Səhnəmizin ilk Hamleti
"Eurovision"un parlaq qalibi Eldar
Qasımovun ulu babası Abbas Mirzə Şərifzadənin
həyat hekayəti
37-ci ildə güllələnən böyük sənətkar
Hüseyn Cavidin, Mikayıl Müşfiqin təbliğində
günahlandırılırdı
Aktyor sənətinin böyüklüyü bəlkə də ondadır
ki, bu sənət
sahibləri hamı kimi bir
ömür deyil, bir neçə ömrün sahibi olurlar. Səhnə yaşantısı bu insanların həyatının mənasına çevrilir. Onlar səhnədə yaratmaq üçün yaşayırlar.
"Sənət qurban tələb edir" sözləri də məhz onların timsalında aforizmləşib.
Ancaq
biz bu gün insan ömrünün itkisindən, qurbanlarından
deyil, sözün böyük mənasında,
sənətin itkisindən
söz açacağıq. Söhbət Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadənin
yarıda qalan ömür
və yaradıcılıq yolundan gedir.
Həyatı
Abbas Mirzə Şərifzadə
1893-cü il dekabrın
12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı
ailəsində anadan olub.
Onun atası Mirzə Rəsul dünyagörüşlü bir
insan olub. Seyid Əzim Şirvaninin açdığı
yeni "Üsuli-Cədid" məktəbində
dərs deyən Mirzə Rəsul Şamaxının ən
hörmətli müəllimlərindən
sayılırmış.
Abbas Mirzə Şərifzadə Şamaxıda
dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə,
bütün ömrü Bakı ilə bağlıdır. Belə
ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli
zəlzələdən sonra bir çoxları kimi onların
da ailəsi şəhəri tərk edib, Bakıya
köçürlər.
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk
dəfə əmisi Mirzə Məmməd Tağının
sayəsində tanış olub. Teatr sənətinə meyllənən
Mirzə Məmməd Tağı dini tamaşalar
hazırlayırmış. Günlərin birində də o,
"Şəbeh" tamaşasında əsir qız
uşağı rolunu qardaşı oğlu Abbasa
tapşırır. Özü isə
bu tamaşada Şümüru oynayırmış.
Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən
gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin
ən kuliminasiya nöqtəsində, əlində
qılınc olan Şümür əsir qızın
üstünə yeriyən anda, Abbas Mirzə
qışqıra-qışqıra bir kənarda
toplaşıb, bu səhnəyə baxan qadınların
arasında olan anasının yanına qaçır. Dindarların
mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm
qəzəblənir.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz
bu illərdə də səhnə ilə maraqlanmağa
başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya
şagirdlərinin hazırladığı tədbirlərdən
uzağa getmirdi.
Gimnaziyanın əlaçı şagirdlərindən
biri sayılan Abbas bütün tədbirlərin gözü
imiş. Heç bir tədbir onsuz
ötüşmürmüş. Artıq Abbas rola girməkdən,
neçə-neçə insanın ona diqqət kəsilməsindən
xüsusi zövq aldığını hiss edirdi. Çox-çox
sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni
yada salarmış. Bu o hadisədir ki, onu yalnız
başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil
olan Abbas növbəti tədbirlərin birində müəlliminə
yaxınlaşıb, şeir demək istədiyini bildirir. Müəllim
də özündə cəsarət tapıb, səhnəyə
çıxmaq istəyən Abbasın sözünü yerə
salmır. Abbas şəstlə səhnəyə
çıxır, bir anlıq çaşsa da, tez
özünü toplayıb, Lermontovun "Şairin
ölümü" şeirini deyir.
"Şeiri söyləyəndə elə bilirdim dilim
ağzımda şişibdir. Bədənim gah qızıb,
gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində,
məna və məzmununda idi. Bu məni bir tərəfdən
sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş
hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".
Beləliklə, atasının çinovnik, ya da ticarət
işçisi görmək istədiyi Abbas mühitin həqarətlə
yanaşdığı aktyorluq sənətinin sehrinə
düşür. Nə qədər ziyalı, geniş
dünyagörüşlü olsa da, dövrünün
adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç
cür qəbul etmir. O tez-tez oğluna mühitin aktyorluq sənətinə
münasibətini xatırladır. Ancaq çifayda... Abbas nə
atasının, nə də mühitin etirazına məhəl
qoymayıb, özü kimi həvəskarlarla birgə
tamaşalar hazırlamağa başlayır.
Ailəsi
Uşaqları Ərtoğrul (1923) və Qaratay (1925)
birinci həyat yoldaşı Hənifə xanım
Akçurinadan dünyaya gəlib.
Səhnəmizin böyük sənətkarı, xalq
artisti Firəngiz Şərifova isə ikinci evliliyindən,
xalq artisti Mərziyyə xanım Davudovadan bu dünyaya salam
deyib.
Maraqlıdır, niyə Mərziyyə xanım Davudova
ilk dəfə səhnəyə Həştərxan Tatar
Dramatik Teatrında çıxır. Belə
çıxır ki, həyat yoldaşlarının hər
ikisi də tatar olub. Onu da xatırladaq ki, Üzeyir Hacıbəyovun
və Muslim Maqomayevin də həyat yoldaşları
tatarkökənli olub.
Nəvələri Dilarə xanım Şərifzadə,
Fəridə Rzaquliyevadır.
Məlumat üçün onu da xatırladaq ki,
"Eurovision 2011" qalibi Eldar Qasımov Abbas Mirzə Şərifzadə
və Mərziyə Davudovanın nəticəsi, xalq artisti Firəngiz
Şərifovanın nəvəsidir.
Səhnə və kino fəaliyyəti
Abbas Mirzə Şərifzadənin səhnə fəaliyyətinə
gəlincə, o, ilk dəfə 1908-ci ildə Molyerin "Zorən
Təbib" əsərində epizodik rolda oynayıb. Düz
iki ildən sonra - 1910-cu ildə "Maarif" cəmiyyəti
nəzdində yaradılmış teatr kollektivinə qəbul
olunur. Qısa müddət ərzində bir neçə rolda
çıxış edən Abbas Mirzə 1911-ci ildə onu
bir sənətkar kimi təsdiq edən ilk obrazını
yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin
"Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas
qəhrəmanı Qacar obrazı idi.
İlk uğuru Abbas Mirzədə
arxayınçılıq yaratmır. Sənət
axtarışlarını davam etdirən akytor bir neçə
il ərzində Azərbaycanın sayılıb-seçilən
səhnə ustaları sırasında özünəməxsus
yer tutur.
Abbas Mirzə Şərifzadə sənətinin
ecazkarlığına, qüdrətinə heyran kəsilərək,
neçə-neçə teatr xadimi onun haqqında fikirlərini
bölüşüblər.
Bu fikirlərin ən dəqiqi, ən dolğunu
böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur.
"Abbas Mirzə məktəb görməmiş, sənət
və onun üsullarını öyrənməmişdir. Lakin
o bir talantdır. O özü-özünə doğulmuş
bir sənətkardır. Sənət onunla bərabər
doğulmuşdur. Sənət onun qanında, iliyindədir.
Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara
öz təbii istedadını genişləndirməyi, onu necə
işlətməyi öyrədə bilir. Abbas Mirzədə
isə həmişə ona kömək edən, onu öyrədən
və doğru yola yönəldən bədii bir zövq
vardır. O bir sənətkar, yaradıcı bir
talantdır". Bu istedadın sayəsində onun
yaratdığı zəngin rol qalereyasında - Otello, Şeyx
Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş,
Eyvaz, Dəli knyaz, Hamlet, İblis - ən üstün
xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas
roldan, rola nəinki dəyişib, o, səhnədə
büsbütün özünü də unudub. Heç bir
zaman səhnədə özünün - Abbas Mirzə Şərifzadə
ömrünün sahibi olmayıb.
Abbas Mirzənin yaradıcılıq yolu yarıda
qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda
sürprizlər də bəxş edib. Onun
yaradıcılığına nəzər salarkən, diqqət
çəkən bir məqamın üzərində dayanmaya
bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə
Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər
Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun
səhnələşdirdiyi bu tamaşa 1927-ci ildə Dram
Teatrı səhnəsində qoyulub.
Və onun adı Azərbaycan teatr tarixinə yalnız
aktyor kimi düşməyib. Təəssüf ki, o
tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da,
böyük sənətkar ilk rejissorlarımızdan biri
sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan",
"Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd
Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini
səhnələşdirib, "Leyli və Məcnun",
"Əsli və Kərəm", "Aşıq Qərib",
"Şah İsmayıl" operalarının
quruluşçu rejissoru olub.
Azərbaycan kino sənəti tarixində onun adı
birincilər sırasındadır. "Bismillah",
"Hacı Qara", "Gilan qızı", "Məhəbbət
oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz
olub.
Repressiya və
tale
Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən
etibarənsə, Abbas
Mirzə Şərifzadənin
ömür yoluna nəzər salmaq üçün yalnız
6453 saylı istintaq işinə baxmaq olar.
İstintaq işindən məlum olur ki, Abbas
Mirzə Şərifzadə
ömrünün son günlərini
yalnız yalanlara, iftiralara cavab verməklə yaşayıb.
TEATR isə ömrünün
o biri sahilində qalıb.
Əslinə
baxanda, istintaq işi yalnız iftiraların, minlərlə
insanın faciəsinə
qol qoyan dövrün eybəcərliyinin
görküdür. Soyuq, qaranlıq
zirzəmilərdə isə
daha dəhşətli
hadisələr baş
verib. Ağlagəlməyən işgəncələr, təhqirlər son ucda isə QORXU, VAHİMƏ.
Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən,
evində ciddi axtarış aparılıb.
Bir teatr qılıncı, iki teatr tapançası
silah kimi müsadirə edilib.
"Əldə olunmuş
məlumatlara görə,
bir xarici dövlətin xeyrinə casusluq edib". Bu sətirlər Abbas
Mirzə Şərifzadənin
həbs olunması barədə tərtib olunan arayışdandır.
"Əldə edilmiş məlumatlar"
isə ağlagəlməz
işgəncələrdən sonra Ruhulla Axundovun
verdiyi ifadədir.
Ruhulla Axundov ifadəsində bildirib ki, o, əksinqilabi millətçi
təşkilatına Milli
Dram Teatrının direktoru
Əli Kərimovu cəlb edib. Əli Kərimovsa öz növbəsində
Abbas Mirzə Şərifzadəni təşkilatla
"Əldə edilmiş
məlumatlar" gözgörəsi
əsassız idi, ən azı, bu ifadələr bir-birini təkzib edirdi. Belə ki, Ruhulla Axundovdan fərqli olaraq, Əli Kərimov sözügedən
təşkilatla bağlılığından
danışarkən, Abbas
Mirzə Şərifzadənin
adını hallandırmayıb.
İsrarla dönə-dönə verilən bu suala rədd cavabı verib.
Maraqlıdır ki, Abbas Mirzə Şərifzadənin
istintaq işində haqqında danışılan
şəxslərin heç
birinin ifadəsi yoxdur. Abbas Mirzə məsuliyyətə
"İran dövlətinin
xeyrinə casusluq etdiyinə görə"
cəlb olunubmuş.
İstintaqın gedişatı zamanı
da müstəntiqlər,
əsasən, bunu sübut eləməyə
çalışırlar. Və onun xarici ölkə
səfirliklərilə əlaqələrini
araşdırarkən, məlum
olur ki, Abbas Mirzə Şərifzadə 1932-ci ildə
Gəncədə olarkən,
iki-üç dəfə
orada fəaliyyət göstərən İran
konsulxanasına gedib.
İran konsulxanasının rəhbəri
teatrı çox sevirmiş. Demək olar ki, hər axşam onların tamaşalarına
baxmağa gəlirmiş.
Və oyunlarına böyük maraqla baxdığı aktyorları hərdən qonaq çağırmağı
da unutmurmuş. Abbas Mirzə Şərifzadə
də məhz bu münasibətlə bir neçə dəfə İran səfirliyində olubmuş.
Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız ehtiyatsızlıq edərək,
İran konsulxanasına
ayaq basmaqda günahkar bilir.
O, ifşa olunmuş "xalq düşmənləri"lə
yaxınlığına, siyasi
görüşlərinə dair bütün ittahamlara isə birmənalı şəkildə
"yox" deyir. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş" Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini
təbliğ etməkdə
günahlandırılır.
Abbas Mirzə bu ittihamları
rədd edərək bildirir ki, o yalnız ona tapşırılan rolları
oynayıb. Konsertlərdə və radio çıxışlarında
mətni isə incəsənət komitəsi
tərəfindən tərtib
olunurmuş.
İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, "yox" cavabı verən, heç kim
haqqında ifadəyə
imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında
günahkarlandırılıb. İstintaqın gedişatı
zamanı onun işinə daha bir ittiham əlavə
olunur: "Abbas Mirzə əksinqilabi burjua millətçi təşkilatının üzvüdür".
Məhbusun
"dindirilmə" üsulu
öz nəticəsini
verir. Abbas Mirzə Şərifzadə
İran dövlətinə
casusluq etməsinə
dair bəzi ittihamlarla razılaşır.
Bu ittihamları təsdiqləmək üçün
onunla üzləşdirilənlərin
bəzilərinin sözlərini
təsdiqləyir. Və
1938-ci il oktyabrın
19-da məhkəmə öz
hökmünü verir:
"Şərifov Abbas
Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə
güllələnsin, əmlakı
müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan
bu hökm, təxminən, bir ay sonra - noyabrın 16-da yerinə yetirilir.
Şərq.- 2011.- 20 may.-S. 10.