"2012-ci il üçün APA-nın böyük bir layihəsi olacaq"

 

  Ötən il elə bu vədə hər kəsin APA kimi tanıdığı Azəri Press Agentliyinin rəhbəri Vüsalə Mahirqızı ilə danışdıqda növbəti il üçün səsli-küylü layihəyə imza atacaqlarını bildirmişdi.

   APA-nın yaşı üzərinə bir il də gəldi. Dünən agentliyin əməkdaşları 7 yaşlarını qeyd etdi. Xüsusi qeyd edilməlidir ki, 7 yaşlı bu "körpə" çox sürətlə böyüdü və tez bir zamanda hər kəsin sevimlisinə çevrildi. APA Azərbaycanın media sahəsində çox böyük bir boşluğu doldurdu. Lakin Vüsalə Mahirqızı bununla kifayətlənmək niyyətində deyil.

   Onunla söhbətimizə növbəti il üçün hədəflərinin nədən ibarət olmasını soruşmaqla başladıq. Əvvəlcə isə ötən il bizə söylədiyi səsli-küylü layihənin hansını hesab etməsi ilə maraqlandıq. Çünki bu zaman kəsiyində APA ictimaiyyətdə geniş əks-səda doğuran bir neçə layihəyə imza atıb. Mən o zaman "Kulis.az"ı nəzərdə tuturdum.

   - "Kulis.az"a qədər sirr deyil ki, bu sahədə ciddi bir boşluq mövcud idi. Sizcə yaratdığınız sayt bu boşluğu doldura bildimi və nə dərəcədə sizin gözləntilərinizi doğrultdu?

   - Mənim gözləntilərimi doğrultdu. Amma boşluğu doldurmaq üçün hələ tezdir. "Kulis.az"ın hələ boşluq doldurması üçün əvvəla, özünün doldurulmasına ehtiyac var. Hələ "Kulis.az"ın oturuşması, kollektivin oturuşması lazımdır. Ətrafına mən istəyən sayda yazarları toplamasına ehtiyac var. Amma mən hesab edirəm ki, "Kulis.az" öz sahəsi üzrə, Azərbaycanda hazırda ədəbiyyat, mədəniyyət lahyihələri arasında ən çox oxunanı, dartışılanı, müzakirə olunanı və ən uğurlusudur.

   - APA növbəti ildə ictimaiyyəti hansı yeniliklərlə təəccübləndirəcək?

   - Layihələrimiz var. Bu barədə indidən danışmaq istəmirəm. Bu barədə danışanda hazırkı rəqabət mühitində bizdən əvvəl bunu kimsə edir. Mən buna normal yanaşıram. Amma 2012-ci il üçün APA-nın böyük bir layihəsi olacaq. Bütün potensialımızı həmin layihənin reallaşmasına yönəltmişik. Hesab edirəm bu, çox ciddi bir layihədir. Biz artıq bununla bağlı texniki təminat işlərinin görülməsi ilə məşğuluq. Bundan da əlavə şirkət durmadan inkişaf edir. Saytlarımızın müasir texnologiyalara uyğunlaşması prosesi aparılır. Fikrimiz var ki, "Kulis.az"ın tərkibində yeni bir proyekt işləyək, yeni bir elektron kitabxana yaradaq və s. Agentliyin korporativ saytlarının yaradılması istiqamətində iş gedir. Növbəti il üçün başqa bir sayt layihəmiz də olacaq. Çox planlarımız var. Bunların bir hissəsi təbii ki, maliyyəyə bağlıdır. Çalışırıq o layihəni edək ki, orda həm də bizim reklam gəlirlərimiz normal olsun. Eyni zamanda informasiya texnologiyaları o qədər sürətlə inkişaf edir ki, bir də görürsən ki, sürpriz bir vəziyyət yaranır və çox tezliklə nəyisə edib ümumi bir mühitə uyğunlaşmaq üçün hansısa layihəni saxlayıb tamamilə başqa bir layihəni həyata keçirmək lazım gəlir. Belə bir sürprizlərdən sığortalanmamışıq. Amma bu günləri öz istədiyimiz bir neçə layihə var. Dediyim kimi, onun birincisi ilə bağlı danışmaq, geniş məlumat vermək istəmirəm. İkinci layihəmiz yenə də maliyyə və imkanlara bağlı olacaq ki, bu da APA-nın dillərinin artırılması ilə bağlıdır. Üçüncüsü, "Kulis.az"ın içərisində elektron kitabxananın yaradılması və başqa bir sahə saytımız var, onun yaradılması istiqamətində iş gedir.

   - Mövcud şəraitdə internet mediası sahəsindəki durum sizi qane edirmi?

   - Çap mediasına nisbətən vəziyyət yaxşıdır. Amma təəssüf ki, ümumi halda yaxşıdır deyə bilməyəcəm.  

   - Hansı problemlər var?

   - İnternetin qiymətinin salınması tempinə görə, Azərbaycan indi lider ölkələrdən biridir. Amma bununla bərabər bizdə internetin qiyməti yenə də bahadır. Hesab edirəm ki, internetin qiymətinin bir az da ucuzlaşmasına ehtiyac var. Eyni zamanda kompyuterləşmə prosesinin ölkənin bütün ərazilərində sürətlə getməsinə ehtiyac var. Burda söhbət təkcə bizim saytlarımıza girilməsi üçün və yaxud internet medianın böyük kütləyə ulaşması üçün təkcə internetin qiymətindən getmir. Eyni zamanda mobil operatorların tariflərinə baxılmasına ehtiyac var. Çünki ölkənin bölgələrində, hətta paytaxtın özündə bu gün insanlar əsas informasiyanı mobil telefon vasitəsi ilə internetə girərək alırlar. Çünki insanlar müasir texnologiyanın imkanlarından istifadə edib başqa işlərlə məşğul ola-ola həm də ölkədə nə baş verdiyini öyrənmək istəyirlər. Yollarda gedərkən, tıxacda olarkən, başqa alternativ işlə məşğul olarkən əllərində olan, daim yanlarından ayırmadıqları mobil telefondan xəbər oxumaq istəyirlər. Bu səbəbdən də mobil telefon taariflərinin aşağı salınmasına ehtiyac var.

   İkinci problem ondan ibarətdir ki, onlayn mediada işləyən kadrlar ənənəvi mediada işləyən kadrlardan fərqlənirlər. Burda yazı üslubu fərqlidir, operativlik tələbləri fərqlidir, ümumiyyətlə, iş saatı tələbləri fərqlidir. Ənənəvi mediada çalışan insanlar onlayn mediaya gələndə bir xeyli adaptasiya dövrü keçmək məcburiyyətində qalırlar. Bunların hamısı peşəkar kadrlardırmı? Yox. Peşəkar kadr olmaları üçün bu adamların onlayn medianın düsturunu öyrənmələrinə, müəyyən treninq, seminarlarda iştirak etmələrinə ehtiyac var. Çünki bu da ciddi maliyyə tələb edən tərəfdir.

   Üçüncü tərəf internet medianın reklam bazarıdır ki, bu, indiki halda o qədər də qaneedici deyil. Düzdür, yazılı media ilə müqayisəolunmaz dərəcədə yaxşıdır. Yəni mən hesab etmirəm ki, hansısa bir qəzet aylıq 15-20 min manat reklamdan pul qazana bilsin. Amma internet saytlarında bu rəqəm realdır. Amma bu son dərəcə azdır. Bəlkə də 3-5 nəfərlik saytı saxlamaq üçün yetərlidir. Bəzən çap mediasının rəhbərləri vurğulayırlar ki, saytın xərcləri çox azdır, çünki çap xərci yoxdur və s. və ilaxır. Amma bizim də başqa xərclərimiz var: serverlərin saxlanması var, təhlükəsizlik var, digər parametrlər var ki, onlarla bağlı gərək ciddi işlər görəsən.  

   Bu sahədə görüləsi işlərdən biri də güclü data mərkəzlərin qurulması məsələsidir. Server mərkəzləri olmalıdır. Server mərkəzləri bizim təhlükəsizliyimizi təmin etmək baxımından ciddi rol oynamalıdır. Məsələn, bu gün Azərbaycan mətbuatında bir neçə media qurumunu çıxmaq şərti ilə heç kimin özünün serveri yoxdur, nəinki data mərkəzi. Bütün serverlər, başqa ölkələrdən kirayəyə götürülmüş serverlərdir. Bütün bunlar ümumi halda əvvəl media, sonra isə dövlətin strateji təhlükəsizliyinə olan bir təhlükədir. 

   Yəni internet medianın özünəməxsus kifayət qədər ciddi problemləri var. Digər tərəfdən internet mediada müəlliflik hüquqlarının qorunması, istinad məsələləri və s. çox ciddi problemlər var. İşlək qanunlarımızın həm də onlayn mediaya aid olunması üçün internet media termininin qanunlara əlavə olunmasına ehtiyac var. Qanunlar vasitəsi ilə bu sahədə işləyənlərin öz hüquqlarını qorumaları ilə bağlı problemlər var. Kifayət qədər çoxlu çətinliklər var və bunu mən təbii qəbul edirəm. Çünki bu, yeni yaranmış bir sahədir. Və yeni yaranmış sahənin hər zaman problemləri olur. Azərbaycanda internet media formalaşma dövrünü hələ indi keçir.

   - Müəlliflik hüququ məsələsi demişkən, zaman-zaman plagiatlıq, istinadsız xəbərlərinizin verilməsindən gileylənmisiniz. İndi bu sahədə vəziyyət necədir?

   - Durum əvvəlki kimi deyil. Çox şükür ki, əvvəlkindən yaxşıdır. Məsələn, biz yeni yaranan vaxtı demək olar ki, ölkədəki əksər media qurumları ilə bu sahədə mübahisələr edirdik. İndi də edirik bu mübahisələri. Amma demək olar ki, yazılı medianın böyük əksəriyyətində bu məsələ düzəlib. Çox təəssüf ki, bu gün bu problem ən çox televiziyalarda özünü göstərir. Bu günləri ortaya gündə bir sayt çıxır və onların çoxunda bizim materiallar gedir. Nöqtəsinə, vergülünə toxunmadan istinadsız verirlər. Hətta bir çoxunda bu cür qalır: Bu sözləri açıqlamasında filankəs deyib. Hara açıqlamasında? Bir dənə APA sözünü demirlər və çox gülməli bir cümlə alınır. Eləcə də onu qoyurlar gedir. Bəzən orfoqrafik səhvlərlə belə mətnləri qoyurlar. Bəzən müxtəlif jurnalist fəndlərindən istifadə edirik. Materialı yazırıq və ora müxtəlif sözlər əlavə edirik. O sözləri çıxarırlar və mətni qoyurlar gedir. Sonra da onlara zəng edəndə ki, axı belə olmaz və yaxud siz bu materialda yanlışlığa yol vermisiniz, o dəqiqə deyirlər ki, APA-dan almışıq. Deyirik axı APA-nın adı yoxdur içəridə. Götürüb xəbəri saytdan silirlər o dəqiqə. Belə, çox acınacaqlı vəziyyətə düşürlər. Söhbət ondan getmir ki, biz kiməsə göstərmək istəyirik ki, illah ki bu xəbər bizimdir. Biz sadəcə olaraq bir mədəniyyət olaraq bunun Azərbaycan mediasında oturuşmasını istəyirik ki, burda qeyri-adi heç nə yoxdur. Bir agentlikdən xəbər götürüb, xəbəri vermək həm həmin media qurumunun normal işini qurduğunu göstərir, həm də onun bir növ sığortasıdır. Bunu istəyirik çatdıraq. Yoxsa ki, kimlərin ki bilməsi lazımdır bu xəbər APA-nındır, onların onsuz da hamısı bilir. Yəni bir adam əgər televiziyada xəbərləri mütəmadi izləyirsə, yaxud alternativ sayta baxırsa, deməli, APA-ya da, digər saytlara da baxır. Demək bir saytla, bir xəbər proqramı ilə kifayətlənmir. Ən azı bir neçə media qurumuna nəzər salırlar. Görürlər ki, eyni xəbər başqa qurumlarda APA-ya istinadən gedib, bir saytda və yaxud televiziya, qəzetdə APA-nın adı çıxarılıb. Həmin adamlar onsuz da bilirlər ki, xəbər APA-nındır. Agentlik onsuz da elə bir şeydir ki, onun kütlələrə xitab etmək problemi yoxdur. Mənə bəzən deyirlər ki, APA saytının tirajı azdır. Deyirəm ki, "Lent.az"ı yaradaraq böyük tirajlı media qurumu yarada bildiyimi göstərmişəm. APA sadəcə müştərilər üçün nəzərdə tutulub. APA-ya istinad edən qurumların nə qədər tirajı varsa, həmin tiraj elə APA-nın tirajıdır. Sadəcə olaraq biz göstərmək istəyirik ki, Azərbaycan mediasında müəllifə istinad bir mədəniyyət olaraq, ənənə olaraq oturuşsun. Adamlar anlasınlar ki, birinin telefonunu oğurlamaqla birinin zəhmətini, xəbərini oğurlamaq eyni dərəcədə oğurluq sayılır. Oğurluq bütün hallarda pis şeydir. O ki qala ziyalı insan üçün. Æurnalistlər də özlərini ziyalı hesab edirlər. Bu baxımdan biz bunun mübarizəsini aparırıq. Onsuz da özünə hörmət edən adamlar heç vaxt xəbəri istinadsız vermirlər.

   - İnternet mediası sahəsində artan rəqabət sizi qorxutmur ki? APA-ya hazırda rəqib gördüyünüz portal varmı? 

   - Mən hər kəsi özümə rəqib görürəm. Hesab edirəm ki, rəqibin olması problem deyil. Əksinə, insanı formada saxlamaq üçün stimuldur. Hər halda adamlar başa düşürlər ki, onlar arxayınlaşmamalıdırlar. Bu baxımdan bizim üçün hər kəs rəqibdir. Biz hesab edirik ki, Azərbaycan mətbuatında olan bütün media qurumlarının hərənin öz rəngi, yeri var. Heç zaman bizi kimsə keçməyəcək deyə bir şey yoxdur. Sadəcə olaraq rəqib var. Biz də bilirik ki, rəqiblərimiz var və çalışırıq ki, onların arasında öz yerimizi qoruyub saxlayaq.

     

 

   Firdovsi Fərzəliyev

 

   Şərq.- 2011.- 17 noyabr.- S. 6.