Azərbaycan - Türkiyə
Heç bir dövlət
bu qardaşlığa əngəl ola bilməz
Bir ananın iki oğlu,
Bir
amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz
bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki
dövlət
Eyni arzu,
eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bəxtiyar
Vahabzadə
Bəli,
dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadə milləti bir
olan iki dövlət üçün belə söyləmişdi.
Biz həqiqətən bir ananın iki
oğluyuq. Xeyrində sevinir, şərində
bir kədərlənirik. Çünki biz birik, yolumuz
eynidir! Artıq dünya anlayır ki, Türkiyə Azərbaycan,
Azərbaycan isə elə Türkiyə deməkdir!. Biz birlikdə daha güclü
görünürük!.
Dahi lider
Heydər Əliyevin bu iki qardaş üçün tarixə
qızıl hərflərlə yazılmış "bir millət,
iki dövlət" ifadəsi artıq Milli Konsepsiya hesab
edilir. Bu Konsepsiya xüsusilə Azərbaycan
Respublikasının bu sahədə rəsmi mövqeyinin əsasını
təşkil edir. Türkiyənin mövqeyini isə
dünyanın ən görkəmli şəxsiyyətlərindən
biri olan, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürk bəyan edib: "Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir".
Böyük
dövlət xadiminin Türkiyə qarşısında,
bütün türk dünyası qarşısında misilsiz
xidmətləri danılmazdır. Müasir Türkiyə
Mustafa Kamal Atatürkün, müasir Azərbaycan isə Heydər
Əliyevin əsəridir. 88 il öncə
29 Oktyabr 1923-cü ildə qardaş Türkiyə
Respublikasında Cümhuriyyət elan edildi. Atatürk
yekdilliklə ilk cümhurbaşqanı seçildi. 1924-cü ildən etibarən Türkiyənin
bütün şəhərlərində, dünyanın
bütün ölkələrindəki Türkiyə səfirliklərində
Cümhuriyyət Bayramı qeyd edilir. Ancaq çox təəssüf
ki, bu il möhtəşəm bayram törənlərindən
öncə türk dünyasını sarsıdan bir olay
baş verdi. Türkiyədə baş vermiş
zəlzələ yüzlərlə insanın həyatını
itirməsinə səbəb oldu. Qardaş
ölkədəki faciə bütün Azərbaycanı
sarsıtdı. Daim Azərbaycanın
yanında olan qardaş ölkəyə ilk yardımı da
ölkəmiz etdi. Azərbaycan prezidenti
İlham Əliyevin tapşırığı əsasında
oktyabrın 23-də gecə saatlarında ilk olaraq 145 nəfərlik
xilasedici heyəti Vana yola düşərək insanların
dağıntılar altından sağ
çıxarılması üçün əllərindən
gələni etdilər. Xilasedicilərimiz
dağıntılar altından 60 insan çıxarıb, 12
şəxsi xilas ediblər. Hətta zəlzələ
nəticəsində ev-eşiyini itirmiş ailələrə
Naxçıvanda yerləşmək də təklif edilir.
Türkiyə hökuməti nəzdində Təbii
Fəlakət və Fövqəladə Hallar İdarəsinin
açıqlamasında Van zəlzələsi ilə əlaqədar
Türkiyəyə ən çox yardım göndərən
ölkələrin siyahısında Azərbaycanın birinci
yerdə olması da buna sübutdur.
Türkiyənin
sevincinə sevindiyimiz kimi, kədərinə də
üzülürük. Amma xeyirlə şər
qardaşdır deyərlər və böyük Türkiyə
dövlətinin bu acının ötüşməsinə
qüdrəti, gücü var. Başın sağ olsun
Türkiyə!
Bütün
bunlar Azərbaycan - Türkiyə münasibətlərinin
gerçək nümunəsidir. Bu
qardaşlığı pozmaq, araya nifaq salmaq istəyən
qüvvələr heç vaxt istəklərinə nail
olmayacaqlar. 1993-cü ildə xalqın tələbi
ilə Heydər Əliyev kimi bir zəkanın hakimiyyətə
gələrək Azərbaycan - Türkiyə münasibətlərini
daha da möhkəmləndirməsi düşmənləri
qorxuya salmışdı. Keçirdiyi
islahatlar, dövlət quruculuğu sahəsində
atdığı mühüm addımlar, qurduğu beynəlxalq
münasibətlər Heydər Əliyevə bütün
dünyada layiqli hörmət və böyük uğur
qazandırdı. Xalqın sevgisilə
qidalanaraq bütün əməyini onların rifahı yolunda
sərf edən görkəmli dövlət xadimi
xalqının gözündə günəş kimi
ucalmağı bacardı.
Türkiyənin
tarixi şəxsiyyətlərindən biri Tevfik Fikrətin
"Vətən, çalışqan insanların çiyinləri
üstündə yüksələr" məşhur kəlməsi
məhz belə liderlərə aid edilir. Azərbaycan
Heydər Əliyevin çiyinləri üstündə
yüksəlib. Onun qurub-yaratmaq eşqi, Azərbaycanı
həmişə inkişafda görmək istəyi
bütün Respublika ərazisində gördüyü işlərlə
təzahür edirdi. O, yaratdığı hər bir
şeyin qədrini bilən, xalqının
torpağının vurğunu olan biri idi.
Türkiyə ilə olan
bağları daha da möhkəmləndirən dahi lider Kəlbəcərin
işğalından sonra Türkiyə-Ermənistanla sərhədlərinin
bağlanmasına nail oldu. Sərhədlərin
bağlanması isə Ermənistan iqtisadiyyatına ciddi şəkildə
bir zərbə vurdu. Fəqət Qərbdəki
qüvvələr bu sərhədlərin açılması
üçün Türkiyəyə ciddi şəkildə təzyiqlərə
başladılar və bu təzyiqlər hələ də
davam edir. Amma qardaş ölkə verdiyi
sözün üstündə dayanıb, təzyiqlərə
tab gətirərək siyasi iradəsini ortaya qoyur.
Bütün
bu proseslərlə bərabər Azərbaycan - Türkiyə
qardaşlığı öz körpüsünü
qorumaqdadı. Bir-birinə hər zaman dayaq
olan Azərbaycan və Türkiyə arasında tarixə
sömürülə bilinməyəcək bir bağ
yaradıb. Heydər Əliyev bu
bağın qorunması, "Bir millət, iki dövlət"
arasındakı əməkdaşlığın davamlı
inkişafı yolunda çalışmış,
qardaşlığa, əməkdaşlığa verdiyi önəmi
hər addımında sübut edib.
"Böyük siyasəti
xırda mənfəətlərə" bağlamayan,
"Azadlıq və istiqlaliyyəti milli sərvət"
sayan, "Tarixi hər kəs üçün dərs"
hesab edən, milli mənsubiyyətinə, milli-mənəvi sərvətlərinə
sevgi və ehtiramla yanaşan ulu öndərin siyasətini indi
Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycanla Türkiyə arasında
bütün sahələr üzrə mövcud olan əlaqələr
yüksək səviyyədə inkişaf etməkdədir.
Son
zamanlarda iki qardaş ölkə arasında imzalanan müqavilə
və sazişlər onu deməyə əsas verir ki, Azərbaycan
və Türkiyə qardaşlığı heç bir zaman
tükənməz. Azərbaycanın
işğal altında olan torpaqlarının azad olunması üçün
Türkiyə hökuməti istənilən addımı
atır və bütün beynəlxalq təşkilatlarda,
toplantılarda öz sözünü çəkinmədən
deyir.
2010-cu ilin avqustunda
İstanbulda Azərbaycan prezidenti İlham Əliyev və
Türkiyə prezidenti Abdullah Gül tərəfindən
imzalanan "Azərbaycan və Türkiyə arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında" Müqavilə bir daha dünyaya mesaj
oldu. Azərbaycan Milli Məclisi tərəfindən həmin
müqavilə 2010-cu il dekabrın 21-də
təsdiq edildi. Bu müqavilənin I maddəsində
göstərilir ki, tərəflər qonşu və qardaş
dövlətlər olaraq bir-birinin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin
toxunulmazlığının təmin olunmasında və
qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər.
Tərəflərin hər hansı biri ərazi
bütövlüyünün, suverenliyinin və sərhədlərinin
toxunulmazlığının təhdid edildiyi və ya təhlükə
altında olduğu qənaətində olduqda, tərəflər
bu təhdid və təhlükələrin aradan
qaldırılması istiqamətində görülə biləcək
tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr
aparacaqlar.
Tərəflərdən
biri üçüncü dövlət və ya bir qrup
dövlət tərəfindən silahlı basqın və ya
hərbi təcavüzə məruz qaldıqda, tərəflər
BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və
ya kollektiv özünü müdafiə hüququnun həyata
keçirilməsi üçün hərbi imkan və
qüdrətlərindən istifadə etmək də daxil
olmaqla, mövcud imkanları çərçivəsində
bütün zəruri tədbirlərin görülməsi məqsədi
ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri
barədə razılığa gəlirlər. Tərəflərdən
hər hansı biri, digər tərəfin müstəqilliyinə,
suverenliyinə və ərazi bütövlüyünə
qarşı yönələ bilən ittifaq və hərəkətlərdə
iştirak etməyəcək, öz ərazisində digər
tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi
bütövlüyünə təhlükə yaradan təşkilatların
və qrupların yaradılmasını və fəaliyyətini
qadağan edəcəklər. Tərəflərdən
hər hansı biri öz ərazisindən digər tərəfə
qarşı təcavüz aktlarının və digər
zorakı hərəkətlərin həyata keçirilməsi
üçün istifadə edilməsinə yol verməməyi
öhdələrinə götürürlər.
Bu
müqavilə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını
dünyaya bəyan etdi.
2011-ci il
oktyabrın 25-də isə iki qardaş dövlət
arasında çox mühüm tarixi sənədlər
imzalandı və böyük bir projenin əsası qoyuldu. İzmirdə Azərbaycan prezidenti İlham Əliyevin
və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının birinci iclası keçirildi.
AYPE-T zavodunun
açılışı, Heydər Əliyev adına
Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin
"Star" neft emalı zavodunun təməl qoyma mərasimləri
oldu. Azərbaycan prezidenti İlham Əliyev
bildirdi ki, Azərbaycanın tarixində ən böyük sərmayə
qoyuluşu layihəsi "Petkim" layihəsidir.
İyirmi il ərzində bu günə qədər
bu dərəcədə önəmli və böyük maliyyə
mənbəyi tələb edən layihə Azərbaycan tərəfindən
həyata keçirilməyib. "Bu layihə
Türkiyədə həyata keçirilir, çünki bu,
bizim doğma vətənimizdir. Türkiyədə
həyata keçirilən bu layihə Azərbaycanı,
Türkiyəni gücləndirəcək, bölgədəki,
dünyadakı mövqelərimizi gücləndirəcək.
Türkiyənin son illər ərzində əldə
etdiyi uğurlar bizi çox sevindirir. Türkiyə
bu gün dünya çapında güc mərkəzidir,
güclü dövlətdir. Türkiyənin çox
güclü iqtidarı var. Qardaşım Tayyib Ərdoğanın
rəhbərliyi altında 10 il ərzində
Türkiyə böyük, uğurlu bir yol keçib. Bu gün dünyada yaşanan böhranlara baxmayaraq,
Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Burada gördüyüm nailiyyətlər məni
çox sevindirir. Aramızda əlaqələr
çoxşaxəlidir".
Qeyd edək
ki, "Star" Neft Emalı Zavodu Türkiyənin özəl
sektorunun xətti ilə həyata keçirilən ən
böyük investisiya layihəsidir. "SOCAR
& Turcas" Qrupunun İzmirdə - Petkim yarımadasında
reallaşdırdığı bu layihə ildə 10 milyon ton
xam neft emal etməyə imkan verəcək. Ekoloji cəhətdən ən qabaqcıl
texnologiyalar əsasında qurulacaq zavod ölkənin neft-kimya
sektorunu xarici asılılıqdan qurtaracaq. Təqribən 5 milyard dollara başa gələcək
neft emalı zavodunun istehsala başlaması ilə bu ölkənin
idxalatla təmin etdiyi məhsullarda milyardlarla dollarlıq
valyutaya qənaət ediləcək.
13 iyul 2006-cı ildə
reallaşaraq, Bakıda başlayıb Ceyhanda bitən və 3
dövlət (Azərbaycan, Gürcüstan və Türkiyə)
ərazilərindən keçən Bakı-Tbilisi-Ceyhan neft
borusundan sonra iki qardaşı bir-birinə daha sıx
bağlayan bu böyük layihənin gələcək
üçün nə qədər önəmli olduğu hər
bir dövlət tərəfindən hiss edilir. Günü-gündən
qüdrətlənən hər iki dövlətə edilən
təzyiqlərə cavab olaraq atılır bu addımlar.
Çətin durumda olan Ermənistan isə bu
iki qardaşın uğurlarını mənimsəyə
bilmir. Sərhədlərin
açılması üçün Türkiyəni
"soyqırım" hiyləsi ilə yola gətirmək
istəyində bulunsalar da, buna nail olmayacaqlarını
yaxşı anlayırlar. Onlar anlayırlar
ki, sərhədlər açılmayacaq. Bu
ilin aprel ayında Türkiyənin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Hulusi Kılıcın bəyanatı
isə erməniləri çox məyus edib. Səfir
demişdi: "Türkiyə-Ermənistan sərhədi 18
ildir bağlıdır, ancaq 80 il də bağlı qala bilər.
Bizim istədiyimiz ədalətdir, işğal
olunan torpaqların azad olunmasıdır. Dünya
dövlətlərinin bölgədəki ədalətsizliyi
görməsi lazımdır. Azərbaycanın
işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4
qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər,
"sərhədi aç" deyərək basqı yapanlar
bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının
işğal olunması səbəbindən sərhədlərini
bağlayıb. Əvvəlcə bu səbəb
aradan qaldırılmalıdır. İşğal
aradan qalxmayınca, sərhədlər açılmayacaq.
Türk qardaşları daim Azərbaycanın
yanında olacaq. Azərbaycanın
inandığı hər şeyin arxasında biz
varıq".
Bəli, bu
gün bütün türk dünyası belə
düşünür. Türkiyə hər
zaman Azərbaycanın yanında olacaq. Dağlıq
Qarabağ işğaldan azad olmayınca, sərhədlər
ermənilərin üzünə qapalı qalacaq. Çünki ortada, Qardaşlıq Andı var.
Sonda isə Osman Gezekerin
məşhur kəlməsini yada salaq:
"Yurdda sülh, cahanda
sülh"ü şüar etmiş, "Azərbaycana iynə
batırılarsa, Türkiyəyə çuvaldız
batırılmış" sayan, "iki dövlət amma
eyni millət"in övladı kimi mən, "Sevinci
sevincimiz, kədəri kədərimiz" olan "Azərbaycana
xidmət, Türkiyəyə xidmət, Türkiyəyə
xidmət Türklüyə, insanlığa xidmətdir"
deyirəm və bundan da xoşbəxtlik duyuram".
Rəşad
Baxşəliyev
Şərq.-
2011.- 3 noyabr.- S. 11.