Milli Azərbaycan ideyası
Akademik
Ramiz Mehdiyev milli ideyanın formalaşması və inkişaf
mərhələlərini müəyyənləşdirdi
Müasir milli ideya vətəndaşın
özünü dövlətin bir hissəsi kimi hiss etməsi,
dəyişikliklər edə biləcək güc kimi görməsi,
güclü dövlət və güclü, iradəli liderin
mövcudluğuna tələbat hiss etməsi ilə zənginləşir.
Bu barədə
Azərbaycan Respublikası Prezident
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyev "Bakinskiy raboçi" qəzetinə
eksklüziv müsahibəsində bildirib.
R.Mehdiyevin sözlərinə
görə, azərbaycanlıların milli ideyalarının
formalaşmasını bir neçə mərhələyə
ayırmaq olar. "Mükəmməl konstitusiya
formalaşdırmaq üçün tarixə söykənərək
Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkül
tapması və transformasiyası prosesinin dövrləşdirilməsini
formalaşdırmaq lazım idi. Bu səbəbdən emprik təhlil
apardıqdan sonra mən tarixi prosesləri növbəti mərhələlərə
ayırdım".
Zənnimcə, milli
ideya təkamülünün birinci mərhələsi
1828-1875-ci illəri əhatə edir.
"Rusiya-İran
müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin
ərazisi Rusiya imperiyasının tərkibinə
düşdü və burada tədricən azərbaycanlıların
həmrəylik prosesi başladı. Eyni
zamanda Azərbaycan cəmiyyətinin ön hissəsi hələ fars
və ərəb mənəviyyatı ilə hakimiyyətdə
idilər.
Bununla yanaşı, məhz bu dövrdə növbəti onillikdə
cücərti verən milli oyanış toxumu əkən milli realist ədəbiyyat məktəbi formalaşmağa başlayır", - deyə
o qeyd edib.
Azərbaycan
Respublikası Prezident Administrasiyasının rəhbəri
qeyd edib ki, əmələ gəlməkdə olan yeni
ziyalı təbəqəsinin ən parlaq nümayəndələri
öz ensiklopedik bilikləri ilə seçilən Abbasqulu
ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli
Axundov və digərləri olublar.
"Bu, qabaqcıl rus ədəbiyyatının
dairəsinə düşən və onun vasitəsilə XIX əsrin
Avropa ədəbiyyatına qoşulan azsaylı Azərbaycan
ziyalılarının ilk nümayəndələri idi. Bu
görkəmli mütəfəkkirlərin fəlsəfi,
tarixi və ədəbi əsərləri Şimali Azərbaycan
əhalisinin etnik oyanış mənbələrinə əsaslanır",
- deyə o qeyd edib.
R.Mehdiyev həmçinin
bildirib ki, Azərbaycan xanlıqları Rusiya
imperiyasının tərkibinə daxil olan zaman yerli zadəganlıq
öz titullarından məhrum oldu və Rusiyanın tərkibində
analoji titulları almadı, bunun əvəzində isə yeni
təbəqə yarandı - "müsəlman ruhanilər".
Bu, həmin dövrdə Azərbaycan cəmiyyətində
eyniləşdirmənin əsas kriteriyası oldu.
Prezident
Administrasiyası rəhbərinin sözlərinə görə,
ikinci mərhələnin başlanğıcı 1875-ci ildə
Bakıda Həsən bəy Zərdabi tərəfindən
Rusiya müsəlmanları arasında Azərbaycan dilində
ilk qəzet olan "Əkinçi"nin təsis olunması
ilə bağlıdır və XX əsrin
başlanğıcına qədər olan dövrü əhatə
edir.
"Bu ilk Azərbaycan
qəzeti, milli oyanış tarixində olduqca mühüm rol
oynadı. Həsən bəy Zərdabi Azərbaycan
teatrının banilərindən və ədəbiyyatda
realizmin tərəfdarlarından biri kimi qəzetin səhifələrində
dərc olunan məqalələrində dini-mistik mövqeyə
qarşı çıxış edib. Qəzet öz
redaktorunun dili ilə həmvətənlərini milli məhdudiyyətlərə
qarşı mübarizə aparmağa və dövrlərinin
elmi nailiyyətlərinə qoşulmağa çağırırdı",
- deyə R. Mehdiyev bildirib.
O həmçinin qeyd
edib ki, "Əkinçi" qəzeti maarifçilik
ideyalarının daşıyıcısı kimi azsaylı Azərbaycan
ziyalılarında milli özünüdərkin
formalaşmasının əsasını qoymaqla tarixi rol
oynayıb. Onun sözlərinə görə, eyni zamanda Seyid
və Camal Ünsizadə qardaşları tərəfindən
yaradılan "Ziya" və "Kəşkül" nəşrləri
"Əkinçi"nin ənənəsini davam etdirərək
öz oxucularını Avropanın elmi nailiyyətləri, təhsili
və mədəniyyəti ilə tanış edirdilər.
"Bu nəşrlərin
öz dövrlərinin ictimai rəy tarixində nəzərəçarpacaq
iz buraxmamasına baxmayaraq, onlar XIX əsrin sonlarında Azərbaycan
ziyalılarının yaradıcılıq fəaliyyətinin
başlanğıcının göstəriciləri idi. Şübhəsiz
ki, onlar nəşr işinə maraq oyatdılar, ən əsası
isə onlar tərəfindən nəşr olunan məqalələrin
tənqidi dərki günün tələblərinə cavab
verən yeni nəşrlərin ortaya çıxmasına
güclü təkan oldu", - deyə o bildirib.
R. Mehdiyevin sözlərinə
görə, ziyalıların XIX əsrin sonlarında
formalaşan ikinci nəsli artıq türk mədəniyyətinin
ənənələrinə müraciət etməyə
başladılar. Akademik qeyd edib ki, 1891-ci ildə "Kəşkül"
qəzetində M.Şahtaxtinskinin məqaləsi dərc olunub.
Məqalə müəllifinin burada "Azərbaycan türkləri"
termininin tətbiqini təklif etməsilə türk
şüurunu Azərbaycan eyniliyi ilə əlaqələndirməyə
cəhd olunub.
O həmçinin rus
dilində nəşr olunmasına baxmayaraq Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi "Kaspi" qəzetinin
əsas xalq tribunasına çevrildiyini qeyd edib.
R.Mehdiyevin sözlərinə
görə, ikinci dövr maarifçiliyinin görkəmli
pleyada nümayəndələri Nəcəf bəy Vəzirov,
Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər
Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə
və digərləri kimi şəxsiyyətlər idi.
"Üçüncü mərhələ öz
başlanğıcını Rusiyada 1905-1907-ci illər
inqilablarından götürür və 1918-ci ilin mayında
Zaqafqaziya Seyminin süqutu ilə sona çatır. "Həyat",
"İrşad" və "Füyuzat" qəzetlərinin
nəşr olunması milli ideologiyanın yaranması, dövlət
təfəkkürü və milli azadlıq ideyasının
formalaşmasına təkan verdi.
Türkçülük ideyası milli burjuaziya,
yaradıcı və siyasi ziyalıların düşüncəsini
mənimsəməyə başlayır, o dövrdə
yaradılan siyasi təşkilatların əsas platformasına
çevrilir. Bu ideyalar milli hərəkata güclü təkan
verərək milli ideal xarakteri alır.
Onun sözlərinə
görə, bu dövr Azərbaycan elitasının Rusiya
imperiyası tərkibində milli ideyanın son məqsədi
kimi milli-ərazi muxtariyyətinin yaradılması uğrunda
mübarizəyə kurs götürməsi ilə xarakterizə
olunur. Bununla yanaşı, 1918-ci ilədək tam azadlıq,
milli və dövlət müstəqilliyi uğrunda mübarizə
hələ siyasi təşkilatların gündəlik işinə
çevrilməmişdi.
Akademik R.Mehdiyev
vurğulayıb ki, dünya tarixində bu dövr dünya
geosiyasətində tektonik yerdəyişmələri, Rusiya
imperiyasının dağılması və müstəmləkə
xalqların müstəqil dövlət qurması
üçün şəraitin yaranması ilə yadda
qalıb. Onun sözlərinə görə, məhz bu illərdə
ictimai düşüncənin avanqardı kimi
çıxış edən ictimai-siyasi xadimlərin yeni təbəqəsi
meydana gəlir. O, Əhmədbəy Ağayev, Əli bəy
Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov və bir çox
başqalarının milli ideallar uğrunda mübarizəni
demokratik dəyər və prinsiplərlə birləşdirərək,
milli Azərbaycan ideyasının
daşıyıcıları olduqlarını qeyd edib.
Onun rəyinə
görə, Azərbaycan milli ideyasının
formalaşması tarixinin dördüncü mərhələsi
1918-ci il mayın sonu - 1920-ci il aprelin sonunu, Tiflisdə Milli
Şuranın birinci iclasında Azərbaycanın müstəqil
dövlət elan edilməsi haqqında qərarın qəbul
edildiyi vaxtdan başlayan dövrü əhatə edir.
"Beləliklə,
28 may 1918-ci il ilk dəfə təntənəsi uğrunda
xalqın ən yaxşı oğullarının mübarizə
apardığı Azərbaycan milli ideyasının həyata
keçirilmə simvoluna çevrildi. Gənc dövlətin
baniləri Azərbaycanın müstəqil dövlət kimi
beynəlxalq aləmdə tanınması uğrunda gərgin
mübarizə aparmalı oldular. Lakin böyük dövlətlərin
maraqları, siyasi konyunktura bu məqsədə nail olmaq
üçün ciddi əngələ çevrildi" - o bəyan
edib.
Onun sözlərinə
görə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən
sonra Müvəqqəti Milli Şura müvəqqəti
paytaxta - Gəncə şəhərinə köçdü.
Və yalnız sentyabrın ortalarında, Bakının
"Sentrokaspi Diktaturası" qoşunlarından azad edilməsindən
sonra, hökumət fəal dövlət quruculuğu və
ölkənin daxili siyasəti həyatının qaydaya
salınmasına başlaya bildi.
"Lakin vaxt
ötürülmüşdü. Təcili həllini tələb
edən çox sayda problemlər
yığılmışdı, ixtisaslı milli kadrların
yoxluğu isə ölkənin effektiv idarə edilməsini
güclü surətdə əngəlləyirdi. Bundan
başqa, hökumətdəki qərarsızlıq, rəhbər
vəzifələrin tanışlıq, "öz
adamları" ilə və ya müxtəlif xarici qüvvələrin
maraqlarına xidmət edən etibarsız kadrlarla komplektləşdirilməsi,
xarici dövlətlərin ölkənin daxili işlərinə
müdaxiləsi, dərin sosial-iqtisadi böhran və s. - əlbəttə,
bütün bunlar dövlət hakimiyyətinin möhkəmlənməsi
işinə xidmət etmirdi.
Yekunda bu ona gətirdi
ki, Sovet Rusiyasının təzyiqi altında Azərbaycan Xalq
Cümhuriyyətinin hökuməti 1920-ci il aprelin 28-də
hakimiyyəti tamamilə bolşevik Rusiyasının
tabeçiliyinə düşərək, Azərbaycanda sovet
hakimiyyətini elan etmiş Azərbaycan bolşeviklərinə
verməyə məcbur oldu.
Başlıca məqsədinin
milli demokratik dövlətin yaradılması olduğu Azərbaycan
milli ideyasının həyata keçirilməsinin ilk təcrübəsi
beləcə dəfn edildi" - deyə, o qeyd edib.
Akademikin rəyinə
görə, millətin siyasi və sosiomədəni dəyişmələrinin
bütün başlanğıcları üçün
ideoloji əsasının qoyulmasını göstərilmiş
mərhələlərin əsas nailiyyətləri hesab etmək
olar.
R.Mehdiyev
vurğulayıb ki, kollektiv özünüeyniləşdirmə
formaları - dini, etnik və sosiomədəni (sivil) formalar
vahid milli, dövlət ideyasında birləşdirildi. Beləliklə,
"millət", "milli ləyaqət", "dövlət"
kimi əsas anlayışların
formalaşdırılması və millətin gələcəyinə
dair ayrı-ayrı baxışların müzakirəsi
mümkün oldu.
28 aprel 1920-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dövlətin
demokratik xarakterini, Azərbaycan cəmiyyətinin siyasi təşkilini
dəyişdirdi və millətin - dövlətin Azərbaycan
modelinin dövlətin beynəlxalq tanınmasına mənfi təsir
göstərdi.
1920-ci il aprelin sonu -
1988-ci ilin əvvəlinədək olan dövr Azərbaycan
xalqının kommunist ideologiyasının səyləri ilə
rus dilinin millətlərarası ünsiyyət dili elan
edildiyi, milli maraqların isə unudulduğu sovet
xalqının bir hissəsi kimi təqdim olunduğu bir zaman
idi", - deyə R.Mehdiyev bildirib.
Akademik həmçinin
qeyd edib ki, sovet hakimiyyətinin ilk illərindən
başlamış repressiyalar milli düşüncənin
bütün cücərtilərini məhv etdi və Azərbaycan
xalqının milli özünüeyniləşdirmə
prosesini yubatdı. Sovet dövrü cəmiyyətin yeni,
obyektiv əsasları olmayan və süni yaradılmış
eyniləşdirilməsinin müəyyənləşdirilməsi
ilə fərqlənirdi. Milli təşkilatların
yaradılmasına hüquqların yoxluğu, həmçinin
totalitar, inzibati-komanda idarəetmə sisteminin müəyyənləşdirilməsi
Azərbaycan gerçəkliyinə sovet dövrünün tələblərinə
uyğunlaşmış transformasiya olunmuş milli
düşüncə modeli gətirdi.
R.Mehdiyevin rəyinə
görə, proletar şüuru haqqında müddəalar irəli
sürən kommunist ideologiyası mahiyyət baxımından
milli özünüdərkin təkamülünə mənfi
təsir göstərirdi, orada milli fikirlərə yer yox idi. Tarixin
alternativsiz Kommunist Partiyası şəraitində milli
düşüncə və milli iqtisadiyyatın, mənəvi
yüksəlişin, milli özünüdərkin
artımı üçün baza olan əhalinin rifahı və
təhsil səviyyəsinin
yaxşılaşdırılmasına hesablanmış siyasəti
həyata keçirə biləcək dövlət xadimini
siyasətin ön səhnəsinə çıxarması tələb
olunurdu.
"1969-cu ildə Azərbaycan
SSR-ə başçılıq etməyə
başlamış Heydər Əliyev millətin
inkişafı və milli maraqlar problemlərinin həyatının
mənası olan bir dövlət xadiminə çevrildi. Ötən
əsrin 70-80-ci illərində yaradılmış
güclü iqtisadi baza Azərbaycana aqrar-sənaye
respublikası statusuna keçməyə imkan verdi. Əsasən
respublikanın idarə edilməsində fəal iştirak etməyə
başlayan milli kadrlara diqqət ayrılırdı. Gələcəyə
perspektivlə kadr potensialının
formalaşdırılması üzrə tədbirlər
görülürdü. Yaradıcı ziyalılara, elmin
nümayəndələrinə qayğıkeş münasibət
millətin yüksək elmi-texniki və mədəni
potensialını əks etdirən təşəbbüslərin
ortaya çıxması və həyata keçirilməsinə
yardım göstərdi", - deyə R.Mehdiyev qeyd edib.
Azərbaycan
Respublikası Prezident Administrasiyasının rəhbəri
eyni zamanda qeyd edib ki, bu dövr ərzində Azərbaycan cəmiyyətinin
ictimai müzakirəsinin milli fikrin formalaşmasının
davam etdirilməsi istiqamətində
aparıldığını demək olmaz, lakin fakt ondan ibarətdir
ki, "milli maraqlar" anlayışı Azərbaycan cəmiyyətinin
qabaqcıl hissəsi və başda Heydər Əliyev olmaqla rəhbər
elita üçün yad deyildi.
"Milli maraqların
ittifaq dövləti çərçivəsində ehtiyatla və
ardıcıl şəkildə həqiqi siyasətdə həyata
keçirilməsi ötən yüzilliyin 80-ci illərinin
sonunda ölkədə xalq hərəkatının təşəkkül
tapması üçün zəmin yaratdı, 1991-ci ildə
dövlət müstəqilliyinin əldə olunması
üçün baza rolunu oynadı"- deyə, o əlavə
edib.
Onun sözlərinə
görə, bu dövrün xüsusiyyəti ondan ibarət idi
ki, dövlət siyasətinin əsasını kollektiv
özünütəyinin formalarından biri - daha doğrusu,
türk mənşəyi etibarilə eyniləşdirilən
sosial-mədəni özünütəyin təşkil edirdi.
Özünütəyin prosesində əsas millət
üstünlüyü rakursunda nəzərdən keçirilən
başlıca türk komponenti milli fikrin vahid forması kimi təklif
edilirdi, həm daxili siyasət sahəsində, həm də
xarici siyasət fəaliyyətində atılan sonrakı
addımlar da məhz bu faktordan çıxış edilərək
diktə olunurdu.
"Aparılan səhv
milli siyasətin ağır nəticələri çox
qısa vaxt ərzində özünü büruzə verməyə
başladı, daha doğrusu, qatı etnik komponentə və
separatçı əhval-ruhiyyəyə malik müxtəlif
milli qrupların nümayəndələrinin
yaratdığı ictimai qurumlar meydana gəlməyə
başladı. Hakimiyyətə gələn siyasi qruplar
xalqın birləşdirilməsinə, stabilliyin bərpa edilməsinə
və cəmiyyətdə nizam-intizamın yaradılmasına
yönələn idarəetmə kursunu həyata keçirə
bilmədilər",- o əlavə edib.
Akademikin sözlərinə
görə, 1993-cü ilin yayından milli fikrin
formalaşması tarixinin yeddinci mərhələsi
başlayır və onun 2003-cü ildə tam şəkildə
təcəssümü ilə başa çatır. Ramiz
Mehdiyev hesab edir ki, bu dövrün əsas xüsusiyyətləri
ictimai-siyasi sabitliyin bərqərar olması, gələcək
iqtisadi artımın əsaslarının yaradılması və
ölkənin siyasi inkişafı ilə xarakterizə olunur.
"Bu illər ərzində
milli fikir milli müstəqilliyin - suveren dövlətin
formalaşdırılmasının yekun inkişaf mərhələsinə
qədəm qoydu. Heydər Əliyevin apardığı siyasətin
bəhrəsi kimi, "millət" anlayışının
tərkibinə özünütəyinin bütün kollektiv
formaları - etnik, dini, sosial-mədəni, siyasi və s. daxil
edildi. Azərbaycan ideyası Azərbaycanda yaşayan və bu
ölkəni öz ümumi Vətəni hesab edən
bütün etnik qrupların vahid fikri qismində irəli
sürüldü. Azərbaycanın çoxsaylı etnik
müxtəlifliyi bizim böyük sərvətimizə
çevrildi. Bu nemət müasir Azərbaycanı xarakterizə
edən dəyərdir və biz onu daim qorumalıyıq. Bu
dövrdən etibarən milli özünütəyinin yeni
forması daha geniş və yeni şəkildə "azərbaycançılıq"
ideologiyası ilə eyniləşdirilməkdədir. Məhz
bu dövrdə Azərbaycan xalqının dövlət
müstəqilliyinin yaradılması və möhkəmləndirilməsi
kontekstində milli fikrin formalaşması prosesi tam olaraq
başa çatdı", - deyə Ramiz Mehdiyev bildirib.
Prezident Administrasiyasının
rəhbəri həmçinin bildirib ki, məhz 2003-cü ilin
sonundan etibarən milli fikir müstəqil dövlətin
inkişafının və beynəlxalq aləmlə
münasibətlərinin yaradılmasının yeni aspektləri
ilə əvəz olunmağa başladı. Bu dövrdə
dövlətin inkişaf vektoru regional və qlobal perimetrlərdə
ölkənin yeni mövqeyini müəyyənləşdirdi.
Şərq.-
2011.- 17 noyabr.- S. 3.