Etimad körpüsü, ümid qapısı

 

İşçilərin sosial-iqtisadi hüquqlarının keşiyində dayanan həmkarlar ittifaqları bu missiyanı şərəflə daşımaqdadır

 

Müdrik insanlar zaman-zaman özlərinin əhatəsində olanlar arasında, ümumən cəmiyyətdə daim ruh yüksəkliyi yaratmağı, insanın ləyaqətini etiraf etməklə onda olan ən yaxşı nə varsa, hamısını üzə çıxarmaq bacarığını özlərinin ən qiymətli keyfiyyəti sayıblar. Belə adamlara həmişə, hər yerdə ehtiyac böyük olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə hər görüşümdə onda insanlara məhrəmliyin, nəvazişin, onlarla dil tapmaq, dərdini özününküləşdirmək, sevincinə qatılmaq bacarığının yüksək dərəcəsini açıq-aşkar hiss etmişəm.  

    Səttar müəllim məşhur Amerika yazıçısı Deyli Karneyginin "...qiymət verməkdə ürəyiaçıq və tərifləməkdə səxavətli olun. Adamlar sözlərinizi yadda saxlayacaq, onları əziz tutacaq, bütün həyatları boyu təkrar edəcək - sizin yadınızdan çıxandan bir çox illər sonra da təkrar edəcəklər" - fikrini özünün fəaliyyət və ünsiyyət proqramına çevirib. O, bu prinsipi rəhbərlik etdiyi qurumun bütün əməkdaşlarından da tələb edir və əslində də bu cürdür.

   AHİK-ə üz tutan, hansısa müraciətlə bu idarənin qapısını açan hər kəs doğma, əziz adamlarının yanına gəldiklərini ilk andanca duyur, arzu və təkliflərinin qısa zamanda reallaşacağına tam əminliklə də buradan qayıdırlar. Onlar yaxşı bilirlər ki, sosial-iqtisadi hüquqlarının və mənafelərinin keşiyində duranlar onları darda qoymayacaq, haqq-ədalət öz yerini tutacaq.

   Azərbaycan həmkarlar ittifaqlarının bütün strukturları ölkənin əmək kollektivlərində normal iş şəraitinin yaradılması, hər kəsin öz bacarıq və istedadını tam sərbəst şəkildə reallaşdırması, fikrini açıq bildirməsi, onların hüquq və vəzifələrinin qorunması, əməyinə qədərincə qiymət verilməsi üçün bütün imkan və səlahiyyətlərindən ardıcıllıqla, yüksək peşəkarlıqla istifadə edirlər. Səttar Mehbalıyev son illər Azərbaycanda fəaliyyət göstərən bir sıra transmilli şirkətlərdə həmkarlar ittifaqlarının necə çətinliklə yaradılması, bu təşkilatların hansı problemlərlə üzləşməsi barədə böyük həvəslə danışır. O bildirir ki, ötən əsrin 90-cı illərində həmkarlar ittifaqlarının qarşılaşdığı problemlərin həllində, bu təsisatın sosial sferadan silinib getməsinin qarşısının alınmasında ümummilli lider Heydər Əliyev necə böyük siyasi fədakarlıq göstərirdisə, sonralar, günü bu gün həmkarlar ittifaqlarının normal fəaliyyətinə, xarici şirkətlərdə çalışan soydaşlarımızın hüquq və mənafelərinin qorunmasına ölkə başçısı cənab İlham Əliyev də məhz həmin prinsipiallıqla, həssaslıqla yanaşır.

   Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq son illər ölkəmizdə bir sıra sosial proqramlar uğurla reallaşdırılır, investisiya layihələri həyata keçirilir. Məhz bunların sayəsində Azərbaycanda müasir texnologiyalara əsaslanan, beynəlxalq standartlara cavab verən 1 milyona yaxın yeni iş yeri açılmışdır. Eyni vaxtda əməyin təhlükəsizliyinin və sağlamlığının idarə edilməsi sisteminin ardıcıllıqla tətbiq edilməsi yeni-yeni nailiyyətlər qazanılmasına rəvac vermişdir. Bu sistem fasiləsiz təkmilləşmənin əsasən texniki, sanitariya-gigiyena, hüquqi və təşkilati tədbirlər kompleksinin hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi üzrə tədbirləri əhatə edir.

   Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü və dəstəyi ilə son illər işləyən vətəndaşların sosial-iqtisadi hüquqlarının qorunması, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə bir sıra qanunverici və normativ aktlar işlənib hazırlanmış və təkmilləşdirilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanuna, Əmək və Vergi məcəllələri kimi zəruri dövlət sənədlərinə düzəlişlər edilmişdir. Milli Məclis AHİK-in təklifi ilə müəssisələrin gəlirinin vergiyə cəlb olunan hissəsindən profilaktik yeməyin, südün və ona bərabər tutulan qida məhsullarının alınmasına yönəldilmiş xərclərin çıxarılması barədə qanuna dəyişiklik etmişdir. Həmkarlar ittifaqlarının iştirakı ilə "İstehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından sığorta haqqında" qanun layihəsi də hazırlanmışdır. Bütün bu tədbirlər həmkarlar ittifaqlarının, icra hakimiyyəti orqanlarının, işəgötürənlərin nümayəndələrinin qarşılıqlı əlaqələri zəminində həyata keçirilmişdir. AHİK sədri bildirir ki, yeni qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunmasında müsbət rol oynayacaq.

   İş yerlərində əmək şəraitinin norma tələblərinə uyğunlaşdırılması, istehsalat xəsarətlərinin azaldılmasının təmin edilməsi profilaktikası, qadınların əmək şəraitinin yaxşılaşdırılması və digər tədbirlər həmkarlar ittifaqları komitələrinin hazırladıqları əməyin mühafizəsi məsələləri üzrə kollektiv müqavilə və sazişlərdə mühüm yer tutur. Statistik məlumatlara görə, təkcə ötən il AHİK 9 minədək həmkarlar ittifaqı komitəsinə bu sahədə kömək göstərmişdir. Həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri bir sıra müəssisə və istehsal sahələrində 1500-dən artıq müayinə aparmışlar. Müfəttişlik qanunvericilik, sanitariya və gigiyena təhlükəsizliyinə dair tələblərin pozulması hallarının aradan qaldırılmasına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. 2010-cu ilin statistikasına görə, istehsalatda zədələrin, ölüm hallarının sayı bir il əvvəlkinə nisbətən xeyli azalmışdır.

   Ölkənin bir sıra istehsal müəssisələrində, xüsusən tikintilərdə əməyin mühafizəsi tələblərinə lazımınca əməl olunmaması həmkarlar ittifaqı təşkilatlarını ciddi narahat edir. Bəzi tikintilərdə layihələrin ekspertizadan keçirilməməsi, işçilərin müvafiq ixtisasa yiyələnmədən, gördüyü işlərə uyğun peşələri olmadan kollektivə qəbulu, habelə tikinti materiallarının, avadanlığın, qurğuların lazımi sınaq və analizdən keçmədən istifadəsi qətiyyən yolverilməzdir. Odur ki, respublikada fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda, eləcə də xarici şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması olduqca zəruridir. Səttar Mehbalıyev bildirir ki, problemlərin böyük hissəsi məhz həmkarlar ittifaqı təşkilatları tərəfindən aradan qaldırıla bilər. Məsələləri kompleks şəkildə həll etmək üçün müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi və bu sahədə işlərin təkmilləşdirilməsi qarşıda duran vacib vəzifələrdəndir.

   Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu özündə təsbit edir. Hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından asılı olmayaraq ölkənin müvafiq qanunvericilik və normativ aktlarında əks olunmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyə borcludur. Təbii ki, bu işdə həmkarlar ittifaqlarının rolu böyükdür və AHİK yerli nəzarət orqanları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlıq prinsiplərinin dəqiqləşdirilməsinə yönəldilmiş tədbirləri daha da intensivləşdirmək niyyətindədir.

   Son illər əmək miqrantlarının sosial-iqtisadi çətinliklərinin həlli müasir dünyanın ən önəmli problemlərindən birinə çevrilmişdir. Miqrant axınının görünməmiş həddə çatması bu prosesin ciddi təhlil olunmasını və tənzimlənməsini zəruri etmişdir. Təbii ki, bu sahədə həmkarlar ittifaqlarının da üzərinə böyük vəzifə düşür.

   Bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. Ekspertlərin rəyinə görə, istehsal olunan ümumdaxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk edib. Ümumilikdə, miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır.

   Bəs ölkəmizdə bu barədə vəziyyət necədir? 1989-2007-ci illərdə 418 min soydaşımız iş dalınca başqa ölkələrə getmişdir. Həmin dövrdə Azərbaycana üz tutanların sayı isə 425 min nəfərdir. Respublikamızdan gedən miqrantların əksəriyyəti - 83 faizi Rusiyada yerləşmişdir. Onların 5 faizi Ukraynaya, qalanları Qazaxıstan, Belarus, Gürcüstan və başqa ölkələrə üz tutmuşlar.  

   Əmək miqrantları ilə bağlı problemlərin həllinə ölkəmizdə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət miqrasiya xidməti yaradılması haqqında" fərmanının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu sənəd miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin "Biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir, əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun..." sözləri bütün müvafiq qurumların fəaliyyət devizinə çevrilmişdir.  

   Miqrantlarımızın əsas hissəsi Azərbaycan vətəndaşlığını saxlamaqla Rusiyada yaşayır və işləyir. Ekspertlərin məlumatına görə, 2006-cı ildə Rusiyadakı azərbaycanlı işçilərin sayı 1 milyon 300 nəfər idi. Həmin il onlar tərəfindən vətənə pul köçürmələri 1,5 milyard ABŞ dollarına qədər yüksəlmişdi. Bu da Azərbaycanın ümumdaxili məhsulunun 8 faizini təşkil edirdi. Lakin Rusiya Federasiyasında 2008-ci ildə əcnəbilərə işləmək üçün icazələrin sayının iki dəfə azaldılması barədə qərar verildi. 2011-ci il üçün isə təsdiq olunan kvotanın daha da azaldılması nəzərdə tutulmuşdur. Bu qərar Rusiya Federasiyasında çalışan soydaşlarımızın iş yerlərinin bağlanılmasına səbəb olmuş, onların çeşidli problemlərlə üzləşməsinə gətirib çıxarmışdır. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti bu çətinlikdən vətəndaşlarımızın mümkün qədər az itki ilə çıxması üçün müəyyən tədbirlər görmüşdür. Rusiya Federasiyasının müvafiq qurumları ilə danışıqlar aparılmış, bu sahədə əməkdaşlığın genişləndirilməsilə bağlı müəyyən layihələr həyata keçirilmişdir.

   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları da əmək miqrasiyası ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayır. Bu sahədə işlərin tənzimlənməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Xatırladaq ki, AHİK və Beynəlxalq Əmək Təşkilatının Moskva ofisi arasında əmək miqrasiyası məsələləri üzrə əməkdaşlıq və texniki yardım barədə müddətli müqavilə imzalanmışdır. AHİK tərəfindən "Miqrasiya məsələlərinə dair məlumat məcmuəsi" və AHİK-in əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində Fəaliyyət Proqramı layihələri hazırlanmış və üzv təşkilatlara təqdim edilmişdir. Azərbaycanda Avropa Şurasının dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı "Rusiya Federasiyasında əməkçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması" layihəsini həyata keçirir. Layihənin məqsədi Rusiya Federasiyasında işləyən miqrantların əmək və sosial müdafiəsini gücləndirmək, dialoq vasitəsilə Azərbaycanda miqrasiyanın səmərəli inkişafına nail olmaq, həmin ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirmək və pilot layihələri həyata keçirməkdir.

   Hazırda Azərbaycan miqrasiya baxımından əsasən mənşə və tranzit ölkəsi kimi qəbul olunsa da, onun təyinat ölkəsinə çevrilmək ehtimalı çoxdur və artıq bu proses intensivləşir. Bu cür dəyişikliklərin mümkünlüyü çevik tədbirlərin işlənib hazırlanmasını tələb edir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının yeni layihəsi Azərbaycan Həmkarlar İttifaqları tərəfindən dəstəklənir və onun uğurlu icrası üçün bütün imkanlardan maksimum istifadə olunur.  

   Miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə bir sıra xarici dövlətlərin, xüsusən MDB ölkələrinin həmkarlar təşkilatları ilə əməkdaşlıq getdikcə intensivləşir. Rusiya həmkarlar ittifaqları nümayəndələri ilə Moskva və Yekaterinburqda keçirilən görüşlərdə Azərbaycandan getmiş əmək miqrantlarını Rusiya Həmkarlar İttifaqı üzvlüyünə cəlb etməklə onların qanuni hüquqlarının qorunması barədə razılıq əldə olunmuşdur. Bu tədbirləri davam etdirmək nəzərdə tutulur. Ukrayna, Qırğızıstan, Moldova, Belarus respublikalarının həmkarlar ittifaqı mərkəzləri ilə də əməkdaşlıq böyük fayda verəcək.

   Məlumdur ki, həmkarlar ittifaqları işçilərin əmək və sosial hüquqlarının müdafiəsi sahəsində ən güclü və ədalətli qurumdur. Həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Konstitusiyası, Əmək Məcəlləsi və "Həmkarlar ittifaqları haqqında" qanunla müdafiə olunur. Bu baxımdan miqrantlara təkidlə həmkarlar ittifaqlarına daxil olmalarını məsləhət görmək zəruridir. Əcnəbi işçilər harada işləyib yaşamalarından asılı olmayaraq bilməlidirlər ki, öz maraq və hüquqlarının müdafiəsində, problemlərinin həllində həmkarlar ittifaqlarının məsləhət və yardımlarından faydalanmaq imkanındadırlar. İşi elə qurmaq lazımdır ki, onların özləri hüquqlarının qorunmasında maraqlı olsunlar. Səttar Mehbalıyev bildirir ki, AHİK bundan sonra da Beynəlxalq Həmkarlar İttifaqı mərkəzləri ilə işgüzar əlaqələri intensivləşdirəcək, əmək miqrantlarının inteqrasiyasının sadələşdirilməsinə istiqamətləndirilmiş milli və beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində səyləri gücləndirəcək. Bu sahədə uzunmüddətli tədbirlər planının hazırlanması və həyata keçirilməsi olduqca zəruridir və AHİK bununla bağlı mühüm tədbirlər görmək niyyətindədir.

   Bu yazıda işləyən soydaşlarımızın, eləcə də miqrantların sosial-iqtisadi hüquqlarının keşiyində dayanan həmkarlar ittifaqlarının fəaliyyətinə qısaca ekskurs etdik. Bununla bağlı bizə məlum olan, bu qurumun səlahiyyətliləri ilə söhbətlərimizdən yaddaşımıza köçən faktları xatırlatdıq. Həyat isə davam edir. Səhərlər işə tələsən, axşamlar ailəsinin üstünə qayıdan hər bir soydaşımız yaxşı bilir ki, Azərbaycan Həmkarlar İttifaqları onların əməyinə yüksək qiymət verilməsi, hüquqlarının qorunması ilə bağlı bütün mümkün vasitə və imkanlardan səmərəli istifadə etməkdə, vətəndaşların arzu və istəklərinin reallaşdırılmasında israrlıdır.

 

 

Akif Cabbarlı

 

Şərq.- 2011.- 7 oktyabr.- S. 12.