Təbrik pəncərəsi

 

  1996-cı il noyabr ayının 1-dən etibarən nəşrə başlamış "Şərq" qəzeti bu gün 15 yaşını qeyd edir. "Şərq"in yarandığı tarixi bilənlər bir neçə gündür ki, redaksiyanın telefonlarını sakit buraxmırlar. Ölkənin ziyalıları, elm adamları, millət vəkilləri, jurnalist həmkarlarımızın hər biri "Şərq"i təbrik edib, uğurlar arzulayırlar. Tanınmışların isə "Şərq"lə bağlı dedikləri bunlardır:

  

   Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

  

   "Mən "Şərq" qəzetinin daimi oxucularından biriyəm. Nəşri 15 illiyi münasibətilə təbrik edirəm. Bu qəzet Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilir. Eyni zamanda "Şərq" qərbyönümlü informasiya qəzetidir. Yəni Azərbaycan mətbuatında Qərb standartları ilə nəşr olunan qəzetdir. Qəzetin kollektivini, yaradıcı, texniki heyətini təbrik edirəm. Arzu edirəm ki, "Şərq" qəzeti hər zaman oxucularının görüşünə gözəl və peşəkar yazıları ilə gəlsin".

  

   Keçmiş dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə:

  

   "Şərq" qəzeti mənim üçün doğma, əziz qəzetlərdəndir. Hər zaman bu qəzet Azərbaycan mətbuatı içərisində öz dəsti-xətti ilə sayılıb, seçilib. Hər zaman millətçiliyi, dövlətçiliyi öndə tutan "Şərq" artıq 15 ildir ki, içi mən qarışıq öz oxucularının görüşünə gəlir. Bu, balaca bir rəqəm deyil. Dövlətçiliyin keşiyində dayandığı üçün bundan sonra da oxucuları ilə görüşəcək. Mən qəzetin kollektivini ürəkdən təbrik edirəm, bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram".

  

   Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov:

  

   "Şərq" qəzeti müasir mətbuatımızın sevilən və oxunan nümunələrindəndir. 15 ilin səylərinə, yaradıcılıq axtarışlarına, peşə prinsiplərinə həssas yanaşmaya söykənir. "Şərq"də əsasən analitik yazılar və informasiyalar toplanır. Digər KİV-imizdə də bu janra üstünlük verilməsi tendensiyası özünü göstərir. Amma "Şərq"i səciyyələndirən tərəfsiz, qərəzsiz, balanslı məlumatları təqdim etməsidir. Qəzetin kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq zirvələrini fəth etməyi arzulayıram".

  

   Millət vəkili Fərəc Quliyev:

  

   "Şərq" qəzeti mənim ən sevimli qəzetlərimdən biridir. Hər zaman doğru sözü, doğru yanaşmanı ortaya qoyan "Şərq" ölkənin ən öndə gedən mətbu nəşrlərindəndir. Mən milli ruhda, milli düşüncədə yazıları "Şərq"də görmüşəm. Eyni zamanda milli və dövlətin maraqlarını əsas prinsipi kimi qəbul edən "Şərq" 15 ildir ki, sapınmadan bu yolu davam etdirir. Mən bu yolda yaradıcısı Akif bəy olmaqla "Şərq"in bütün kollektivinə uğurlar arzulayıram, qəzetinizi ürəkdən təbrik edirəm. Neçə belə yubileylərinizi qeyd edəsiniz".

  

   Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan:

  

   "Azərbaycanda tanıdığım bir neçə mətbuat orqanından biri də "Şərq" qəzetidir. Hətta bu qəzetdə bir neçə dəfə fikirlərim, müsahibələrim də özünə yer alıb. Mən bu qəzetə açıqlama verməzdən öncə araşdırma apardım və həqiqətən də "Şərq"in qardaş ölkədə millətçilik mövqeyində dayanan, millətin təəssübünü çəkən bir qəzet olduğunu öyrəndim. 15 il zaman elə də böyük bir zaman deyildir. Yəni bundan sonra da davamlı olacağına, böyük işlər görəcəyinə inanıram. "Şərq" qəzetini doğum günü münasibətilə təbrik edirəm, orada əmək verən insanlara uğurlar arzulayıram".

  

   TRT-nin Bakı nümayəndəliyinin keçmiş rəhbəri, doktor Əbdülhəmid Afşar:

  

   "Azərbaycanda olduğum müddət içərisində "Şərq" qəzetinin milli dəyərlərə necə bağlı bir qəzet olduğunu yaxından gördüm. "Şərq" türk millətinin dəyərləri başda olmaqla insanlıq dəyərlərinə böyük əhəmiyyət verən xalqın milli adət-ənənələrinə hörməti hədəf kimi götürüb. Qəzetin ümumi nəşr rejissorundan müxbirinə, redaktorundan yazıçısına qədər hər kəsin bu missiyanın daşıyıcısı olduğunu müşahidə etdim. Jurnalistika prinsipləri yerinə yetirilərkən milli şüur da gözardı edilmədiyinə, jurnalistika peşəsinin etik dəyərlərinin qorunmağa çalışıldığına şahid oldum. Türkiyəyə döndükdən sonra da internet üzərindən sıxlıqla izlədiyim qəzetlərdən biri də, şübhəsiz, "Şərq" oldu. Bu zaman kəsiyində də onun bu xəttini daha da gücləndirərək davam etdirməyə çalışdığını məmnuniyyətlə gördüm. Həqiqətən "Şərq" adına uyğun bir nəşr siyasəti aparmağa davam edir. Mən fəxri müxbiri olmaqdan qürur duyduğum "Şərq" qəzetinə bu səbəblə "On beş yaşındakı Qoca "Şərq" dedim. Bəli o, on beş yaşında ola bilər. Ancaq daşıdığı ruh və ortaya qoyduğu missiyayla çox qədim və nəhəng bir yerə malikdir".

  

   Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı:

  

   "Mən "Şərq" qəzetinin ilk çıxdığı zamanları xatırlayıram. Elə "Şərq" yaranan vaxtlardan etibarən ölkəmizin mediası nisbətən zəifləməyə başladı. Yəni reklam və bazar tələbləri baxımından. Bu müddət ərzində yaradılan qəzetlərin indi heç adı da ortada yoxdur. Amma "Şərq" qəzeti öz dövriliyini, dəst-xəttini bazar şəraitində belə qoruyub saxlaya bildi və hazırda da Azərbaycan media cameəsinin ən populyar qəzetlərindən biridir. Bu gün qəzetin 15 yaşı tamam olur. Arzu edirəm ki, nə qədər ki, oxucu kütləsi var, nə qədər ki, dövlətimiz var, "Şərq" də o müddət oxucularının görüşünə gəlsin. Bu yolda qəzetin rəhbərliyindən tutmuş, əməkdaşlarına, texniki işçilərinə uğurlar arzulayıram. Bir daha təbrik edirəm".

  

   Hüquq müdafiəçisi Novella Cəfəroğlu:

  

   "Şərq" qəzeti hər zaman dövlətçilik mövqeyində dayanıb. Dəqiq informasiyaları biz "Şərq"də tapırıq. Hər zaman bu qəzeti izləyirəm. Bu günə qədər "Şərq"də haqlı tənqidlər olub, amma kiminsə təhqir olunduğunu görməmişəm. Çünki orada çalışan jurnalistlərin hər biri professionaldırlar və öz yazılarının məsuliyyətini əvvəlcədən dərk edirlər. Ona görə də "Şərq" mənim sevimli qəzetimdir. Mən qəzetin bütün kollektivini, başda Akif Aşırlı olmaqla təbrik edirəm. Bundan sonrakı fəaliyyətdə də "Şərq"ə uğurlar arzulayıram".

 

   Tanınmış media mütəxəssisi Zeynal Məmmədli:

  

   "Şərq" qəzeti Azərbaycanın müstəqilliyinin ilk illərində nəşrə başlayan və böyük oxucu kütləsi qazanan nəşrlərdən biridir. Hər zaman öz kursu ilə seçilən bu qəzet jurnalistika prinsipləri əsasında fəaliyyət göstərib. 15 illik zaman az deyil. Bu müddətdə "Şərq" özünü, cəmiyyətdəki nüfuzunu qoruyub saxlaya bilibsə, bunun özü böyük bir qəhrəmanlıqdır. Mən qəzetin kollektivini, başda Akif müəllim olmaqla təbrik edirəm, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram".

  

   Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

  

   "Şərq" qəzeti çağdaş Azərbaycanın mətbuat tarixində öz dəst-xətti ilə seçilən, mətbuat aləmində özünəməxsusluğunu hər zaman qoruyub saxlayan, oturuşmuş bir qəzetdir. Bu gün ölkənin nüfuzlu və oxucu kütləsinə malik 5 ən böyük qəzetindən biri "Şərq"dir. Təbii ki, "Şərq"in bu günə kimi nüfuzunu, dəst-xəttini qoruyub saxlamasında kollektivin rolu böyükdür. Ona görə də mən qəzetinizin baş redaktoru Akif Aşırlı başda olmaqla bütün kollektivi təbrik edirəm. Bu yolda bütün kollektivə uğurlar arzulayıram. Qoy "Şərq" neçə belə ad günlərini qeyd etsin".

     

   Yazıçı Səfər Alışarlı:

  

   "Şərq" qəzetinin əzmkar və istedadlı kollektivini, başda Akif Aşırlı olmaqla, ürəkdən təbrik edirəm. "Şərq" zəhmət, istedad və fədakarlıq işığında doğulmuş bir qəzetdir. Mənim ən yaxşı yazılarımın müəyyən qismi bu qəzetdə işıq üzü görüb. Adımızın və qələmimizin sıxıldığı zamanlarda "Şərq" qəzeti bizdən öz səxavətini və cəsarətini əsirgəməyib. Sağ olsun bu qəzeti yaradanlar və yaşadanlar. Qəzetin kollektivini təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram".

  

   "Musavat.com" saytının baş redaktoru Xalid Kazımlı:

  

   "Şərq" qəzetinin 15 illiyi münasibətliə qəzetin yaradıcı kollektivini təbrik edirəm. Gerçəkdən də 15 il boyunca fasiləsiz olaraq qəzet çıxarmaq olduqca çətin işdir. Azərbaycan reallığında bu qeyd olunası nailiyyətdir. İndiyədək onlarla qəzet yaradılıb, tam əksəriyyəti bu və ya digər səbəblərdən bağlanıb. Arzu edirəm ki, "Şərq" öz yaşam savaşını bundan belə də uğurla sürdürsün".

 

   Tanınmış jurnalist Könül Şamilqızı:

  

   "Jurnalist fəaliyyətinə "Şərq"dən başlayan biri olaraq, mənə doğma olan bu qəzetin kollektivini, Akif Aşırlı başda olmaqla "Şərq"çiləri 15 illik yubiley münasibətilə təbrik edirəm. "Şərq" Azərbaycan mətbuat tarixində öz yeri, öz rolu olan qəzetdir. Azərbaycanda bütün çətinliklərə, sıxıntılara baxmayaraq 15 il ayaqda qalmaq az iş deyil. Mən "Şərq"in bu çətin işi fədakar kollektivinin, oradakı fədakar dostlarımın hesabına bacardığını bilirəm. "Şərq"dəki dostlarıma və "Şərq"i özünə doğma bilən hər kəsə istədikləri, arzu etdikləri ortam, imkan arzulayıram. Neçə 15 illərə çatasınız".

 

 

  Anar Bayramoğlu

 

  Şərq.- 2011.- 1 noyabr.- S. 8.