Gənclərin maarifləndirilməsinə ehtiyac var

 

Yaxın qohumluq əlaqəsi olan insanların nikaha girməsi zərərlidir

 

Azərbaycanda çox tez-tez rast gəlinən hallardan biri də yaxın qohumlar arasında qurulan nikahlardır. Təsadüfi deyil ki, belə ailələrdə doğulan uşaqlar böyük risk altındadır. Çünki onların şikəst, əlil olma ehtimalları daha böyükdür. Buna görə də ölkədə sözügedən məsələ ilə bağlı müxtəlif fikirlər bildirilir, parlamentdə təkliflər irəli sürülür. 

   Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yaxın qohumların ailə həyatı qurması və gənclərin evlənməmişdən əvvəl tibbi müayinədən keçmə məsələlərini yenidən gündəmə gətirib. Z.Əsgərov bu sahədə ciddi problemlərin mövcudluğuna işarə edərək bildirib ki, Azərbaycanın bəzi kəndlərində hətta başqa nəsildən, başqa tayfadan qız almırlar: "Elə kəndlər var ki, bir tayfanın üzvləri başqa tayfadan qız ala bilməz. Ali savadı olan insanlar belə bəzən əmiqızı, dayıqızı ilə evlənirlər. Sonra da şikəst uşaqları dünyaya gəlir və dövlətə üz tuturlar ki, uşaq üçün vəsait ayırın. Sən savadlı insansan, axı bilməlisən ki, əmiqızı, dayıqızı ilə evlənmək olmaz!"  

   Ziyafət Əsgərov əlavə edib ki, Azərbaycanda bu kimi hallara həssas yanaşılmalıdır.  

   Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlibildirib ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsində yeni ailə quran gənclərin tibbi yoxlamadan keçirilməsi təklif olunur: "Müxtəlif təkliflər var. Birinci təklif odur ki, bu, könüllü olsun. Ancaq yeni ailə quran gənclərin məcburən tibbi yoxlamadan keçməsini təklif edənlər də var. Hələ ki, bu məsələ ilə bağlı konkret rəyə gəlinməyib".

   "Şərq" qəzeti olaraq sözügedən məsələnin əhəmiyyətini nəzərə alaraq mövzunu ictimailəşdirmək və gənclər arasında təbliğat aparmaq üçün cəmiyyətin müzakirəsini təşkil etdik. Biz məsələ ilə bağlı həm həkimlərin rəyini, həm də ziyalıların münasibətini öyrəndik.

   Tibb elmləri doktoru, professor Adil Qeybulla əvvəlcə bildirdi ki, gənclərin evlənməmişdən əvvəl tibbi müayinə edilməsi məcburi xarakter daşıya bilməz. Onun qənaətincə, bu, insan haqlarının pozulmasıdır: "Bəlkə də əmiqızı, dayıqızı ilə evlənməni qadağan edən qanun qəbul etmək olar. Amma istənilən halda insan haqqının pozulması sayılar. Sadəcə olaraq bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir. Çünki qohum evlənmələrində nəslin cırlaşması baş verir. Genlərin təzələnməsi baş vermir".

   Dünyanın heç bir yerində evlənəcək gənclərin məcburi şəkildə tibbi müayinədən keçirilməsi təcrübəsinin olmadığını önə çəkən A.Qeybullanın sözlərinə görə, müxtəlif xəstəliklər var və onların ortaya çıxması məqsədəuyğun sayılmır: "Burda anonimlik məsələsi var. Sadəcə olaraq ola bilər ki, ictimaiyyətdən anonim şəkildə təzə evlənənlər bir-birlərinə öz xəstəlikləri barəsində məlumat versinlər. Burda hansısa bir hüquqi məsuliyyət yaratmaq olar. Çünki qızın və ya oğlanın elə bir xəstəliyi ola bilər ki, onların quracağı ailənin perspektivi olmasın. Ona görə də bu xəstəliyi gizlətmək hüquqi məsuliyyət yaratsın. Bunu qanuna salmaq olar. Amma mütləq hamı birmənalı olaraq yoxlamadan keçməlidir, bunu qanuniləşdirmək, sadəcə olaraq bu, artıq çox şeylərə, şəxsi işlərə müdaxilə deməkdir. O baxımdan mən hesab edirəm ki, burda yanaşmada fərq olmalıdır".  

   Professor deyib ki, gənclər müayinəyə gedərkən əsasən bir sıra xəstəlikləri yoxlamalıdırlar. Hazırda cavanlar arasında cinsi təmasların sayının artdığını söyləyən A.Qeybullanın sözlərinə görə, əvvəllər çox az-az təsadüf olunan bəzi məsələlər indi çoxaldığından yaxşı olar ki, həm qız, həm də oğlan tərəfi infeksiyalara qarşı yoxlanılsın: "Çünki ailə qurandan sonra ən böyük problemlərdən biri bu infeksiyalardır. Məsələn, bu infeksiyalar oğlan və ya qızda olur, sonra da onlardan bir-birinə keçir. Hər ikisi də özlərini uzun müddət müalicə etməli olurlar. Bundan başqa, istənilən ailə həyatı quran şəxs üçün talassemiya geninin yoxlanmağı məqsədəuyğun olardı. Bəzən cavanlar bilmədən hər ikisi bu genin daşıyıcısı olur. Çünki bunu Azərbaycanda yoxlamırlar. Mən hesab edirəm ki, Azərbaycanda qan qrupu kimi talassemiya geni ümumi dispansersasiya aparılıb pasporta vurulsa, yaxşı olardı. Çünki Azərbaycan talassemiyanın endemik zonasına aid olan yerlərdəndir. Bizdə bu xəstələrin sayı da çoxdur. Belə olsa, talassemiyalı nikahlar baş tutarsa, bu cür uşaqların doğulmasının qarşısını almaq olar. Hamiləliyin ultrasəs müayinəsində nəzarətə götürülər və belə uşaqlar varsa, vaxtından qabaq hamiləliyin qarşısını almaq olar və sair. Yəni müəyyən xəstəliklər var ki, onların əvvəlcədən bilinməyi ümumi ailənin perspektivi baxımından məqsədəuyğun olardı".  

   Yaxın qohumlar arasında evlənmələr zamanı bəzi xəstəliklərin irsi yolla keçmə imkanlarının artdığını söyləyən A.Qeybulla buna misal olaraq bildirib ki, valideynlərdən biri və ya hər ikisi talassemiya geni daşıyıcıları olarsa, bu zaman da talassemiyalı uşağın doğulması riski xeyli yüksək olur: "Valideynlər şəkər xəstəliyi və eyni zamanda digər genetik, irsi xəstəliklərin daşıyıcıları olduqda, bunların nəsildən-nəslə keçmə şansı artır. O baxımdan da yaxın qohumlar arasında nikahlar qətiyyən məqsədəuyğun sayılmır. Ümumiyyətlə, genin təmizlənməsi və yeni doğulan uşağın daha sağlam genlər götürməsi şanslarının artırılması üçün qohum nikahları imkan daxilində qurmamaq məsləhətdir. Bunu da qanuna salıb qadağan etmək düzgün deyil. Çünki bu, insan haqlarının pozulmasıdır. Amma bunu maarifləndirmə şəklində irəli sürmək olar ki, insanların birdəfəlik beyninə yerisin. Hesab edirəm ki, bu, qanundan daha güclü öz əksini tapar".  

   "Səhiyyə və sağlam həyat" İctimai Birliyinin sədri, yüksək dərəcəli həkim, genekoloq Lətafət Əlizadə isə məsələyə münasibət bildirməməkdən əvvəl söylədi ki, onun atası ilə anası əmioğlu, əmiqızıdır. "Biz beş bacıyıq. Nə koruq, nə lalıq, nə də karıq. Uşaqların hamısı normaldır. Bu, baxır hansı xalın xala düşməsinə" - deyən L.Əlizadənin sözlərinə görə, əgər əmiqızı ilə əmioğlunun nəsli sağlamdırsa, nəsildə eybəcərlik və ya başqa bir infeksion xəstəliklər, şikəstlik, lallıq, karlıq, topallıq yoxdursa, onların övladları da sağlam olur. Yox, əgər nəsildə, ata və ya ana tərəfdə bir balaca genetik çatışmazlıq varsa, əlbəttə ki, bu zaman yaxın qohumlar arasında qurulan ailənin övladlarında eybəcərlik baş verir: "Yaxşı olar ki, əmioğlu ilə əmiqızı evlənməsin. Onlar onsuz da qohumdurlar, bir-birlərinə bacı-qardaş sayılır. Yaxşı olar ki, kənar ailələrlə qohum olsunlar".

   Gənclərin ailə qurarkən tibbi müayinədən keçmələrinin vacibliyindən danışan L.Əlizadə hesab edir ki, bu, məcburi də ola bilər: "Bütün dünyada və ən çox Rusiyada genetik yoxlanma aparılır. Yəni tərəflər həkimə müraciət edir və birinci növbədə RV (sivlis), sizənək yoxlanılır. Çünki ola bilər ki, cavan oğlan harasa getmiş olsun, bilmədən, özünü kontrol etmədən, müəyyən qoruyucu vasitələrdən istifadə etmədən cinsi təmasda olsun və süzənək xəstəliyinə tutulsun. Orda leykosidlər, irin çoxalır. Buna zöhrəvi xəstəliklər deyirlər. Axı oğlan başa düşmür ki, bunları təsadüfən təmas qurduğu qadından götürüb. Həmin qadın da kiminləsə təmasda olaraq bu oğlana keçirib. İkinci, SPİD yoxlanılır. SPİD, eləcə də həm ginekoloji, həm də hamilə xəstəlikləri məcburi surətdə yoxlanmalıdır. Bundan sonra viruslar yoxlanılır. Viruslar qanda olan xlamediya, toksoplazmoz, listolyoz, burselyozdur. Listolyoz və burselyoz heyvani məhsullardan keçir. Toksoplazmoz itdən, pişikdən, yaxşı yuyulmamış göyərtidən keçə bilər. Çünki görürsünüz ki, bəzən əkin sahələri dərmanlar əvəzinə ifrazatla sulanır, nəcisi buraxırlar bitkilərin üzərinə, gübrə şəklində verirlər və bundan da belə bir xəstəlik törənir. Mən belə açıq şəkildə danışıram ki, tibdən anlayışı olmayanlar da tam olaraq başa düşsünlər. Bundan başqa, qurd xəstəlikləri də əmələ gəlir. Lakin flamidiya zöhrəvi xəstəlikdir. Bu, kişidə olur. Sonra da kişidən qadına keçir. Əgər toksoplazmozun faizi çox olarsa, uşaqda eybəcərlik əmələ gəlir. Əgər gerbes çox olarsa, uşağın düşməsinə və ya vaxtından əvvəl doğuşların əmələ gəlməsinə səbəb olur. Bu viruslar bir xəstədə olanda 12-13 həftədə uşaq düşür. Bunların olmaması üçün ailə quran zaman ailənin tamlığı üçün bunlar da yoxlanılmalıdır. Bundan başqa, tərəflərin qan qruplarının uyğun olub-olmaması da yoxlanmalıdır. Əgər oğlanda mənfi, qızda müsbətdirsə, bu da yaxşı nəticə vermir. Çünki qanda antitellərin miqdarı bilinməlidir. Ona görə də hər ikisinin qanı bir-birinə uyğun gəlməlidir. Yaxşı olar ki, tərəflərdə qan müsbət olsun. Mən hesab edirəm ki, yaxşı olar ki, hər ikisi ağ ciyərlərini yoxlatdırsın. Fluroqrafiyanın olması, vərəmin olmaması və sairə. Çünki Azərbaycanda vərəm çox yayılıb. Qənaətimcə, bunlar məcburi olsa, daha yaxşı olar. Nikah kəsilmədən əvvəl hər ikisi yoxlanılsın. Əgər hansısa valideyn öz qızını bu cür müayinəyə buraxmazsa və desə ki, belə bir müayinə etmək bizə ayıbdır, onlara mən belə cavab verərdim - Əgər siz istəyirsinizsə ki, uşaqlarınız xoşbəxt olsun, onlardan törəyən uşaqlar sağlam olmalıdır. Buna görə də bu cür müayinələrə etiraz etməməlisiniz. Nəvələri - nəslin sağlamlığını qorumaq lazımdır".

   Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyevlə isə məsələni milli mentalitet baxımdan müzakirə etdik. E.Quliyev hesab edir ki, Azərbaycan xalqı öz mental şüuruna görə patriarxal qadağalar özülü üstündə qurulub. Bizim mental şüurumuza da redaktənin lazımlığını söyləyən AZB sədri bunu reallıq tələb etdiyini deyib: "Mənə elə gəlir ki, ağlı başında olan hər bir valideyn buna çalışmalıdır ki, gələcəkdə böyük problemlərlə üzləşməsin. Bunu gənclər özləri də dərk etməlidir. Əgər cavanlar özləri könüllü şəkildə tibbi müayinəyə getmirlərsə, onda bunu məcburi etmək olar".

   Yaxın qohumların evlənmələrinə gəlincə isə E.Quliyev dedi ki, Azərbaycan xalqı bu məsələdə də ciddi şəkildə düşünməlidir: "Çünki necə olsa da faktı inkar etmək olmaz. Məsəl var, deyirlər, rəyi inkar etmək, dəyişmək olar, amma faktı yox. Bu gün isə fakt ondan ibarətdir ki, yaxın qohumlar evlənəndə sonradan təkcə problemlər çıxmır, bir çox hallarda faciələrlə üzləşirlər. Çünki uşağın xəstə doğulması bir çox hallarda ailənin faciəsi ilə nəticələnir. Mən hesab edirəm ki, bu sahədə qanun qəbul etməkdən daha çox maarifləndirməklə məşğul olmalıyıq. Çünki biz patriarxal qadağalar üzərində qurulan xalqıq və bir çox hallarda qadağaları pozmağa çalışırıq. Ona görə də hər iki məsələdə könüllü və məcburi mexanizmlər tətbiq etməkdən əvvəl çox güclü təbliğat-təşviqat aparmaq lazımdır. Əhalini maarifləndirmək vacibdir ki, onlar anlasınlar. Ölkənin hər hansı bir ucqar kəndində də bunu anlasınlar, başa düşsünlər, dərk etsinlər. Bunun üçün isə əyani filmlərdən, braşuralardan, reklam roliklərindən istifadə edilməlidir. Yəni ilk öncə təbliğat və yalnız bundan sonra hər hansı bir qanun layihəsi qəbul etmək olar".

   

 

Seymur Qasımbəyli

 

Şərq.- 2011.- 15  noyabr.- S. 11.