İlk musiqi alətlərimiz

 

  Onların sayı 60-dan çoxdur

 

  (Əvvəli ötən sayımızda)

  

   Tulum

  

   Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən - tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır.

   Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. İlk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.

  

   Nağara

  

   Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına "Kitabi-Dədə-Qorqud"da da rast gəlirik. "Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı". Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.  

   XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez "nağara" sözü işlədilir:

  

   Çataraq inləyir neyin nəfəsi,

   Nağara əl çalır, yüksəlir səsi.

  

   Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır.

   Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.

  

   Qoşanağara

  

   Qoşanağara - xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir.

   Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

   Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

   Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur.

   Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.

  

   Qaval

 

   Qaval, dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.

  

   Ud

  

   Ud musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada Yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu "bütün musiqi alətlərinin şahı" adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.

   Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Əbdül Mömün Urməvi özünün "Kitabi-əl -ədvar" ("Mahnılar kitabı") adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin "Həft-cam" əsərində ud haqqında qiymətli məlumata rast gəlinir.

  

   "Şərqin min bir sirri" kitabında belə deyilir:

  

   Tar. Tarda çalınan musiqi yuxusuzluq malxulya (melanxoliya), baş ağrısı, əsəb və əzələ spazmalarını aradan götürmə gücünə malikdir. Tarda olan ifalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, insanı vadar edir ki, o həyat barədə düşünsün. Bu alətdə ifa olunan təntənəli bir musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır.

   "Qabusnamə" nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini seçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) - sanqvinik (qanıqaynar) və fleqmatik (soyuqqanlı, laqeyd), yüksək pərdələr (zil) - xolerik (tündməcaz, tez hirslənənlər), orta pərdələr isə melanxolik (qəmgin, məyus) insanlar üçündür.

   Kamança. Kamançada səslənən musiqi də müalicəvi təsiri güclüdür. O da öz növbəsində əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, melanxoliya və qəm-qüssəyə qarşı kömək edir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət emosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss etməyə və ona qiymət verməyə kömək edir. Bu alətin ecazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk etmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs edən Sultan Əli Xorasani "Dəsturül-əlac" (1527 il) əsərində qeyd edir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.

   Ney. Neyin incə səsi də əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Ney, əksər hallarda, insanda sevinc, sakitlik yaradır, təbiətdən həzzalmağa təhrik edir, bəzən isə fəlsəfi düşüncələrə aparır. Qamışdan hazırlanan neyi hələ qədim Misirdə tanıyırdılar. Bu alətin təsviri bizim eradan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabilərinin divar rəsmlərində saxlanılır. Tütək Azərbaycan xalqının ən çox sevdiyi alətlərdən biridir. Sadə xalqın sevimlisi olmaqla bərabər, o, əsrlər boyu kubar, aristokrat mühitində, şah saraylarında da sevilirdi.

   Ud. Babalarımız hesab edirdilər ki, udun səsi baş ağrısı və melanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir..."

   Maraqlıdır, elə deyilmi? Vibrasiyalar, səslər - bunlar hər biri özündə xeyir daşıyır. Hər şey öz ritmində gedir. Bu ritm musiqinin ürəyi olduğu kimi, bizim orqanizmimiz üçün də az önəm daşımır. Bizim də hər bir orqanımız öz ritmində davam eləməlidir. Bu pozulduğu zaman isə xəstəliklər yaranır. Biz də musiqinin ritminin köməkliyi ilə öz orqanlarımızın ritmini bərpa edə bilərik. İndi yapışmışıq depressiya, əsəb, yuxusuzluq, ağrıkəsici dərmanlarından. Orqanizmimiz kimyəvi maddələrin hücumuna buraxırıq. Demirəm ki, dərmanlardan istifadə olunmasın. Xeyir, yeri gəldiyində həkimə də müraciət etməliyik, amma bütün günü oturub hər şeyə görə dərman içmək də ziyandır. Bir yerə xeyri varsa, digərinə də ziyanı var. Buna görə də çalışaq ki, dərmanlardan çox istifadə etməyək. Musiqi dinləyək. Musiqiyə qulaq verin və siz də başa düşəcəksiniz ki, cana necə də istilik, sakitlik yayılır.

  

 

  Şərq.- 2011.- 18 may.- S. 11.