Azərbaycanda həmkarlar təşkilatı
institutu
Bu
institut ictimai münasibətlərdə demokratik prinsiplərin
əsas meyara çevrilməsində müstəsna rol
oynayır
Sivil dünya dövlətlərinin
imicini insan hüquqlarına münasibət və həmin
ölkələrdə insan hüquqlarının vəziyyəti
müəyyən edir. İnsan hüquq və
azadlıqlarının təmin edilməsi cəmiyyətdə
demokratiyanın təşəkkülü və geniş
inkişafı üçün həlledici amil rolunu
oynayır. Bu səbəbdən də hüquq və
azadlıqların təmin olunması demokratiyanın
başlıca dəyərlərindən sayılır.
Demokratiya,
inkişaf, insan hüquq və azadlıqlarına hörmət
bir-biri ilə üzvi
surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir.
İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin,
ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri
birləşdirən, onları insaniləşdirən ən əsas
meyardır. Bəşər
sivilizasiyasının ən müdrik kəşflərindən
sayılan insan hüquqları bu gün hamının
anladığı və anlamalı olduğu
əvəzsiz nailiyyətdir. İnsan
hüquqlarına hörmət, insan
hüquqlarının qorunması müasir
dünyaya qovuşmağın əsas yoludur.
Demokratik dövlət quruculuğunu özünün başlıca istiqaməti kimi müəyyən edən Azərbaycanda bu dəyərlərin qorunması üçün lazımi addımlar
atılır, demokratik dəyərlərin
üstün tutulması müasir
Azərbaycan dövlətinin əsas prinsiplərindən birini təşkil edir.
Sirr deyil ki, ölkəmiz
müstəqillik qazandıqdan sonra əsrlərin
sınağından çıxmış ümumbəşəri
dəyərlərin üstünlüyünü
qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu seçib. Azərbaycan
Respublikasının ümumxalq səsverməsi
ilə qəbul olunan Konstitusiyasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi
kimi bəyan edilib. Azərbaycan
dövləti siyasi-hüquqi
potensialından tam istifadə etməklə
bu məqsədə nail
olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq
üçün tədbirlər görüb və bu gün də həmin tədbirlər davam etdirilməkdədir. Konstitusiyada irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir
insanın hüquq və
azadlıqlarının müdafiəsi qanunvericilik,
icra və məhkəmə orqanları
qarşısında ümdə vəzifə kimi
qoyulub. Ölkədə artıq hüquqa və ədalətə söykənən,
vətəndaş cəmiyyətinin və bazar
iqtisadiyyatının inkişafına tam zəmanət
verən qanunvericilik bazasının əsası
qoyulub və onun təkmilləşdirilməsi
davam etdirilir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı olan ölkə
başçısı İlham Əliyev
tərəfindən ardıcıl həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi
islahatların təməlində insana
qayğı, insan ləyaqətinə
hörmət, insan hüquq
və azadlıqlarının təmin edilməsi dayanır. Ümumiyyətlə, hüquqi
dövlətdə insan hüquqları və
azadlıqları ən yüksək nemətlərdən
sayılır. İnsanın, onun
hüquqları və azadlıqlarının ən yüksək
nemət kimi tanınması
bütövlükdə cəmiyyətin hüquqi
müdafiəsinin zəruri əsasını təşkil
edir. Bu da öz növbəsində
insan və vətəndaşın əsas
hüquqları və azadlıqları, onların real təminatları sisteminin
təkmilləşdirilməsinə və səmərəli fəaliyyət
göstərməsinə şərait yaradır. Hüquqi dövlətin qurulmasının əsasını
təşkil edir. Hüquqi
dövlətin zəruri şərti və əlaməti kimi dövlət və vətəndaşların
qarşılıqlı məsuliyyəti dövlətlə vətəndaş
arasındakı münasibətlərdə mənəvi əsasları
ifadə edir. Həmin münasibətlərin
bərabər və ədalətli qurulmasını şərtləndirir.
Vətəndaş öz hərəkətlərinə
görə dövlət, qanun və cəmiyyət
qarşısında məsuliyyət
daşıdığı kimi dövlət,
onun təşkilatları və vəzifəli
şəxsləri də öz hərəkətlərinə
görə cəmiyyət və vətəndaş
qarşısında məsuliyyət
daşımalıdır. Məlumdur ki, demokratik cəmiyyətdə vətəndaşların
dövlət üzərində nəzarətini ictimai təşkilatlar həyata keçirir. Ona görə
də demokratik dövlət quruculuğu yolunu seçən
ölkələrdə ictimai təşkilatların
fəaliyyəti, vətəndaş cəmiyyətinin
qurulması vacib amil
sayılır. Məhz ictimai təşkilatlar
dövlətlə vətəndaş arasında körpü funksiyasını həyata
keçirərək ölkənin demokratikləşməsinə,
insan hüquq və
azadlıqlarının təmin edilməsinə
yardımçı olur. Azərbaycanda ictimai təşkilatların yaradılması
və fəaliyyəti üçün
lazımi şəraitin yaradılması, bu
sektorun inkişaf
etdirilməsi dövlətin başlıca siyasətidir. Azərbaycan
dövləti üçün cəmiyyətdə
demokratik prinsiplərin təbliği, insan hüquq və
azadlıqlarının təminatı və müdafiəsində
qeyri-hökumət təşkilatlarının rolu
danılmaz faktora çevrilib.
Ayrı-ayrı sahələri əhatə edən
ictimai birliklərin fəaliyyəti cəmiyyətdə
demokratik prinsiplərin təbliğ
olunmasında vətəndaşlarla dövlət arasında xüsusi əlaqə yaradır. İctimai birliklərin fəaliyyəti
dövlət siyasətinin icra olunması
nəticəsində meydana çıxan
problemlərin aradan qaldırılmasında
mühüm rol
oynayır. Bu mənada Həmkarlar Təşkilatları
İnstitutu da ictimai təşkilat kimi çox mühüm funksiya həyata keçirir.
Bu gün Azərbaycanda Həmkarlar Təşkilatı
İnstitutu ilk
növbədə yeni istehsal
münasibətlərinin formalaşması, özəl sektorun sosial-iqtisadi sferada aparıcı qüvvəyə
çevrilməsi, işçilərlə işəgötürənlər
arasındakı münasibətlərin yeni
dövrün tələbləri əsasında
dəyərləndirilməsini, tərəflərin
hüquq və vəzifələrinin qanunvericilik çərçivəsində tənzimlənməsinə
ictimai nəzarətin təşkilini təmin
edən etibarlı ictimai təsisat
funksiyasını həyata keçirir. İctimai münasibətlərdə sivil prinsiplərin əsas meyara
çevrilməsində müstəsna rol
oynayır. Sirr deyil ki,
Müstəqil Azərbaycan Respublikası kimi
Azərbaycanda fəaliyyət göstərən həmkarlar təşkilatları
da ağır və kəşməkəşli
inkişaf yolu
keçərək hazırkı inkişaf
səviyyəsinə gəlib çıxıb. 1990-1993-cü
illərdə Azərbaycanda yaşanan böhran, torpaqlarımızın erməni
qəsbkarları tərəfindən işğal
olunması Azərbaycanda fəaliyyət göstərən həmkarlar
təşkilatlarının fəaliyyətinə də mənfi
təsir göstərib. Doğma torpaqlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində,
tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya, iş yerlərinin
bağlanması, ağır iqtisadi böhran və s. bu kimi problemlər həmkarlar
təşkilatlarının ittifaq üzvləri
qarşısındakı öhdəliklərini yerinə
yetirməsində ciddi maneələr
yaradıb. Bu açınacaqlı vəziyyətin
dəyişməsi yalnız 1993-cü ildə ulu
öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun
tamamilə dağıdıldığı, ölkədə
hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn
xalqın böyük oğlu
Heydər Əliyevin yürütdüyü
məqsədyönlü siyasət nəticəsində
qısa müddət ərzində irimiqyaslı layihələrin
icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr
fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın
iqtisadiyyatı yenidən quruldu. Bu inkişaf, tərəqqi tezliklə həmkarlar
ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə
rəhbərlik etdiyi illərdə həmkarlar
təşkilatlarının fəaliyyətində ciddi dönüş
yarandı. Bu təsisat öz
mahiyyəti üzrə fəaliyyət göstərməyə
başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində
demokratik prinsiplərin geniş
tətbiqi həmkarlar təşkilatlarını
işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin
daxilində həll edə bilən özünüidarəetmə
sisteminə çevirdi. Həmkarlar
ittifaqlarının fəaliyyətində inzibati
amirlik metodlarına son
qoyuldu, sahə həmkarlar
ittifaqlarının səlahiyyətləri özlərinə
qaytarıldı. Təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol
açıldı. Ümummilli liderimiz həmkarlar təşkilatlarının
fəaliyyəti ilə bağlı qanunvericilik
bazasının möhkəmləndirilməsi istiqamətində
də misilsiz işlər gördü.
Həmkarlar təşkilatlarının inkişafına təkan
verən önəmli addımlardan biri
1994-cü ilin 24 fevralında "Həmkarlar
ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi
təhsil işçilərinə də heç
bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan
icazə almadan könüllü
surətdə həmkarlar ittifaqları yaratmaq,
həmçinin öz qanuni
mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək
üçün həmkarlar
ittifaqlarına daxil olmaq
və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul
olmaq hüququ verdi. Həmçinin həmkarlar
ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən,
siyasi partiyalardan və
ictimai birliklərdən asılı
olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının
müəssisələrin rəhbərliyindən
asılılığının olmaması, qanunvericilikdə
bu təsisatın
işinə kənar müdaxilələrin yolverilməzliyi ilə
bağlı müddəanın öz əksini
tapması həmkarlar təşkilatlarının təhsil
işçilərinin hüquqlarının qorunması istiqamətində
sərbəst fəaliyyət göstərməsinə şərait
yaratdı. Qanunun qüvvəyə minməsindən
sonra bu təsisat
özünün davamlı inkişaf yoluna qədəm
qoydu. Hər il əməkhaqlarının
artırılması, əhalinin yaşayış səviyyəsinin
yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının
yaxşılaşdırılması istiqamətində
atılan addımlar tezliklə öz bəhrəsini
verdi. Həmkarlar təşkilatları
nüfuzlu bir quruma çevrildi. Ümummilli lider Heydər Əliyev
mənəvi-siyasi irsinin ən layiqli varisi möhtərəm
prezidentimiz İlham Əliyevin
həmkarlar təşkilatlarının fəaliyyətinə verdiyi önəm, dövlətin diqqət və
qayğısı bu təsisatın üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirməsi imkanlarını daha da genişləndirdi. Bütün bunlardan
sonra həmkarlar təşkilatları
getdikcə inkişaf edərək bugünki səviyyəyə gəlib
çatdı. Bu gün
Azərbaycanda ayrı-ayrı sahələr üzrə fəaliyyət
göstərən həmkarlar təşkilatları Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında bir araya gəlir. Respublikamız
inkişaf etdikcə həmkarlar
ittifaqları da inkişaf
edir, öz
sıralarını genişləndirərək nüfuz qazanır. Dövlətimiz
tərəfindən həmkarlar təşkilatlarının
müstəqil fəaliyyət göstərə bilməsi üçün yaradılmış münbit şərait, dövlət rəhbərliyi
səviyyəsində bu təsisatın cəmiyyət
həyatındakı roluna verilən mühüm önəm, vətəndaşların əmək hüquqları ilə
bağlı qanun və qərarların qəbulu
zamanı həmkarlar təşkilatlarının rəyinin nəzərə
alınması bu təsisatın yeni-yeni uğurlara imza atmasını şərtləndirir.
Ölkə iqtisadiyyatında özəl sektorun
yerinin və çəkisinin
artdığı bir dönəmdə həmkarlar
ittifaqları əmək prosesinə cəlb olunmuş vətəndaşların iş şəraitinin
yaxşılaşdırılması, sosial
problemlərinin həlli və əmək
hüquqlarının təmin olunması üçün
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirir. Müstəqil
dövlətimizin dünyaya inteqrasiya olunmasından yararlanan
sahə həmkarlar təşkilatları Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının əməkdaşlıq
etdiyi nüfuzlu beynəlxalq
təşkilatların imkanlarından bəhrələnərək
əməyin təşkili və sosial
problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini
öyrənir və ölkəmizdə tətbiq edir. Beləliklə də Həmkarlar
İttifaqları İnstitutu ictimai təsisat olaraq
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəlir. Ölkədə həmkarlar təşkilatlarının
fəaliyyətinin hazırkı səviyyəsi həm də
Azərbaycanda demokratik prinsiplərin, insan hüquq və
azadlıqlarının qorunmasının diqqət mərkəzində
dayandığını, ictimai təşkilatların
fəaliyyətinə göstərilən diqqət və
qayğının yüksək səviyyədə olduğunu göstərir.
Anar Bayramoğlu
Şərq.- 2011.- 22 noyabr.- S. 12