Gənclərə yaşıl işıq

 

Növbəti tədris ilindən xarici ölkələrin ali məktəblərinə daha çox fundamental elmlər üzrə tələbələr göndəriləcək

 

Ekspertlər də hökumətin bu niyyətini alqışlayır

 

Gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramında (2007-2015-ci illər) prioritet sahələr üzrə dəyişiklik olacağı gözlənilir. Təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, bu vaxta qədər iqtisadiyyat, biznes, sosial-humanitar elmlər üzrə xaricdə təhsil almağa kifayət qədər tələbə göndərilib. Növbəti tədris ilində isə bu sahələr prioritetlərə daxil edilməyəcək. Qarşıdakı tədris ilində texniki və fundamental elmlərə üstünlük veriləcək. Azərbaycan xarici ölkələrin ali məktəblərinə daha çox bu sahələr üzrə tələbə göndərilməsinə çalışacaq. 

   Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının xaricdə təhsillə bağlı prioritetlərə dəyişiklik etməsinə müasir dünyanın tələbləri prizmasından yanaşıldığını deyən təhsil ekspertləri bunun çox düzgün addım olduğunu bildirirlər. Ekspertlər bu, fikirdədir ki, texniki və fundamental elmlərə üstünlük vermək müasir dünyanın diktə etdiyi şərtdir və bu, müasir gəncliyin dövrün tələblərinə uyğun şəkildə formalaşması, elm və biliyə yiyələnməsi istiqamətində müsbət irəliləyişlərə gətirib çıxara bilər.

   Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı "Şərq"ə açıqlamasında qeyd etdi ki, bu dəyişikliyi müsbət qiymətləndirir:

   - Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında növbəti tədris ili üçün texniki və fundamental elmləri prioritet sahələr elan etməsi düzgün addımdır. Prezident yanında Təhsil Komissiyasının toplantılarında da, müsahibələrimdə hər zaman bildirmişəm ki, bizə təbiət elmlərini, tibb sahəsini, mühəndisliyi bilən güclü kadrlar lazımdır. Bunlar dünyəvi elmlərdir və xaricdə çox inkişaf edib. Amma Azərbaycan sovet təhsil sistemindən çıxmış bir ölkə olduğu üçün bizə bu sahələrdə yüksək səviyyəli mütəxəssis yetişdirmək çətin olacaq. Humanitar elmlər, biznes, hüquq elmləri ilə bağlı xeyli sayda tələbə xaricə təhsil almağa gedib. Bunların arasında dövlət tərəfindən göndərilənlər də var, şəxsi vəsaiti hesabına, şəxsi təşəbbüsü ilə gedənlər də. İndi isə artıq fundamental elmlərə üstünlük verilməlidir, təbii ki, burada say nəzərdə tutulur. Biz demirik ki, humanitar elmlər, iqtisadiyyat, biznes sahəsində tələbə göndərilməsin. Sadəcə, fundamental elmlərin öyrənilməsi ilə bağlı göndəriləcək tələbə sayı digər sahələrdən bir qədər artıq olmalıdır. Çünki müasir dünyanın tələbi budur. Məsələn, Azərbaycan Dövlət Tibb Universiteti hələ də köhnə proqramla işləyir. Amma baxın, dünyada tibb sahəsində necə yeniliklər, necə ixtiralar var. Bütün müasir texnologiyalar təbiət elmlərinin üzərində qurulur. Bu yenilikləri bilmədən, onları tətbiq etmədən irəliləyiş əldə etmək mümkün deyil. Ona görə də mən xaricdə təhsil məsələsində fundamental elmlərə üstünlük verilməsini alqışlayıram.

   Xaricdə təhsil alan gənclərin sonradan öz ölkəsində iş tapmaq problemi iə üzləşməsinə gəlincə, H.İsaxanlı bunun yalnız Azərbaycanda deyil, digər dünya ölkələrində də yaşandığını dedi:

   - Koreya hər il ABŞ-a 70-80 min tələbə göndərir. Baxmayaraq ki, Koreya özü təhsil sahəsində inkişaf etmiş ölkələr sırasındadır. Amma tələbə göndərirlər. Bu 70-80 min tələbəni ölkə daxilində işlə necə təmin etmək olar?! Ölkədə heç bu qədər müəssisə yoxdur. Təhsil almış hər bir gənci işlə təmin etmək dövlətin vəzifəsi deyil. Heç bir dövlət buna qarantiya da vermir. Dövlət müəyyən qismi işlə təmin edə bilər. Tutalım, böyük bir neft-kimya müəssisəsi, zavod, yaxud fabrik tikilir, bura da mütəxəssislər müsabiqə yolu ilə qəbul olunur. Kim daha bacarıqlıdırsa, daha biliklidirsə, o işə qəbul olunur. Yaxşı oxuyan, bilikli tələbənin yaxşı iş tapmaq şansı da artıqdır. Dövlət təyinatla müəyyən qədər tələbəni işə göndərə bilər. Daha ucdantutma hamını işlə təmin etmək faktiki qeyri-mümkündür. Avropadan Amerikaya həmişə beyin köçü olub.

   Ötən əsrlərdə də, indi də. Avropa inkişaf etmiş regiondur, buna baxmayaraq güclü mütəxəssislər Amerikaya üz tutub. Nəyə görə, çünki orada əməkhaqqı daha yüksək olub, yaşam şərtləri daha yaxşı olub. Bu köç daim var. Biz belə düşünməməliyik ki, Azərbaycandan kimsə xaricə təhsil almağa gedibsə, mütləq qayıdıb öz ölkəsinə gəlməlidir və burada çalışmalıdır. Təhsil almağa gedənlər arasında qayıdanlar da olacaq, qayıtmayanlar da. Bu da millətin inkişafıdır. Əgər bir azərbaycanlı tələbə Çində iş tapıb orada çalışırsa, bu da millətə, dövlətə xidmətdir. Əlbəttə, hamı istəyər ki, ölkəsində güclü alimlər, mütəxəssislər olsun, amma biz ölkəmiz hüdudlarında məhdudlaşmamalıyıq. 

   Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin sədri Gülsel Səfərova da xaricdə təhsil üzrə Dövlət Proqramında texniki və fundamental elmlərə üstünlük veriləcəyini müsbət qarşılayır və bunu gənclərin dünyəvi elmlərə daha mükəmməl yiyələnməsi istiqamətində müsbət addım sayır:

   - Əlbəttə, bu çox müsbətdir. Biz gənclər, istər cənab Prezidentlə görüşlərimizdə, istərsə də keçirilən tədbirlərdə bu məsələyə diqqət çəkmişik. O dövlətlərdə ki, fundamental elmlər köklü inkişaf edib və buna maliyyə ayrılır, o dövlət udur. Fundamental elmlər keyfiyyətli düşüncə, kəşflər, ixtiralar, icadlar deməkdir. Rusiyada, ABŞ-da bu sahədə böyük nailiyyətlər əldə etmiş gənclər var. Yaxşı haldır ki, bu sahəyə meyl artır. Fundamental elmlər konkretlik sevir. Beyin mərkəzləri fundamental elmlərin əsasında yaranır. Bu gün ərəb dövlətlərində niyə belə xoşagəlməz hadisələr yaşanır, ona görə ki, bu ölkələrdə beyin mərkəzləri fəaliyyət göstərmir. Beyin mərkəzlərinin formalaşması, inkişafı üçünsə fundamental elmlərin inkişafı lazımdır. Kimya, fizika, metafizika... Bu elmlər inkişaf etməlidir. Baxın, bu gün antivirus proqramlarının kökündə fundamental elmlər dayanır. Hansı dövlət ki fundamental elmləri ixtiraçılığa gətirib çıxarmağı bacarır, söz deyən, sözü eşidilən o ölkələrdir. Bu gün nanotexnologiyaların başında ingilis, alman alimləri dayanır. Türkiyədə bütün səhiyyə sistemi nano-texnologiyalar üzərində işləyir. Onun maliyyəsi hara gedir, təbii ki, onları icad etmiş şəxslərə, dövlətlərə. Kompyuterləşdirmə, avtomatlaşdırma, bütün bunlar fundamental elmlərdən doğan istiqamətlərdir. Eyni zamanda, paralel olaraq bizə düşünmə keyfiyyətini artırmaq lazımdır. Bir elmi öyrənirsənsə, onu harayadək apara biləcəyini bilməlisən. Təfəkkür dəyişikliyi, düşüncə dəyişikliyi lazımdır.

   Xaricdə təhsil alan gənclərin geri qayıdıb öz ölkəsinə, dövlətinə xeyir verməsinə gəlincə, bu məcburi ola bilməz. İlk növbədə insanın öz ölkəsinə sevgisindən irəli gəlməlidir. O zaman gəncə qoyulan vəsait özünü doğruldacaq. Təbii ki, dövlət gənclərin təhsilinə vəsait ayırırsa, onun bəhrəsini görməkdə tamamilə haqlıdır. Ancaq görürük ki, bu, lazımi səviyyədə həyata keçmir. Çıxış yolu nədədir? Mənim fikrimcə, bunun bir yolu xaricdə təhsil alan gənclərin həvəsləndirici tədbirlərə cəlb edilməsidir. Nədən ibarətdir bu tədbirlər. Məsələn, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri bu gənclərlə maraqlanmaqdan əlavə, onları səfirliyin təşkil etdiyi tədbirlərdə iştiraka cəlb etməlidir. Xaricdə təhsil 4-6 il davam edir. Bu kiçik müddət deyil bu müddət ərzində gənc həm ideoloji, həm sosial baxımdan formalaşır. Biz müxtəlif qrupların, müxtəlif sosial təbəqələrin əhatəsində oluruq, müxtəlif həyat səviyyələri ilə qarşılaşırıq, olduğumuz ölkələrin sosial həyatında iştirak edirik. Bəzən belə vəziyyətdə gəncin son məqsəddən yayınması baş verir. Bu yayınma olmasın deyə, gənc həvəsləndirilməlidir səfirliklərin işinə simvolik olsa, cəlb edilməlidir. Demək olar ki, bütün xarici dövlətlərdə müəyyən tarixlərdə Azərbaycanla bağlı tədbirlər, Azərbaycan günləri keçirilir. Gənclər bu tədbirlərin reallaşmasında iştiraka cəlb edilməlidir. Belədə gəncdə ölkəsinə gərəklilik hissi formalaşacaq. Biləcək ki, dövlətə lazımlıdır. Bu onda özünəinam, dövlətinə inam yaradacaq.  

   İkinci çıxış yolu kimi mən ideoloji təlqini görürəm. Bilirik ki, xaricdə təhsil alan tələbələrlə bağlı 5 il öz ölkəsində işləmək şərti var. Yaxşı olardı ki, həmin bu 5 il gəncə qəti öhdəlik kimi deyil, sadəcə, təklif kimi anladılsın. İnsanlar öhdəlik götürməyi çox da sevmirlər, xüsusən gənclər basqı altında olmağı xoşlamır. Bu 5 illik şərt gənci dövlət hesabına xaricdə təhsildən çəkindirə bilər. Biz görürük ki, hazırda dövlət hesabına təhsil alanlarla şəxsi hesabına oxuyanlar arasında o qədər böyük fərq yoxdur, göstəricilər təxminən eynidir. Bunu təhsil nazirinin müavini etiraf edib. Sadəcə, gəncə aşılamaq lazımdır ki, dövlət sənin üzərinə yük qoymur, öhdəlik qoymur, bu, bir təklifdir. Gənc hiss etməlidir ki, dövlətin ona qayğısı var, onun üstündə diqqəti var. Ona öz ölkəsində işləmək üçün imkanlar yaradılacaq.

   Hər şey qarşılıqlıdır. Mən 5 il işləmək müddətinə mənfi hal kimi baxmıram. Sadəcə, bu 5 ili fasiləsiz deyil, 10 ildə tamamlamaq güzəşti qoyula bilər. Ola bilsin, gəncə daha yüksək əməkhaqqı olan bir yerdə işləmək məcburiyyəti yaranar. 2 il dövlət müəssisəsində işləyər, 2 il özəl sektorda, sonra yenidən dövlət müəssisəsinə qayıdar. 5 ili mütləq mənada fasiləsiz tamamlamaq şərti olmaya da bilər.

   Üçüncü çıxış yolu isə əlbəttə ki, gənclərin öz üzərində işləməsidir. Azərbaycan gəncliyinin çox böyük potensialı var. Amma söhbət bu potensialı artırmaqdan getsə, burada o qədər də müsbət nəticələr olmadığını görərik. Məsələn, gənclər bu gün iş axtarır. Ancaq dil bacarığı baxımından, müasir texnologiyalara yiyələnmək baxımından çox zəifləri də var. Bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti ingilis dili öyrənir. Amma düşünmürlər ki, 5 ildən sonra yapon dili, çin dili, ərəb dili ilə qarşılaşmalı olacaqlar. Bu dillər hazırda böyük sürətlə dünya arenasına daxil olmaqdadır. 5 ildən sonra ingilis dilinə bugünki tələbat artıq olmayacaq. Gənclərimiz kompyuteri bilir, amma sosial şəbəkələr, çatlaşma sferasında. Digər geniş proqramları bilmirlər. Kompyuter təkcə internet və yazışmalardan ibarət deyil.

   İstər xaricdə təhsil alanlar olsun, istərsə də yerli ali təhsil ocaqlarında təhsil alanlar, gənclərin özəl sektoru niyə seçdikləri hamımıza məlumdur. İlk növbədə yüksək əməkhaqqının olması, işdə irəliləmək imkanları. Bunlar əsas səbəblərdir və etiraf edək ki, dövlət müəssisələrində əməkhaqqı azlığı və üstəlik bürokratik əngəllər gənclərin bu istiqamətə meyllənməsinin qarşısını alır. Dövlət strukturlarında gəncliyə inam da aşağı səviyyədədir. Bizim bəzi rəsmi orqanlar hələ də köhnə təfəkkürdən yaxa qurtara bilməyib. Amma bizim sıx işlədiyimiz nazirliklər var ki, Gənclər və idman, Mədəniyyət və turizm nazirlikləri orada gənclərin fəaliyyəti hiss ediləcək dərəcədə böyükdür.

   Yenə də mənim qəti mövqeyim budur ki, xaricdə təhsil alan tələbələr dövlətin vəsaiti hesabına oxuduqları üçün öz töhfələrini bu ölkəyə verməlidirlər.

   

 

   Məlahət Rzayeva

 

  Şərq.- 2011.- 16 noyabr.- S.11.