İdeal aktyor obrazı

 

  Ağasadıq Gəraybəyli Azərbaycan tamaşaçısının yaddaşında maraqlı obrazlarla qalıb

 

  Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri də teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı alqışı qazanan, dövlət mükafatlarına, fəxri adlara layiq görülən Ağasadıq Gəraybəyli olmuşdur. Ağasadıq Gəraybəylini səhnədə, ekranda, həyatda çox görmüşük. Bilirik ki, roldan-rola girməyini elə səhnədəcə qoyub evinə bəy kimi daxil olardı. Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda anadan olub. 1988-ci ildə isə Bakıda vəfat edib.

   Ağasadıq Gəraybəyli. Bu ad hamımıza nə isə deyir. Oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisini, əsil-nəcabətli bəyi xatırladır. Bica demədim, bəy olması həqiqidir. Ağasadıq Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Onun çox maraqlı bir sənətin dalınca getməsi insanda təəccüb hissi yarada bilər; "bəy olasan, aktyorluq sənətini seçəsən". Görünür, sənət yanğısı güclü olub. Bu səbəbdən də aktyor olmağı qərara alıb.

   Gəraybəylinin simasında köhnə insanın cizgilərini duymaq elə də çətin deyil. Ona baxarkən adama elə gəlir ki, oturub onunla uzun müddət maraqlı söhbət etmək, yaxşı məsləhətlər almaq olar. Danışığının tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırır. Onun danışıq tərzini eynilə belə bir aktyorla - Eldəniz Zeynalovla müqayisə etmək olar. İkisində də Bakı "qədeş"lərinə xas olan iddialar, hərəkətlər və danışıq tərzləri tam uyğun... Aktyorun uşaq yaşlarından Bakıda yaşaması buna dəlalətdir. Hər ikisini eyni nöqtələrdə birləşdirmək mümkündür. Amma Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri onun əyilməz bəy nəslindən olmasına bir eyhamdır. "Yox-yox canım eee... indicə Hüseynova bacıları öz məharətlərini görsədəcəklər!" Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda ideal idi.

   Ağasadıq Gəraybəyli aktyorluq məharətini 80 il səhnədə sübut edib. 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxıb. Professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayıb və 1932-ci ilə kimi bu teatrda çalışır. Kino sənətinə də 1920-ci illərdən gəlib. İlk dəfə "Qız qalası" səssiz filmində (Əyan) epizodik obrazı oynayıb. Sonra "Hacı Qara"da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı "Sevil" filmində Balaş rolunu məhz ona həvalə edir. Ağasadıq Gəraybəyli 1916-cı ildə Politexnik Məktəbinə daxil olan vaxtlardan Cəfər Cabbarlı ilə tanış olur. Sonralar aktyor Tənqid və Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçir. İyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik teatrda daha çox faciəli rollara üstünlük verir. Bilinmir, bəlkə də, maraqlı alınıb. Amma inanmaq olmur ki, Ağasadıq Gəraybəylini gülüşsüz görəsən. Daha çox komik temporitmli aktyorun faciədə bütün bunları yığışdırması onun müsbət dəyərlərini göstərən vasitə ola bilər.

  

    Həyatı

  

   Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında ötən günlərini tez-tez xatırlayar və deyərdi: "1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam". 

   Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır" - dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir".

   Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: "Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə Respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: "İnstitut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq".

   Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: "Bəxtiyar" filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı".

   92 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci "O olmasın, bu olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.

   Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı". 

   Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Məşhur müğənni Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: "Ay qardaş, ay qonşu, ay oynadığı rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək". Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!"

   Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur.

  

   2011-ci il aktyorun anadan olmasının 114 illiyi və səhnə fəaliyyətini 84 illiyidir.

 

   Yaddaşlarda Rüstəm bəy, Ağabala kimi qalan sənətkar

  

   Azərbaycan teatr və kino sənəti görkəmli aktyor Ağasadıq Gəraybəylinin şəxsində ən istedadlı, ən qabil aktyora malik idi. Sonrakı aktyor nəslinin yaranması və inkişafında onun böyük xidmətləri olmuşdu. Bu heç də təsadüfi deyildi. Zəhmətsevərlik və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı Azərbaycan səhnəsinin bəzəyi idi. Onun yaratdığı rollar əsl sənətkarlıq məhsulu idi. Bu surətlərin hər birində tamaşaçı aktyorun qəlbini duyurdu. Ağasadıq Gəraybəyli səhnədə canlı sənət əsəri yaradırdı. Onu səhnədə görənlər bu gün də yüksək aktyorluq məharətini, çoxlarına örnək olan ömür yolunu heyrətlə xatırlayırlar.

  

    Aktyorun qızı Zemfira xanım atasının səhnəyə bağlandığı günləri belə xatırlayır:

  

    - O vaxtlar teatrda qadın rollarını kişilər oynayırdı. Bir gün qadın rolunun ifaçısı xəstələnir və əvəz etməyə adam axtarırlar. Onda əmim Ağalar deyir ki, mənim bir qardaşım var, özü də yaraşıqlıdır, gedib evdə danışıb razı salaram. Atam əvvəlcə qadın rolunda oynamağa razı olmur, lakin əmim onu bir təhər razı salır. Əmim Ağalar Hüseyn Ərəblinski ilə Qori seminariyasında bir yerdə oxumuşdu. Atam isə C.Cabbarlı ilə tələbə yoldaşı olmuşdu. Babam elə bir mühitdə böyümüşdü ki, incəsənəti sevməyə bilməzdi. Məşhur aktyor Hüseyn Ərəblinski atamgillə bir məhəllədə yaşayır, onların evinə gedib-gəlirmiş. Hətta bəzən teatr tamaşalarını da onların evində məşq edərmişlər. Həmin vaxtlar H.Ərəblinski ilk Azərbaycan kinofilmi olan "Neft və milyonlar səltənətində" çəkilir və atamgilin ailəsini filmin ilk baxışına dəvət edir. Az sonra Ərəblinski teatrda atamın ilk rejissorlarından biri olur. Atam sonralar səhnəyə ilk çıxışını belə xatırlayırdı: "Hüseyn Ərəblinskinin oyunu məni necə ovsunladısa, başladım titrəməyə. Səhnə çox təsirli idi. Bir də onu gördüm ki, gözlərimdən yaş gəlir. Ərəblinski də başımı sığallayıb gülür. Bura səhnənin arxası idi. Sən demə, mən səhnədə Ərəblinskini ağlayan görüb, hönkürə-hönkürə ona tərəf qaçmışam, ağlaya-ağlaya da səhnədən çıxmışam. Bu mənim səhnəyə ilk gəlişim oldu".

   Atam ilk gündən səhnəyə bağlanır. Bir qədər keçəndən sonra özü üçün truppa da yaradır. Böyük xeyriyyəçi H.Z.Tağıyev truppanın fəaliyyətini o qədər bəyənir ki, aktyorları yanına çağırıb hər birinə bir qızıl onluq verir. "Atam iliyinədək sənət adamıydı"-deyə Zemfira xanım danışır: "O olmasın, bu olsun" filminin çəkilişləri zamanı kasanı yerə çırpanda əlini kəsmişdi. Sonra da Sənəmin ardınca qaçanda yerə yıxılması səhnəsi də ssenaridə yox idi. Orada atam doğrudan yıxılmışdı. Rola elə aludə olurdu ki, aldığı zədəni hiss eləmirdi. Həmişə onu öz işinə məsuliyyətlə yanaşan görmüşdüm. Sənətinə çox bağlı adam idi. Səhnədə bir-birindən gözəl obrazlar yaratmasına baxmayaraq, hər dəfə səhnəyə ilk dəfə olduğu kimi çıxırdı. Premyeralar qabağı bərk həyəcan keçirər, rolunu dönə-dönə təkrar edərdi. Hətta bir dəfə sonuncu tamaşalarından birinə hazırlaşarkən hamı yatdıqdan sonra gecə paltarında evdə var-gəl edir, öz monoloqunu təkrarlayırmış. Bu səhnənin şahidi olan qulluqçu qadın həyəcana düşərək anamı oyatmış: "Xozyayin suma soşyol" demişdi.

   Çox adam bilmirdi ki, o, sonuncu obrazı olan "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi. Onda atamın 92 yaşı vardı. Çətini teatra qədəm qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır, harada pillələr olduğunu da bilirdi... Bu, atamın sənətə bağlılığı idi. O, əsl sənət fədaisi idi. Son gününədək xəstəliyin nə olduğunu bilmədi. 

   Yadımdadır ki, həvəslə oynadığı rollardan danışardı. Baxmayaraq ki, "O olmasın, bu olsun" kimi bir filmdə Rüstəm bəy obrazını yaratmışdı, nədənsə "Bəxtiyar" filmi haqqında xüsusi danışar, Ağabala rolunu çox sevərdi.

  

 

   Şərq.- 2011.- 27 may.- S. 11.