Mütaliə mədəniyyəti...
Son vaxtlar gənclərin
kitablara meyli artıb
"Gənclər kitab
oxumur!", "Hazırda mütaliə mədəniyyəti
aşağı səviyyədədir!". Azərbaycan cəmiyyətində
bu cür bəyanatlar tez-tez səsləndirilir. Hətta bu, həqiqət
olmasa da belə. Apardığımız araşdırmalara
görə, verilən bu bəyanatların yanlış
olduğu üzə çıxıb. Kitab nəşri və
satışı ilə məşğul olan şirkətlərdən
aldığımız məlumatlara görə, bu gün
kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir.
Amma sözsüz ki, bu, nəinki yetərli, heç orta səviyyədə
də deyil. Ona görə də ölkədə mütaliə
mədəniyyətinin yüksəldilməsinə
böyük ehtiyac var. Bəs necə edək ki, Azərbaycan vətəndaşı
özünü kitabsız təsəvvür edə bilməsin?
Hansı tədbirləri həyata keçirək ki, insanlar
üçün kitab oxumaq əvəzolunmaz vərdişə
çevrilsin?
Sözügedən məsələ
ətrafında söhbət etdiyimiz "Qanun" nəşrlər
evinin direktoru Şahbaz Xuduoğlu bildirdi ki, Azərbaycanda hər
zaman gənclər oxumadıqlarına görə ittiham olunub
və bu tendensiya yenə də davam etməkdədir. Lakin
Ş.Xuduoğlu bildirir ki, onların kitab stendlərinin ətrafında
çoxlu adamlar olur və bunların da əksəriyyətini
gənclər təşkil edir: "Müşahidəyə
görə, stendə yaxınlaşan 10 nəfərdən 9-u
gəncdir. Biri isə nisbətən yaşlı nəslin
nümayəndəsi olur. Bu mənada hesab edirəm ki, son illər
kitaba maraq xüsusən də gənclər arasında xeyli dərəcədə
artıb. Əlbəttə, mütaliə etmək birbaşa
olaraq təhsil mədəniyyəti ilə bağlıdır.
Təhsil yoxdursa, onda kitaba da məhəbbət olmayacaq.
Düşünürəm ki, oxumağın artması onunla əlaqədardır
ki, son illər Azərbaycandan xaricə təhsil almağa
gedirlər və onlar qayıdandan sonra öz dillərində
kitab oxuyurlar. Və yaxud da üçüncü sektorun, nəşriyyatların
kitabı təbliğ etmələri kitaba da münasibəti
dəyişir".
Ş.Xuduoğlu
bildirir ki, hazırda Azərbaycanda yerli müəlliflərdən
çox xarici müəlliflər oxunur. Bunun anormallıq
olduğunu önə çəkən "Qanun" nəşrlər
evinin direktorunun sözlərinə görə, əslində
bu tendensiya əksinə olmalıdır: "Azərbaycandakı
vəziyyət digər ölkələrin kitab bazarından
xeyli dərəcədə fərqlənir. Dünyanın hər
yerində yerli müəlliflərin kitabları daha çox
oxunur. Məsələn, Türkiyədə türk müəlliflər
daha çox oxunur, nəinki xarici müəlliflər. Amma Azərbaycanda
bir qədər fərqlidir. Bizdə xarici müəlliflər
daha çox oxunur. Biz ötən il Nobel mükafatı
laureatlarından olan Herton Müllerin, Orxan Pamukun əsərlərini
Azərbaycan dilinə tərcümə etmişik. Onlar daha
çox oxunurlar, nəinki bizim o nəsildən olan
yazıçılarımızın əsərləri. Bu,
bizim bazarın anormal cəhətidir. Əslində yerli məhsullar
daha çox oxunmalıdır. Yəqin ki, bunun
üçün də müəyyən zaman lazımdır.
Amma hətta bizdə xarici müəlliflər də oxunursa,
buna da şükür etmək lazımdır. Oxuyanın
olması yaxşı haldır, təki kitab oxunsun".
Ölkədə
mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə
gəldikdə isə Ş.Xuduoğlu bildirib ki, heç bir
uşaq özbaşına kitab oxumaz: "Gərək
uşağa məcburən hərfləri öyrədəsən,
yazı yazmaq üçün əlindən tutasan. Əks
halda o heç vaxt öyrənməyəcək. Mindən və
ya on mindən bir uşaq özü yazmağa, öyrənməyə
həvəslə təşəbbüs göstərəcək.
Hazırda Azərbaycanda vətəndaşların kitab
oxumamasının səbəbi də təhsil səviyyəsinin
aşağı olmasındadır. Yeganə səbəb də
budur. Biz yeganə xalqıq ki, pul veririk ki, oxumayaq. Pul veririk
ali təhsil diplomu alırıq, amma verdiyimiz pulun müqabilində
təhsil almırıq. Bəlkə də Azərbaycanda ali təhsilli
diplomlu fəhlələr diplomsuz fəhlələrdən daha
çoxdur. Bu da anormal haldır. İnsanlar boğazlarından
və digər ehtiyaclarından kəsib uşaqlarına xərcləyirlər
ki, onların diplomu olsun. Sanki diplom hər şeyi həll edir. Ancaq diplom heç nəyi həll
etmir. Bəlkə də o diploma verdikləri
pulla uşaqlarına hansısa bir peşəni öyrətsəydilər,
bu, daha yaxşı və daha gərəkli olardı. Baxırsan ki, bir sənətkar almanın
çantasında onu yol boyu təqib edən bədii
kitabları olur, metroda, marşrutda çıxarıb kitab
oxuyur. Yəni heç kimin peşəsi ədəbiyyat
oxumağına mane olmur. Ədəbiyyat
daim oxunmalıdır. Bütün
inkişaf etmiş ölkələrdə də belədir.
Ancaq təəssüflər olsun ki, bizdə belə
deyil. Bizə elə gəlir ki, yalnız təhsili
olan kitab oxumalıdır. Amma bu, səhv
fikirdir. Təhsili olmayan da kitab
oxumalıdır. Mütaliə etmək bir
mədəniyyətdir. Bu mədəniyyətə
də sahiblənmək lazımdır. Təbii
ki, bu da öyrənilməlidir, təbliğ
olunmalıdır. Əgər bir insan
hansısa işində nailiyyət qazanırsa, bu, yalnız
onun oxuduğu kitablar və aldığı təhsillə
bağlıdır. Təhsil olmadan, kitab
oxumadan nailiyyət əldə etmək mümkün deyil.
İnkişafın yeganə yolu təhsildir,
oxumaqdır. Başqa bir yol isə
yoxdur".
Milli Kitab
Mükafatının təsisçisi, "Əli və
Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri
Nigar Köçərli də hesab edir ki, son zamanlar kitab
oxuyanların sayı artıb. Onun sözlərinə
görə, bu artım gənclər arasında daha yüksəkdir:
"Bizim təcrübəmizdən də bəlli olur ki,
hazırda elə gənclər kitab oxuyur. Bu da
qürurvericidir. Biz görürük ki,
son illərdə kitab alınması və oxunması istiqamətində
böyük irəliləyişlər var. Gənclərimiz
daha çox oxumağa başlayıblar. Hazırda
oxucularımız daha çox xarici müəlliflərin əsərlərini
oxuyurlar. Görünür, həmin müəlliflərə
böyük etibar və ehtiyac var. Ümid edirəm ki, yerli yazıçılarımızın
əsərləri daha çox oxunacaq və onların
kitablarının tirajları çoxalacaq".
Kitabın qiymətinin
baha olmasının onun oxunma sayına təsir etdiyini önə
çəkən N.Köçərli Azərbaycanda
kitabın üzərinə 18 faiz əlavə dəyər
vergisinin (ƏDV) qoyulmasından təəssüflənib:
"Dünyanın əksər ölkələrində, hətta
MDB-də də kitab üzərində ƏDV sıfır
faizdir. Bununla da dövlət mütaliə mədəniyyətinin
yüksəldilməsinə çox böyük dəstək
vermiş olur. Mənim fikrimcə, Azərbaycanda
ƏDV ləğv olunsa, bu bütün kitabsevərlərə
böyük dəstək olar. Çünki
ƏDV ləğv olunduqdan sonra kitabların qiymətləri
hazırkı kimi yüksək olmayacaq. Ümid
edirəm ki, bu məsələ dövlət tərəfindən
nəzərə alınacaq".
Əhalinin mütaliə
mədəniyyətini yüksəltmək üçün
müxtəlif tədbirlərin həyata keçirilməsinin
vacib olduğunu önə çəkən N.Köçərli
bu istiqamətdə iş gördüklərini dilə gətirib:
"Məsələn, "Əli və Nino" şəbəkəsi
olaraq ayda ən azı 2-3 dəfə kitab təqdimatları
keçiririk. Problem orasındadır ki, əhalidə
kitaba elə də böyük maraq yoxdur. Heç
kəs könüllü şəkildə təqdimata gəlmək
istəmir, hamını biz dəvət etməliyik. Amma əlimizdən gələni edirik ki, kitaba maraq
artsın. Heç olmasa bu cür tədbirlərimiz
yazıçılarımızın kitablarına
qarşı olan marağı artırsın. Bir misal deyim. Bu yaxınlarda bizdə
Qənirə Paşayevanın kitabının təqdimatı
oldu. Qənirə xanım rekord vurdu.
2 saat ərzində 170 kitabı satıldı.
Hələ bu günə qədər bizdə
belə bir hal olmamışdı. Ümid
edirəm ki, bizim digər müəlliflərimizin kitabları
da belə satılacaq. Bu həftənin
sonu Çingiz Abdullayevin kitabının da təqdimatı
olacaq. Çox böyük ehtimalla
Çingiz müəllim Qənirə xanımın rekordunu
qıracaq. Çünki Çingiz
Abdullayevin əsərləri Azərbaycanda populyardır.
Mən bütün kitabsevərləri bu şənbə saat
15:00-da "Park-bulvar"a dəvət edirəm"
Gənc
yazar Qan Turalı da son illərdə kitab oxunuşunda
artımın olduğu qənaətindədir. Onun fikrincə, əvvəlki illərlə
müqayisədə hazırda kitab bazarı daha çox
inkişaf edir. Amma buna baxmayaraq ölkədə kitaba
olan marağın yenə də aşağı səviyyədə
olmasından gileylənən gənc yazar deyib ki, Azərbaycanda
nəşr olunan kitabların tirajı bir çox hallarda
1000-i ötmür: "Təkcə Bakı şəhərində
100 mindən artıq tələbə var. Bu rəqəmin
heç bir faizi kitab oxumur. İş
orasındadır ki, hazırda kitab oxuyanların heç də
hamısı tələbə deyil. Kitab oxuma, mütaliə
mədəniyyəti inkişaf etsə də, bu proses çox
zəif şəkildə gedir. Bunun da təbii
ki, bir sıra səbəbləri var. Səbəblərdən
biri də Azərbaycan təhsil sisteminin çox yarıtmaz vəziyyətdə
olmasıdır. Xüsusilə də ədəbiyyat
dərslikləri çox keyfiyyətsizdir. Orta məktəb və ya universitet bitirən
adamların sonradan kitaba yönəlməyi çətindir.
Kitabın qiymətinin baha olması da onun oxunma
sayına təsir edir. Kitaba olan vergilər
onun dəyərinin yüksək olmasına gətirib
çıxarır. Hesab edirəm ki, kitab
çapı ilə əlaqədar vergilər
azaldılmalıdır. Dövlət kitaba
gəlir yeri kimi baxmamalıdır. Məsələn,
Türkiyə ilə bizdə kitabların qiyməti təxminən
eynidir. Amma orada minimum əməkhaqqı
bizdən qat-qat artıqdır, təxminən 150 manatdır.
Bütün bu kimi hallar da kitaba olan marağı
azaldır. Kitab mağazalarının az
olması da mütaliəyə təsir edir. Normalda
hər bir şəxs ay ərzində kitab üçün 50
manat pul xərcləməlidir. Amma biz
görürük ki, tələbələrə bəzən
kitabları məcbur satdırırlar. Halbuki
o kitabı insan özü almalıdır".
Qan Turalı
ölkədə daha çox xarici müəlliflərin əsərlərinin
oxunması fikri ilə razılaşmır. Onun sözlərinə
görə, xarici müəlliflərin əsərlərinin
satışı istənilən halda yerli müəlliflərin
kitablarının satışını keçə bilməz:
"Bu, birmənalıdır. Məsələn,
"Əli və Nino" kitab evinin
açıqladığı rəqəmlərə görə,
ötən ay mənim kitabımın satışı birinci
yerdə idi. Məndən əvvəl də
başqa yerli müəlliflər öndə olublar. Bu nə ilə bağlıdır? Məsələn, klassiklərin spesifik xüsusiyyətləri
var. Onların əksəriyyəti həmişə
satılıb, amma az-az satılıb. Bu
gün də həmin müəlliflərin əsərləri
çox satılmır. Bu da onunla əlaqəlidir
ki, Azərbaycan cəmiyyəti Qan Turalı, Seymur Baycanı
daha yaxşı tanıyır, nəinki xarici müəllifləri.
Bu tendensiya bütün dünyada eynidir - yerli
yazıçılar xarici müəlliflərdən daha
çox oxunur".
Mütaliə mədəniyyətinin
səviyyəsini yüksəltmək yollarına gəlincə
isə Qan Turalı bildirdi ki, bu işdə telekanalların
üzərinə böyük məsuliyyət
düşür: "Hər bir televiziya kanalında sosial
reklamlar olmalıdır. Amma onların başları pul
qazanmağa qarışdığı üçün bu
istiqamətdə heç bir iş görmürlər. Televiziyalarda bu cür sosial məsuliyyət hissi demək
olar ki, yox dərəcəsindədir. Kitab
oxumaq bir modaya çevrilməlidir. Bu
gün nə üçün adamlar Rəqsanəyə, Faiqə,
Röyaya, Aygünə oxşamaq istəyirlər? Çünki onların cəmiyyətdə çox
ciddi pozisyonu var. Bu adamlar çox böyük pullar
qazanırlar, bütün günü efirdədirlər. Amma Azərbaycanda yazıçıya verilən dəyər
nədir ki, buna baxan şəxslər də
yazıçıya oxşamaq istəsin. İndi
bəziləri deyir ki, kitabı internetdən oxyur. Mən hesab edirəm ki, kitabı internetdən oxumaq
qeyri-ciddidir. Doğrudur, hazırda elektron
kitablar var, ancaq Azərbaycanda çoxlu sayda kitabların
elektron variantı yoxdur. Kitab ilk növbədə
satılmalıdır, alınmalıdır".
Seymur
Qasımbəyli
Şərq.-
2011.- 30 noyabr.- S. 6.