Ölümdən o yana yaşayan insan

 

Mən hələ balacaykən evimizdə tez-tez "İncə dərə"si, "Kəmərli" sözlərini eşidirdim; filankəs İncə dərəsindəndir, filankəs Kəmərlidən filan aşığın qardaşı oğludur. Kəmərli kəndindən olan Aşıq Cəlalın qardaşı Cavad, əmiləri Yolçu kişi, Hüseyn kişi (bizlərdə onu Qara Söyün çağırardılar) yaxın qonşularımız idi. Hüseyn kişi atamla dost olduğundan tez-tez görüşürdülər. Keçmişdən - gələcəkdən söhbət edirdilər. Uzun qış gecələrində pürrəngi çaydan ləzzətlə içib nərd oynayırdılar.

Arada Hüseyn kişi oyununu yarımçıq kəsib elindən-obasından, səsini eşitdiyi aşıqlardan danışar, onların söylədikləri dastanlardan əzbər deyərdi. Mən də uşaq ağlımla gözümü onun ağzına dikər, söylədiklərini yaddaşıma həkk eləyərdim. Hüseyn kişinin ürəyi doğma kəndinin yanında idi. Kəndindən, İncə dərəsindən elə həsrətlə danışırdı ki, məndə İncə dərəsinə, Kəmərli kəndinə qarşı bir maraq, istək yaranmışdı. Onun söhbətlərindən Aşıq Avdını, Aşıq Cəlalı artıq "tanıyırdım". İncə dərəsi deyiləndə gözlərimin önünə hər iki sinəsi lalalı, güllü-çəmənli dərin yarğan canlanırdı. Sonradan gördüyüm, adı kimi özü də incə olan İncə çayının həzin şırıltısını eşidirdim. Məndə elə hiss yaranmışdı ki, İncə dərəsini, Kəmərli kəndini nə vaxtsa görəcəyəm. İncə dərəsi həm də anamın söhbətlərindən yadımda qalmışdı. Kolxoz quruculuğu dövründə, "kulaklıq" başlayanda kəndin say-seçmə oğullarını, heç bir günahı olmayan adamlarını tutub sorğu-sualsız əl-ayaqlarını bağlayaraq arabalara doldurub gözdən-könüldən uzaq İncə dərəsinə aparıblar. Şura hökümətinin başı qırmızı haşiyəli, qırmızı ulduzlu əsgərləri onları qızıl güllələrdən keçirib İncə dərəsində də torpaqlayıblar. Bu vəhşilik tarixə salınmasa da xalqın yaddaşından silinməmişdi.

Həm anamın söhbətləri, həm də Hüseyn kişinin nisgilli danışığı məndə oranı görmək istəyi oyatmışdı.

...Ancaq bu istək çox sonralar baş tutdu. Qazax şəhərində böyük ədibimiz Mehdi Hüseynin 100, İsmayıl Şıxlının 90 illik yubileyləri keçirilirdi. Mən də bu yubileyə dəvətli idim. Qazax Xeyriyyə Cəmiyyətinin xətti ilə 2009-cu ilin bir yay günü Qazağa getdik. Yubileylərdə iştirak edib Qazağın tarixi yerlərini gəzdik. Damcılı bulağın şərbət dadan suyundan nuş etdik, Göyəzən dağına salam verdik. Orada, indi el arasında zərb-məsələ çevirilmiş bir əhvalat yadıma düşdü. Səməd Vurğunla Mirzə İbrahimov möhkəm dost olublar. Onların dostluğu dillərdə dastana dönmüşdü. Onlar sanki qoşa qanad idilər, qardaşdan artıq istəyirdilər biri-birlərini. Həm də əqidə və məslək dostu idilər. Səməd Vurğun Mirzə İbrahimovla Qazağa gedir. O, M.İbrahimovu Qazağın tarixi yerlərilə tanış edir, Göyəzən dağını göstərir. Mirzə İbrahimov zarafat edib deyir: "Ayə, a Səməd, sənin vəsf etdiyin Göyəzən dağı budurmu? Bu ki, təpədir?" Səməd Vurğun hazırcavablıqla deyir: "Şairin də böyüklüyü ondadır ki, təpəni dağ eləsin".

Şairə Fəridə Ləman məni öz kəndlərinə - Kəmərliyə dəvət etdi. O, sanki mənim uzun müddət ürəyimdə gəzdirdiyim İncə dərəsinə və Kəmərliyə olan marağımı duymuşdu. Mən razılıq verdim və biz Kəmərliyə getdik.

Kəmərli rayon mərkəzindən 40 km uzaqdadır. Mərkəzdən uzaqda olsa da çox axarlı - baxarlı bir yerdə salınıb. İncə çayı Kəmərlinin belinə kəmər kimi dolanıb. Mənim doğulub böyüdüyüm Poylu qəsəbəsinin bir tərəfindən Dəli Kür, o biri tərəfindən Ağstafa çayı axır. Ağstafa çayı daşanda özü ilə yuxarı kəndlərdən nələr gətirmirdi? Ev əşyası, kökündən qopardığı ağaclar... Dəli Kür də adından bəllidir. Bu çaylardan sonra İncə çayını görəndə Fəridə xanıma zarafatyana dedim: Ay Fəridə xanım, bu bizdəki arxlara oxşayır, çaya yox.

Bu da uşaqlıqdan qiyabi tanıdığım Kəmərli kəndi...  

Nə gözəl Vətənimiz, obalarımız, dağımız - dərəmiz var. Fəridə xanımın anası Lətifə ana ilə görüşürəm. Nə şirin deyir: "Xoş gəlibsiz, dərdin alem". Yenə də yadıma bir əhvalat düşdü. Əslən Daş Salahlıdan olan Məmməd ailəsilə Bakıda yaşayır. Qızı Pərvanə balaca olanda tez-tez kəndə - nənəsigilə qonaq gedirdi. Pərvanənin gəlişini eşidən doğmaları, əzizləri, qohum-qonşuları onun görüşünə gələr, qızcığazı qucaqlayıb üz-gözündən öpərdilər. Balaca Pərvanə üzünü ovcunun arxası ilə bərk-bərk silər, bununla kifayətlənməyib su krantının yanına qaçar, sabunla əl-üzünü möhkəm-möhkəm yuyardı. Pərvanə böyüyür, isti nəfəsli mehriban əzizləri bir-bir dünyadan köçür. 30 yaşa çatmış Pərvanədən soruşuram:

- Pərvanə, indi də səni öpəndə üzünü silirsən?

Gözləmədiyim halda şıltaq bir qız kimi yaddaşımdan silinməyən Pərvanənin səsində qəmginlik duyuram:

- Heç indi öpən var ki, siləm də?

Pərvanənin yaşarmış gözlərinin ifadəsində və səsinin titrəyişində bir təəssüf, peşmançılıq, həsrət sezdim. Nənə, baba yaxınlar, qocalar, yaşlılar dünyalarını dəyişib. Həsrətini çəkdiyimiz o şirin sözlər "qavağında ölöm", "a çiynində gedem", "a çıram", "ağrın alem" və s. bu kimi sözləri deyənlər indi çox azalıb.

Dilindən bal süzülən Lətifə xala bizimlə bərabər oturdu. Sinədəftər ana kəndindən, məşhur adamlarından: Aşıq Avdıdan, aşıq Cəlaldan, qardaşı Mürsəl müəllimdən, Qiyasbəylilərdən, Şıx Qayadan, Hacı Mahmud Əfəndinin ocaq yerindən və ...nəhayət bədəndə şah damar Aslan Kəmərlidən danışdı.

Kəmərli kəndi Qazax rayonunun ən axırıncı sərhəd kəndidir, ermənilərlə qabaq-qənşərdir. Kənd igid bir əsgər kimi sinəsini sərhəddə tərəf tuş edib qəhrəmanlıqla Qazax torpağını qoruyur, gecə-gündüz böyük vətənə keşik çəkir. Kəndin başı üstündə çətir kimi sallanan, Qılınckəndi meşəsi də daxil olmaqla 5000 ha torpaq sahəsi 1984-cü ildə ermənilərə "pay" verilib. Xalqın razılığı və xəbəri olmadan verilən bu torpaqlar kəndə, eləcə də İncə dərəsinə vurulan ən böyük zərbə idi. Suları diş göynədən bulaqlarına, sinəsi yaşıl talalı meşələrinə, başı qarlı, dumanlı, çənli dağlarına həsrət qalan kəmərlilər ümidlə yol gözlədilər. Yol gözlədilər ki, yenidən o meşələrə gedib dincələcəklər, bulaqların soyuq suyundan içəcəklər...

  

   Dillənmir Avdının, Cəlalın sazı, 

   Meşələr yas tutub, açılmır yazı, 

   Çəkilmir qayğısı, çəkilmir nazı,

   Torpağı paralı İncəliyəm mən.

 

Kəmərli İncə dərəsinin ən böyük kəndidir. Bu torpaqlarda kifayət qədər ziyalılar, elm adamları, alimlər, şair və yazıçılar, ən əsası isə saz və söz ustadları yetişib. İncə dərəsinə sığınan kəndlərin sakinləri keçmişdə əkinçilik və maldarlıqla məşğul olar, yayda yaylağa, qışda qışlağa köçərdilər. Sovet qurulduqdan sonra isə maarifçiliyə güclü bir meyl artmış və ziyalı nəsli yetişmişdir. Vağzala, rayon mərkəzinə yaxın olan kəndlərin bəzi məşğuliyyətləri onlara yad olub. Uzaq və dağ kəndlərin əsas məşğuliyyəti oxumaq, savad almaq olub. Odur ki, İncə dərəsinin ziyalıları daha çoxdur.

Bu qədər ziyalısı, elm adamları, alimləri, aşıqları olan İncə dərəsi adından da bəlli olduğu kimi, hər daşı, hər çınqılı, çiçəyi-göyçəyi incədən-incədir. Belə incə qəlbə malik insanlar belə də olmalı idilər: duyğulu, hissli, həyəcanlı, təlatümlü, vətənə, torpağa bağlı, vətən aşiqləri, vətən eşqili vətən fədailəri...

Aslan Kəmərli əsl vətən aşiqi, torpaq fədaisi idi. Vətən yolunda da şəhid getdi. Vətəni sevərək, alışaraq, od tutaraq yana-yana dünyasını dəyişdi. Uşaqlıqdan şeir vurğunu idi. Klassiklərin şeirlərini, poemalarını əzbərdən bilirdi. Gözünü dünyaya açdığı gündən qulaqlarının eşitdiyi ana laylası, bir də sazın yanıqlı səsi olub. O, anadan şair kimi doğuldu. Hələ bilmirdi ki, onun kiçik vətənini nə gözləyir. Bilmirdi ki, böyük vətəninin başının üstündə necə qara buludlar alacaq. Hələ körpə idi. Qayğısız böyüyürdü. Doğma Kəmərlidə, Qılınckəndi meşəsində gəzər, xəyallara dalar, ürəyinə gələn misraları kağıza köçürər, sonra isə bundan kiminsə xəbər tutacağından çəkinərək yazdıqlarını cırıb atardı. O qəlbində böyük arzu-ümidlə Bakıya gəldi. "Neft daşları" qəzetində işə düzəldi.  

1971-1977-ci illərdə həmin qəzetin redaktoru olmuşdu. İşləyə-işləyə həm də M.Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsini bitirmişdi. İlk şeiri 1968-ci ildə "Ədəbiyyat" qəzetində çap olunmuş və elə o vaxtdan da şeir dəryasında üzməyə başlamışdı. Hər şey yaxşı getsə də o, daxilən özündə bir narahatçılıq duyur, qəlbi ümman kimi çalxanırdı. Nədənsə nigarançılığı var idi. Zori Balayanın "Ocaq" kitabı çıxanda o hər şeyi yaxşı anladı. Başa düşdü ki, bu narahatçılığa səbəb nədir? Onun qabaqcadan duyduğu, hiss etdiyi hadisələr cövlan etməyə başladı. Mənfur qonşularımız yeni-yeni torpaq qoparmaq eşqinə düşmüşdülər.

Onun doğma kəndi ermənilərlə qabaq-qənşər döyüşürdü. Kəndinə kömək lazım idi, ona arxa, dayaq durmaq lazım idi. O, özündə bu təpəri tapdı. Kəndini, onun adamlarını sınmağa, əyilməyə, ruhdan düşməyə qoymadı və onun təşəbbüsü ilə Kəmərli Xeyriyyə Cəmiyyəti yaradıldı. Vətənini, torpağını sevən insanlar bu cəmiyyətin üzvü oldular. Cəmiyyət böyüyərək Qazax Xeyriyyə Cəmiyyətinə çevrildi və ilk sədri də məhz Aslan Kəmərli oldu.

Aslan Kəmərli təpədən dırnağa şair idi. O, həm əməllərilə, həm şeirlərilə vətəninə xidmət göstərmişdi. Vətənin dərdini öz dərdi bilərək için-için qovrulmuşdu. Çox istəyirdi ki, Vətəni yetişdirdiyi övladından yarısın. Odur ki, arzularını şeir diliylə deyir:

  

   Sıldırım qayadı zirvədə bitən,

   Bu köklü qayanın başında çiçək.  

   Oğlundan-qızından yarısa vətən  

   Qumunda gül bitər, daşında çiçək.

 

Aslan Kəmərlinin ən yaralı yeri vətəninin, kəndinin torpaqlarının, Qılınckəndi meşəsinin ermənilərə verilməsidir, vətəninin hissə-hissə kiçilməsidir.

  

   Nə deyim Vətənin böyüklüyündən?

   Torpaq kiçildikcə kiçilirik biz.

   Bəlkə də, bəlkə də elə ilk gündən  

   Vətənin boyuna biçilirik biz.

 

Aslan Kəmərli şeirinin bircə bu bəndini oxuyanda adam özü-özündən xəcalət çəkir, gizlənməyə yer axtarır. Bir-birimizin gözünün içinə düz baxa bilmirik. Gör özümüz-özümüzə nə pisliklər etmişik? - Torpağı öz əlimizlə, öz istəyimizlə kiçiltmişik. Kiçilmək isə alçalmaq, başqasının qabağında miti, qul olmaq kimidir. Öz əlimizlə meşəmizi, torpağımızı erməniyə pay vermişik. Niyə belə etmişik, kim bizi buna məcbur edib? Humanistlikmi, gözü toxluqmu? Qorxaqlıqmı, ya yuxarılara yarınmaqmı? Bütün bunlar Aslanı az qala aslana döndərir, torpaqları verənləri didib parçalamaq istəyindən özünü zorla saxlayır. Aslanın vətəni yaralıdır, yarasından al-qırmızı qanlar fışqırır, vətənin əli daş altındadır, o haray çəkib yatanları oyadır, yaltaqları qınayır. Qeyrəti olanları, vətəni sevənləri ürəyinin yanğısı ilə onun harayına hay verməyə çağırır. Aslan hamıdan çox özünü qınayır, vətən keşiyində ayıq-sayıq durmağı özünün ən ümdə vəzifəsi bilir. Əyilmə qeyrətim deyir, sınma inadım deyir:

  

   Əyilmə qeyrətim, sınma inadım,  

   Bu torpaq, o torpaq göz tikib sənə.

   Vətən dar günündə mənə inandı,

   Qoru bu inamı, bərk qoru yenə!

 

Aslan Kəmərlinin çapa gedəcək "Ölümdən o yana" kitabı onun ömrünün sonuna yaxın qələmə aldığı şeirlərdən və poemalardan ibarətdir. Şeirləri başdan-başa vətən yanğısı, vətən yaralarının odundan-közündən qidalanıb. Aslanın şeirləri düşmənə, vətən satqınlarına nifrət ruhundadır. O, özünü də günahkar sayır; vətənin keşiyində ayıq-sayıq, mübariz olmamaqda.

Kəmərli kəndinin Qazağın ən axarlı-baxarlı yeri olduğunu namərd qonşularımız bizdən yaxşı bilirdilər. Odur ki, ora tez-tez həmlələr edirlər. Torpaqlarının, meşəsinin əldən getdiyini görən Aslan Kəmərli birinci olaraq haray qoparmışdı. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə A.Kəmərli həm də şair-vətəndaş kimi səsini qaldırmışdı. Yazdığı şeirlərində, poemalarında, publisistik məqalələrində, etdiyi çıxışlarında Aslanın vətəndaş mövqeyi, kişi dəyanəti öz əksini tapıb. Bir-birinin ardınca çıxan şeir kitablarında: "Kəndimizin baharı" (1970), "Obamıza yolum düşüb" (1979), "Yadigar şəkil" (1981), "Ömrümə düşən işıq" (1984), "Yolumu gözləyən var" (1986) və "Ölümdən o yana" (1992) bu harayı, odlu-alovlu ürək sahibini aydınca görmək olur.

"Ölümdən o yana" kitabı ikinci dəfə nəşr olunur. Latın qrafikası ilə. Bu kitab Aslanı qəlbində gəzdirənlərə, aslansevərlərə hədiyyə olacaq. Aslanın özü demişkən "Ölümdən o yana hər insan ömründən qalan əməl, əqidə yadigarları yaşayacaq. Əslində uzun və ya gödək bir ömrün hasilidir ölümdən o yana, bizə qalanlar".

Aslan Kəmərli ölməyib, o bizim aramızdadır. Onun ruhu da, əməlləri də, şeirləri də, mübarizəsi də, yaratdığı Qazax Xeyriyyə Cəmiyyəti də bizimlədir, daim bizimlə də yaşayacaq.  

Aslan Kəmərlinin ürəyi bir qala idi: dürlü-dürlü arzuları orada yuva salmışdı. Onun arzuları yol gedirdi. Getdiyi yol daşlı-kəsəkli, çətin yol idi. Onun yolu, yolu ilə birlikdə arzuları da yarıda qırıldı. Ancaq, qoy ölüm sevinməsin Aslanın yoxluğuna. Onun ömrü ölümündən o yana başlayırmış. Ölümdən o yana ömür var imiş, həyat, vuruş, mübarizə var imiş. Qoy heç onun cismi qoyulmuş məzar da sevinməsin. İnsanlar onun məzarını ziyarət etmək üçün axın-axın gəlir. Onun əməlləri, amalları oğlunda, qızında, vətənin mərd ərənlərində yaşayır. Onun çətinliklə yaratdığı QXC-də yaşayır. Onun sağlığında qazandığı ad-san, şan-şöhrət indi dil açıb böyüyür, qədəmlərini yerə möhkəm basır. Həyatın sonunda hər bir insan imtahan verir. Kimi bu imtahandan üzü çıxır, kimi məzardan da aşağı gömülür.

  

   Ölümdən o yana yaşayır ad-san,  

   Ölümdən bu yana qalır nisgili. 

   Ölümdən o yana anılır insan,

   Yaxşı-yaxşı kimi, pis də pis kimi.

 

...Aslan Kəmərli ölümdən o yana yaşayan yaxşılardandır.

 

 

Salatın Əhmədli,

Filologiya üzrə fəlsəfə doktoru

 

Şərq.- 2011.- 19 noyabr.-S. 11.