Xəttatlıq

 

  Yazı - elmin yarısıdır

 

  Azərbaycan mədəniyyəti hər zaman öz zənginliyi, qədimliyi, rəngarəngliyi, eyni zamanda müxtəlifliyi ilə bütün dövrlərdə diqqət mərkəzində olub. İncəsənətin növləri arasında incəliyi, zərifliyi, rənglərin harmoniyası və əsasən əl işlərinin yer aldığı təsviri sənətimizdə hər zaman özünəməxsusluğu ilə seçilib. Bu qədim sənət növlərindən biri də xəttatlıqdır.

   Xəttat - gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraflara deyilə bilər.

   İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyətləri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür.

   

   Azərbaycanda xəttatlıq

  

   Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi. Bu çətinlik xüsusilə xəttatlıqda özünü göstərirdi. Ölkədə xeyli kitabxana və emalatxanalar vardı ki, burada da yüksək səviyyəli peşəkar xəttatlar kitabların üzünü köçürür, qəbir daşları, ziyarətgahlar və mülki binalar üçün yazı qəlibləri hazırlayırdılar. Peşəkar və həvəskar xəttatlar həm də ona görə xüsusi rəğbət və hörmət sahibi olurdular ki, müqəddəs Quran ərəb dilində nazil olmuşdu və bununla da ərəb əlifbasının ilahi mənşəyi barədə təsəvvürlər geniş yayılmışdı.

   XV əsrin görkəmli Azərbaycan dilçisi Məhəmməd Naxçıvani yazırdı: "Uşaqları ilk növbədə yazıya və səyahət etməyə öyrətmək lazımdır". Məhəmməd peyğəmbərə istinad eləyən ərəb alimləri belə deyirdilər: "Yazı-elmin yarısıdır". Eyni zamanda həm gözəl yazmaq, həm də mətnin məzmun dərinliyi vəhdətdə götürülürdü.

   Xəttatların bir neçə nəslinin uzun axtarışlarının nəticəsində ərəb əlifbasının o dövrün praktik və estetik tələblərini ödəməyə qabil altı əsas xətt növü yaradılmışdı: süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa. Bunlar birlikdə klassik altılıq adlanırdılar.

  

   Ölkəmizdə xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır

  

   Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar. Ondan başqa həmin "altılıq" a daha bir azərbaycanlı usta şeyx Əhməd Sührəvərdi də daxil idi. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və onun həmin xətlərlə yazan xeyli ardıcılı vardı. Sanki artıq xəttatlıq özünün zirvəsinə çatmışdır və bu sahədə artıq heç bir yenilik etmək mümkün deyil. Bununla belə XIV əsrdə Azərbaycanda, bütün müsəlman dünyasında məşhur olacaq bir xəttat yetişir. Həmin xəttat Xacə Mir Əli ibn İlyas Təbrizi (1330-1405) idi.

  

   XIV əsrdə Azərbaycanda, bütün müsəlman dünyasında məşhur olan xəttat...

  

   İlyas Təbrizi Şərqin ən görkəmli xəttatlarından biri olub. Alimlər, bioqraflar xəttatlıq tarixinə dair risalə müəllifləri Mir Əli Təbrizini "nəstəliq" xəttinin yaradıcısı hesab edirlər. Bu xətt növü çox tezliklə klassik altılığı sıxışdırmışbütün Şərqdə geniş yayılmışdı. Orta əsr müəlliflərindən biri yazırdı: "Əgər iri xırda nəsxi-təliq xətti varsa da, bunun yaradıcısı Xacə Mir Əlidir. O öz kəskin ağlı ilə bu xətti nəsx və təliq xətlərinin qovuşmasından yaratmışdır. Onun qələminin qamışı ona görə bu qədər şirindir ki, təmiz Təbriz torpağından qalxıb-cücərmişdir." Rəvayətə görə, yeni bir xətt icad etmək arzusu ilə alışıb yanan xacə Mir Əli Təbrizi bir gecə yuxu görür. Yuxusuna girən birinci şiə imamı Mürtəza Əli ona deyir: "Ey Allahın qulu! Ördək suya girəndə ona diqqət yetir, onun hərəkətlərinə fikir ver buna bənzər bir xətt yarat... Gör bir ördəyin gözləri necə yumrudur, dimdiyi necə dikdir, boynu necə də əyridir. Bunlara bax bir xətt icad et!" Əmir Teymurun zamanında Mir Əli artıq nəstəliq xəttinin banisi kimi şöhrət tapmış və Azərbaycanın da daxil olduğu nəhəng bir imperiyanın bütün hüdudlarında hörmətli xəttatlardan sayılırdı. Onun qələmindən çıxmış əlyazmaları indi Londonda, Tehranda, Sankt-Peterburqda muzeyləri bəzəyir. Mir Əlinin yeni xətti mənimsəyən ilk şagirdi onun oğlu Mir Abdullah olur. Mir Abdullah da bir usta xəttat kimi çox ölkələrdə ad çıxarmış "Şəkəri-qələm" ləqəbini almışdı. XV əsrin görkəmli Azərbaycan xəttatı Cəfər Təbrizi isə Mir Abdullahın şagirdlərindən idi. Cəfər nəstəliq xəttinin inkişafı üçün o qədər böyük işlər görmüşdü ki, onu bu xəttin ikinci ustadı (müxtəre üs-sani) adlandırırdılar. O, bir müddət digər Azərbaycan rəssamları ilə birlikdə Heratda, Teymuri şahi Şahruxun oğlu Baysunqur Mirzənin yanında saray xəttatlarına başçılıq etdiyindən ona "baysunquri" titulu da verilmişdi. Mir Əlinin Mir Abdullah, Cəfər Təbrizi və başqa şagirdləri öz böyük müəllimlərinin ideyalarını inkişaf etdirmiş onun irəli sürdüyü mülahizələrin doğruluğunu isbata yetirmişlər.

  

   İrfani rəmzlər- xətt sənəti

 

   İrfani rəmzlər içərisində xətt sənətilə bağlı obrazlara çox rast gəlinir. Ərəb əlifbasının gözəlliyini daha da artırmaq üçün xəttatlar bəhsə-bəhs daha da ürəklə işləyirdilər. "Xətt biliyin yarısıdır" - hədisi - qüdisisi ziyalıları daha gözəl yazmağa çağırırdı. Əli ibn Əbutalibin "gözəl xətt kasıb üçün şərəf, dövlətli üçün bəzəkdir, alim üçün isə kamillikdir" - hədisi xəttatlığı sevdirmək üçün söylənmişdi. "Biz əvvəl qamış qələmi yaratdıq" - hədisi şərifi isə yazıya nə qədər önəm verildiyindən danışır.

   Gözəl xəttlə Allah kəlamını, peyğəmbər hədislərini, hikmətləri yazmaq bir tələb idi. Xətt gözü yormamalı, əksinə, bir sənət əsəri kimi insanların ruhunu da oxşamalı idi. Buna görə də, bir çox yeni-yeni xətt növləri zaman-zaman meydana gəldi. Məakali xətti düz xətlərdir, bu yazıda əyrilik, yumruluq yoxdur. Kufi xəttində hərflərin altıda biri yumru, yerdə qalanı isə düz xətlərdir, Murtuza Əli tərəfindən yaradıldığı qəbul edilmişdir.

  

   Xəttatlar ancaq bir dəfə hərfi yazır

  

   Xəttatlar ancaq bir dəfə hərfi yazır, ikinci dəfə yazılmış hərfin üzəri ilə mürəkkəb yaxmırlar. İki dəfə eyni hərfi yazmaq xəttin gözəlliyini azaldır, Baramadan tiftikləri açıb mürəkkəbqabına salırdılar ki, qamış qələmə mürəkkəb nə çox, nə də az hopsun. Normal mürəkkəb hopdurulmuş qamış qələm yazını daha gözəl yazır.

   Xəttatların istifadəsində olan mürəkkəb məhlulu dörd ünsürdən yaranmışdır. Oddan alınan his (torpaq) gülabda (su) qarışdırılaraq havada qurudulduqdan sonra mürəkkəb alınır. Dörd ünsürün bir yerdə məqam tutması kamillik işarəsidir.

  

   Bu sənətdə şöhrət qazanmaq olduqca çətin idi

  

   Azərbaycanda xəttatlıq sənətini yaşadan, bu sənətin mahir bilicilərindən biri də Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı xəttat Seyfəddin Mənsimoğludur. S.Mənsimoğlu deyib ki, xəttatlıq sənəti təşəkkül tapdığı orta əsrlərdə yüksək savad, bilik dərəcəsi hesab edilirdi. Ona görə də bu sənətdə şöhrət qazanmaq olduqca çətin idi. Xəttatlar tarixən kitab üzü köçürər, memarlıq abidələri, binalar və məzar daşları üçün yazı qəlibləri hazırlayardılar. Bu sənət əsrlərdən keçərək bu günümüzə gəlib çıxıb. 

   "Mədəniyyət tariximiz müxtəlif sənət nümunələri ilə zəngindir. Çünki xalqımız çox dahilər yetirib. Onların hər birinin özündən sonra qoyub getdiyi irs kitablarda və yaddaşlarda yaşayır. Bizdən də bu dünyaya nişanə qalacaq iz payı var. Mənə elə gəlir ki, mükəmməl sənət sahiblərinin qəlbi, təxəyyülü cəmiyyətlə, keçmişlə bağlı deyilsə, onun yaradıcılığı ötəridir. Özümü ustadlarımıza borclu sayıram. Yaradıcılığımın hər bir vergül və nöqtəsində vətəndaşlıq borcumu ödəməyə çalışıram. Onu da deyim ki, kökü sənət tariximizin dərin qatlarına gedib çıxan xəttatlığın müasir düzümü yeni tərzdə, ağac üzərində meydana çıxıb. Xəttatlıq tariximizdə ömrünü ağacişləmə sənətinə həsr etmiş usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz), usta Babanı (XVIII əsr, Bakı), usta Abuzər Bədəlovu (XVIII - XIX əsrlər, Şahbuz), usta Əhmədi (XIX əsr, Lənkəran), usta Məhəmmədi (XIX əsr, Gəncə) və s. onlarla sənətkarı misal göstərmək olar. Bu gün də bədii ağacişləmə sənətinin ənənələrini respublikanın bir çox şəhər və rayonlarında yaşadan ustalar var".

  

 

   Şərq.- 2011.- 27 may.- S. 12.