Şir biləkli tarzən
Tarını heç kimə etibar
etməyib öz əlində saxlayan Qurban Primov
Zəngin musiqi irsinə malik olan Azərbaycan xalqı
haqlı olaraq öz musiqisi ilə öyünə bilər.
Musiqi mənəvi qidadır, könül
rahatlığıdır. Milli musiqi alətlərimizin tacı
olan ürəkləri ecazkar səsi ilə riqqətə gətirən
Azərbaycan tarı musiqi alətləri xəzinəmizə
daxil olan nadir alətlərdən biridir.
Tar əsasən Şərq ölkələrində
yayılmışdır. İki oktava yarım səsə
malik olan bu alətin texniki imkanları daha genişdir. İnsan
səsinə yaxın olan tar səsi melodik baxımdan
bütün musiqi alətlərindən yüksəkdə
durur. Ona görə də tarda muğamları, xalq və bəstəkar
mahnılarını, rəqsləri, istər klassik, istərsə
də müasir rus və Avropa bəstəkarlarının əsərlərini
ifa etmək imkanları daha üstündür. Azərbaycanın
ən görkəmli xanəndələri əsrlərdən
bəri tarın müşayiəti ilə oxumuş və bu
günümüzə gəlib çatan muğamların
formalaşmasında tarzənlərin xidmətindən istifadə
etmişlər.
Tarın yaranma tarixi XI əsrdən qabaqlara təsadüf
edir. Hələ XII əsrdə Nizami Gəncəvi
"İsgəndərnamə" əsərində musiqi aləti
kimi tarın adını çəkir.
Müğənni, tək bircə gecə də çal
tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə,
genişlənsin, açılsın yolum,
Köçüm
bu daşlıqdan asudə olum.
Tar XIX əsrə
qədər diz üstündə çalınmış, az
simli və pərdəli olduğu üçün bu alətin
texniki imkanları da zəif olmuşdur. Azərbaycan tarı XIX
əsrin ikinci yarısında Şuşalı tarzən Sadıqcan
(Mirzə Sadıq Əsəd oğlu) tərəfindən ilk
dəfə sinə üstünə qaldırılıb
çalınmış, bir neçə simlər və pərdələr
də əlavə edilərək artırılmış, tarın
formasında da dəyişiklik edilmişdir. Bununla da Azərbaycan tarı
təkmilləşərək yeni quruluşda yeni nəfəs qazanmışdır. Buna görə
də Sadıqcan haqlı
olaraq tarın atası sayılır.
Bundan sonra Sadıqcan məktəbindən bəhrələnən neçə-neçə
tarzənlər yetişmiş,
adlı-sanlı muğam ifaçılarımızı
bu gözəl alətin imkanlarından istifadə
edərək müşayiət etmişlər.
Məşədi Cəmil Əmirov,
Malıbəyli Həmid,
Qurban Primov, Zərif Qayıbov,
Mənsur Mənsurov,
Əhsən Dadaşov, Bəhram Mənsurov,
Həbib Bayramov, Baba Salahov,
Hacı Məmmədov,
Ramiz Quliyev, Sərvər
İbrahimov, Möhlət Müslümov və
başqaları Sadıqcanın layiqli varisləri kimi Azərbaycan tarında ifaçılıq mədəniyyətini daha da yüksəltmişlər.
Yaxın
Şərqdə ən güclü
səsi, gözəl
şaqraq zəngulələri ilə
seçilən bənzərsiz virtuoz xanəndə
Cabbar Qaryağdı oğlunu dörd saat tarda müşayiət edən məhz
şir biləkli tarzən Qurban Primov olmuşdur. Uzaq səfərə
gedəndə belə
Qurban Primov tarını heç
kimə etibar etməyib
öz əlində saxlayırmış.
Həyatı
Qurban Baxşəli oğlu Primov
1880-ci ilin oktyabrında
Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən
çox Xan Şuşinskiyə
bağlanır. Sənəti uca tutan tarzəni görkəmli musiqişünas
Şuşinski xatirələrində
belə yad edirdi: "Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun
10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
çıxış edərkən görmüşəm. Konsertdə
gənc ifaçılarla bərabər 85
yaşlı qocaman tarzən də
iştirak edirdi. O,
"Rahab" çalırdı.
Sənət yollarında saç
ağartmış tarzən
öz sədəfli tarını
sinəsinə, barmaqlarını
simlərə gənclik ehtirası
ilə toxundurduqca tellərdən qopan xoş,
ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı.
Tarzən "Rahab"ı
23 dəqiqə çaldı.
Dinləyicilər hərarətli təbrik sədaları
altında qocaman tarzəni 3
dəfə səhnəyə
dəvət etdilər".
Xalq artisti Canəli Əkbərov onun haqqında belə
deyib: "Mən ağlım kəsəndən bu sənətin aşiqi olmuşam. Dahi sənətkarın evimizdə
çoxlu qrammofon valları var
idi. Həmişə
onlara qulaq asar, eynilə onlar kimi oxuyardım. Hətta Cabbarın oxuduğu
"Heyratı"nı eyni ilə
onun kimi oxuyardım. Bunu eşidənlər mənə
məsləhət bildilər ki,
oxumağımı tarzənə
eşitdirim. Məqam elə
gəldi ki, dənizkənarı
parkda Qurban əmini görərək
özümü görməməzliyə
qoyub oxumağa başladım. Tarzən səsi eşidib ayaq saxladı.
Tez tarını çıxardıb məni müşayiət edərək dinlədi və
dedi: "Sən gələcəyin böyük xanəndəsi olacaqsan".
Qurban əmi çalanda sanki tar dil açıb danışırdı.
Tarzən əlinə
tarı alanda çalğısı
ilə gözəl rəvan dərsi tədris edən, mahnını
sevdirən müəllimi xatırladırdı.
Onun çalğısında bir balans,
muğam cütlüyündən kənara
çıxmayan kvadratura olub".
Canəli müəllim deyib ki,
sənətkarın həyatında ən maraqlı
hadisə erməni tarzəni ilə
yarışması olub.
"50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması
olub. Bu yarış
üçün erməni
tarzəni xüsusi tar bağladıb. O,
"Mahur"u, Qurban əmi isə
"Bayatı Şiraz"ı çalıb. Qurbanın
çalğısına sinə
gərmək hər tarzənə
qismət olmayıb. O elə
aydın, səlis yumşaq,
şirin çalıb ki,
həmkarı tarı
qoyub, səhnəni tərk edib".
Canəli müəllimə
ilk dəfə oxuduğu
"Çoban bayatısı"nı
da tarzənin çalğısı
sevdirib. O qeyd edir ki, bu cazibədə
ifanı eşitməsə
idi, bəlkə
də oxumaq üçün
özündə güc tapa bilməzdi:
"Qurbanda Cabbar ifasının qüdrəti var idi.
O heç vaxt musiqinin əlifbasından kənara
çıxmayıb. Hər zaman xanəndənin yolunu gözləyib.
Necə ki, sənət ədəb-ərkanını
Cabbarda görüb, o cür də
ömrünün sonuna qədər davam etdirib.
Onun səhnəyə
adi gəlişində,
oturuşunda, tarı
tutmağında bir şagird nizam-intizamı
olub. O, ömrünün sonuna qədər
özünü şagird sayıb".
Canəli müəllim deyir ki,
tarzənlə yaxınlıq edənlər onun həmişə
hörmətini saxlayıb, onda olan yaxşı
keyfiyyətlərdən bəhrələnməyə
çalışıblar.
Qurban Primovla 30 il sənət əlaqəsində
olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun da tarzənlə
bağlı maraqlı
xatirələri olub.
O deyib ki, Qurban əmi muğamlarımızı
dərindən bilən sənətkar olub.
Qurban əmi tar çalanda mizrabından qığılcım
çıxıb: "Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi.
Onun gur çalğısı
bütün zala yayılırdı.
Mizrabı simlərə
vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki,
ona qulaq assınlar".
Bəli, onda
özünəməxsus
çalğı ştrixləri olub.
Bunlar onun öz tapıntısı,
ürəyinin hərarəti idi.
Q.Pirimovu tanıyanlar onun həm də
çox zarafatcıl olmasını
xatırlayırlar.
Həmişə zarafatla tarzənlərə
deyərmiş ki, birdən yolla gedəndə
sizə daş atarlar,
tez əllərinizi gizlədin.
Bircə əlləri qoruyun.
Qurban Primov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə
salan, möcüzələr yaradan.
Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə
bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək,
öz sələflərini unudulmağa qoymurlar.
Ancaq Qurban Primovun öz
sözləri ilə
desək, "öyrənmək ustad olmaqda
ümdə şərtdir. Amma gərək hər bir ustadın
öz barmaqları olsun".
Qurban Primov
Nabat xanım Ağalar qızı
ilə ailə həyatı
qurub və Əsgər, Sara,
Tamara, Ədilə adında dörd
övlad atası olub.
29 avqust 1965-ci
ildə, Bakı şəhərində
vəfat edib
və I Fəxri
Xiyabanda torpağa
tapşırılıb.
Yaradıcılığı
Qurban Primovun inqilabdan əvvəlki
dövrdəki fəaliyyətinin diqqətəlayiq xüsusiyyətlərindən
biri bu olmuşdur ki, o bir sanətkar kimi o zamankı mürəkkəb
ictimai şəraitdə baş verən hadisələri
düzgün dərk etməyə çalışmış
və öz yaradıcılıq taleyini geniş xalq kütlələrinin
həyatı və taleyi ilə bağlamışdır.
Qurban Primov 1905-ci ildə Bakıya köçdükdən və
burada baş verən yenilikləri gördükdən sonra bir
daha dərk etdi ki, onun fəaliyyətinin mənası xalqa
xidmət etməkdən ibarətdir. O zaman Nəcəfbəy
Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Ələkbər
Sabir, Üzeyir Hacıbəyov kimi qabaqcıl sənətkarlarla
dostluğu və ünsiyyəti Qurban Primovun
dünyagörüşünün formalaşmasında
böyük və həlledici rol oynamışdır. Bununla əlaqədar
olaraq qeyd etmək lazımdır ki, Qurban Primov ilk opera
tamaşamızın görkəmli
iştirakçılarından biri olmaq etibarilə Azərbaycan
operasının yaranması işində yaxından və fəal
iştirak etmişdir.
Həmin hadisədən başlayaraq Qurban Primovun
ifaçılıq sənəti Azərbaycan opera sənətilə
yaxından bağlıdır. Orkestrin gözəl və məharətli
solisti olmaqla bərabər, Qurban Primov opera əsərlərinin
özlərinin yaranması uğrunda yorulmadan
çalışan bir xadimdir. R.M.Qlier "Şahsənəm"
operası üzərində işlərkən Qurban Primov ona
yaxından kömək edib, xeyli qiymətli material
vermişdir. Təsadüfi deyildir ki, Qlier Azərbaycan xalq
musiqisini öyrənmək işində Qurban Primovu
özünün müəllimi adlandırır. Görkəmli
Azərbaycan bəstəkarlarından Müslüm Maqomayev Azərbaycan
muğamlarını yazmağa və tutuşdurub tərtib etməyə
başlayarkən bir çox şeyləri Qurban Primovun
ifasından yazmışdır.
Mirzə Sadıq məktəbinin sadiq və ləyaqətli
davamçısı olan Qurban Primov gözəl və
nümunəvi akkomponiatordur. Bu cəhətdən o öz
çalğısı ilə müşayiət etdiyi xanəndənin
bədii silahdaşıdır. Əgər onun müəllimi
Mirzə Sadıq, Qurban Primovun özünün dediyinə
görə, xanəndəni tarla müşayiət etmək sənətini
o zamana qədər heç bir musiqiçinin xəyalına gəlməyən
bir yüksəkliyə və bədii kamilliyə
çatdırmışdısa, unutmaq olmaz ki, bu sahədə
Qurban Primov özü də həqiqətən yeni söz
demişdir. Yəni təkcə oxuyan - solisti yox, habelə
tarda ifa edilən musiqini dinləməyi, bu musiqini oxuyan
üçün bir əlavə kimi deyil, oxunan havanın
ayrılmaz bir hissəsi kimi dərk etməyi, ansamblda tarın
mühüm rolunu başa düşməyi dinləyicilərimiz
məhz Qurban Primovun sayəsində öyrənmişlər.
Oxuyanı müşayiət edən tarçının
yaradıcılıq vəzifəsini dərindən başa
düşən Qurban Primov tar çalanda özünə məxsus
bir sənətkarlıqla parlaq surətdə göstərir
ki, musiqidəki obraz, fikir, podtekst, ən incə boyalar və
bir sıra bədii ifadə vasitələri tarın
çalğısında özünü büruzə verir.
Bunların hamısını göstərə bilmək sənətkar
akkomponiatorun əlindədir və Qurban Primov da həqiqətən
belə bir sənətkardır. Qurban Primov xanəndənin ifasının
ən gərgin yaradıcılıq anlarında onun yaxın və
səmimi köməkçisidir. Biz Qurban Primovu müşayiət
etdiyi xanəndənin ifasını daimi bir
yaradıcılıq narahatlığı, eyni zamanda şən
və nikbin bir ruh yüksəkliyi ilə izləyən, xanəndənin
psixoloji halını həmişə başa düşən
və bunu nəzərə alan sənətkar tar çalan
kimi tanıyırıq. Belə sənətkardan, məhz onun
çalğısından, həssaslığından və bədii
incəlikləri başa düşmək
bacarığından çox şey asılıdır. Belə
sənətkar tarçı müşayiət etdiyi solistin
ifasına yaradıcılıq təsiri göstərə bilər,
ona lazım olan, düzgün və prinsipial
yaradıcılıq istiqaməti verə bilər. Belə
akkomponiator öz solist-xanəndəsi ilə təsadüfi
şəkildə yox, böyük, uzun və gərgin
yaradıcılıq işi apardıqdan sonra
çıxış edir və nəticədə ifanın
özündə tam bir ansambl yaranır. Cabbar Qaryağdı
oğlu, Qurban Primov və Saşa Ohanezaşvilidən mütəşəkkil
məşhur trio məhz belə bir həqiqi ansambl idi. Azərbaycan
muğamlarını gözəl bilən Qurban Primov öz
ifaçılıq məharəti ilə Azərbaycan tar
çalma sənətinin ən yaxşı ənənələrini
inkişaf etdirmiş, bu ənənələri zənginləşdirmişdir.
Qurban Primov 1929-cu ildə əməkdar
artist, 1930-cu ildə isə Respublikanın Xalq artisti adı
almışdır.
Şərq.- 2011.- 25 may.- S. 11.