İlk musiqi alətlərimiz
Onların sayı 60-dan çoxdur
Azərbaycan milli musiqi alətlərinin yaranma tarixi eramızdan çox-çox əvvəllərə
təsadüf edir.
Hər bir
xalqın bəşər mədəniyyəti
süfrəsinə təqdim etdiyi özünəməxsus töhfələr
olur. Özünəməxsusluq
çətin işdir.
Bu, milliliyin təsdiqi olduğu dərəcədə həm
də bəşəridir. Azərbaycan tarixinin kədərli səhifələri
çoxdur. Tarixən həyatımızın demək olar,
bütün sahələrində
yaratdıqlarımızın çoxunun yiyəsi ola bilməmişik.
İtirmişik, sonra ayılmışıq, bərpa etməyə
çalışmışıq. Azərbaycanın qədim
musiqi alətlərinin bərpası bu qəbildəndir.
Azərbaycan muğamlarının YUNESKO tərəfindən
"Bəşəriyyətin şah əsəri" elan
olunması ümumilikdə Azərbaycan mədəniyyətinin
dünyada etiraf olunmasıdır.
Tarixi
X əsrdən başlayaraq Azərbaycanın Orta əsr
musiqi mədəniyyətində geniş inkişaf mərhələsi
başlamışdır. Həmin dövrlərdə istifadə
olunan simli, nəfəsli və zərb musiqi alətlərinin
sayı 60-dan çox olub. Bu alətlər haqqında geniş
məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin
(XII əsr), XVI əsrdə yaşayıb yaratmış
görkəmli şair Məhəmməd Füzulinin, Şərq
musiqi mədəniyyətinin yaradıcılarından
sayılan Səfiəddin Urməvinin (XIIIəsr), Əbdül
Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab
Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə
yaşayıb-yaratmış iste"dadlı Azərbaycan rəssamları
Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli,
Müzəffər Əli, Mir Səid Əli tərəfindən
çəkilmiş miniatür sənət növlərində
orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin
çox geniş təsviri verilib.
Əsrlər boyu milli
musiqi mədəniyyətimizin inkişafına əvəzsiz
xidmət etmiş musiqi alətlərimizin
araşdırılaraq öyrənilməsi, onların bərpa
edilərək yenidən səsləndirilməsi, bu gün
tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.
Qədim musiqi alətlərinin bərpası
Bakı Musiqi Akademiyasının 1991-ci ildən fəaliyyət
göstərən "Qədim musiqi alətlərinin bərpası
və təkmilləşdirilməsi" elmi
laboratoriyasında unudulmuş qədim musiqi alətlərinin
elmi tədqiqatı, bərpası və təkmilləşdirilməsi
üzrə bir çox işlər görülmüş və
yüksək nəticələr əldə edilmişdir. Görülən
gərgin işlərin nəticəsində bir neçə qədim
musiqi alətləri: Çəng, Tənbur, Rud, Bərbəd,
Çəqanə, Çoğur, Rübab, Santur, Qopuz bərpa
edilmiş və yüksək səviyyədə səsləndirilmişdir.
Qopuz
Ən qədim simli musiqi alətlərindən biri. Vaxtilə
Azərbaycan ozanlarının ifaçılıq sənətində
tətbiq və istifadə etdikləri əsas
çalğı aləti.
Saz
Əfsanəyə görə, guya qartal bir heyvan cəmdəyini
parçalayaraq bağırsaqlarını caynaqlarına
alıb ağacın başına qaldırır. Bağırsaq
budaqlara ilişir, isti gün altında quruyub nazilir. Şiddətli
küləyin uğultusu və budaqların ona toxunması ahəngdar
səslər çıxarır. Bu zaman
yoldan keçən bir
adam həmin səslərə
heyran qalır. Hadisənin səbəbini
öyrəndikdən sonra guya
qurumuş bağırsaqdan sim düzəldərək
ilk musiqi alətini icad edir. İlk baxışda çox maraqlı görünən
bu əfsanəni ilk simli musiqi
alətlərinin yaranması haqqında
nağıl kimi qəbul
etmək daha düzgün olar. Burada müəyyən inandırıcı cəhətlər olsa da, əfsanə əfsanəliyində,
nağıl nağıllığında qalır. Əslində
isə hər bir musiqi
alətini insan icad etmişdir.
Babası ozan, ulusu qopuz olmaqla
Azərbaycan xalqının
məişətinə çox qədim dövrlərdən
bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.
Küp-çanaq-çömçə, üz
taxtası, üz-sinə taxtası, qol-bilək, beçə,
aşıqlar - qulaq - burmanc, simçüyü, küpxərəyi,
(çanaq xərəyi) keçirmə-qayış - bağ,
baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim
xərəyi, tazanə - mizrab, köynək-torba, sinə
üz toxtada açılmış deşiklərdən ibarət
müasir sazların əsas hissələri qart tut
ağacından, qol və aşıqlar isə qoz
ağacından hazırlanır.
Səkkiz mərhələdə formalaşan müasir
sazın səsdüzümü fərqli adlar ilə, məsələn,
Naxçıvan bölgəsində birinci pərdə baş
və ya divani, ikinci lal, üçüncü
cığalı təcnis, dördüncü lal, beşinci
şah, altıncı -lal, yeddinci keşiş oğlu, səkkizinci
cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə
adları ilə məlumdur.
Tar
Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin
və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi
bildirilir. Bu musiqi alətinin adına Nizami
Gəncəvinin əsərlərində
rast gəlinmişdir. Füzuli
"Həft -cam" əsərində
üçüncü qədəhi tar ilə qaldırır.
O, tar nəğməsindən
ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi
dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə
Sadıq (Sadıqcan) səsini itirəndən sonra
qəlbinin tellərini
tara köçürərək
Şərq aləmində ilk
dəfə olaraq
tarın quruluşuna yenilik
gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi
aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə
çıxarmışdır. Tarın təkmilləşdirilərək
müasir şəklə
salınması muğamların
inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir alət kimi
qalmayıb, eyni zamanda
solo ifaedici bir çalğı alətinə
çevrilmişdir.
Kamança
Azərbaycanda bu yaylı- simli musiqi alətinin
tarixi çox qədimdir.
Uzun qola və dayanacağa malik olan kamança
tək simli olub. Zaman keçdikcə kamançaya
iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu
alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində
kamançanın adı çəkilir. Eramızın
XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli
musiqişünas Səfiəddin
Urməvi, XIV əsrin məşhur musiqişünası və
bəstəkarı Əbdülqadir Marağı, XVI əsrdə
yaşamış özbək xalqının fəxri Əlişir
Nəvai, dahi Azərbaycan
şairi Məhəmməd Füzuli əsərlərində başqa
musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir.
Zurna
Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan
xalqının ruhunu, zövqünü
oxşayan nəfəsli musiqi
aləti sayılan
zurnanın (sur) adına
"Kitabi-Dədə - Qorqud"
dastanlarında da rast gəlirik. Zurna
haqqında Azərbaycan xalqının qəhrəmanlıq
dastanı sayılan "Koroğlu"da da məlumat
var. XII əsrin Azərbaycan
şairi Nizami Gəncəvinin əsərlərində də
zurna-sur alətinin adı çəkilmişdir.
Qədimdə olduğu kimi , indi də Naxçıvan Muxtar
Respublikasının Ordubad,
Culfa, Şərur, Şahbuz,
Babək, Kəngərli, Sədərək rayonlarında və
onların əhatə etdikləri kənd və qəsəbələrdə
toy şənlikləri
zurnasız ötüşmür,
üç nəfərdən
ibarət zurnaçılar dəstəsi insanların qəlbini
coşdurur, dinləyicilərdə
nəcib duyğular
oyadırlar. Adətən heyva, armud, qoz və ərik
ağaclarından hazırlanan zurnanın üstündə 7,
altında isə bir deşiyi
olur. 28 -30 sm uzunluğunda olan
zurnanın baş tərəfi
dar, qurtaracağının diametri isə nisbətən böyük
olur. Zurnanın ucuna mil keçirilir. Milə
sümükdən dairəvi tağalaq bərkidilir.
Bəzən isə ustad zurnaçılar
öz zurnalarının üzərini
naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.
Etnoqrafik müşahidələrdən aydın olur ki,
Azərbaycan xalqının ənənəvi toylarını
zurnasız təsəvvür etmək
qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan
hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən
tut, qoz və ərik ağaclarından hazırlanmış və
təkmilləşdirilmişdir. Açıq-aydın gur və
güclü səsi olan milli nəfəsli musiqi alətinə
xalq arasında "qara zurna" da deyilir. Ola bilsin ki,
"qara" sözü keçmişdə zurnanın qara rəngli
kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.
Balaban
Arxa hissəsində bir, üzərində səkkiz dəlik
açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli
musiqi aləti xalq arasında balaban və ya "Yastı"
balaban adı ilə tanınır. Ucuna ikiqat yastı
qamış müştük, ortasına isə xərək
keçirilir. Xərəyin hərəkətə gətirilməsi
alətin kökünü dəyişdirir. Çox zaman qara
zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə
ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli
musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə
zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli
milli musiqi aləti olan balabanın səsi indi də
toy-mağarlardan, xalq çalğı alətləri orkestri və
ansambllarından gəlməkdədir.
Tütək
Nəfəsli alətlər qrupuna
daxil olan tütək ney nəfəsli musiqi alətindən
sonra yaranmışdı. Vaxtilə ancaq çobanların, sonralar
isə həvəskar musiqiçilərin çalğı aləti
olmaqla yüzlərcə
peşəkar musiqiçinin
əlindən düşməyən
bu milli nəfəsli musiqi aləti tamaşaçıların
qəlbini riqqətə gətirmişdir. Sadədən
mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli
musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində
qarğı-qamışdan, sümük, ağac, saxsı və metaldan
hazırlanmışdır. Tütək musiqi
alətinin çobanlar
tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu
musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul
olduğu vaxtlarda -
10-12 min il bundan əvvəl icad edilmişdir. Barmaq dəlikləri
olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan
sümüklərindən və dişlərindən tütəklər
düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar
olaraq tütəkləri
yandırılmış gildən düzəltmişlər.
İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün
əmələ gələn
çətinlikləri aradan qaldırmaq zərurəti
ilə qarşılaşdıqları zamanda
boruda müxtəlif yüksəklikdə
səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik
açmışlar. Təcrübəli musiqiçilər dəlikləri
yarımçıq qapamaqla xromatik səslər əldə
etmişlər. Bu səsi
əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.
Minilliklər boyu insanların qəlbini riqqətə gətirən
nəfəsli musiqi aləti olan tütək geniş texniki
imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli
tempdə diatonil qammalar ifa etmək olar.
(Davamı var)
Şərq.- 2011.- 17 may.-S. 11.