"Media kuboku - 2011" başa çatdı

 

  8 ildən sonra kuboka "Şərq" sahib oldu

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Kütləvi İnformasiya Vasitələri arasında keçirilən "Media kuboku-2011" futbol turniri başa çatdı. "Şərq" qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə əsası 2004-cü ildə qoyulan yarışmanın sayca 8-ci qalibi müəyyən oldu. Dünən Beynəlxalq Mətbuat Mərkəzində möhtəşəm bağlanış mərasimi təşkil edildi.

Mərasimdə Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin sektor müdiri Vüqar Əliyev, Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov, yarışmanın baş sponsoru "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın Administrativ işlər Koordinasiya Departamentinin rəhbəri Şahin Məmmədov şirkətin İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva, eləcə AFFA-nın İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu iştirak edib. Turnirin Təşkilat Komitəsinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı mərasimi giriş sözü ilə açaraq ilk öncə yarışma barədə məlumat verib. Baş redaktor deyib ki, artıq 8-ci ildir "Şərq" qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Media kuboku" turniri həyata keçirilir. KİV komandaları arasında təşkil olunan bu yarışma ənənə halını alaraq jurnilistlərin həmrəylik turniri kimi xatırlanır. "Biz ilk dəfə bu təşəbbüslə çıxış edərək 2004-cü ildə media nümayəndələri arasında mini-futbol turniri təşkil etdik. Hər il bu yarışma daha da genişləndi, təkmilləşdi. Artıq 8 illik bir təcrübəmiz var. Bu müddətdə çalışdıq ki, ölkə mediasının nümayəndələrini bir araya gətirək, jurnalistləri bu yarışmada həmrəy edək. İstəyimizə nail olduq. "Media kuboku" turniri tarixində müxtəlif KİV komandaları qalib adını qazandılar" deyən Akif Aşırlı bildirib ki, bu turnirdə ölkənin bütün telekanalları, gündəlik ictimai-siyasi qəzetlər, elektron medianı təmsil edən komandalar iştirak ediblər. 8 illik tarixi olan yarışmada indiyədək müxtəlif komandalar AzTV (3 dəfə), "Super Market" qəzeti (1), ATV (1), "Space" TV (1), ANS (1) telekanalı qalib adını qazanaraq kuboku başı üzərinə qaldırıb. Bu il isə yarışmanın qalibi ilk dəfə "Şərq" qəzetinin komandası olub. Turnir tarixində ikinci dəfə qəzet komandası bu sevinci yaşayır. Akif Aşırlı onu da bildirib ki, "Şərq" qəzetinin 2004-cü ildə əsasını qoyduğu bu təşəbbüsündən sonra ölkədə müxtəlif KİV-lər və dövlət qurumları ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan müxtəlif idman yarışları keçirməyə başlayıblar. Ancaq "Media kuboku" jurnalistlər arasında keçirilən ən populyar yarışma hesab edilir. Sonda isə baş redaktor qeyd edib ki, "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" yarışmaya baş sponsorluq etməyə başladıqdan sonra maraq daha da çoxalıb. Çünki şirkət turnirin qaliblərinə kuboklar, hədiyyələr və yaxşı pul mükafatı təsis edib. Buna görə də A.Aşırlı baş sponsora digər sponsor "Muğanbank"a öz minnətdarlığını çatdırıb. Eyni zamanda yarışmanın keçirilməsi üçün imkan yaradan Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov təşkilatçılara minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyevin xatirəsinə keçirilən belə turnirlərin ümummilli liderin dərin irsinə, onun xatirəsinə sonsuz məhəbbətin, sevginin təzahürü olduğunu vurğulayıb. Millət vəkili ulu öndər Heydər Əliyevin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafında olan xidmətlərindən söz açıb. Ə.Əhmədov, ümummilli liderin mediaya dəstəyini bir daha önə çəkib. YAP-ın sədr müavini bildirib ki, yarışmanın təşkilatçısı olan "Şərq" qəzetinin "Media kuboku"nun 8 illik tarixində ilk dəfə çempion adını qazanması bu turnirin ədalətli qaydada keçirildiyindən xəbər verir. Qalibləri təbrik edən Əli Əhmədov baş sponsor "AKKORD" Sənaye Tikinti İnvestisiya Korporasiyasına təklif də verib. İcraçı katib bildirib ki, jurnilistlərin həmrəylik turniri hesab edilən bu yarışmanın mükafat fondu artırılsa daha yaxşı olar. Sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi Şöbəsinin sektor müdiri Vüqar Əliyev qeyd edib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin qayğısı görünməsin. Onun sözlərinə görə, ulu öndər daim ölkədə güclü medianın olması üçün əlindən gələni edib. ?urnalistlərə xüsusi qayğı göstərən Heydər Əliyevin Azərbaycanda müstəqil medianın inkişafında müstəsna rolu var. V.Əliyev bildirib ki, "Şərq" qəzetinin bu təşəbbüsündən sonra belə tədbirlərin önəmliliyi artıb. Artıq ümummilli liderin xatirəsinə həsr olunmuş bir çox yarışmalar, turnirlər təşkil edilir. V.Əliyev bu cür turnirlər sırasında "Səs", "Yeni Azərbaycan" "İki Sahil" qəzetlərinin təşkilatçılığı ilə keçirilmiş voleybol turnirinin də əhəmiyyətindən danışıb. O, "Şərq" qəzetinin təşkilatçılıq etdiyi mini-futbol turnirinin qaliblərini və təşkilatçılarını təbrik edib.

Sonra baş sponsor "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyasının nümayəndəsi Şahin Məmmədov çıxış edib. Ş.Məmmədov bildirib ki, təmsil etdiyi şirkət "Şərq" qəzetinin müraciətini müsbət qəbul edərək jurnalistlər arasında keçirilən bu yarışmaya dəstək verməyə hazır olduğunu bəyan edib. Artıq ikinci ildir ki, "AKKORD" qaliblərə xüsusi mükafatlar, pul hədiyyələri verir və bundan sonra da öz dəstəyini göstərəcək. Ş.Məmmədov turnirin Təşkilat Komitəsinə müraciət də edib. Onun fikrincə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu maraqlı yarışmada "AKKORD"un da komandası iştirak etmək istəyir. Şirkətin futbol komandasının mövcud olduğunu deyən Ş.Məmmədov bildirib ki, jurnalistlərin həmrəylik yarışmasında onlar da öz güclərini sınamaq arzusundadırlar. 

"AKKORD" Sənaye Tikinti İnvestisiya Korporasiyasının İctimaiyyətlə Ələqələr Departamentinin rəhbəri Afaq Quliyeva isə çıxışında qeyd edib ki, şirkət daim bu turnirə öz dəstəyini göstərəcək. Onun sözlərinə görə, futbol turnirindən kənar işlərdə də "AKKORD" media nümayəndələrinə öz köməkliyini əsirgəmir. Şirkətin inşa etdiyi möhtəşəm yaşayış massivlərindən jurnalistlərin ev alması üçün lazımi güzəştlər edilir və onlara yaxşı şərait yaradılır. A.Quliyeva bildirdi ki, bu gün keçirilən turnirin şərəfinə və qarşıdan gələn 28 May "Respublika Günü" münasibəti ilə Korporasiya rəhbərliyi jurnalistlər üçün yeni bir güzəşt tətbiq edibdir. "AKKORD"dan nağd ödənişlə mənzil almaq istəyən media nümayəndələrinə əsas məbləğdən 10 faiz güzəşt ediləcək. A.Quliyeva sonda bütün iştirakçı komandalara və qaliblərə uğurlar arzulayıb.

Sonda isə AFFA-nın İnformasiya və İctimaiyyətlə Ələqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu çıxış edərək qurumun rəhbərliyi adından qalibləri təbrik edib, gələcək oyunlarda uğurlar arzulayıb.

Çıxışlardan sonra maraqlı an başlayıb. Qaliblər mükafatlandırılıb. Öncə turnirdə fərqlənən futbolçular hədiyyə pul mükafatı alıblar. Ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu, ən yaxşı oyunçu turnirdə hakimlik edən ən yaxşı referi nominasiyası üzrə qaliblərə 150 manat pul mükafatı, diplom xatirə hədiyyəsi verilib. Sonra III yerin sahibi AzTV-nin komandasına kubok 300 manat, II yeri tutan ATV- kubok 500 manat verilib. Turnirin çempionuna isə kuboku YAP-ın icra katibi Əli Əhmədov təqdim edib. Qalib eyni zamanda 1000 manat pul mükafatı alıb.

"AKKORD" Sənaye Tikinti İnvestisiya Korporasiyası yarışa göstərdiyi mənəvi dəstəyinə görə Yeni Azərbaycan Partiyasına xüsusi ödül bağışlayıb. Mükafat partiyanın icra katibi Əli Əhmədova təqdim edilib. Eyni zamanda AFFA-ya da xatirə hədiyyəsi verilib. Turnirin təşkilatçısı "Şərq" qəzeti isə yarışmada fərqlənən 3 komandaya diplom hədiyyə təqdim edib.

"Səs" qəzetinin "Səs" İnformasiya Agentliyinin (SİA) birləşmiş komandası "ən intizamlı komanda" nominasiyasının qalibi olub. İctimai Televiziya ANS telekanalı yarışmaya göstərdiyi informasiya dəstəyinə görə diplom hədiyyələrlə təltif ediliblər.

  

 

Rəşad Baxşəliyev

 

Şərq.- 2011.- 28 may.- S. 5.