Əllə yaradılan möcüzələr

 

  Azərbaycan bədii tikmələri xalqın mədəniyyətinin varisliyini sübut edir

 

  Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq basmanaxış, toxuma bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün böyük məhəbbətlə istifadə olunur.

   Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri - düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.

   Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar. İtalyan səyyahı Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir. İngilis səyyahı - tacir Antoni Cenkinson (XVI yüzil) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, "kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi".

   XIX - XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar, Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi. Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları- nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır.

   Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.

   Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

   Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər. 

   Məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir.

   Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikiş və file üzərində işdir.

   Bütün tikmə növlərindən ən qədimi - qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə - güləbətin adlanırdı. Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı. Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi. Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə "qarmac" adlanırdı. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu. Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi. Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

  

   Dekorativ tətbiqi incəsənət

  

   Şübhəsiz ki, dekorativ-tətbiqi incəsənət də bu sırada yer alır və bədii sənətin müxtəlif növlərini - zərgərlik, metal üzərində döymə, ağac, daş və sümük üzərində oyma, naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq, toxuma və bədii tikmələr və s.-i əhatə edir. Azərbaycanın zəngin mənəvi aləmini əks etdirən həmin sənət nümunələri bu gün də nənələrimiz, qız-gəlinlərimiz tərəfindən yaşadılmaqdadır. İngilis səyyahı - tacir Entoni Cenkinson yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, "kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi".

   XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün yerli istehsal olan qonovuz, darai və məxmərdən istifadə edilirdi. Onlar Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan, yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi. Azərbaycan bədii tikmələri bitki motivləri (qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və s.), eləcə də bülbül, tovuz quşu, göyərçin, tutuquşu, sərçə, qırqovul, bildirçin, kəklik və digər təsvirləri ilə seçilirdi. Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi olan təsvirlərdən ibarət idi. Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motiv idi. Quşları, adətən, ya üz-üzə, ya da əks istiqamətlərə baxan şəkildə təsvir edirdilər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edirdi. Tikmələr üzərində ceyran, ilan, əjdaha, at kimi heyvanlar da təsvir edilirdi.

  

   Tikmə növləri və onların sirləri...

  

   Güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikası ilə tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama və s. Azərbaycanda geniş yayılmış bədii tikmə növləridir. Ən qədim tikmə növü isə qızılı və gümüşü saplarla bədii tikmələrdir. Bunun üçün qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli saya məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün isə fabrik istehsalı olan qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növünün bir adı da güləbətindir. Güləbətinlə daha çox qadın geyimlərinə, baş geyimlərinə, ev və məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli əşyalar qoşmaq adət idi. Bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi. Təkəlduzçuluq üçün material kimi qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri qadınların məşğuliyyəti olsa da, kişilər də tətbiqi incəsənətin bu sahəsində öz məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta, əvvəlcə, rəsmin konturlarını çəkir, sonra onun bütün daxili sahəsini doldururdu. Bu tikmələr üçün işlədilən iynə "qarmac" adlanırdı. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr və örtüklərə bəzək vurulurdu. Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi və bu tikmədə adətən parlaq olmayan, çox vaxt qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. İki növü olan (birtərəfli və ikitərəfli) saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

   Bədii tikmələrin geniş yayılmış növlərindən biri də "quş gözü" - ağ və ya rəngli ipəklə vurulan bəzəklər idi. "Düymələmə" bədii tikmələrinə araqçının, şəbkülahın (gecə baş geyimi), yun geyimlərin bəzəklərində rast gəlinir. Mirvari və muncuqlarla bədii tikmələr böyük marağa səbəb olurdu və kostyum elementlərini, məişət əşyalarını bəzəyirdi.

   Parıltılı bəzəklə, muncuqlarla bədii tikmə - onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir; qurama və spiral bədii tikmənin nisbətən gənc üsullarıdır. Bu gün də ölkəmizin bir çox şəhərlərində kökü daha qədim olan bədii tikmə məktəbi qorunub saxlanmaqdadır və Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin, muzeylərin ekspozisiyalarını bəzəməkdədir.

 

 

  Şərq.- 2011.- 21 may.- S. 12.