Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: Elektron hökumət

 

  Dünya inkişaf etdikcə, yeni-yeni texnologiyalar yarandıqca bəşəriyyətin tələbləri də dəyişir. Cəmiyyətlər informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək vaxt itkisinə yol vermədən, rəsmi qurumlarla birbaşa təmasa keçmədən, əziyyət çəkmədən öz təminatlarını həyata keçirmək istəyirlər. Hazırda informasiya texnologiyaları o səviyyəyə çatıb ki, artıq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr elektron hökumət qurmağa başlayıblar. Elektron hökumət isə birbaşa olaraq ölkə əhalisinin rifahına xidmət edir.

   Məhz elektron hökumətin köməkliyi ilə dövlət orqanlarında olan süründürməçilik, korrupsiya halları aradan qaldırılır və insanların süni yolla incidilməsinin qarşısı alınır. Ona görə də bu istiqamətdə daha çox demokratik dövlətlər və demokratiya yolu tutmuş ölkələr addımlar atır. Azərbaycan da demokratiya yolu, açıq cəmiyyət qurmağı özünə hədəf seçmiş, hüquqi dövlət quran, insan hüquqlarına hörmət edən dövlət kimi bu gün XXI əsrin reallığı kimi ortaya çıxan demokratik elektron hökumətin qurulması istiqamətində iş aparır. Məhz buna görə də prezident İlham Əliyev bu ilin mayın 23-də fərman imzalayaraq sözügedən proseslərin daha da intensivləşdirilməsi ilə əlaqədar dövlət orqanlarının qarşısında məsələ qaldırıb.

  

   Elektron hökumət nədir?

  

   Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirir ki, Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunmağa başlayıb. Onun sözlərinə görə, informasiya texnologiyalarının ayrı-ayrı komponentləri var ki, bunların hamısı hər bir təşkilatda, hər bir dövlət qurumunda, eləcə də biznes sektorunda yeni mühit, yeni imkanlar yaradır. Ona görə də ölkənin internetləşməsi, şəbəkələşməsi, təşkilatların bir-biri ilə artıq elektron ünvan vasitəsi ilə münasibətlər yaratması, hətta sosial şəbəkələr üzərində əlaqələr qurması, bundan başqa elektron imza texnologiyasının ölkədə tətbiq olunması, informasiyanı bir yerdən başqa yerə göndərərkən artıq onun hüquqi əsası mövcudluğu və sairə kimi hüquqi məsələlərin həllində önəmli rol oynayan elektron imza texnologiyası artıq yeni reallıq tələb edir: "Bu reallıq artıq hakimiyyət orqanlarının fəaliyyətinin informasiya texnologiyalarından geniş istifadə etməsi, işlərini həyata keçirmək üçün zəmin yaradır. Ona görə də ölkəmizdə elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və sairə bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. Elektron dövlətin yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar".

  

   Əhali və elektron hökumət

  

   Rasim Əliquliyev bildirir ki, elektron hökumətdən birbaşa olaraq ölkə əhalisi yararlanacaq və yararlanır da: "Hökumət orqanlarının qarşısında məsələ qoyulub ki, vətəndaşlarla təmas interaktiv, yəni onlayn qurulsun. Bu ilin mayın sonunda dövlət başçısı tərəfindən hakimiyyət orqanları qarşısında məsələ qaldırılıb ki, onlar əhaliyə elektron informasiya xidmətləri göstərsinlər. Hər bir orqan özünün səlahiyyətləri çərçivəsində vətəndaşların informasiya tələbatlarını ödəsin. Yəni hər bir nazirlik, hər bir qurum qəbul etdiyi sənədlər barəsində ictimaiyyətə məlumatı rəsmi saytları vasitəsi ilə versin. Vətəndaşlar hakimiyyət orqanlarına müraciət edərkən veb-saytlardan istifadə etsin. Şikayətlərini, təkliflərini və sairəni bunun vasitəsi ilə rəsmi orqanlara çatdırsın. Azərbaycanda informasiya texnologiyalarının inkişafı get-gedə yeni mərhələyə qədəm qoyduğu üçün belə bir reallıq ortaya çıxır. Bunun özüsonu görünməyən prosesdir. Çünki bunun elə bir nöqtəsi yoxdur ki, deyəsən ki, bura çatdıqdan sonra elektron hökumətin qurulması işi başa çatacaq. Çünki insanların tələbatlarını ödəmək üçün informasiya resurslarının sayı get-gedə artır, dərinləşir, yeni xidmətlər ortaya çıxır. Yeni texnologiyalar gəldikcə, bu reallıq bir qədər də dəyişir, yaxşılaşır. Artıq cəmiyyətin idarə olunması onlayn mühit vasitəsi ilə həyata keçirilir. Bunun da həyata keçirilməsində hazır texnologiyalar yoxdur ki, gətirib onu tətbiq edəsən. Dünyada nə qədər dövlət var, o qədər də elektron dövlətin növləri var. Lakin ümumi prinsiplər hamı üçündür. Elektron hökumət sərbəst bazar iqtisadiyyatı və hakimiyyət orqanlarının bölünməsi şəraitində, bütün orqanların seçilməsi, şəffaf olması, vətəndaşlara açıq münasibətin göstərilməsi, cəmiyyətdə informasiya azadlığının təmin olunması, insanların informasiya əldə etmək imkanlarının böyük olması, eyni zamanda insanların şəxsi və ailə həyatına aid olan məlumatların qorunması kimi prinsipləri özündə əks etdirməlidir. Əks halda qurulan elektron dövlət vətəndaşların, cəmiyyətin maraqlarına uyğun gəlməyə bilər. Ona görə də Azərbaycanda qurulan elektron dövlət məhz həmin təməl prinsiplər üzərində qurulur. Bunun üçün parlament tərəfindən müvafiq qanunlar qəbul olunur. Biziminstitutun qarşısında məsələ qoyulub ki, elektron dövlətin qurulmasının elmi nəzəri əsasları işlənilsin, beynəlxalq təcrübə öyrənilsin, bu istiqamətdə Avropa Şurası, müxtəlif beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşaraq, bəzi hallarda isə həmin sənədlərə qoşularaq ölkədə doğrudan da bəşəri dəyərlərə söykənən elektron hökuməti sintez etsin. Çünki bu elmə, nəzəri əsaslara söykənməlidir, xaotik, sistemsiz olaraq həyata keçirilə bilməz".

   Azərbaycanda elektron hökumətin qurulması üçün aparılan işlərin icrasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırıldığını vurğulayan Rasim Əliquliyev nazirliyin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiyini önə çəkib: "Elektron hökumətin qurulmasının əlaqələndirmə işləri də bu nazirliyə tapşırılıb. Amma elektron dövlətin ayrı-ayrı komponentləri istiqamətində fəaliyyət göstərən qurumlar üzrə hər kəsin özü məsuliyyət daşıyır. Yeri gəlmişkən bildirim ki, ölkədə müəyyən qanunlar qəbul edilməlidir ki, yaradılan mühitin hüquqi bir əsası olsun. İnsanlara yeni xidmətlər, elektron kommersiya xidmətləri təklif olunsun və sairə. RİTN bir tərəfdən həmin texnoloji mühiti, kommunikasiya mühitini yaradır, digər tərəfdən də orqanların fəaliyyətini əlaqələndirir, dəyirmi stol arxasında müzakirələr keçirir. Eyni zamanda beynəlxalq təcrübəni Azərbaycana gətirir, ölkənin götürdüyü öhdəlikləri reallaşdırır, dövlət orqanlarının qarşısında vəzifələr qoyur və sairə".

  

   Elektron hökumətin qurulması istiqamətində həyata keçirilən tədbirlər

 

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri İsbəndiyar Əliyev təmsil etdiyi nazirliyin həyata keçirdiyi işlərdən danışaraq bildirib ki, prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələn bir sıra məsələlər həyata keçirilir: "Birinci, bütün dövlət orqanları öz saytlarında xüsusi bölmə olan elektron xidmətlər bölməsi yaradıblar. Orda hər bir mərkəzi icra hakimiyyəti orqanı özünün təqdim etdiyi xidmətləri yerləşdirib. Hazırda da bu işlər davam edir. İkincisi, RİTN tərəfindən elektron imza sistemi işə salınıb. Bundan da həm vətəndaşlar, həm dövlət orqanları, həm də biznes sektoru elektron imzalardan istifadə edir. Üstəlik, bütün dövlət orqanlarının bir-biri arasında informasiya mübadiləsini təmin edən xüsusi şəbəkə yaradılıb. Eyni zamanda elektron hökumət portalı da yaradılıb. Mərkəzi İcra Hakimiyyəti orqanlarında xidmətləri həmin portalda hazırda inteqrasiya olunurindi onların sayı 48-dir".  

   İsbəndiyar Əliyev bildirib ki, elektron xidmətlərin təşkili qaydaları və elektron xidmətlərin siyahısı hazırlanıb. Yaxın günlərdə onların hökumət tərəfindən təsdiq olunması da gözlənilir: "Bundan sonra da bir sıra işlərin görülməsi nəzərdə tutulub. Eləcə də xidmətlərin inkişaf etdirilməsi planlaşdırılır. Hazırda 200-300-dən çox xidmət var. Bir sıra xidmətlər mövcuddur ki, onların yavaş-yavaş elektron şəkildə təqdim olunması lazımdır. Burada şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən tutmuş, daşınmaz əmlak üzrə çıxarışların alınmasına qədər bütün xidmətlər nəzərdə tutulub. Amma bunlar mərhələlər üzrə həyata keçiriləcək. Yəni yetişdikcə, sistemlər yavaş-yavaş inkişaf etdikcə, bunlar da əhaliyə mərhələ-mərhələ təqdim olunacaq".

   Azərbaycanda elektron hökumətin qurulmasında xüsusi bir problemlərin olmadığını vurğulayan İsbəndiyar Əliyevin sözlərinə görə, sözügedən elektron hökumət dövlət tərəfindən yaradılır ki, xidmətləri İnformasiya Kommunikasiya Texnologiyanın tətbiqi ilə həyata keçirilsin: "Bu da səmərəliyi artırır, bürokratizmi aradan götürür, vaxt itkisinin qarşısını alır. Bundan başqa korrupsiyanın qarşısını alır. Yəni əhalinin dövlət orqanlarına gedib-gəlməsi, onlarla birbaşa təması aradan qaldırılır. Bu da bütün aspektlərinə görə vətəndaşlar üçün daha səmərəli olur. Vətəndaşlar elektron hökumətin idarə edilməsində bilavasitə iştirak etmək imkanları qazanırlar".

   

 

  Seymur Qasımbəyli

 

  Şərq.- 2011.- 29 noyabr.-S. 12.