Azərbaycanda
İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin
təminatı
İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı sahəsində əsas hədəflər
məlumdur
Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları son illər
özünün yüksək inkişaf mərhələsinə
çatmışdır. İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi dövlət siyasətinin bir
hissəsi kimi həyata keçirilir. Bunu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasdakı nitqində də bildirmişdir:
"Azərbaycanda
bütünlükdə informasiya-kommunikasiya sektoru çox
uğurla inkişaf edir. Elektron hökumətin
yaradılması ilə bağlı konkret təkliflər var.
Beynəlxalq maliyyə qurumları da bu sahədə
uğurlarımızı qeyd edirlər. Azərbaycanda
indi genişzolaqlı internet geniş şəkildə tətbiq
edilir. İnternet istifadəçilərinin
sayı 50 faizdən yuxarıdır. Bu,
çox sevindirici haldır, nə qədər çox olsa, o
qədər yaxşıdır. İKT ilə
bağlı bütün başqa məsələlər həllini
tapmaqdadır. Gələn il süni
telekommunikasiya peykimiz orbitə çıxarılacaq.
Bu, sadəcə,
birinci addım olacaq. Ondan sonra ikinci, bəlkə
də üçüncü peykin buraxılması da
olmalıdır. Yəni bu sahə
inkişaf edir və ölkəmizin müasirləşməsinə
xidmət göstərir. Sirr deyil ki, bundan
sonrakı dövrdə dünyada elmi-texniki tərəqqi daha
çox İKT sektoru ilə bağlı olacaq. Biz həm qabaqcıl texnologiyaları tətbiq etməliyik,
həm də peşəkar kadrları
hazırlamalıyıq".
Göründüyü
kimi ölkə başçısı informasiya-kommunikasiya
texnologiyalarının inkişafı sahəsində əsas hədəfləri
müəyyənləşdirmişdir.
İnformasiya-kommunikasiya
texnologiyalarının həyatın bütün sahələrində
tətbiqi üçün hüquqi baza
formalaşmışdır. İKT-nin tətbiqini
həyata keçirmək üçün müxtəlif
dövlət proqramları qəbul edilib. Birincisi,
"elektron Azərbaycan" proqramıdır.
Əlavə
olaraq, son zamanlar, "elektron dövlətin"
formalaşması üçün çox mühüm
işlər görülür, yəni hakimiyyət
orqanlarına bilavasitə tapşırıqlar verilib ki, onlar
öz fəaliyyətlərində vətəndaşlara xidmətləri
artıq onlayn formada həyata keçirsinlər.
Azərbaycan dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında 23 may 2011-ci il tarixli Azərbaycan
Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, daxili
işlər orqanları tərəfindən əhaliyə
elektron xidmətlərin göstərilməsinin təşkili
üzrə əhəmiyyətli işlər
görülmüşdür.
Artıq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə
əlaqələndirici qurum kimi işlərə rəhbərlik
edir.
Bu
yaxınlarda Vergilər Nazirliyi, Dövlət Gömrük
Komitəsi və digər qurumlar artıq vətəndaşlara
elektron xidmətləri göstərməyə
başlayıb.
Digər tərəfdən,
insanlarda informasiya texnologiyalarına aid biliklərin, vərdişlərin
formalaşması üçün müxtəlif layihələr,
tədbirlər həyata keçirilir.
Yaxın vaxtlarda Azərbaycanda
vətəndaşlara internet vasitəsilə şəxsiyyət
vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif
xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar
almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək.
Təhsil
sisteminin informasiyalaşdırması ilə bağlı da bir
sıra mühüm proqramlar qəbul edilib. "Elektron məktəb"
layihəsinin tətbiq olunması barədə Azərbaycan
Respublikası təhsil naziri əmr imzalayıb (05.10.2009-cu il). Bu əmrə müvafiq olaraq
ölkəmizdə elektron məktəbin nümunəvi modeli
təsdiq edilib. Elektron məktəb modeli təhsil
müəssisəsinin vahid informasiya mühitinin
yaradılmasını nəzərdə tutur. Layihənin
icrası üçün 20 pilot məktəb seçilib. Məktəblər bütün zəruri
avadanlıqlar və proqram təminatı ilə təchiz
edilib. Həmin məktəblərdə
yüksək sürətli fiberoptik internet və internet
bağlantılarının olması təmin edilib.
Elektron dövlət necə olmalıdır?
Azərbaycanda İKT-nin
inkişaf mərhələlərinə toxunan Azərbaycan
Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları
İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, Azərbaycanda
bütün istiqamətlər üzrə informasiya cəmiyyəti
qurulub:
- Biometrik texnologiyalarla
bağlı Azərbaycanda müəyyən işlər
görülüb, artıq yeni nəsil sənədlərə
keçid baş tutub. Çip biometrik məlumatları
özündə daşıyan yeni nəsil pasportların,
şəxsiyyət vəsiqələrinin və digər sənədlərin
hazırlanması ilə bağlı işlər
aparılır. Azərbaycanda ümumiyyətlə
müxtəlif reyestrlər yaradılır, yəni ki, hər
bir dövlət orqanı öz fəaliyyətində olan
informasiya resurslarının artıq reyestrlərə
toplayır. Orada vətəndaşlarla,
müxtəlif dövlət təşkilatları ilə,
daşınmaz əmlakla bağlı çoxlu reyestrlər
yaradırlar ki, onların hamısı "Elektron dövlətin"
əsasını təşkil edir.
Elektron dövlətinin
əsasını elektron məkan təşkil edir.
Elektron məkan ilə bağlı müxtəlif təyinatlı
elektron xətlərin yaradılması, elektron xətlərin
üzərində Azərbaycan respublikasında olan müxtəlif
obyektlərin, daşınmaz obyektlərin əks olunması və
bunun üzərində ayrı-ayrı hakimiyyət
orqanları özlərinə mənsub olanları həyata
keçirmək üçün həmin elektron reyestrdən
istifadə edilməsilə bağlı müəyyən
işlər aparır.
Ölkəmizdə
elektron dövlətin qurulması sistemli yanaşma əsasında,
xarici dövlətlərin təcrübəsini öyrənməklə,
Avropa Şurası və digər qurumların tövsiyələrini
əsas götürməklə beynəlxalq dəyərlərə
söykənir
R.Əliquliyevin fikrincə,
bütün dünyadakı azərbaycanlılar
üçün ümumi, ortaq informasiya mühiti
formalaşmalıdır:
- İlk əvvəl
isə dünya azərbaycanlılarının gənc nəslinin
formalaşması üçün Təhsil Nazirliyi sistemində
olan dərsliklərin elektron versiyalarından ibarət
"Virtual Azərbaycan Orta Məktəbi"
yaradılmalıdır". Müxtəlif
ölkələrdə yaşayan azərbaycanlıların
böyük əksəriyyəti övladlarının Azərbaycan
dilində təhsil almasını arzulayır. Həmin
problemin daha çevik həlli yolu isə "Virtual Azərbaycan
Orta Məktəbi"nin
yaradılmasıdır. Bu mütərəqqi ideyanın
gerçəkləşdirilməsi zamandan, məkandan, siyasi
şəraitdən asılı olmadan dünyanın istənilən
nöqtəsində məskunlaşmış azərbaycanlılara
ana dilində yazıb-oxumaq, ölkənin ədəbiyyatı,
tarixi, coğrafiyası, mədəniyyəti ilə
yaxından tanış olmaq imkanı
yaradar.
İnformasiya təhlükəsizliyinin təminatı
Azərbaycanda
fərdi məlumatların qorunması ilə bağlı qanun
qəbul edilib. Bu, o deməkdir ki,
ayrı-ayrı informasiya sistemlərində insanların həyatı
ilə bağlı informasiyanın qorunması Azərbaycan
Konstitusiyası ilə təmin olunur. Bundan
başqa, informasiya azadlığının təmin
olunması ilə bağlı ölkəmizdə müəyyən
işlər aparılıb. Qurulan
informasiya cəmiyyətinin təhlükəsizliyinin təmin
olunması üçün ölkəmizdə müəyyən
işlər həyata keçirilir.
Unutmamalıyıq
ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan
Silahlı Qüvvələri tərəfindən hələ
də işğal altında saxlanılır və ölkəmiz
faktiki müharibə şəraitindədir. Belə bir dönəmdə informasiya təhlükəsizliyi
məsələlərində daha ehtiyatlı olmalıyıq.
Real məkandan fərqli olaraq virtual məkanda
aparılan informasiya mübarizəsi, hücumu, müdafiəsi
kimi məsələlər başqa şəkildə həll
olunur. Ona görə də Azərbaycanın
maraqları virtual məkanda bəzi ölkələr və
dövlətlər tərəfindən təhlükə
altına alınır.
Xüsusən
də Ermənistan Azərbaycana qarşı informasiya
müharibəsində fəal iştirak edir. Bu hal hər zaman müşahidə edilir.
Buna
qarşı tədbirlər görülməli, virtual məkanda
Azərbaycana qarşı hücumların qarşısı
alınmalıdır. Azərbaycanın həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
üçün virtual məkanın imkanlarından geniş
istifadə edilməlidir. Bu işi
dünyanın harasında yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı özünün müqəddəs
borcu bilməli və bu vəzifənin icrasına
çalışmalıdır. Bunun
üçün əlimizdə kifayət qədər imkanlar
vardır. Bu iş bizdən fövqəladə bir
güc də tələb etmir. Sadəcə, Azərbaycan
həqiqətlərini sosial şəbəkələrdə
bir-iki cümlə olsa da ifadə edə bilər.
İTİ-nin
direktoru Rasim Əliquliyev qeyd edib ki, ümumiyyətlə, beynəlxalq
səviyyədə internet mühitində kibercinayətkarlığa
qarşı mübarizə aparmağın özü artıq
müəyyən bir problem yaradıb. Bu
problem dünyanın aparıcı ölkələri
üçün də realdır. NATO tərəfindən
kibercinayətkarlığa qarşı, ümumiyyətlə,
kiberməkanda təhlükəsizliyin təmin olunması ilə
bağlı müvafiq qərarlar qəbul olunub. Bu ilin
may ayında Bakıda NATO-nun təşəbbüsü ilə
keçirilmiş tədbirdə cəmiyyətdə, dövlətdə
informasiya təhlükəsizliyinin təmin olunması, onlara
qarşı tədbirlərin görülməsi, ölkələrin
əl-ələ verib bu tədbirlərdə yaxından
iştirakının vacibliyi vurğulanmışdı:
"Eyni zamanda, BMT və onun müvafiq qurumları, Avropada fəaliyyət
göstərən qurumlar tərəfindən kibercinayətkarlığa
qarşı mübarizə aparmaq üçün müəyyən
işlər görülür. Beynəlxalq
Telekommunikasiya İttifaqı dünyada qlobal informasiya təhlükəsizliyi
proqramı işlənməsi üçün bu istiqamətdə
işlər aparır. Bundan başqa, Avropa
Şurası tərəfindən kibercinayətkarlığa
qarşı mübarizə üzrə komissiya fəaliyyət
göstərir və Azərbaycan da həmin komissiyaya
qoşulub. Ölkəmizdə informasiya
texnologiyalarının inkişaf etməsi və onun təhlükəsizliyinin
təmin olunması, yaranan ayrı-ayrı mənfi təzahürlərə
qarşı mübarizə aparması Avropa səviyyəsində,
beynəlxalq səviyyədə qəbul olunur. İnformasiya təhlükəsizliyi
standartlarının Azərbaycana gətirilməsi, onların
Azərbaycanda milli standartlar kimi qəbul edilməsi, ölkədə
beynəlxalq hüquqi sənədlərə və qəbul
edilən hüquqi mexanizmlərə əsaslanan bir informasiya cəmiyyətinin
qurulması Azərbaycan dövlətinin əsas hədəflərindən
biridir. Ölkəmizdə formalaşan bu
işlərin hamısı tamamilə Azərbaycan vətəndaşlarının
maraqlarına cavab verir. İnsan hüquqlarını bir
nömrəli vəzifə kimi qarşıya hədəf qoyub
və hamı bilməlidir ki, virtual məkanda fəaliyyət
göstəririksə, belə təhlükələr hər an baş verə bilər və biz buna hazır
olmalıyıq. Heç bir ölkə,
heç bir insan, heç bir vətəndaş bu təhlükələrdən
sığortalanmayıb. Belə mənfi təzahürlərin
qarşısının alınması məqsədilə Azərbaycan
Milli Elmlər Akademiyasının AzScienceNet kompyuter şəbəkəsinin
CERT komandası formalaşıb, Avropanın müəyyən
qurumları tərəfindən
sertifikatlaşdırılıb, akkreditasiya olunub. Azərbaycanda bir kompyuter şəbəkəsi
mühitində baş verə biləcək insidentlərə
qarşı mübarizə aparmaq üçün komanda
formalaşdırmışıq və bunun çox
güclü imkanları var".
Son olaraq
qeyd etməliyik ki, Azərbaycanda aparılan bu işlərin nəticəsi
olaraq beynəlxalq qurumlar tərəfindən bu işlər
yüksək qiymətləndirilir.
BMT
hesabatlarında, Beynəlxalq Telekommunikasiya
İttifaqının illik hesabatlarında, Davos iqtisadi forumun sənədlərində
Azərbaycan layiqli yer tutur və bunun da əsas müsbət məqamı
Azərbaycanın çox yüksək sürətlə həmin
reytinq cədvəllərində vəziyyətini
yaxşılaşdırmasıdır. Ona
görə də Azərbaycan bu gün regionda informasiya
texnologiyası sahəsində aparıcı ölkəyə
çevrilir.
Məlahət
Rzayeva
Şərq.- 2011.- 30 noyabr.- S. 12.