Ən böyük tarix
Konstitusiya
Günü xalqımızın çoxəsrlik dövlətçilik
ənənələrinin məntiqi nəticəsidir
Hər bir millətin
tarixində şərəfli, əhəmiyyətli günlər,
bayramlar olur.
Bu tarix illər boyu
millətin gələcəyinə işıq salır, onu
daha böyük uğurlara daşıyır. Demokratik dövlət
və cəmiyyət quruculuğu baxımından böyük
məna daşıyan Konstitusiyanın qəbulunun növbəti
ildönümü ölkəmizdə böyük ruh yüksəkliyi
və təntənə ilə qeyd olunur. Hər il noyabr
ayının 12-si müstəqil Azərbaycanda Konstitusiya
Günü kimi tarixə düşüb. Ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu Azərbaycan
Konstitusiyası hüquqi və siyasi sistemimizin təməl sənədidir.
Müstəqil Azərbaycanın
demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul
olunmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna
və tarixi xidmətləri indi hamının etiraf etdiyi bir
faktdır.
Azərbaycanın bu əsas
qanununun hazırlanması və qəbul olunmasına müdrik
siyasətçi və dövlət xadimi Heydər Əliyev
böyük məsuliyyətlə yanaşırdı. O,
çıxışlarının birində qeyd etmişdir
ki, bu böyük tarixi sənədin hazırlanmasında
şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu
gün də dərk edirəm. Hər bir kəlmənin, hər
bir sözün mənasını dəfələrlə
araşdırmışam, onun bu gün üçün nə
qədər əsaslı olmasını təhlil etmişəm.
1995-ci ildə
özünün çoxəsrlik dövlətçilik ənənələrini
davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin
və hər kəsin firavanlığının təmin edilməsi,
ədalətin, azadlığın və təhlükəsizliyin
bərqərar edilməsi istəyi ilə keçirilmiş
ümumxalq səsverməsi - referendum yolu ilə öz
Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu
cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə
yol açmış, insan hüquq və
azadlıqlarının qorunması üçün əlverişli
şərait yaratmaqla, həyatımızın bütün
sahələrinin inkişafına təkan vermişdir.
Xalqımızın tarixi ənənələrinə, milli və
mədəni dəyərlərinə uyğun olan və eyni
zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş
cəmiyyəti quruculuğu tələblərinə cavab verən
dövlətçiliyin formalaşması, siyasi və
hüquqi sistemdə əsaslı təməlin qoyulması
istiqamətində çox mühüm addım olmuşdur.
Müstəqil Azərbaycanın
Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf
strategiyasını müəyyən edən əsas sənəddir.
1995-ci il noyabrın
12-də qəbul edilən Azərbaycan Konstitusiyasının mətnində
demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət
bölgüsü, insan haqlarına təminat və s. məsələlərə
dair mütərəqqi dünya təcrübəsinin
başlıca nailiyyətləri əksini tapmışdı.
Eyni zamanda, bu, Azərbaycanın müstəqil dövlətçilik
tarixinin ilk Əsas Qanunu oldu.
Ümummilli liderimiz
Heydər Əliyev tarixi günlə bağlı təbrikində
belə demişdi:
12 noyabr 1995-ci ildə
Azərbaycan Respublikasının vətəndaşları
böyük ruh yüksəkliyi şəraitində
ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin
ilk konstitusiyasını qəbul etdilər. Bununla ölkəmizin
və xalqımızın dövlətçilik tarixinə
yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli
gərgin əməyin məhsulu olan bu konstitusiya öz
demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək
ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi, müstəqil
dövlətçiliyimizin qorunub saxlanması və tərəqqisi
üçün hərtərəfli zəmin yaradır.
Azərbaycanda belə
bir yüksək səviyyəli konstitusiyanın qəbul
olunması təsadüfi hal olmayıb, çoxəsrlik
dövlətçilik ənənələrinin,
xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi
nəticəsi idi. Hələ 1918-ci ildə Azərbaycan
xalqı müsəlman Şərqində ilk dəfə
olaraq, xalq cümhuriyyəti yaratmış, özünün
demokratik dəyərlərə, insan hüquq və
azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın
indiki konstitusiyası isə xalqımızın müstəqil,
azad, demokratik dövlət qurmaq və dünya birliyində
layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin
sivil inkişafına öz töhfəsini bəxş etmək
əzmini və iradəsini nümayiş etdirir.
Konstitusiyamız ümumbəşəri dəyərlərə
və mütərəqqi milli ənənələrə
söykənərək, bu günün
reallıqlarını, dövlətin, cəmiyyətin
inkişaf perspektivlərini əks etdirir.
Ümummilli liderimiz
Heydər Əliyev daha sonra əlavə edib:
"Eyni zamanda, Azərbaycanın
hər bir vətəndaşı, onun ərazisində fəaliyyət göstərən
hər bir ictimai-siyasi
qurum özünün
dövlət və xalq
qarşısındakı konstitusiya ilə
müəyyən edilmiş vəzifə
və borcunu da vicdan və ləyaqətlə yerinə yetirməli,
vətənini, dövlətini sevməli, onu qorumalı və tərəqqisinə
çalışmalıdır".
Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi
və demokratik dəyişikliklərin həyata
keçirilməsi üçün hərtərəfli
zəmin və şərait yaradır. Azərbaycanın
tarixi keçmişini,
bugünkü reallıqlarını və
gələcək inkişaf perspektivlərini
əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi
konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.
Konstitusiya günü
ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin də dəyərli fikirləri
var:
"Konstitusiyanın qəbul edilməsi milli
dövlətçilik tariximizdə yeni bir mərhələ açdı, dövlət
quruculuğunda, ictimai-siyasi,
sosial-mədəni və iqtisadi sahələrdə
demokratik proseslərə güclü
təkan verdi. Hakimiyyətlərin
bölgüsü, insan
hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan
Konstitusiyamız demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl
yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların
müxtəlif sosial qrupları arasında
harmonik münasibətləri
stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların
hüquqları, onların rifahının və təhlükəsizliyinin
təmin olunması ön plana
çəkilmişdir. Əsas Qanunumuz həmçinin
dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə
xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş
hüquq və
azadlıqlarının Azərbaycan dövləti tərəfindən
qorunmasına təminat verir.
Konstitusiyamız həm insan və vətəndaş
hüquqlarının dönmədən həyata keçirilməsi,
həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin
edir.
Bu gün
qarşımızda duran əsas vəzifələrdən
biri Konstitusiyamızın təbliği, onun əsas prinsip və
müddəalarının dərindən öyrənilməsi
və hər bir vətəndaşın
yaşayış normasına çevrilməsidir. Vətəndaşların hüquqi
cəhətdən maarifləndirilməsi, milli-mənəvi və
ümumbəşəri dəyərlər ruhunda
tərbiyə olunması, Konstitusiya
müddəalarına hamı tərəfindən
ardıcıl və dönmədən əməl olunması,
dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə
uyğunlaşdırılması həm aidiyyəti dövlət
orqanlarının, həm də hər bir
azərbaycanlının vətəndaşlıq borcudur".
Müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası xalqın dövlətçilik
iradəsinin, suverenliyinin təcəssümünə
çevrilən ali hüquqi sənəd olmaqla cəmiyyətin
ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin
idarəçilik sistemini tənzimləyir. 1995-ci ildə
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında
demokratik dəyişikliklərə yol açmış, insan
hüquq və azadlıqlarının qorunması
üçün əlverişli şərait yaratmaqla, həyatımızın
bütün sahələrinin inkişafına təkan
vermişdir.
Ölkəmizdə ulu
öndər Heydər Əliyev tərəfindən
başlanmış və bu siyasi kursun layiqli
davamçısı prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan islahatlar, əldə olunmuş əhəmiyyətli
göstəricilər Azərbaycan Respublikasının parlaq gələcəyinə
olan inamı daha da artırmışdır. Bu islahatlar milli səviyyədə
bir çox taleyüklü problemlərin həllinə ciddi
imkanlar açmaqla yanaşı, həm də ölkəmizin
inkişaf etmiş dünya birliyində layiqli yerini
tutmasına səbəb olmuş, ölkənin beynəlxalq
nüfuzunu artırmışdır.
Vüqar Sərdarov,
Jurnalistlər Birliyinin üzvü
Şərq.- 2011.-12 noyabr.-S. 7.