Tarın atası

 

Mirzə Sadıq ilk dəfə tarı diz üstündən sinəyə çıxarmışdır

 

Tarzən Orta Şərqdə, xüsusi ilə Azərbaycan, İran, Orta Asiyanın bəzi bölgələrində yaşayan xalqların milli musiqi aləti hesab olunan tarda peşəkar şəkildə ifa edə bilən insanlara - yəni peşəkarlara verilən addır. Bu peşənin adı tar və zən yəni çalmaq, ifa etmək sözlərinin birləşməsindən yaranmışdır. Tar musiqi aləti və tarzənlik musiqi peşəsi ilə bağlı ilk məlumatlara orta əsrlərə aid ədəbiyyatlarda rast gəlinir. Bu musiqi alətindən hələ dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində bəhs etmişdir. Nizami Gəncəvi "İsgəndərnamə" əsərində tarı belə təsvir edir:

  

   Müğənni, tək bircə gecə də çal tar,

   Məni bu dar yolda əzabdan qurtar!

   Bəlkə, genişlənsin, açılsın yolum,

   Köçüm, bu daşlıqdan asudə olum...

  

   Füzuli "Həft -cam" əsərində üçüncü qədəhi tar ilə qaldırır. Orta əsr rəsm əsərlərində də tar və tarzən təsvirlərinə rast gəlmək olar. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır. Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir.

   Bu gün istifadə olunan peşəkar Azərbaycan tarı və tarzənlik peşəsi digər Orta Şərq xalqlarındakından fərqlənir. XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda tarın və tarzənlik peşəsinin inkişaf və intibah dövrü hesab oluna bilər.

   XIX əsrin sonunda Şuşada yaşamış Azərbaycanda tarın atası adlandırılan Mirzə Sadıq - Sadıqcan Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. O zamana qədər bu peşə ilə məşğul olan şəxslər bu musiqi alətini diz üstündə çalırdılar. Sadıqcan ilk dəfə olaraq diz üstə çalınan tarı sinə üstə çıxarmışdır. O, tara cingənə və kök simlər əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmış, tarın gərilməsinin qarşısını almaq üçün onun çanağının içərisinə ağac dayaq artırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilmişdir.

  

   Həyatı

  

   Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində kasıb bir ailədə anadan olub. Bütün şuşalılar kimi Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. İş burasındadır ki, məhərrəmlik təziyələri zamanı teatrlaşdırılmış şəbih tamaşalarında iştirak etmək və mərsiyələr oxumaq savab sayıldığından evlərinə tanınmış mərsiyəxan və xanəndələr dəvət eləyə bilməyən kasıb ailələrdə öz övladlarını uşaq yaşlarından oxumağa öyrədirdilər. Hətta bundan ötrü Şuşada məxsusi musiqi məclisləri və məktəblər də vardı. Demək olar ki, bütün tanınmış xanəndə və musiqiçilər də şagird götürüb öyrədirdilər. Həmin məclis və məktəblərdən çıxmış məzunların bir çoxu sonralar bütün Şərqdə məşhurlaşmış, toylarda, konsertlərdə, el şənliklərində hörmət qazanmışdılar.

   O vaxt Şuşada seçilib-sayılan müəllimlərdən biri də Xarrat Qulu Məhəmməd oğlu idi. O, Şərq musiqisini gözəl bilirdi, yaxşı yaddaşa malik idi, şeir yazır, musiqi bəstələyirdi, vokal sənətinin tədrisi üçün özünəməxsus effektli bir metodika yaratmışdı. Mirzə Sadığı da Xarrat Quluya şagird verirlər. On səkkiz yaşında səsini itirsə də, ustasının yanında qazandığı biliklər Mirzə Sadığın gələcək fəaliyyətində müstəsna rol oynayır. Bundan sonra o, tütək, ney, kamança və tar çalmağı öyrənir. Bunların hamısında öz gücünü sınayandan sonra tarın üzərində dayanır. Görkəmli Şuşa tarzəni Mirzə Əli Əskərin rəhbərliyi altında bu alətdə çalğının bütün incəliklərinə yiyələnir. Firidun bəyin yazdığına görə, "İri əlləri, uzun və güclü barmaqları olan Sadıq tez bir zamanda bu sənəti tamam-kamal mənimsəyir və hətta ustalıqda müəllimini də keçir." Bəzən Sadıq çalanda Əskər ah çəkib deyərmiş: "Allahın altında mənim var-dövlətim Sadıqda, onun barmaqları məndə olaydı. "

   Mirzə Sadıq Mirzə Əli Əskərin ansamblında ikinci rolda olan kamança çalır. Lakin bir dəfə müəllimi xəstələnir və Sadıq tarda çalıb, öz fenomenal bacarığını nümayiş etdirmək imkanı tapır. Bu uğurdan ruhlanan Sadıq bundan sonra özünü bütövlükdə tara həsr edir və öz ustalığını get-gedə daha da artırır. Onun ifaçılıq tesxnikası bütün imkanların hüdudlarını aşırdı.

  

   Yaradıcılığı

  

   Mirzə Sadıq Şuşadakı məşhur ədəbi və musiqili məclislərin işində fəal iştirak edir. Onun məşhur musiqişünas Mir Möhsün Nəvvabın yaratdığı "Məclisi-Fəramuşan" və "Məclisi-xanəndə"nin, habelə Xurşid Banu Natəvanın məclislərinin yığıncaqlarına daha tez-tez gəldiyi söylənilir. həmin yığnaqlarda müğənni və musiqiçilər sınaqdan keçirilir, musiqi nəzəriyyəsinə dair problemlər müzakirə olunur, poetik əsərlərin ilk oxunuşları keçirilir, müsabiqə və yarışlar olurdu. Mirzə Sadığın adı artıq qonşu ölkələrə də yayılırdı. Onu xalq arasında Sadıqcan çağırırdılar. Belə bir şərəf Mirzə Sadıqdan başqa bir də məşhur müqənni Əbdülbaqi Zülalova müyəssər olmuşdur. Belə ki, onu da Bülbülcan çağırmışlar.

   Mirzə Sadıq əvvəlcə kamançaçalan Ata Bağdagül oğlu ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşayiət edir, sonra isə Şuşalı xanəndə Məşədi İsinin üçlüyünə keçir. 1880-ci ildə onu üçlüyün tərkibində İrana Təbrizə, Nəsrəddin şahın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə də"vət edirlər. Toyda çox sənətkarlar çalıb-oxuyur. Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunurlar. Təbrizdə ikən bir məşhur tarzən Sadıqcanı yarışa çağırır. Sadıq bir şərtlə razı olur ki, tarın qolundakı bütün göstəriciləri kəssinlər. Bunu görən rəqibi yarışdan imtina edir və onun sehrli barmaqlarından öpür.

   Bakıdakı musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurovun oğlu, tanınmış tarzən Məşədi Süleyman Mansurov öz xatirələrində yazır: "Mirzə Sadıq o dövrün ən məşhur tarzəni idi. Onun möcüzəvi çalğısı insanları ahənrüba kimi özünə cəlb edirdi. Təcrübəli virtuoz çox vaxt mizrabsız çalır, tarı çənəsinə sıxırdı. Sol əlinə ağırlıq düşməsin deyə, o tarı mümkün qədər yuxarı qaldırırdı. Bəzən də coşaraq, tarı boynunun ardına qoyub çalırdı. Onun çalğısının səsinə quşlar da gəlirdi".

   Musiqi həvəskarı Əbdülhəmid Babayev öz xatirələrində belə yazır: "Mən Sadıqcanı ilk dəfə 1897-ci ildə bizim Bakı qalasında gördüm. Bütün Qafqazda belə gözəl bir tarzən yox idi. Sadıq özü də gözəl görkəmli bir kişi idi: hündürboy, enlikürək, möhkəm bədəni vardı. Məclislərdə özünü təmkinli və nəcib aparırdı. Adamlar da ona çox böyük hörmət bəsləyirdilər. Onun sol əli o qədər güclü idi ki, Sadıqcan çox vaxt mizrabsız çalırdı." Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı çalır, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, bu ölkələrdəki musiqi məclislərində iştirak edirdi. Bir dəfə onu xanəndə Hacı Hüsünün üçlüyü ilə birlikdə Şamaxıya, Mahmud ağanın burada fəaliyyət göstərən məclisinə dəvət etmişdilər. Qonaqlar məclis üzvləri və şəhər ziyalıları tərəfindən böyük bir təntənə ilə qarşılandılar. Ancaq müəyyən səbəblər ucbatından Mirzə Sadıq tezliklə Şuşaya qayıtmalı olur.

  

   Qafqazın birinci tarzəni

  

   Sadıqcan nisbətən qısa bir müddətdə bütün olur. "Kafkazskoye obozreniye" qəzetinin yazdığına görə, "Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib, Sadıqdan şərq motivlərini mənimsəmiş olsaydılar, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi."

   Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq ciddi cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni, alim Sadıq adlandırmamışdılar! Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verdi. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O, özünün virtuoz bacarığından istifadə edərək, ilk dəfə tarı sinəsinə qaldırdı. Mirzə Sadıq həmçinin tarın simlərini çoxaldaraq, onların yerləşməsini dəyişdi. Bundan başqa o, həm də tarın çanaq quruluşunu dəyişərək, onun möhkəmliyini artırmaqla alətin ümumi çəkisini azaltmış oldu. Sadıqcanın rekonstruksiyasına qədər tarın 5 simi vardı. O, simlərin sayını on birə çatdırdı, artıq tonları götürüb, tarda cəmisi 17 ton saxladı. Musiqiçilər bundan sonra yeniləşmiş tarı "möcüzə", Sadıqcanı isə "tarın atası" adlandırmağa başladılar. Sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha yüksək səviyyəyə qaldırdı, onun səslənməsini daha şirin və parlaq etdi.

   Mirzə Sadıq həm də iste"dadlı bir bəstəkar idi. O, Orta Segah və Bayatı Şiraz muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muqamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynamışdır. Mirzə Sadıq həm də 1897-ci ildə Şuşada dini "şəbeh" üslubunda musiqili "Leyli və Məcnun" tamaşasının qoyulmasında yaxından iştirak etmişdir. Sonralar Üzeyir hacıbəyovun da yazdığı kimi, həmin tamaşanın da, "şəbeh"lər kimi dünyada bənzəri olmayan Azərbaycan muğam operasının yaranmasında əhəmiyyəti olmuşdur. Elə buradaca qeyd olunmalıdır ki, XVII-XVIII əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahları xan saraylarında belə tamaşaları gördükdən sonra onların öz kompozisiya və quruluşu e"tibarilə Avropa operalarına bənzədiyini göstərmişdilər.

   Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Əfrasiyab Bədəlbəyli: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq, Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açmışdır."  

   Sadıqcan 1901-çi ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.

   Qeyd edək ki, tar və tarzənlik peşəsinə Sadıqcan tərəfindən gətirilən yeniliklər də bu peşənin inkişafında son olmur. Sonralar dahi bəstəkar Üzeyir Hacıbəyov tarın köklənməsində əsaslı dəyişikliklər etmiş, onu Avropa. not sistsminə uyğunlaşdırmışdır. Bu gün Azərbaycanda, İranda, Özbəkistanda, Türkmənistanda, Əfqanıstanda tar aləti geniş yayılıb. Azərbaycanda uşaq musiqi məktəblərində, orta ixtisas musiqi məktəblərində və bir çox ali məktəblərdə bu istiqamət üzrə peşəkar musiqiçilər hazırlayan ixtisaslar fəaliyyət göstərir.

 

 

  Şərq.- 2011.- 19 may.- S. 11.