Müasirləşən Abşeron  

  

   Bəşəriyyətə məlum olan sivilizasiyaları biri-birindən fərqləndirmək üçün həmin dönəmdə yaşayışın, quruculuq işlərinin keyfiyyətinin, elmi-texniki tərəqqinin inkişaf səviyyəsi əsas meyar kimi götürülmüşdür. Qədim türklərin maddi mədəniyyət nümunəsi olmuş Şumer sivilizasiyası bu göstəricilərlə müqayisədə mövcud sivilizasiyaların fövqündə dayanmışdır. Odlar Yurdu Azərbaycanımız da bir çox sivilizasiyaların beşiyi olmuşdur. Bölgələrdə aparılan arxeoloji qazıntılar zamanı həmin sivilizasiyalara aid həyat tərzi üzə çıxır.

  

   Tarixi keçmişə nəzər

  

   Doğma Azərbaycanımızın qədim yaşayış məskənlərindən biri də Abşerondur. Tanrının bütün gözəllikləri bəxş edilmiş Abşeron məkanı ərazisində yaşayışın mövcud olduğu zamandan əvəzsiz və misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Əsrarəngiz gözəl təbiətə malik olan Abşeron Xəzər dənizinin qərb sahilində yerləşir. Bu diyarın keçmişi haqqında məlumatlar tarixin lap qədimliklərinə gedib söykənir. Belə ki, Abşeronun Corat kəndinin adı eramızdan əvvəl IV, III minilliklərə aid tarixi mənbələrdə çəkilir. Xəzər dənizinin Abşeron sahillərində yerləşən Çora vilayətinin paytaxtı olan Çora şəhəri böyük liman və ticarət şəhəri kimi tarixə məlumdur. Hətta bəzi tarixi mənbələrin faktlarına əsasən alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Bizim eradan əvvəl yaşamış və tarixin atası sayılan Heredot Azərbaycana səyahət edərkən Məhəmmədi kəndində olan məşhur "Yanar dağ"da olmuş, yaxınlıqdakı yaşayış məskənini isə "Qurd yuvası" adlandırmışdır. Ümumiyyətlə, bütün Abşeron yarımadasında tunc dövrünə və erkən dəmir dövrünə aid qədim insan məskənlərini sübut edən kurqanların sayı-hesabı yoxdur.  

   Abşeron sözünün ehtimal olunan etimoloji açılımından biri də fars dilində - ab (yəni su) və şoran (yəni duzlu) sözlərindən ibarət olan "Şor su" anlamında işlədilir. Xanlıqlar dönəmində Abşeronun böyük bir hissəsi Bakı xanlığının ərazisinə daxil olub. Abşeron rayonu mərkəzi Xırdalan qəsəbəsi olmaqla Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmışdır. Abşeron rayonunun inzibati ərazisi 1407 kv.km-dir. 2006-cı il məlumatlarına əsasən rəsmi qeydiyyatda olan əhalisi 102,5 min nəfərdir. Ermənistan tərəfindən işğal olunmuş rayonlardan olan 20000 nəfərdən çox qaçqın və məcburi köçkün müvəqqəti olaraq Abşeronda məskunlaşmışdır.

    

   Abad və çiçəklənən Abşeron...

 

   Dahi öndər, ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın hər yerində xoş nəfəsli yeniliklər çiçəklənir. Bu gün Abşeronun hər yerində sözün əsl mənasında çox böyük abadlıq, quruculuq işləri gedir. 2005-ci ildən bu yana bütün problemlərin həlli yönündə ciddi addımlar atan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov başda olmaqla, bütün yerli strukturlar əhalinin xoş güzəranı naminə bir çox yeniliklər ediblər. Abşeronun bütün kənd və qəsəbələri eyni ahəngli inkişaf dinamikası ilə yeniləşir. Göz çevirib hara baxsan, orada bir yenilik, coşğunluq və qaynarlıq görmək olur. Hiss olunur ki, qədim və müasir Abşeron öz tarixiliyini, qədimliyini qorumaqla müasirliyinə doğru irəliləyir. Abşeron rayonu ərazisində 1 şəhər - Xırdalan, 8 qəsəbə - Ceyranbatan, Saray, Mehdiabad, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək, 6 böyük kənd - Masazır, Fatmayı, Məhəmmədi, Görədil, Pirəkəşkül və Novxanı vardır.

   Bakının 10 kilometrliyində yerləşən, bir vaxtlar kiçik bir kənd, 1936-cı ildə şəhər tipli qəsəbə olmuş, 2 oktyabr 2006-cı il tarixindən isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında şəhər statusu alan Xırdalan sanki qalaktika harmoniyası ilə müasirlik zirvəsinə doğru irəliləyir. Şəhərin mərkəzində salınmış Heydər Parkı burada yaşayan bütün sakinlərin və şəhərdən gələn qonaqların əsl istirahət məkanına çevrilib. 10 hektara yaxın süni salınmış şam meşəsində təmiz və oksigenlə zəngin müalicəvi hava mövcuddur. Müasir texnologiyalar əsasında inşa edilən musiqili fəvvarədə musiqi sədaları altında havaya qalxaraq rəqs edən təzyiqli su kütlələri isə bu harmoniyaya xüsusi bir gözəllik qatır. Parkda inşa edilmiş Heydər Əliyev muzeyi və Tarix diyarşünaslıq muzeyi nadir və zəngin eksponatları ilə intellektual səviyyəli insanların ziyarətindədir. Əlamətdar bayram günlərində rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan konsertlər də daxil olmaqla, ümumiyyətlə, şəhər sakinləri asudə vaxtlarını çox səmərəli və yaddaqalan keçirirlər. Xırdalan şəhərinin simasına uyğun gəlməyən bütün ticarət və iaşə obyektləri yenilənərək siması dəyişdirilib və üzəri müasir üzlüklərlə bəzədilir. Küçələrdə sərbəst gediş-gəlişə mane olmayacaq formada inşa edilən müasir üslublu çoxmərtəbəli binalar Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Piyadaların rahat hərəkəti üçün səkilərə döşənən üzlük daşlar rahatlığı ilə bərabər, həm də gözəlliyi ilə göz oxşayır. Hər səhər tezdən kommunal xidmət işçiləri şəhərin küçə və parklarını təmizləyərək şəhəri gözəlləşdirirlər.

   Xırdalan şəhərində "Misir parkı" kimi tanınan istirahət guşəsi də şəhər sakinlərinin dincəldiyi gözəl məkandır. Burada Misirin qədimliyinə və müasirliyinə uyğun qurulmuş dekorasiya insana xoş təsir bağışlayır. Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşən Xırdalan qəbiristanlığı tam olaraq hasarlanmış və üzəri nəfis memarlıq üslubunda bəzədilmişdir. Bütün bunlar Abşeronun müasirləşməsinə və milli memarlıq üslubunun bir qədər də zənginləşməsinə bir töhfədir.

   Abşeron Rayon İcra Hakimiyyətinin yaraşıqlı binasının həyətində hündürlükdən əzəmətli üçrəngli bayrağımız dalğalanır. Rayon Təhsil şöbəsinin və rayon Rabitə şöbəsinin binaları əsaslı təmir olunaraq yaraşıqlı görkəmə salınmışdır. Abşeron Rayon Polis İdarəsinin köhnə binası tamamilə sökülərək, yerində müasir standartlara cavab verən yaraşıqlı inzibati bina ucaldılıb. Abşeronun qəsəbə və kəndlərində bütün məktəblər yenidən qurulmuş və ya əsaslı təmir edilərək istilik sistemi ilə təchiz olunub.

   Dinamik inkişafla müasirləşən Ceyranbatan qəsəbəsi artıq tam olaraq şəhər statusuna cavab verir. Planla salınmış yeni məhəllələrdə tikilən arxitektur üslubuna görə bir-birindən gözəl yaşayış evlərinə baxdıqca insanın ürəyi rahatlanır və gözləri dincəlir. Rayon rəhbərliyinin perspektiv planlarına uyğun olaraq inşa edilən iaşə obyektləri, çoxmərtəbəli yaşayış binaları qəsəbə sakinlərinin bütün növ rahatlıqlarına hesablanmışdır.  

   Masazır qəsəbəsinin mərkəzindən duz gölünə qədər uzanan mərkəzi yol genişlənmiş və yolun kənarları təbii daş üzlüklərlə səliqə ilə üzlənib. Bu qəsəbə içində artıq bir neçə iri şəhərcik də yaradılıb. "Yeni Bakı", "Masazır yaşayış kompleksi", "Abşeron gənclər şəhərciyi" kimi iri mikrorayonlar böyüyən Bakının gələcək Baş Planına uyğun planlaşdırıldığından bunlar zamanını qabaqlamış nəhəng inşaat kompleksləridir.

   Ümumiyyətlə, hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi, 20 səhiyyə müəssisəsi, şəhər Sağlamlıq Mərkəzi əhalinin xidmətindədir. Həmçinin böyük əraziyə malik Abşeron rayonunda 1 ali məktəb, 2 texniki peşə liseyi, 1 kollec, 27 ümumtəhsil məktəbi, 21 uşaq bağçası, "uşaq-gənclər" idman məktəbi fəaliyyət göstərir. Sovetlər birliyi dağıldıqdan sonra zavod və trestlərinin çoxu dağılmış olan Abşeron rayonunda hazırda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, 10 yanacaqdoldurma məntəqəsi, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur. Cənab Prezident İlham Əliyevin daim diqqət və qayğısını hiss edən Abşeron sakinləri yeni açılan istehsalat müəssisələrində özlərinə yüksək əməkhaqqı müqabilində yeni iş yerləri taparaq, ailələri üçün yaxşı güzəran qururlar.

   Tanrı bu məkanın torpağına bol ruzi-bərəkət bəxş edib. Təmiz havalı Abşeronun səhəri də, gecəsi də insana əsrarəngiz gözəlliklər bəxş edir. İsti yay və sərin payız günlərində Abşeron bağları sanki cənnəti xatırladır. Abşeron rayonu ərazisində dünyada oxşarı olmayan təbiət möcüzələri də mövcuddur. Məhəmmədi kəndindəki "Yanardağ" turizm baxımından gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirə bilər. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü Abşeron yarımadasında yerləşdiyinə görə Azərbaycan palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə dünyada birinci yeri tutur. Bu gözəllikləri və nümunələri sadalamaqla bitirmək olmaz.

   Həmçinin Abşeronun kənd və qəsəbələrindən dünya miqyasında tanınan onlarca dövlət xadimi, şair, dramaturq, aktyor, rəssam və s. sənət adamları yetişmişdir. Onlardan Məmməd Əmin Rəsulzadə, Vəli Axundov, Qara Qarayev, Mehdi Hüseynzadə, Mikayıl Ələkbərov, Əliağa Vahid kimi məşhurlar Azərbaycan xalqı üçün heç vaxt unudulmayan şəxsiyyətlərdir.

  

   Problemlərdən uğurlu gələcəyə..

  

   Əlbəttə ki, Abşeron rayonunda da bəzi problemlər mövcuddur. Yeni salınmış məhəllələrə yol və kanalizasiya çəkilişləri həllini gözləyən problemlər sırasındadır. Nəzərə alınsa ki, sadaladığımız uğurlu inkişaf və göz oxşayan gözəlliklər qısa zaman ərzində, daha doğrusu, son 5 il içində yaradılıb, onda əminliklə inanmaq olur ki, çox yaxın gələcəkdə bu problemlər də öz müsbət həllini tapacaq. İcra başçısı Zakir Fərəcov daim rayon sakinləri ilə görüşlər təşkil edir və onların problemlərinin köklü həlli üçün aidiyyəti qurumlara göstərişlər verir. Buna görə də artıq Abşeronda qaz, su, işıq problemi, demək olar ki, tam həll olunmuşdur.  

   İcra başçısı Zakir Fərəcov rayonla bağlı hər bir əlamətdar hadisəyə xüsusi diqqət və qayğı göstərir. Gənclərin inkişafına mane olacaq problemlərin aradan qaldırılması Abşeronda sağlam ruhlu, istedadlı və savadlı gənc nəslin yetişməsinə təkan verir. İcra Hakimiyyətində təşkil olunan hesabatlarda beynəlxalq və ölkədaxili idman yarışlarında xüsusi fərqlənən abşeronlu gənclərə ev və digər həvəsləndirici mükafatlar təqdim olunur. Bu isə ölkə rəhbəri cənab İlham Əliyevin də idmana verdiyi xüsusi qayğı ilə paralellik təşkil edir. Hər il yüksək balla ali məktəblərə qəbul olmuş abşeronlu tələbələrə pul mükafatlarının, hədiyyələrin, fəxri fərmanların verilməsi Zakir müəllimin dərin idarəetmə qabiliyyətindən və elmə, təhsilə verdiyi üstünlükdən xəbər verir. İcra hakimiyyətində, həmçinin "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" proqramı çərçivəsində sahibkarlarla mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə yardım edilir. Onların azad iqtisadi rəqabət aparmaları üçün yaranan maneələri ortadan qaldırmaq üçün xüsusi göstərişlər verilir.

   Xırdalanın mərkəzində böyük postament üzərində ucaldılmış şahə qalxmış at heykəli sanki Abşeronun simvoludur. Çünki dədə-babadan at qeyrət, igidlik rəmzidir. Məhz Zakir müəllimin ideyası ilə hazırlanmış bu nəhəng sənət əsəri də onun qeyrətli abşeronlulara olan saf məhəbbətindən doğan səmimi hissidir.

   Öz şan-şöhrəti, füsunkar təbiəti, tükənməz təbii sərvətləri ilə Azərbaycanı dünyada tanıdan, ona baş ucalığı gətirən Abşeron rayonu əzmkar rayon rəhbərliyinin əməyi nəticəsində parlaq zirvələrə ucalacaq. Dinamik inkişaf edən Abşeron isə öz qədimliyini qoruyaraq, müasirliyinə doğru irəliləyəcək. Uzun illər Abşeron rayonunda yaşamağından qürur duyan bir alim, bir ziyalı kimi doğma Azərbaycanımın və onun bir guşəsi olan Abşeronun xoşbəxt, işıqlı gələcəyinə böyük ümidlərlə inanıram.

         

 

             Yusif Alıyev,

             fəlsəfə doktoru

 

             Şərq.- 2011.- 26 noyabr.- S.12.