Bu günün uşaqları sabahın gəncləridir

 

  Bəs, animasiya filmləri onların gələcəyinə necə təsir edir?

 

   Bir neçə ildən sonra tələbə olacaq, ölkənin gənci sayılacaq, ölkənin milli-mənəvi dəyərlərinin qoruyucusu və daşıyıcısı olacaq uşaqlar, körpələr bu gün hansı cizgi filmlərini izləyirlər. Təbii ki, gələcəyin gəncləri üçün milli-mənəvi dəyərlərimizi özündə əks etdirən animasiya filmləri nümayiş etdirmək gələcək gənclik üçün vacib amillərdən biridir. 

   Amma təəssüf hissi ilə bildirmək lazımdır ki, bu gün ölkəmizdə gələcəyin gənclərinə, yeni yetişəcək gənc nəslin nümayəndələrinə milli dəyərlərimiz kontekstində çəkilən cizgi filmləri deyil, Avropanın, Amerikanın, ən yaxşı halda isə Rusiyanın istehsalı olan animasiya filmləri göstərilir. Bu isə uşaqların tərbiyələnməsində, vətənə, millətə sevgisində müəyyən aşınmalara gətirib çıxara bilər ki, bunun haqqında aidiyyəti qurumlar düşünməlidirlər.

   Psixoloq Asəf Kərimov deyir ki, animasiya filmlərdən uşaqlar ilk növbədə insanlar arasında münasibətləri öyrənir: "Təbii ki, qəhrəmanların yaxşı və ya pis keyfiyyətlərini nəzərə alaraq onlarda mənəvi dəyərlər formalaşır. Həmçinin nağıllardan fərqli olaraq bu filmlərdəki vizuallıq onların daha yaxşı qavranılması, yadda saxlanmasına səbəb olur. Bu filmlərdəki müsbət qəhrəmanlar uşaqlar üçün daha aktual olur, onlardan nümunə götürürlər". Azərbaycanda yayımlanan cizgi filmlərində iki tendensiya müşahidə olunduğunu deyən A.Kərimov bildirdi ki, bizdə Sovet və Amerika istehsalı cizgi filmlər var: "Bunlar da həm texniki, həm də mövzu baxımından fərqlənirlər. Sovet dövründə hazırlanan cizgi filmlərində nağılvari süjet, mənəvi tərbiyə, müsbət qəhrəmanların təbliği, real süjetlər üstünlük təşkil etdiyi halda, Amerika istehsalı olan cizgi filmləri möcüzəli formatda, aqressivlik, döyüş səhnələri ilə zəngin olur. Bu filmlərin ssenarisi də adətən bir-birindən çox da fərqlənmir, hətta eyni obrazlar, eyni göz, eyni qaşlı qəhrəmanlar olur, rəngarənglik olmur. Ümumiyyətlə, bizim milli qəhrəmanlıq nağıllarını özündə ehtiva edən cizgi filmləri çəkilməlidir, uşaqlara həmin cizgi filmləri nümayiş etdirilməlidir. Eyni zamanda Vətənə sevgi, millətə istək, milli-mənəvi dəyərlərə hörmət prinsiplərini özündə əks etdirən animasiya filmlərinə ehtiyac var". Psixoloq deyir ki, son zamanlar uşaqların davaya daha çox meyilli olması halları artıb: "Valideynlər də övladlarında bu tip hallar müşahidə edirlər. Məsələn, uşaq hər gün məktəbdən üst-başı toz içində gəlir, siniflər arasında qrup şəklində davalar olur, hətta adi maşınla oynayan balaca uşaqlar belə oyunu iki maşının toqquşması, maşınların sınıb dağılması, kimin kimi öldürməsi üzərində qururlar. Təbii ki, bu problemdə aqressiv xarakterli cizgi filmləri az rol oynamır. Bu günün uşaqları səhərki gənclərimizdir. Onlar elə ruhda tərbiyə edilməlidir ki, doğrudan da gələcəyimizin güvənli gənclərin əlində olduğuna əmin ola bilək".

   İnsanın həyatının aldığı informasiyanın xarakterindən çox asılı olduğunu bildirən A.Kərimov vurğulayıb ki, uşaqlıq elə bir dövrdür ki, o vaxt formalaşan şüur, vərdişlər sonradan bütün həyatına təsir edir: "Əgər ətrafında aqressivlik görürsə, o da aqressiya ilə cavab verir. Təbii ki, normal cizgi filminin heç bir zərəri ola bilməz. Yalnız həmin filmdə dava-dalaş varsa, əlbəttə, uşaq da ona meyil edəcək. Onlar kimisə vurmağı, döyməyi normal qəbul edəcək. Çünki uşaqlar gördüklərini təkrar etməyə meyilli olurlar. Məsələn, Amerikada belə bir hal yaşanıb: bütün uşaqların sevərək izlədiyi "Şrek" filmində oradakı qadın obrazı oxuyur, quş da ona baxıb oxuyur və sonda partlayır. Uşaqlar bunu təcrübədən keçiriblər. Nəzərə alsaq ki, bəzi cizgi filmlərində daha dəhşətli görüntülər, silahla öldürmə halları da var, onların nə qədər təhlükəli olduğunu bilmək olar".

   Cizgi filmini yaradıcılıq əsəri hesab edən A.Kərimov müasir filmlərin keyfiyyətindən, yaradıcılıq işindən razı olmadığını deyir: "Əvvəl cizgi filmləri vektor qrafikası ilə hazırlanırdı, onların hazırlanmasında rəssamlar işləyirdi və xüsusi naxışlar, bəzəklər, folklor xüsusiyyətləri tam şəkildə öz əksini tapırdı. İndi kompyuter qrafikasının verdiyi imkanlarla daha tez, amma monoton rənglərlə hazırlanır. Ona görə də müasir cizgi filmlərdə isə bu tip folklor ənənələrini görmək mümkün deyil. Bu zaman da insanlar öz köklərindən uzaqlaşır, adət-ənənələr yadlaşır. Eyni tipli süjet xətti, dava-dalaşla dolu cizgi filmi uşaqların dünyagörüşünün formalaşmasına da maneə olur".

   Uşaqların Azərbaycan dilində olan filmlərə daha çox üstünlük verdiyini bildirən A.Kərimov bildirir ki, Azərbaycan televiziyalarında dublyaj olunan cizgi filmlərin əksəriyyəti yaxşı olur: "Amma onlar satışa çıxarılmır. Onsuz da bəzi "işbazlar" həmin filmlərin keyfiyyətsiz formada üzünü köçürüb satırlar. Bu işi kanalların özləri görsələr daha yaxşı olar. Üstəlik, bu zaman keyfiyyəti də normal olar. Bundan başqa, özümüzün cizgi filmləri çəkməyimiz daha uğurlu variantdır. Bu filmlər dah çox milli dəyərlərimizə, mentalitetimizə uyğun olar. Milli qəhrəmanlar, tarixi şəxsiyyətlərin həyatından bəhs edən filmlər çəkilsə, daha yaxşı olar. Bu, gələcək gənclik qüvvəsi olan uşaqlarımızın milli ruhda tərbiyəsində müstəsna rol oynayar".

   Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyə Quliyeva isə bildirir ki, əgər nümunəvi cizgi filmdirsə, onun da müsbət təsiri olacaq: "Amma aqressivlik, dava motivlərinin üstünlük təşkil etdiyi cizgi filmlər ilk növbədə onun gündəlik həyatına təsir edir. Bundan başqa, uşağın məktəbdə həmyaşıdları ilə, müəllimləri ilə problemlərin yaşanmasına gətirib çıxara bilir. O həm dostlarına, həm də müəllimlərinə qarşı kobud ifadələr işlədə bilir. Əlbəttə, həmin anda o nəticəni heç düşünmür. Ona görə də qarşımdakı böyükdür, bu sözü ona demək olar, yoxsa yox, deyə təhlil edə bilmir. Artıq aqressiya uşağı idarə etməyə başlayır. Və beləliklə də həmin aqressiv uşaq, gələcəyin aqressiv gəncinə çevrilir. Bütün hallarda düşünürəm ki, milli cizgi filmləri uşaqlarımıza göstərilsə, bu, gələcək gəncliyin daha vətənpərvər olmasında müstəsna rol oynayar".

   N.Quliyeva deyir ki, valideynlər çox zaman bu məsələyə ciddi yanaşmır, filmlərin təsiri keçib gedər deyə düşünürlər, amma yanılırlar: "Əgər vaxtında psixoloqa müraciət olunmazsa, gələcəkdə, xüsusən də yeniyetməlik dövründə pis vərdişlərə yiyələnmələrinə, ünsiyyət problemlərinə, pis qruplara düşməsinə, narkotik maddələrə meyil etməsinə, hətta həbsxanalara düşməsinə səbəb ola bilər. Bundan başqa, aqressiv uşaqlar özündən zəiflər üzərində qalib gəlməyi öyrənir, özündən güclülər qarşısında isə o yenə zəifdir. Özünəinamsızlıq yarandığına görə bu aqressivliyi böyüklərə yox, azyaşlılara tətbiq edirlər".

   Belə halda valideynlər hansı addımı atmalıdırlar? Ekspertlərimiz deyirlər ki, valideynlər özündə pis vərdişləri ehtiva edən cizgi filmlərinə baxmaqdan uşaqları çəkindirməli, öz övladlarını daha çox vətənə sevgi, milli-mənəvi dəyərlərimizə uyğun, milli kökümüzə, adət-ənənələrimizə uyğun olan cizgi filmlərinə kökləməlidirlər. Psixoloqlar birmənalı olaraq bu filmlərə baxarkən valideynləri uşaqların yanında olmağa, hadisələri onlara izah etməyi məsləhət görür. A.Kərimov deyir ki, valideynlər uşaqları üçün bir rejim hazırlasalar, yaxşı olar: "Hansı cizgi filmi olar, hansı yox və niyə yox. Həmçinin uşaqla birlikdə baxmaq daha yaxşı variantdır. Bu, uşağın nitq qabiliyyətinin inkişafı, həm dəyərlərin, həm də qəhrəmanların mənimsənilməsi, valideyn-uşaq arasındakı münasibətlərə müsbət təsir edəcək. Filmdən sonra fikirlərin bölüşdürülməsi mütləqdir". Bununla yanaşı, psixoloq valideynlərin əvvəldən cizgi filmləri araşdırmasını məsləhət görsə də, bunun heç də asan iş olmadığını vurğuladı: "Valideynin vaxtı yoxdur ki, bütün cizgi filmlərini izləsin ki, hansı yaxşıdır, hansı yox. Ona görə uşağın hansı filmi izləməsini seçə bilməyən valideyn ona məhdudiyyət də qoya bilmir. Məsələn, əgər uşağın baxdığı filmdə zorakılıq varsa belə, valideyn çox əziyyət çəkir uşağını bundan uzaqlaşdırmağa. Yaxşı olardı ki, milli cizgi filmlərimiz olan disklər alsınlar, uşaqlar həmin cizgi filmlərinə tamaşa etsinlər".

   N.Quliyeva da valideynlərin uşaqla birlikdə film izləməsini vacib sayır: "Valideyn də həmin filmi izləyib oradakı davranışları uşağa izah etməlidir. Hansı davranışın düzgün, hansının yanlış olduğunu, bunun nəyə səbəb ola biləcəyini, zərərlərini başa salmalıdırlar. Yüksək davranışla insanlardan hörmət qazana biləcəyini, insanların onu daha çox sevəcəyini mütləq ona anlatmalıdırlar. Eyni zamanda milli dəyərlərlə bağlı, milli dəyərləri özündə cəmləşdirən səhnələri uşaqlara diqqətlə izah etmək lazımdır. Bununla yanaşı, mənfi obrazlar da təhlil olunmalıdır. Valideynlər uşaqlarını qorxu, şiddət, həyəcan dolu səhnələrdən nə qədər çox uzaq tutsalar, yaxşı olar. Bununla yanaşı, uşağın film izləmə vaxtı da müəyyənləşdirilməli və bu zaman məhdudiyyətlər olmalıdır. Məsələn, 4-5 yaşlı bir uşağın cizgi film izləmə vaxtı 10 dəqiqədən, 7-11 yaşlı uşaq üçün isə bu yarım saatı ötməməlidir. Hətta o maraqla baxsa belə, bu müddəti ötəndə onda şüuraltı yorğunluq yaranır".

   Bütün hallarda valideynlər uşaqların, körpələrin təlim-tərbiyəsində son dərəcə diqqətli olmalıdırlar. Çünki bu günümüzün uşaqları gələcək gəncliyimizdir ki, gənclik də bütün dövrlərdə cəmiyyətin əsas aparıcı qüvvəsi sayılıb.

   "Azərbaycanda Animasiya Filmləri Yaradıcılığının İnkişafına dair Milli Konsepsiya yaradılmalıdır. Bu, həm Azərbaycan kino industriyamızın inkiaşafına, sağlam rəqabətin yaranmasına, eləcə də gələcəkdə müstəqil aniamsiya studiyalarının yaradılmasına təkan verəcək".

   "Azanfilm" animasiya studiyasının direktoru, rejissor və rəsam Elçin Hami Axundov belə deyir. O xatırladır ki, Azərbaycanda milli animasiyanın inkişafına dair konsepsiya layihəsi 7 il əvvəl hazırlanıb: "Mədəniyyət və Turizm Nazirliyində, hətta Nazirlər Kabinetində baxılıb, bəyənilib, ancaq realaşdırmağa gələndə deyirlər "pul yoxdur". Nədənsə anlamaq istəmirlər ki, indiki müstəqil Azərbaycanda gərək milli vətəndaş yetişdirək. Bu vətəndaşları uşaqlıqdan yetişdirmək lazımdır. Animasiya filmləri isə ailə və məktəblə müqayisədə daha güclü tərbiyəvi əhəmiyyətə malikdir".

   Azərbaycanda Animasiya Filmləri Yaradıcılığının İnkişafına dair Milli Konsepsiyasının reallaşdırılması üçün üçün təqribən 150-160 min manat maliyyə dəstəyinə ehtiyac var: "Bu məqsədlə kirayələnəcək otaqların haqqı, animasiya dəzgahları, laboratoriyalar, kompyuterlər və sairə lazımdır. Bundan başqa, həm yerli müəllimlərin, həm də başqa ölkələrdən ustad dərsi keçmək üçün dəvət olunacaq mütəxəssislərin maaşları da bu vəsait hesabına ödəniləcək".

   Onun sözlərinə görə, dövlət büdcəsindən hər il 2 animasiya filminin istehsalına 150 min manat məbləğində vəsaiti ayrılır. Bu rəqəm dünya animasiyasında ayrılan vəsaitlə müqayisədə çox azdır.

   Elçin Hami Axundov vurğulayıb ki, kino sahəsini aktivləşdirən iqtisadi alətlərdən biri də kino istehsalına maliyyə dəstəyi verən şəxslərə qanunvericiliklə tənzimlənəcək müəyyən güzəştlər edilməlidir: "Belə sahibkarları vergilərdən azad etmək və ya onların vergilərini minimuma endirmək lazımdır".

 

 

   Anar

 

   Şərq.- 2011.- 30 noyabr.- S.11.