Əfqanlılar
Azərbaycan
teatr tariximizin qoşa qanadı Rza və
Bədurə Əfqanlı
Romantik aktyor məktəbinin nümayəndəsi, ciddi
və xeyirxah, saf qəlbli və sadə həyat tərzli obrazların ifasında ən uğurlu nailiyyətlər qazanan aktyorlardan öndə duranların biri də Azərbaycan Respublikasının xalq artisti Rza Əfqanlıdır.
Ötən əsrin əvvəllərində Cənubi
Azərbaycandan yüzlərlə
gənc iş, dolanışıq dalınca Bakıya gəlir. Sonra elə olur ki, onların çoxu geri vətənə dönə
bilmir.
Bu küləkli şəhərin
istisində yanır, yağışında islanır və
qarlı-çovğunlu zülmət gecəsində soyuqdan
donur... Lakin çox çətinliklə olsa da iş
tapıb işləyəni, əli çörəyə, hətta
mənsəbə, şöhrətə çatanı da olur.
Belə gənclərdən biri respublikanın xalq artisti, mərhum
Rza Əfqanlı olub. İfa etdiyi əsərin orijinal və
ya tərcümə olmasından, xüsusən ona
tapşırılmış rolun böyük, ya
kiçikliyindən asılı olmayaraq, aktyor həmişə
ilk növbədə bitkin və xarakterik səhnə
obrazı yaratmağa çalışıb.
Çətin keçən
uşaqlıq və gənclik illəri...
Rza Rüstəm oğlu Cəfərzadə
(Rza Əfqanlı) 1899-cu il mayın 15-də Cənubi Azərbaycanın
Sərab şəhərində doğulub. İki
yaşında olarkən atası Rüstəm kişi vəfat
edib. Rza doqquz yaşından varlıların qapılarında
nökərçilik etməyə, quzu otarmağa məcbur
olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin
yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və
orada çəkməçi şagirdi işləyib, iki il
sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə
Bakıya dönən Rza Əfqanlı əvvəl
Sabunçu qəsəbəsindəki dram dərnəyində
aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil
Hüseynovun təşəbbüsü ilə Mərkəzi
Dövlət Səyyar Teatrında işləməyə
başlayıb və 1923-cü ildə Milli Dram
Teatrının truppasına işə
götürülüb. 1929-cu ildə görkəmli rejissor və
aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis
Azərbaycan Dövlət Teatrında işləməyə
gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan
Respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər
Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub.
1935-ci ilin əvvəllərində yenə Milli Dram
Teatrının kollektivinə qayıdıb.
Rzanın hələ
uşaqlıqdan xalq oyunlarına böyük marağı
olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr
çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin
altında qaynayan bir həvəs daim fikirlərini xəyalında
yaratdığı bir aləmə çəkərdi. Bəlkə
də elə buna görə, yenidən Bakıya
qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı
ilk növbədə, dram dərnəyinə üzv
yazılıb.
Xəlil
Hüseynovla
qarşılaşmaq onun tale yolunu dəyişir...
Gənc oğlandakı aktyorluq
istedadını ilk dəfə Akademik Teatrın aktyoru Xəlil
Hüseynov hiss edib. Dünya həqiqətən də
yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli
aktyorun Rza Əfqanlının qarşısına
çıxması onun gələcək həyat yolunun
düzgün müəyyənləşməsində əsas
rol oynadı. Beləliklə, Rza Əfqanlı üzərində
çalışmağa başlayır. Mətn əzbərləmək
qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə
söyləməsi, səhnədəki jestləri artıq
rejissorların da diqqətini çəkirdi. 1923-cü ildə
Milli Dram Teatrının truppasında işə
götürülən Rza Əfqanlı, eyni zamanda təhsil
almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini
bitirib. Həmin dövrdə azərbaycanlıların sıx
yaşadığı şəhərlərdə geniş
teatr şəbəkəsi yaratmaq məqsədilə
Bakıda çalışan müqtədir sənətkarları
tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu
ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının
dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan
Dövlət Teatrında işləməyə gedib. Artıq
onun şöhrəti başqa respublikalara da
yayılırdı. 1933-34-cü il teatr mövsümündə
Rza Əfqanlı Türkmənistanın paytaxtı
Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib.
Bir müddət burada çalışdıqdan sonra yenidən
Bakıya qayıdıb, milli teatrın səhnəsində
çalışan Rza Əfqanlı o dövrdə tamaşaya
qoyulan əsərlərin əksəriyyətində müxtəlif
rollar yaradıb. Həm yerli dramaturqların, həm də
dünya klassiklərinin əsərlərində
yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi
ilə seçilirdi. Arada bir müddət Sumqayıt Dövlət
Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət
yolu müxtəlif təzyiqlərdən, maneələrdən,
bəzən də haqsızlıqlardan keçməli olub. Həyatı
kimi səhnə taleyi də hamar deyildi. Təzadlı həyatının
aktyorluq - sənət yolunda müxtəlif təzyiqlərlə,
maneələrlə, hətta haqsızlıqlarla da
qarşılaşır. Ömür yolu kimi səhnə taleyi
də enişli-yoxuşlu olur. Bütün bunlara baxmayaraq, Rza Əfqanlının
Azərbaycan teatrında yaratdığı obrazlar öz cazibədarlığı
ilə tamaşaçıların yaddaşında silinməz
izlər qoyub. Elə olub ki, o, oynanılan tamaşada bir
neçə rolda çıxış edib. Mütəxəssislər
qeyd edirlər ki, Rza Əfqanlı həmin rolları
tamaşaçıya elə məharətlə təqdim
edirmiş ki, bu, yalnız proqramdakı siyahıdan bilinərmiş....
O məhz sənət
üçün doğulmuşdu...
Onun milli teatrımızın
inkişafı yolundakı xidmətləri və səhnədəki
səmərəli fəaliyyəti yüksək qiymətləndirilir.
Ömrünün 39-cu ilində əməkdar, 44-cü ilində
isə xalq artisti adına layiq görülür. 1948-ci ildə
Ənvər Məmmədxanlının "Şərqin səhəri"
tamaşasında oynadığı Fərhad roluna görə
Stalin mükafatı alır.
Rza Əfqanlı istər teatr, istərsə
də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən
xeyli adda obrazlar yaradıb. Onun "Dağlarda döyüş"
filmində yaratdığı Sərxan rolu məhz belə
obrazlardandı.
Filmdə dövlət sərhədi
pozulur. Sərhədçilər hadisə yerinə gəlir.
Məlum olur ki, sərhədi pozanlar
qaçaqmalçılardı. Atışma olur, sərhədçilərdən
biri yaralanır. O da məlum olur ki, sərhədi pozanların
biri - Sərxan sərhədçi Fərruxun atasıdır.
Fərrux qaçaqmalçıya - Sərxana çatır.
Onlar əlbəyaxa vuruşurlar. Hər ikisi yorulur. Bir-birindən
aralı daşın üstündə oturur mübahisə
edirlər. Fərrux Sərxanla nə qədər
acıqlı danışırsa, Sərxan o qədər
mülayim və mehriban olur. Deyir: "Tikanlı
danışma, bala. Sən hələ də bilmədin ki, bu
dağların yolunu mən də bilirəm. Mən də
buralıyam. Bax, sizin o zastavanın yanındakı viranə kənddənəm.
Bir oğlum da vardı. Oturardı dizimin üstündə, əlləri
ilə saçlarımı qarışdırardı..."
O, ahəstə, həzin və kədərli bir ahənglə
danışaraq obrazla gözəl dil tapır. Daha doğrusu,
obraza girir. Rola uyğun səslənən yanıqlı səsi,
kədərli surəti tamaşaçını
inandırır və düşündürür.
Tamaşaçı elə hesab edir ki, doğrudan da, bu, kino
yox, gerçək həyatdır... Filmdə onun məğrur
duruşu, cəsarətli, bəzən inamsız, ümidsiz hərəkətləri,
pərişan saçları və gözlərindən oxunan
qəmli-kədərli əhvalı müharibə
dövrünün əsl azərbaycanlı kişisini
xatırladır. Milli kino sənətimizin inkişafında
Rza Əfqanlının xidmətləri çox olmuşdur. O,
həqiqətən görkəmli kino xadimi olub.
"Bakılılar", "Kəndlilər", "Yeni
horizont", "Dağlarda döyüş",
"Aygün", "26-lar", "O olmasın, bu
olsun", "Qanun naminə", "Mən ki gözəl
deyildim" və sairə filmlərdə bir-birindən
gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb.
O, həmin obrazlarda tamaşaçıların rəğbətini
qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda
yaratdığı obrazlar o vaxt lentə çəkilməyib.
O, sənət üçün doğulmuşdu.
Qədirbilən xalqımız
görkəmli kino xadimlərimizi həmişə yad edir. Eynən
də gənc nəsil klassik kino aktyorlarımız - Ələsgər
Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev,
Möhsün Sənani və başqaları kimi Rza Əfqanlını
da sevir və hörmətlə yad edir.
Amma bütün bunlara baxmayaraq Rza Əfqanlının
Azərbaycan teatrına bəxş etdiyi obrazlar cazibədarlığı
ilə görənlərin yaddaşında iz salıb. Mütəxəssislərin
fikrincə, hətta eyni tamaşada bir neçə surəti
oynayan Rza Əfqanlı onları elə səpkidə, məharətlə
təqdim edə bilirmiş ki, tamaşaçılar yalnız
proqramdakı adların siyahısına görə onun
üç rol yaratdığından xəbər
tuturmuşlar.
Eyni dövrdə
yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının
da yaradıcılığında kino rolları ayrıca mərhələdir.
O, 1963-cü ildə teatrdan haqsız olaraq
uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada
ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı
bir müddət Sumqayıt Dövlət Dram Teatrında
aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən
şirələnən romantik vüsət, poetik cazibədarlıq
vardı. Zəhmli baxışları, sərt və ifadəli
sifət cizgiləri ürəyəyatımlı idi, aktyor
onları obrazın bədii siqlətinə uyğun tərzdə
istiqamətləndirirdi. ?anrından asılı olmayaraq,
bütün tamaşalarda obrazın fərdi xarakterini, konfliktdə
daşıdığı yükü bütövlükdə
tamaşanın ali məqsədinin məhvərində təcəssüm
etdirirdi. Romantik zəmində formalaşan Rza Əfqanlı
realist obrazları da şövqlə, əzmlə,
yaradıcılıq ehtirası ilə oynayırdı və
bununla da öz üslübuna yeni səpki təravəti
verirdi. Həyat yoldaşı tanınmış teatr rəssamı
Bədurə xanım Əfqanlı idi. Aktrisa Ofeliya Aslanın
atasıdır.
Rza Əfqanlı 9
noyabr 1973-cü ildə Bakıda vəfat edib.
Ömür-gün
yoldaşı, xalq rəssamı Bədurə Əfqanlı
Teatr yaradıcı və kollektiv əməyin
məhsuludur. Hər hansı teatr tamaşasının təsirli
və yaddaqalan olmasında bədii tərtibatın - rəssam
işinin də öz yeri var. Ötən əsrin əvvəllərində
teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül
tapmasında Xalq rəssamı Bədurə Əfqanlının
xüsusi əməyi olub. O həm də ilk azərbaycanlı
qadın teatr rəssamıdır. Bədurə Əfqanlı
1912-ci il oktyabrın 25-də Bakıda dünyaya gəlib.
Atası Məlik Ağamalov dövlət qulluğunda
çalışıb, geniş dünyagörüşlü
və tanınmış ziyalılardan olub. Rəsm çəkməyi
sevib. Boş vaxtlarında övladlarına ədəbiyyatdan,
incəsənətdən danışar və onlarda bu sahəyə
maraq oyadarmış. Təsadüfi deyil ki, sonralar
böyük qızı Səyyarə memar-heykəltaraş,
kiçik qızı Bədurə isə rəssam olub. Bədurənin
orta məktəb illərində çəkdiyi rəsmlər
müəlliminin diqqətindən yayınmır. Müəllimi
onun istedadlı olduğunu bildirir. Bu sözləri onda sənətə
daha böyük maraq yaradır. O, 1929-cu ildə Bakı
Pedaqoji Texnikumuna daxil olur, lakin rəssam olmaq həvəsi onu
Bakı Rəssamlıq Məktəbinə gətirir və
1931-ci ildə qrafika şöbəsində oxuyur. Teatr rəssamı
olmaq qərarına gəlir. Diplom işinin mövzusu
V.Şekspirin "Otello" faciəsi olur. Çəkdiyi
eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng
çalarları onun özünəməxsus sənət
duyumunu göstərir. Diplom işini uğurla başa vurur.
İlk tərtibat verdiyi səhnə
əsəri Rza Əfqanlının quruluşçu rejissor
olduğu "Qaçaq Kərəm" tamaşası olur.
Onlar uzun illər birgə çalışır, bir çox
tamaşalara uğurlu səhnə həyatı verirlər.
Birgə hazırladıqları tamaşalardan "Şeyx Sənan"
faciəsini, "Aşıq Qərib" operasını,
"1905-ci ildə", "Sevil" pyeslərini qeyd etmək
olar.
Hər iki sənətkar bir
müddət Türkmənistanda, Aşqabad Dram Teatrında
çalışırlar. Sonra yenidən Bakıya
qayıdırlar, yaradıcılıq işlərini doğma
şəhərdə davam etdirirlər.
Bədurə Əfqanlı 1938-ci
ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət
alır. 1960-cı ilədək bu kollektivdə tərtibatçı
və geyim üzrə rəssam olaraq çalışır.
Həmçinin Azərbaycan Dövlət Rus Dram
Teatrının bir sıra tamaşalarına geyim eskizləri
çəkir. Bədii tərtibat verdiyi əsəri diqqətlə
oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini,
geyim tərzini dəqiqliklə araşdırardı. Məhz
bu səbəbdən onun verdiyi tərtibat sadəliyi, ciddiliyi
və əsərin mövzusu ilə həmahəng olması
ilə seçilib. Xüsusilə də Cəfər
Cabbarlının pyeslərinə hazırladığı
dekorasiyalar, eskizlər tamaşaların uğurlu
alınmasında əhəmiyyətli rol oynayıb.
Bədurə Əfqanlının
eskizləri, bədii tərtibat verdiyi əsərlər
özündən sonrakı rəssamlar üçün bir məktəb
olub. O, zahiri effektləri, geyimləri elə seçirmiş
ki, bu təqdim olunan əsərin məzmununu təbii surətdə
açırmış. Mütəxəssis Bədurə Əfqanlının
rəssam kimi fəaliyyətindən danışarkən onun
istedadı ilə yanaşı, əməksevərliyini, hər
zaman axtarmaq həvəsini, peşəkarlığını
xüsusi qeyd edirlər.
Rejissorlar, dramaturqlar həmişə
onunla həvəslə işləyiblər. Çünki Bədurə
Əfqanlı rənglər vasitəsilə
tamaşaçıda xoş ovqat yarada bilib.
Sənətkar 1960-cı ildən
"Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam
işləyib. Onun müxtəlif çeşidli, rəngarəng
yaradıcılığından danışarkən bəzi rəqs
ansamblları, ifaçılar üçün
hazırladığı geyimlərdən də söz
açmaq yerinə düşərdi. Rəşid Behbudovun rəhbərlik
etdiyi Mahnı Teatrının kollektivi uzun illər Bədurə
Əfqanlının məsləhət bildiyi geyimlər əsasında
konsertlərə çıxıb.
Bu gün onun bir çox əsəri
Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin
adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır.
Görkəmli sənətkarın
çeşidli yaradıcılığı həmişə
diqqət mərkəzində olub, ölkə rəhbərliyi
tərəfindən layiqincə qiymətləndirilib.
1974-cü ildə Xalq artisti fəxri adına layiq
görülüb. "Şərəf nişanı"
ordeni ilə təltif edilib. Onun yaradıcılığı
bir çox teatr və kino rəssamları üçün
örnək olub, çünki sənətkar özündən
sonra gələcək nəsillər üçün zəngin
bir irs qoyub gedib. İlk azərbaycanlı qadın teatr rəssamımız
Bədurə Əfqanlı 2002-ci il mayın 7-də
dünyasını dəyişib.
Şərq.- 2011.- 11 may.-
S. 11.