"Hər gün yeni bir qəzet yaranırdı"

 

   "Şərq" qəzeti yaradılarkən qarşımızda duran məqsəd Azərbaycanda müstəqil mətbuat formalaşdırmaq idi. Bu barədə "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qəzetin yaradılmasının 15 illik yübileyi ilə bağlı Trend-ə verdiyi açıqlamasında bildirib.

    Aşırlı deyib ki, bu il "Şərq" qəzetinin 15 illiyi qeyd olunsa da, qəzetin yaranması daha əvvəlki dövrə təsadüf edir.

    "1994-cü ilin martaprel aylarında qəzetin 6 sayı işıq üzü görüb. Sadəcə olaraq, həmin dönəmdə senzuranın varlığı və bizim təcrübəsizliyimiz imkan vermədi ki, qəzetin çapının davamlı olmasını təmin edə bilək. 1996-cı ilin noyabr ayından etibarən isə yeni bir heyətlə qəzeti yenidən bərpa etdik. Bərpa edərkən bizim qarşımızda duran əsas məqsəd Azərbaycanda müstəqil qəzetlərin sayının artırılması idi. O dönəmdə partiya mətbuatı daha çox öndə idi. Hər gün yeni bir qəzet yaranırdı. Ayrı-ayrı qəzet nümunələrinin içində seçilmək, fərqlənmək çox çətin idi. Bizim kifayət qədər təcrübəmiz olmasa belə, qəzetçilik fəaliyyətimiz imkan verirdi ki, oxucu auditoriyasına fərqli informasiya və yazılarla gələ bilək. Bizim fərqliliklərimiz oldu. Ən başlıcası tərəfsizlik və heç bir partiyanın ruporu olmamaq bizim əsas qayəmiz idi", - Aşırlı əlavə edib.  

    Baş redaktorun sözlərinə görə, indiyə qədər bu qəzetin 110 nəfər işçisi olub.

    "İndi onların sayı 21 nəfərdir. Biz çalışmışıq ki, Azərbaycan mətbuatına yaxşı örnəklər verə bilək. Buna nə dərəcədə nail olduğumuzu oxucularımız deyə bilər", - Aşırlı bildirib.

    Mətbuatın bugünkü dövrünü qiymətləndirən qəzetçi bildirib ki, yeni medianın, internet mediasının yarandığı dönəmdə çap mətbuatının vəziyyəti çox çətindir.  

   "Biz çox çətin bir mübarizə şəraitində yaşayırıq. İnternet mediasının ortaya çıxması çap mətbuatını tədricən sıxışdırır, tədricən çap mətbuatının sıradan çıxması prosesi gedir. Mən düşünürəm ki, çap mətbuatı qalacaqyeni media ilə bu çətin mübarizə şəraitində öz tarixi missiyasını davam etdirəcək. 15 il öncə informasiya siyasətimizdə başqa prioritetləri əsas götürürdük, indi fərqli bir qəzetçilik modeli ortaya qoymağa çalışırıq. Daha çox analitik yazılara önəm veririk. Çünki artıq informasiyanın ömrü saniyələrlə ölçülüryeni media bu baxımdan klassik mediaya heç bir rəqabətə imkan vermir. Bu baxımdan düşünürəm ki, belə bir vəziyyətdə çap mediasını saxlamaq özü bir qəhrəmanlıqdır. Çap mediası internet mediası ilə xəbər baxımından rəqabət apara bilmədiyinə görə, daha çox analitik yazılara önəm verilməlidir", - Aşırlı açıqlamasında qeyd edib.

   Onun sözlərinə görə, "Şərq" qəzetinin satışı əsasən özəl və dövlət yayım şirkətləri vasitəsilə həyata keçirilir.

    "Qəzet hər gün təxminən 2500-3000 tirajla nəşr olunur. Qəzetin tirajının ən pik nöqtəsi 30 min olub. Həmin dövr Azərbaycanda azad sözə, azad fikrə daha çox ehtiyac olduğu bir dönəm idi. Qəzetin tirajının azalmasına ən çox təsir edən məsələ qəzetlərin latın əlifbasında nəşr olunmağa başlaması olub. Qəzetin tirajının azalmasına təsir edən amillərdən digəri isə bizim dünyagörüşümüzdə dəyişikliklər olması ilə əlaqədardır. Qəzetin tirajının yüksək olduğu dövrlərdə biz cəmiyyətə daha çox sensasiya doğura biləcək informasiyalar verirdik. Sonradan daha çox balanslı informasiyalar verməyə başladıq. Bu da qəzetin tirajının azalmasına səbəb oldu. Bundan əlavə, qəzetlərin veb səhifələrinin yaradılması da qəzetlərin satışının azalmasına səbəb oldu. Mən hazırda klassik medianın geri getmə yox, inkişaf mərhələlərini gözləyirəm. Düşünürəm ki, belə olacaq", - Aşırlı bildirib.

   Baş redaktor qeyd edib ki, klassik medianın varlığının qorunub saxlanmasında dövlət çox ciddi addımlar atır.  

   "Mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanmasını yüksək qiymətləndirirəm. Demokratik sistemin yaranmasında mətbuatın çox ciddi rolu var Azərbaycan hakimiyyəti bunu çox düzgün dəyərləndirir. Klassik medianın inkişafına yönəlik atılan addımların mətbuatın inkişafına çox ciddi təsiri var. KİV-ə Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirilən layihələr həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm qəzetlərin maddi-texniki bazasının yaxşılaşmasına təsir edir. Ümumilikdə dövlətin mətbuatın inkişafı üçün atdığı addımları yüksək qiymətləndirirəm", - Aşırlı deyib.

 

 

  Şərq.- 2011.- 2 noyabr.- S. 8.