda dalğalanacaq. Bu qaval səsləri, saz sədaları Qarabağda Qələbə deyib xalqın sevincini bölüşəcək.

  

   Azərbaycan qapılarını Avropaya açır

  

   Avropa Azərbaycanın ayaq səslərini duydu. Azərbaycan gəldi, həm də ən böyük addımlarla.

   "Eurovision-2011"in qalibləri Eldar Qasımov və Nigar Camal dünən gecə saatlarında vətənə qayıtdılar. Qaliblər "Eurovision-2011"dəki Azərbaycan nümayəndə heyəti ilə birlikdə Bakıya döndülər.

   Qaliblərimizi qarşılamaq üçün gecə saatlarından etibarən pərəstişkarlar Heydər Əliyev adına Hava Limanına axın etdilər. Maşınlarda, Azərbaycan bayraqları dalğalanırdı. İnsanların gül-çiçək dəstələri qaliblərimizin yolunu gözləyirdi. Qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayrılmışdı.  

   Azərbaycanı "Eurovision-2011" yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL tərəfindən hazırlanmış tort təyyarədə kəsildi. Xüsusi çoşqu ilə keçən səfər barədə danışan Eldar Qasımov bildirdi ki, o, ölkəyə belə qələbə ilə qayıtdığına görə, çox xoşbəxtdir: "Biz bu xoşbəxtliyi, sevinci Bakıya yaşatdığımız üçün çox məmnunuq. Bu uğurlarımızı davam etdirməyə çalışacağıq".

   Qaliblərimizi qarşılayanlar arasında Azərbaycanın ən tanınmış ziyalıları, incəsənət xadimləri, idmançılarımız, millət vəkilləri iştirak edirdi.

   Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə heyəti, gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, geri döndülər.

   Qarşılamaya gələnlərin avtomaşınları "Eldar və Nigar" sözləri ilə bəzənmişdi. Eldar və Nigarın qarşılanma mərasimi böyük izdihamla yadda qaldı. Qaliblər alqış sədaları altında təyyarədən endilər. Hər kəs qalibimizi qucaqlamaq, onlarla şəkil çəkdirmək arzusunda idi. Hətta fanat seli az qala qaliblərimizi qucaqlayarkən boğurdular. 

   Qaliblər izdihamın sıx olması səbəbindən jurnalistlərin suallarını cavablandırmamış məkanı tərk etdilər. Əldə etdiyimiz məlumata görə, bu gün Azərbaycanın "Evrovizion"dakı qalibləri ilə mətbuat konfransı keçiriləcək.

 

   Sevgi qalib gəldi

  

   Builki müsabiqə ilə bağlı müxtəlif şərhlər səslənirdi. İfa olunan mahnıların janrları, mətnlərdə olan müxtəlif mövzular müzakirə mövzusuna çevrilmişdi. Bir çoxları üçün finala qədər bir sual maraqlı idi. Avropa bu gün hansı janrda musiqini sevir? Nəzərə alsaq ki, builki təmsilçilər arasında duet çıxışlar da azlıq təşkil edirdi, onda müsabiqəyə duetin gedib-getməməsi ilk dönəmlərdə suallar yaradırdı. Bütün bu sualları isə sonda Azərbaycan cavabalandırdı. Daha dəqiq desək, Ell Nikki sevginin qalib gəldiyini sübut etdilər. 2011 Ell Nikkinin romantik sevgisi ilə qalib oldu.

   Əslində müəyyən mənada hisslərin dili ilə danışsaq, Avropa təmiz sevginin həsrətini yaşayırdı. Ell və Niki Avropaya sevginin təmizliyini, böyüklüyünü və yüksəklərdə durmaq gücünü sübut etdi. Avropa sevgiyə - AZƏRBAYCANA səs verdi. Bu sevgiyə layiqsən Azərbaycan. Çünki sən Odlar Yurdusan. Od olan yerdə sevgi yaranır. Od olan yerdə birlik olur, od olan yerdə sülh olur, istilik olur. Elə dünyanı da sevgi xilas edəcək. Yəqin ki, bu gündən Avropanın sevgi himni Ell Nikkinin "Running Scared"idir.

   Artıq indidən müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Sadalanan variantlar sırasında ilk yerlərdə Tofiq Bəhramov adına Respublika stadionu gəlir. Çünki bura həm şəhərin mərkəzində yerləşir, həm də ölkədə hələlik ən çox tamaşaçı tutumu olan məkandır.

 

   Firəngiz Şərifova nəvəsi  Eldar Qasımovla fəxr edir...

  

   "Mənə ulu babam kömək etdi". Bu sözləri "Eurovision 2012" mahnı müsabiqəsini Azərbaycana gətirən təmsilçilərimizdən biri Eldar Qasımov müsabiqədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabalandırarkən demişdi. Söhbət Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadədən gedir. Belə ki, Abbas Mirzə Şərifzadə Eldar Qasımovun nənəsinin, yəni xalq artisti Firəngiz Şərifovanın atası, məşhur aktrisa Mərziyə Davudova isə anasıdır. Eldarın ailəsi onun qələbəsi ilə fəxr edir. Onların qüruru yerə-göyə sığmır.

   Təmsilçimizin nənəsi Firəngiz Şərifova indiyə qədər nəvəsi barədə heç bir fikir səsləndirməsə də, qalib olandan sonra hisslərini bölüşdü: "Birincisi, mən belə nəvə ilə fəxr edirəm. İkincisi, yenə də deyirəm ki, mənim ailəmin, qanımın, atamın davamçısı var. Mənim atam Abbas Mirzə Şərifzadə böyük aktyor olub. Anam Mərziyə Davudova da görkəmli aktrisa olub. Mən bu qandan gəlirəm". 

   Eldar Qasımovun atası Pərviz Qasımov da oğlunun qələbə qazanacağından əmin olub: "Əvvəldən bilirdim ki, o, yaxşı çıxış edəcək. O, istedadlı uşaqdır. Eldar məktəbdə də, institutda da yaxşı oxuyub. Ali məktəbi qırmızı diplomla bitirib. Alman dilində sərbəst danışır, ingilis dilində necə danışdığını özünüz gördünüz. Təhsilini rus dilində alıb. Azərbaycan dilini də yaxşı bilir".

  

   "Bizim üçün ikiqat bayramdır"

  

   Azərbaycan təmsilçilərinin "Evrovision-2011" mahnı yarışmasında qələbə qazanması bütün türk dünyasını sevincə qərq edib. SİA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından və teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun imzası ilə məktub daxil olub. Kollektivin mahnı müsabiqəsinin qalibi Eldar haqqında dediklərinin maraqlı olacağını nəzərə alıb onu oxucuların diqqətinə çatdırırıq:

   "Almaniyanın Düsseldorf şəhərində keçirilən "Evrovision-2011" müsabiqəsində Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camalın qələbə qazanması, birinci pilləyə qalxaraq üçrəngli bayrağımızı ən yüksək zirvəyə ucaltmaları təkcə Azərbaycan xalqının yox, bütün türkdilli xalqların qələbəsi deməkdir. Çünki bütün türk dünyası bu möhtəşəm qələbəni bayram kimi qeyd edirlər.

   Eldar Pərviz oğlu Qasımovun bu qələbəsi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və bütövlükdə teatr ictimaiyyəti üçün də bayramdır. Eldar Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxaraq, hər gün dərsdən sonra nənəsi Firəngiz xanım, babası Bala müəllimlə teatra gələrək gözümüzün qarşısında böyüyüb. O, özünün dünya professional incəsənətinə yüksəliş dərslərinin əsasını bizim teatrda keçib. Həm də bu istedad ona kökdən gəlmədir. Belə ki, Eldar Qasımovun ulu babası Azərbaycanın korifey sənətkarı, məşhur aktyor və rejissor, xalq artisti Abbas Mirzə Şərifzadə, ulu nənəsi Azərbaycan teatr tarixinin parlaq sənətkarı, SSRİ xalq artisti Mərziyyə Davudovadır. Eldarın nənəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılarından, korifeylərindən biri, xalq artisti Firəngiz Şərifovadır. Babası əməkdar mədəniyyət işçisi, mərhum Bala Qasımov da bir müddət bizim teatrın direktoru işləyib. 

   Azərbaycanda keçirilən müsabiqə vaxtlarından teatrımızın kollektivi Eldarın çıxışlarını böyük maraqla izləyirdi. Biz ona çox inanırdıq. Burada qələbə çalıb "Evrovision-2011" müsabiqəsinə gedəndə və orada Nigar xanımla uğurlu çıxış edəndə çox sevindik. O, təkcə bizim yox, həm də bütöv Azərbaycan və türk xalqlarının inamını doğrultmaqla sevincimizi ikiqat artırdı.

   Eldar əfsanəvi qəhrəman Koroğlunun cavanlıq adıdır. Nigar isə gözəllik mücəssəməsi olmaqla Koroğlunun (Eldarın) sadiq ömür-gün və döyüş yoldaşı olub. Bax bu incəsənət müsabiqəsində də həm Eldar Qasımov və həm də Nigar Camal öz sənətləri, istedadları ilə çox böyük yarışa girib 43 ölkədən olan sənətçilərə qalib gəlib, tariximizin şanlı qəhrəmanlarının adını doğrultdular. Deməli, bu adlar onlara əbəs yerə qoyulmayıb. Eldar isə bu qələbəsi ilə bizim kollektivə ikiqat sevinc gətirib. Bu bayramı biz böyük təntənə ilə yaşayırıq və sevimli aktrisamız Firəngiz xanımı təbrik edirik".

 

   Nigar Camal Xəzər Universitetində təhsil alıb

 

   Yeri gəlmişkən onu da qeyd edək ki, Nigar İngiltərədə yaşayır.

   Nigar 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub.

   1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanıb. 1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirmişdir. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat menecment fakültəsində təhsil alıb.

   2005-ci ildə ailə həyatı qurub Londona köçüb. İki qız övladı var: Jasmin Səidə.

     

 

  Tahirə

 

   Şərq.- 2011.- 17 may.- S. 6.