Tofiq müəllimin xoşbəxtliyi...
Azərbaycan Milli Elmlər
Akademiyasının Geologiya İnstitutunda cümə
günü görkəmli alim, paleontoloq-stratiqraf, AMEA-nın
müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru,
professor, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti,
Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü Tofiq Həsənovun
anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri
keçirilib.
Trend-in
məlumatına görə, Geologiya İnstitutunun direktoru Akif Əlizadə tədbirdə bildirib ki, o,
instituta laborant kimi işə qəbul ediləndə Tofiq Həsənov artıq elmlər namizədi
vəzifəsində çalışırdı. O,
1954-cü ildən ömrünün
sonunadək Geologiya İnstitutunda
müxtəlif vəzifələrdə
çalışıb. Bununla
yanaşı, 1954-1993-cü illərdə Azərbaycan Dövlət
Universiteti (indiki Bakı
Dövlət Universiteti) və Azərbaycan
Sənaye İnstitutunda (indiki
Dövlət Neft Akademiyası) dərs deyib.
Əlizadə qeyd edib
ki, Tofiq Həsənovu
cavan vaxtlarından yaxşı
tanıyıb. Alimin qarşısına qoyduğu məqsədə nail
olmaq istəyi onun ən
nəzərəçarpan xüsusiyyətlərindən biri olub.
"Tofiq müəllimin
xoşbəxtliyi onda idi ki, o, gözəl stratiqrafik məktəbin
nümayəndəsi idi. O, həmin məktəbin ilk tələbəsi
olub. Tofiq müəllimə akademik Musa Əliyev çətin
mövzu təklif etmişdi. Bu mövzu Azərbaycanın Yura
çöküntüləri idi. Yura çöküntüləri
o vaxta qədər dəqiq öyrənilməmişdi. O, bu
sahədə tədqiqatlar aparmaqla elmə öz töhfəsini
verə bildi", - Əlizadə deyib.
Onun sözlərinə
görə, elmi fəaliyyətə gənc yaşlarından
başlayan alimin elmi fəaliyyətinin əsas istiqaməti
Yura çöküntülərinin paleontologiya və
stratiqrafiyası olub.
"Alimin namizədlik
dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz
yataqlarının ana süxuru olan və geniş intişar edən
Yura çöküntüləri olub. Həsənovun elmi tədqiqatlarının
nəticələri 1957-ci ildə müdafiə etdiyi namizədlik
dissertasiyasında öz əksini tapıb. Yura
çöküntüləri üçün ilkin əhəmiyyətli
altı tapıntı 1952-ci ildə Tovuz rayonunda aparılan
çöl işləri zamanı aşkar edilib. Həsənovun
elmi tədqiqatları təkcə Hettanq, Sinemyur, Plinsbax, Toar,
Aalen, Bayos və Bat mərtəbələri
çöküntülərinin paleontologiya və
stratiqrafiyası ilə məhdudlaşmayıb.
Onun tədqiqatlarından
məlum olur ki, Azərbaycanın Yura ammonitlərinin cins və
növlərinə qərbdə Cəbəllütariq
boğazından şərqdə İndoneziyaya qədər en
istiqamətində uzanan Aralıq dənizinin Alp
qırışıqlıq qurşağının
bütün regionlarında rast gəlinir", - Əlizadə
bildirib.
O qeyd edib ki, Həsənovun
kolleksiyasında Azərbaycanın Yura çöküntülərindən
topladığı yumşaqbədənlilər tipinə aid
100-dən artıq növün nümunələri
saxlanılır.
"Alim Kiçik
Qafqazın bir neçə regionunda yer üzünə
çıxan metamorfik şistlərin Paleozoy yaşlı
olması haqqında fikir və mülahizələri dəlillərlə
təsdiqləyib", - İnstitut direktoru əlavə edib.
Əlizadə 90-cı
illərdə Tofiq müəllimin rəhbərliyi ilə Azərbaycanın
təkmilləşdirilmiş regional stratiqrafik sxeminin
hazırlandığını da deyib.
"Bu sxemdə Azərbaycanda
ilk dəfə olaraq, regional və yerli stratiqrafik taksonların
ayrılması və onların ümumi şkalanın
taksonları ilə müqayisəsi Həsənova məxsusdur.
Həsənov həm də bir sıra mineral və faydalı
qazıntı yataqları kəşfinin sənədləşdirilməsində
iştirak edib. O, geologiya elminin tarixini araşdırmağa da
böyük həvəs göstərirdi", - İnstitut
direktoru deyib.
Əlizadə bildirib
ki, Tofiq müəllimin əldə etdiyi nailiyyətlər digər
ölkələrin alimlərində də böyük maraq
oyadırdı.
Onun sözlərinə
görə, Həsənov 1999-cu ildən ömrünün
sonunadək Azərbaycanın qocaman muzeylərindən biri -
H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru olub.
2005-ci ildə vəfat etmiş Həsənov 8 monoqrafiya, 200-dən
artıq elmi və elmi-kütləvi məqalə miras qoyub.
Təbiət Tarixi
Muzeyinin direktoru Tariyel Eybatov deyib ki, vaxtilə Tofiq müəllimin
rəhbərlik etdiyi bu muzey ən qocaman muzeylərindən
biri olub. O, ictimaiyyətin nəzərini bu muzeyə yönəltməyə
çalışırdı. Eybatov Tofiq müəllimi
çox insanpərvər, təmkinli, zəhmətkeş insan
kimi qiymətləndirib, onu gənc alimlərə örnək
sayıb.
Həsənovla uzun
müddət bir yerdə işləmiş Təbiət Tarixi
Muzeyinin direktor müavini Obrik Zeyniyev isə onun bu muzeyin fəaliyyətinin
bərpası üçün çox böyük işlər
gördüyünü deyib.
"Tofiq müəllim
həmişə muzeyin işini təbliğ etməyə
çalışırdı. Tofiq müəllim muzeyin tarixi
haqqında kitab da yazıb", - Zeyniyev əlavə edib.
Azərbaycan Dövlət
Neft Akademiyasının prorektoru Vaqif Qurbanov Tofiq müəllimin
pedaqoji fəaliyyəti haqqında danışıb. O bildirib
ki, Həsənov məzunu olduğu Azərbaycan Sənaye
İnstitutunda müəllim kimi çalışıb.
Mərhumun nəvəsi
Aytac isə babası haqqında xatirələrini tədbir
iştirakçıları ilə bölüşüb.
"Mənim
üçün babam haqqında danışmaq həm
çox çətin, həm də çox şərəflidir.
O, öz peşəsinə çox bağlı insan idi. Həyatının
son illərində rəhbərlik etdiyi muzey onun
üçün böyük əhəmiyyət kəsb
edirdi. Muzeyin vəziyyətinin acınacaqlı olması onu
çox narahat edirdi. Amma onun bütün bu
narahatlıqları evdə özünü göstərmirdi",
- nəvəsi deyib.
Onun sözlərinə
görə, olduqca ailəcanlı olan Tofiq Həsənov
üçün ailəsi həmişə ön planda
olub.
"O, evdə
heç vaxt yüksək səslə danışmayıb. Ailəsini
çox sevirdi. Bu evdə həmişə məhəbbət
olub. Babamın nənəmə olan münasibətində də
bunu görürdük. O, bizimlə uşaq kimi deyil,
böyük kimi davranırdı. Lazım gələndə
bizdən də məsləhət alırdı", - nəvəsi
bildirib.
Tədbirdə
çıxış edən digər iştirakçılar
Tofiq Həsənovun həyat və
yaradıcılığından danışıblar.
Sonda
çıxış edən Tofiq Həsənovun oğlu Altay
Həsənov tədbiri təşkil edənlərə,
iştirakçılara atası haqqında deyilən xoş
sözlər üçün öz təşəkkürünü
bildirib.
Şərq.-
2011.- 15 oktyabr.- S. 12.