Azərbaycan teatrının köhnə
kişisi
Adil İsgəndərov böyük
sənətkar olmaqla yanaşı, həm də öz məktəbini
yaratdı
O, 68 illik ömrünün 42 ilini sənətə
bağladı. Kino və teatr səhnəsində özündən
sonra məktəb qoydu. O, Azərbaycan səhnəsinə yeni
ruh gətirdi. Bunun da nəticəsində onun quruluş verdiyi
tamaşalar teatr tarixində əlamətdar hadisəyə
çevrildi. Bu, unudulmaz sənətkar
- Adil İsgəndərovdur.
Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə
dünyaya göz açıb. Onun doğulduğu ildə qədim
Gəncənin adı Yelizavetpol adlanırdı. Sənətkarın
səhnəyə ilk marağı da doğma obasından
başlamışdı. Məktəb illəri, yeniyetməlik
və gənclik çağları ötən əsrin
iyirminci illərinə düşmüşdü. Həmin
dövrdə məktəblərdə, fəhlə
klublarında "yeni" insanın yetişdirilməsi
üçün təhsillə yanaşı, estetik tərbiyə
vasitələrindən, o cümlədən, teatrdan da
geniş istifadə olunurdu. Demək olar ki, bütün məktəblərdə
dram dərnəkləri vardı. Adil İsgəndərov elə
ilk səhnə fəaliyyətinə oxuduğu məktəbdə
başlamış, sonrakı illərdə isə
işçi klublarındakı dram dərnəklərinə
üz tutmuşdu. İyirminci illərin sonu isə Bakıya gəlib,
teatr texnikumuna daxil olmuşdu. Texnikumu bitirən kimi də
Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda
təhsilini davam etdirmişdi. Moskva teatr mühiti, müəllimləri,
təcrübə keçdiyi Moskva Akademik Dram Teatrı,
Vaxtanqov adına Teatr onun bir sənətkar kimi
formalaşmasında mühüm əhəmiyyət kəsb
edib. O, bu səhnə ocağından çox şey öyrənib,
mənimsəyib. Amma yaradıcılığında heç
zaman onları təqlid etməyib, yamsılamayıb, öz
üslubunu, Adil İsgəndərov teatrını yaradıb.
Xatirələrdə
yaşayan "Adil müəllim"
Onun haqqında qələmə
alınmış xatirələrdən bəlli olur ki, ruhunda
həmişə bahar ovqatı yaşadan Adil İsgəndərov
həm olduqca ağır təbiətli, həm də son dərəcə
özünəməxsus zarafatları, atmacaları ilə ətrafdakılara
xoş təsir bağışlayan bir şəxsiyyət
olub. Həmkarları həmişə ona "Ədil müəllim"
deyə müraciət edərdilər. Bu zabitəli insanla təmas
qurmaq, dostluq etmək o qədər də asan deyildi. Yaxın
dostları deyirdilər ki, Adil müəllimə
yaxınlaşmağı bacarsan, ondan aralanmaq
müşkülə dönürdü. Köhnə kişilərdən
idi. Onun bu təbiəti yaratdığı filmlərdə də
öz əksini tapıb. O qədər yumorlu, o qədər təbii,
səmimi və təsiredici aktyor idi ki, hətta
yaratdığı mənfi obrazlardan belə
tamaşaçıya müsbət emosiyalar gəlirdi. Bu səbəbdən
də onun can verdiyi bütün surətlər sevilirdi, yadda
qalırdı. Bu, hər sənətkara xas olan xoşbəxtlik,
bəlkə də sənət uğuru deyil ki, adı çəkilən
kimi göz önündə onun yaratdığı obrazlar
sıraya düzülsün.
Səhnəyə aparan yol...
İlk səhnə fəaliyyətinə oxuduğu məktəbdə
başlayıb, sonrakı illərdə isə işçi
klublarındakı dram dərnəklərində
çalışıb. İyirminci illərin sonu Bakıya gələrək,
teatr texnikumuna daxil olub.
Texnikumu bitirdikdən sonra Moskvada Lunaçarski adına
Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib. Həmin
teatr mühiti, müəllimləri, təcrübə
keçdiyi Moskva Akademik Dram Teatrı, Vaxtanqov adına Teatr
onun bir sənətkar kimi formalaşmasında mühüm əhəmiyyət
kəsb edib.
Gənc baş rejissorun ilk işi Səməd Vurğunun
"Vaqif" dramı olub. Bu tamaşa Akademik Milli Dram
Teatrının yaradıcılıq həyatında ən
uğurlu tamaşalardan biridir, min dəfədən çox
oynanılıb.
Azərbaycan kinosu tarixində ən böyük uğur
qazanan filmlər məhz Adil İsgəndərovun "Azərbaycanfilm"
kinostudiyasına rəhbərliyi dövründə çəkilib.
Rejissor "Əhməd haradadır?" adlı bədii filmi
çəkərək, kino tariximizə qiymətli töhfəsini
verir. Bu böyük sənətkar "Axırıncı
aşırım", "Dərviş Parisi
partladır", "Qanun naminə", "Arxadan vurulan zərbə"
filmlərində yaratdığı obrazlarla adını kino
tarixinə qızıl hərflərlə yazıb. A.İsgəndərov
1936-cı ildən başlayaraq, ömrünün sonuna kimi
pedaqoji fəaliyyət göstərib. Əvvəl teatr məktəbində,
sonra isə Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti) aktyor və rejissor sənəti fənlərindən
dərs deyib.
Görkəmli kino xadimi Adil İsgəndərovun 100
illik yubileyi ölkədə layiqincə qeyd olundu. Hətta
ötən gün də Akademik Milli Dram Teatrı böyük
sənətkarın 100 illik yubileyini möhtəşəm
şəkildə qeyd etdi. Məlumat üçün bildirək
ki, Akademik Milli Dram Teatrı ötən il təmirdə
olduğundan, Adil İsgəndərovun 100 illik yubileyi bu il qeyd
edildi.
Elm, təhsil və mədəniyyət
ocaqlarında bu görkəmli şəxsiyyətin xatirəsinə
həsr olunan tədbirlər keçirildi.
Hamının inamla "Ədil"
deyə müraciət etdiyi, əvəzində "buyur,
qadam" - cavabı aldığı Adil İsgəndərov
Azərbaycan teatrının və kinosunun xoşbəxt sənətkarlarındandır.
Bu xoşbəxtlik bəzən zamanın sərt küləkləri
ilə rastlaşanda da bu böyük sənətkar sənət
naminə ona verilən iztirablara mətanətlə
dözürdü. 68 illik bir ömür yaşamış Adil
İsgəndərovu bu gün Azərbaycanda tanımayan
çətin tapılar. Geniş tamaşaçı kütləsi,
indiki nəsil onu ən çox kino aktyoru kimi tanıyır, hər
dəfə də bu böyük sənətkarın televiziya
ekranlarında nümayiş olunan filmlərdə Rosselini
("Uzaq sahillərdə"), Kərbəlayı
("Axırıncı aşırım"), Kamilov
("Qanun naminə"), Hatəmxan ağa ("Dərviş
Parisi partladır") və başqa bu səpkili rollarına
baxanda böyük estetik zövq alır, onun əvəzsiz
ifaçılıq məharəti ilə üzləşirlər.
Amma bu rollar, aktyorluq sənəti Adil İsgəndərovun Azərbaycan
incəsənəti üçün etdiyi işlərin onda
biri, bəlkə ondan da azdır. Çünki Adil İsgəndərovun
adı çəkiləndə mütəxəssislər ilk
növbədə Azərbaycan Milli Dram Teatrının
böyük və şərəfli bir dövrünü
xatırlayırlar. Bu səhnə ocağına
başçılıq edənə kimi o, müəyyən
bir hazırlıq mərhələsi keçmişdi.
Adil İsgəndərov Azərbaycan Dövlət Dram
Teatrında müstəqil rejissor kimi hazırladığı
ilk işində - Aleksandr Korneyçukun "Platon Krecet" əsərinin
tamaşasında azad təxəyyülün nişanələrini
verdi. Əsər görkəmli sənətkarlar - Ülvi Rəcəb
və Mustafa Mərdanov tərəfindən təqdim
olunmuşdu. Pyesdəki əhvalatlar Azərbaycana
köçürülmüş, əsərdəki qəhrəmanlar
milli adlarla adlandırılmışdı. Baş qəhrəman
Platon Krecetin adı və soyadı "Polad Qartal"la əvəzlənmişdi.
Əsər bu adla tamaşaçılara təqdim olundu və
böyük uğur qazandı.
"Polad Qartal"dan sonra rejissor, Mirzə İbrahimovun
"Həyat" pyesi üzərində işlədi. Məlum
olduğu kimi "Həyat" Mirzə müəllimin ilk dram
əsəri idi. O zaman gənc yazıçı səhnə
qanunlarının tələblərini o qədər də dərindən
bilmirdi. Amma bəxti gətirmişdi, çünki əsər
Adil İsgəndərova həvalə olunmuşdu. "Həyat"
pyesi Adil İsgəndərovda başqa bir cəhəti -
dramaturqla işləmək bacarığını üzə
çıxardı. Bundan sonra gənc dramaturq Cabbar Məcnunbəyovun
"Yanar dərə" əsərini uğurla tamaşaya
hazırlayan A.İsgəndərov 1938-ci ilin may ayında Dram
Teatrına baş rejissor təyin olundu.
Gənc baş rejissorun ilk işi isə Səməd
Vurğunun "Vaqif" dramı oldu. "Vaqif" A.İsgəndərovun
yaradıcılıq istedadının zənginliyini, təxəyyül
genişliyini, müəlliflə işləmək məharətini
üzə çıxardı. Bu tamaşa Akademik Milli Dram
Teatrının yaradıcılıq həyatında ən
uğurlu tamaşalardan biridir, min dəfədən çox
oynanılmışdır. "Vaqif" teatra təqdim
olunanda kiçik bir əsər idi, amma rejissorla dramaturqun birgə
səyi nəticəsində monumental bir tamaşa
alındı. "Vaqif" tamaşası əslində
A.İsgəndərovun, onun şəxsində Milli Dram
Teatrının 1960-cı ilə kimi olan üslubunu müəyyənləşdirdi.
Bu üslub isə monumentalizm, əzəmətli tamaşalar
silsiləsi demək idi. A.İsgəndərov bu üsluba xas
öz aktyorlarını yetişdirir, əvvəllər
yaradıcılığa başlayan aktyorların bir
çoxunu isə bu üsluba uyğunlaşdırırdı.
Sonralar adlı-sanlı aktyorlar kimi yetişən Ələsgər
Ələkbərov, Rza Əfqanlı, Həsənağa
Salayev, Hökümə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə
Məlikova və digər bu səpkili aktyorlar A.İsgəndərov
məktəbinin yetirmələri adlanırdı. A.İsgəndərovun
hazırladığı tamaşalara bilet tapmaq çətin
idi. Bu monumental əsərlərin sırasında neçə-neçə
gənc dramaturqların əsərləri var idi. A.İsgəndərovun
böyüklüyü orasında idi ki, o, bu gənc
dramaturqların istedadını görür və onları
istiqamətləndirirdi. S.Vurğun və M.İbrahimovla
yanaşı, S.Rəhman, M.Hüseyn, İ.Əfəndiyev, Ə.
Məmmədxanlı, C.Məcnunbəyov, Z.Xəlil, İ.Səfərli
və digərlərinin dramaturq kimi püxtələşməsində
A.İsgəndərovun zəhməti az deyil. Milli
dramaturgiyamızın yeni nümunələri olan "Fərhad
və Şirin", "Toy", "İşıqlı
yollar", "Dumanlı Təbriz", "Xoşbəxtlər",
"Nişanlı qız", "Nizami", "Cavanşir"
kimi əsərlər xalqımızın istilaçılara
qarşı mübarizəsindən, qəhrəmanlıq
tarixindən, eyni zamanda həyatdakı naqisliklərin
islahı yollarından bəhs edir, bir tərəfdən
tamaşaçılarda milli özünüdərki gücləndirir,
digər tərəfdən cəmiyyətdəki
yalançılığa, insan xislətindəki təkəbbürə,
lovğalığa və digər mənəvi
çatışmazlıqlara qarşı ikrah hissi
oyadırdı. Adil İsgəndərov yeni dramaturqlar nəsli
yetişdirməklə bərabər, Azərbaycan və
dünya klassikasına da biganə deyildi. Onun teatrda baş
rejissor və bədii rəhbər olduğu dövrdə
"Hacı Qara", "Lənkəran xanının vəziri",
"Ölülər", "Aydın", "Sevil",
"Yaşar", "Od gəlini", "Dağılan
tifaq" və digər əsərlər uğurla tamaşaya
qoyulurdu. Dünya dramaturgiyasından isə V.Şekspirin
"On ikinci gecə", "Otello", K.Qaldoninin
"Mehmanxana sahibəsi", Lope de Veqanın "Sevilya
ulduzu", A.Ostrovskinin "Günahsız müqəssirlər"
kimi klassik əsərlər uğurla səhnələşdirildi.
Bu əsərlərin bir qismini o özü, digərlərini
isə onunla birlikdə çalışan rejissorlar Ələsgər
Şərifov, Mehdi Məmmədov, Əliheydər Ələkbərov,
Səttar Turabov, Tofiq Kazımov hazırlayırdı. Gözəl
təşkilatçı olan Adil İsgəndərovun
geniş ürəyi vardı. O, teatrda çalışan hər
bir rejissor üçün geniş imkanlar yaradır, lazım
gəldikdə isə məsləhətlərini əsirgəmirdi.
A.İsgəndərovun baş rejissor işlədiyi
dövrdə Azərbaycan Dövlət Dram Teatrı o zaman
Sovet məkanında sayılıb-seçilən teatrlardan
idi. Onun vaxtında teatrın Moskvaya qastrolu zamanı
tamaşalar orada çalışan mütəxəssislər
tərəfindən maraqla qarşılanırdı. Moskva
qastrolları zamanı S.Vurğunun "Vaqif", "Fərhad
və Şirin", V.Şekspirin "On ikinci gecə",
"Otello", A.Ostrovskinin "Tufan", C.Cabbarlının
"Almaz" və başqa əsərlər Moskvanın
teatr ictimaiyyəti, mütəxəssislər tərəfindən
yüksək dəyərləndirilib, paytaxt mətbuatında,
incəsənətə, teatra dair çıxan jurnallarda bu
tamaşalar nümunəvi əsərlər kimi təhlil
olunub.
Teatrın gələcəyini
düşünən pedaqoq...
A.İsgəndərovu Azərbaycan teatrının gələcəyi
də narahat edirdi. O, 1936-cı ildən başlayaraq,
ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib.
Öz tələbələri içərisindən ən
yaxşılarını seçib, teatra gətirirdi. Lakin
görkəmli pedaqoq bununla kifayətlənmirdi. Dram
Teatrında, sonralar "Azərbaycanfilm" kinostudiyasında
işləyəndə, orada aktyorluq studiyaları açaraq,
ali təhsil almağa imkanı olmayan gəncləri
seçib, onları səhnə və kino sənətimiz
üçün hazırlayırdı.
1960-cı ildə artıq özünün məktəbini
yaratmış, SSRİ məkanında
sayılıb-seçilən rejissorlardan olan Adil İsgəndərov
Dram Teatrının rəhbərliyindən
uzaqlaşdırıldı. Lakin çox keçmədi ki,
"Azərbaycanfilm" kinostudiyasına
başçılıq etməyə başladı.
Kadrları yaxşı tanımağı, geniş
dünyagörüşü, təşkilatçılığı
burada da istedadlı və təcrübəli sənətkarın
köməyinə gəldi.
Bəzən ədəbi yaradıcılıq sahəsində
də qələm çalırdı. Yazdığı pyeslər
Gənc Tamaşaçılar Teatrında, Musiqili Komediya
Teatrında tamaşaya qoyulub, radioda səsləndirilib.
Adil İsgəndərov 1978-ci ildə
dünyasını dəyişib.
Adil İsgəndərov zəmanəsinin ən yüksək
mükafatlarını - SSRİ Xalq artisti adını,
SSRİ Dövlət mükafatını, SSRİ məkanında
keçirilən kinofestivalda "Ən yaxşı kişi
roluna görə" mükafatı alıb, onlarla orden və
medala layiq görülüb. Lakin Adil İsgəndərovun ən
böyük mükafatı ümumxalq sevgisi, özünün
yaratdığı üslub, teatr məktəbidir. Onun
üslubu və ənənələrindən öyrənmək,
bəhrələnmək hər zaman zəruridir.
Şərq.- 2011.- 7 may.- S. 11.