"Azərbaycan, mənim taxtım,
tacım oy"
Almaz İldırımın vətən həsrətli
şeirləri və istiqlal sevgisi gənclərə mükəmməl
örnəkdir
Vətəni Almaz İldırım kimi incə,
zərif, eyni zamanda qüdrətli, mübariz ruhlu misralarla vəsf
etmiş ikinci bir şair xatırlamaq mümkün deyil. Almaz İldırım
poeziyasında incəliklə əyilməz vüqar, sınmaz
qürur, əzəmət vəhdət təşkil edir.
Hansı bir şeir
parçası, hansı bir misra indiyədək onun "Azərbaycan"
şeirini əvəz edə bilib?!.
Nərdə məni
gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla
yoğuran,
Beşiyimdə, lay-lay
balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz
anam, oy!
Neçə ildir həsrətinlə
yanam, oy!..
Xəbər alsam,
Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft
qoxan gülümdən,
Kim demiş ki,
düşmüş adın dilimdən,
Azərbaycan, mənim
eşsiz yurdum oy,
Ölməz eşqim,
içimdəki dərdim, oy!..
Salam versəm, rüzgar
alıb götürsə,
Ağrı dağdan
göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini
qırsa oy,
Hökm etsə,
bu sərsəm gediş dursa, oy.
Könlümə tək
Kəbə yapdım səni mən,
Sənsiz
neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı
mən, dini mən,
Azərbaycan,
mənm taxtım, tacım, oy.
Oyanmazmı kor olası
baxtım oy!
Bu misralar hər
bir Azərbaycan türkünün qanını
coşdurmağa, qəlbini riqqətə gətirməyə
qadirdir. Damarında türk qanı axan hər
bir insan üçün bu misralar bir Vətən himnidir, Vətən
sevgisinin, həqiqətən də eşsiz tərənnümüdür.
Azərbaycan sevdalısı olan bir insanın öz hisslərini
ifadə etməsi üçün bundan gözəl nümunə
ola bilməz. Almaz
İldırım qəlbindən süzülür bu sevgi.
Vətənə sonsuz məhəbbət, onu necə
varsa, eləcə sevməz, sözün bütün mənalarında
Vətən aşiqi olmaq. Bunu anlamaq
üçün Almaz İldırım şeirlərini oxumaq
yetərlidir. Almaz İldırım əsl
vətənpərvər idi. Almaz
İldırım Vətən yolunda bir cəfakeş idi.
Onun başına nə acılar gəlmişdisə,
Azərbaycanı sevdiyi üçün gəlmişdi. Bu sevgi sadəcə bir məhəbbətdən ibarət
deyildi. Almaz İldırım Azərbaycanı
onun istiqlalı ilə bir sevirdi. Sevgili Vətənini
azad, hürr görmək istəyirdi. Almaz
İldırımın qəlbindəki Azad Azərbaycan sevgisi
idi. Əlbəttə ki, bu imperiyapərəstləri
qane etməyəcəkdi. Ona görə də
Almaz İldırıma olmazın əzablar verdilər, bununla
qəlbindəki istiqlal sevgisini qoparıb ata biləcəklərini
düşündülər. Amma
yanıldılar. Bu mənada Almaz
İldırımın həyatı Azərbaycan gəncləri
üçün ən mükəmməl örnəkdir.
Vətən sevgisini Almaz İldırım
şeirlərindən alanların səmimiliyinə heç
vaxt şübhə yeri qalmaz.
Almaz İldırım
1907-ci il mart ayının 24-də
Bakının Qala kəndində anadan olub. Azərbaycan
ədəbiyyatı tarixinə daxil olmuş Almaz
İldırımın əsl adı Əbdülhəsəndir.
Uşaqlıqdan onu babasının adı ilə
- Almaz çağırıblar. Almaz
İldırım bu adla mətbuatda tanınıb və məşhurlaşıb.
Şairin anası Nisəxanım evdarlıqla məşğul
olub, uşaqlarını ehtiyac içində
böyüdüb. Tədqiqatçılar
göstərirlər ki, Almaz hələ 6 yaşında ikən
ailələri Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə
köçür. Kiçik Almaz 1914-15-ci
illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə
işləməyə gəlmiş fəhlə
uşaqları üçün İran hökuməti tərəfindən
təşkil olunmuş "İttihad" məktəbində
təhsil almağa başlayır. Bu məktəbdə dərslər
həm Azərbaycan, həm də fars dilində
keçirilirdi. Sonra Almaz İldırım
1925-ci ildə 18 yaşında Abdulla Şaiqin nümunə məktəbində
təhsilini davam etdirir. Bu məktəbdə
dərs deyən müəllimlər - A.Şaiq və
Hüseyn Cavid olublar. Almaz
İldırım A.Şaiq və Hüseyn Cavidlə daha
çox yaxın ünsiyyətdə olub. Bu
ədiblərlə ünsiyyətdə olmaq Almaz
İldırımın gələcək həyatının
formalaşmasında mühüm rol oynayıb. Almaz İldırım "İttihad" məktəbində
oxuyarkən şeir yazmağa başlayıb elə o vaxtdan
ciddi mövzular üzərində işləyib. Bu məktəbdə
oxuyarkən Almaz İldırım Hüseyn Cavidlə, Əhməd
Cavadla, Cəfər Cabbarlı kimi ədiblərlə tanış olub, onların əsərlərini
dönə-dönə oxuyub. Əhməd Cavad
incə ruhu, həssas qəlbi, alicənab davranışı
ilə şairin diqqətini cəlb edib. Bu
kimi xüsusiyyətlərə görə Almaz
İldırım Əhməd Cavadı özünə ustad
seçib. Bu ədiblərin sayəsində Almaz
İldırım o illərdə fəaliyyət göstərən
"Ədəbiyyat Cəmiyyəti"nin
üzvü olub, məsul katib kimi fəaliyyət göstərib.
Bu cəmiyyətdə tanınmış sənətkarlarla
yanaşı, gənc şair və yazıçılar da
yaxından iştirak edirdilər. 1926-cı
ildə bu cəmiyyət öz fəaliyyətini
dayandırır. Cəmiyyət öz
adını dəyişdirib "Qızıl Qələmlər
İttifaqı" adlandırır. Cəmiyyətin
məcmuəsində Almaz İldırımın 6 şeiri
"Hindli qız", "Nəriman", "Qərbə"
dərc edilib. Almaz İldırım bu illərdə ali təhsil almağı da yaddan
çıxarmır. Odur ki, 1927-ci ildə
Bakı Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinə qəbul olunur. Çox çəkmir
ki, Almaz İldırımı bu ali təhsil
ocağından xaric edirlər. Səbəbi də
bu olur ki, guya, onun atası tacir imiş. Ancaq həqiqətdə
isə şairin atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə
kiçik alış- verişlə məşğul olmuş
və ailəsini güclə dolandırırmış. Onu bu kənddə ancaq belə
tanıyırmışlar. Ancaq Almaz
İldırım bundan çox məyus olmasına baxmayaraq,
yığıncaqlarda müzakirələrdə öz
şeirləri ilə yenə çıxış edir.
1928-ci il Almaz İldırımı yeni təsis
olunmuş "Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti"nə
gətirib çıxarır.
Onun
İstanbul şəhərində çıxan "Həyat"
dərgisində "A dağlar", "Sevdiyim" şeirləri
çap olunur. Almaz İldırım
Hüseyn Cavid, Əhməd Cavad yolu keçmiş,
C.Cabbarlı əsərlərindən faydalanmışdır.
Onun şeirlərində Vətənə sevgi,
ürəyini Vətənə açmaq üstünlük təşkil
edir. Lap uşaqlıq vaxtından Almaz
İldırım klassik ədəbi mənbələrə dərindən
yiyələnmiş, xalq şeirini, onun incəliklərini
sevmiş, poetik obrazlar yaratmışdır. Onun poeziyası çoxşaxəlidir. İstiqlal şairini duymayan, onun şeirləri
xoşuna gəlməyən kommunist ideyaları
vurğunları, onun kükrəyən ilhamından qorxanlar
Almaz İldırımı təqiblərə məruz qoyur.
Onu əvvəlcə Dağıstana, 2 ildən
sonra isə Türkmənistana sürgün edirlər.
Almaz
İldırım yaxşı bilirdi ki, bu cür işgəncələrlə,
sürgünlərlə onu sındırmağa, əyməyə
çalışırlar. Ancaq o nə
sınır, nə əyilir, nə də əqidəsindən,
məsləkindən dönürdü. Dağıstanda
sürgündə olduğu vaxtda da qələmi ehtiyat bilmədən
yazıb-yaradırdı. Şairi
Dağıstanda da sakit buraxmır, izləyir, nə
yazdığına, necə yazdığına göz
qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan
Türküstana sürgün edilərkən "Əlvida,
Bakı" adlı şeirində vətənə
"can" dediyinə görə vətəndən
qovulduğunu, ancaq vətənin "bu qurbana"
acımadığını yana-yana, ürək
ağrısıyla belə ifadə etmişdir:
Günahım
"can" dedim, sana, qovuldum,
Acımadın
bu qurbana, əlvida.
Təkcə
bu iki misranın üstündə nə qədər
düşünmək, nə qədər söz demək olar.
Almaz İldırım bu şeirdə vətəndən
niyə qovulduğunu açıb göstərir. Biz onun
"öz günahını" yaxşı
anladığını bütün şeirlərində hiss
edirik. "A dağlar" şeiri də başdan-ayağa
şairin "günahları"yla yoğrulmuşdur:
Of Bakı... bu
ayrılıq mənə ölümdən ağır,
Aləmə
bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin
dumanlı, gecələr dilsiz, sağır,
Bu
boğulan səsimi varmı duyan, a dağlar?
Bu şeirdəki
dağlar vətəniydi. Şair
"dağlar" deyəndə vətəni nəzərdə
tuturdu. "Aləmə bahar gəldi, sənə
yağmur, qar yağır" misrasında
açıq-aydın Azərbaycanın işğalına
işarə vururdu.
Şeirlərində
ifadə olunan millətçi ismarıclarına görə
İldırım Dağıstana sürgün edilir.
Sürgündə "Dağlardan xatirələr", "Ləzgi
elləri", "Krımda axşamlar", "Səlimxan"
və "Günah kimdədir?" adlı şeirlərini
yazır. 1930-cu ildə Bakıya qayıdıb
"Dağlar səslənərkən" şeirlər məcmuəsini
nəşr etdirir. Lakin kitab senzuradan
keçməyib şairin Azərbaycan Yazıçılar
Birliyindən qovulmasına səbəb olur. Bu dəfə Almaz İldırım Türkmənistana
sürgün edilir. Almaz İldırım
Türküstanda da havasını dəyişmir, qələmin
ovxarını azaltmır. Türküstanda
A.İldırımın hər addımını izləmək
üçün Bakıdan Əkbər Ruhi adlı siyasi idarəyə
işləyən bir "şair"ə xüsusi sifariş
verilir. Sözsüz ki, Almaz
İldırım bütün bunları gözəl başa
düşürdü. O gözəl bilirdi ki, 37-ci il repressiyaları başlayan kimi ilkin olaraq
"ət maşını"nın ağzına
atılanlardan biri olacaq. Millətin bütün
gözüaçıq, şüurlu və işıqlı
ziyalılarını həmin "ət
maşını" gözləyirdi. Orada
bir müddət məktəb direktoru vəzifəsində
çalışır. Azərbaycandan Aşqabada
göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz
müşahidələri əsasında belə nəticəyə
gəlmişdi ki, "A.İldırım ideolojimiz
üçün zərərli bir insandır..." Bundan sonra
Türkmənistanda qalmaq Almaz İldırım
üçün təhlükəli idi və 1933-cü ilin
iyun ayında o, yenicə evləndiyi arvadı Zivər
xanımı və üç aylıq körpəsi Azəri
də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə
karvanına qoşulur. Sərhəd gözətçilərinin
və kömrük məmurlarının gözünə
görünməmək üçün ən çətin
cığırlarla sıldırım qayalar ötüb, uca
dağlar aşdıqdan sonra böyük məşəqqətlə
İran torpağına çatırlar. Almas
İldırım dərhal həbs olunur. 25
gün dustaqda qalır. Onu bolşevik casusu
hesab edərək işgəncə verir, istədikləri mə’lumatı
qoparmaq üçün sinəsinə qədər soyuq suyun
içərisində saxlayırlar. Bu
işgəncə şairin səhhətində dərin izlər
qoyur. O, sağalmaz böyrək xəstəliyinə
mübtəla olur. Nəhayət, azad edilib Məşhəd
şəhərinə göndərilir. Burada ürəyincə
iş tapa bilməyən Almaz İldırım çox yoxsul,
acınacaqlı həyat sürür. Sonralar bu
ağrılardan əziyyət çəkir, Almaz
İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə
gedir. 1934-cü ildə Almaz
İldırım Türkiyə vətəndaşlığına
qəbul edilir. Almaz İldırım
Türkiyədə katibliklə, kargüzarlıqla məşğul
olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o,
yaradıcılığını davam etdirməklə
yanaşı, müxtəlif ölkələrdə bucaq
müdirliyində (qəsəbə bələdiyyəsində)
çalışmışdır. Burada bu
ədiblər ona yazıb-yaratmağa bu cəfakeş şairə
köməklik edirlər. Almaz
İldırımın poeziyası yalnız doğma yurda, Azərbaycana
aiddir. Özündən sonra İstiqlal
şairi 4 övlad qoyub gedib. Şair dərd-bəlaya
düçar olsa da, səadət, xoşbəxtlik duymasa da,
çox böyük ürək sahibi idi. Azər, Araz,
Otqan, Bakıxan adlı övladları olub. Azər
adlı oğlu aldığımız məlumata əsasən,
Türkiyədə tanınmış neft mütəxəssisidir.
O həm də tanınmış şairdir. Otqan
və Bakıxan da Türkiyədə yaşayırlar. İstiqlal şairi, möhkəm iradəli Almaz
İldırım maddi çətinliklər içərisində
yaşamasına baxmayaraq 7 şeir toplusu bizə miras qoyub, məzmunlu
neçə-neçə məqalələr dərc etdirib.
Haqlı olaraq Türkiyədə Almaz
İldırımı həm də Türk şairi
adlandırırlar.
45 yaşlı Almaz
İldırım 1952-ci il yanvarın 14-də
dünyadan köçür. Sevməkdən
doymadığı, usanmadığı sevgili Vətənindən
əbədi ayrılır, xoş güzəran keçirmədiyi
qəmli qüssəli, işgəncəli dünyadan
köç edir.
Xüsusi
vurğulamaq istərdik ki, zərif və qüdrətli poeziya
sahibi Almaz İldırımın 100 illik yubileyi dövlət
səviyyəsində qeyd edilib. Öz
xalqını ürəkdən sevən, bütün çətinliklərə
sinə gərən, lakin qəlbindəki İstiqlal
işığını sönməyə qoymayan, daim
poeziyamızda məşəl kimi işıq saçan mərd-mübariz
Almaz İldırım irsi gənc nəslə daim örnək
olacaqdır. Almaz İldırım məktəbi
mərd mübarizlər məktəbidir. Bu
məktəbdən gənc nəsil özü
üçün nümunə götürməlidir.
Məlahət
Rzayeva
Şərq.-
2011.- 29 noyabr.- S. 11.