"Xarici ölkələrdən birində Azərbaycanı təmsil etmək istəyirəm"

 

Əvvəllər deputat olmuş, İstanbulda Azərbaycanın baş konsulu işləmiş, yazıçı-publisist Xeyrəddin Qoca uzun müddətdir ki, işsiz qalıb. Bir müddət bundan öncə İstanbulun sabiq baş konsulu Səyyad Arana Milli Məclisdə verildiyini nəzərə alaraq, elə bu barədə Xeyrəddin Qoca ilə də söhbətləşdik. Onun da vəzifə arzulayıb-arzulamadığını, hazırda nə işlə məşğul olduğunu öyrənməyə çalışdıq. X.Qoca "Şərq"ə müsahibəsində bu məsələlərlə yanaşı, ədəbi məkanda cərəyan edən hadisələrə də fikrini bildirdi. Artıq 9 ildir ki, heç bir yerdə işləmədiyini deyən müsahibimiz qeyd edib ki, diplomatik müddət başa çatdıqdan sonra 4 ay da əlavə işləyib...

   - Baş konsul vəzifəsindən geri çağırıldım. Mənə vəzifə təklif etdilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədrin müavini vəzifəsində işləməyi məsləhət gördülər. Doğrusu, mən heç kəlmeyi-şəhadəti bilmirəm. Həm də o iş qətiyyən mənə uyğun deyildi. Bacarmadığım, ürəyimcə olmayan işdə necə çalışa bilərdim axı. Odur ki, imtina etdim. Sonra da heç bir iş təklif etmədilər. Beləliklə, 52 yaşından bu yanadır ki, işsizəm.

   - Bəs niyə vəzifə istəmirsiz?

   - Vəzifəni istəməzlər, vəzifəyə təyin edərlər.

   - Onda sualı belə qoyaq, hansı vəzifədə işləməyi arzu edərsiniz?

   - Hə, bu başqa məsələ. Hər hansı bir ölkədə Azərbaycanı təmsil etmək istəyərdim. Çünki mənim 5 il 4 aylıq diplomatik təcrübəm var. Özümə və qabiliyyətimə inanıram. Açıq desəm, diplomatik vəzifədə işləmək mənim üçün qətiyyən çətin deyil.

   - Görünür, sizə mane olanlar var...

   - Əlbəttə, belələri həmişə olub, indi var. Bilirsiniz adam haqqında pis rəy yaratmağa var ki? Bir neçə dəfə deyirlər, axırda da kimisə inandırırlar.

   - Bəs necə dolanırsınız?

   - Çalışın bu sualı heç kimə verməyin. Dəb düşüb, indi yaxşı yaşayan da deyir ki, pis yaşayıram. Guya, kiminsə buna ürəyi yanacaq. Amma mənim üçün həqiqətən çətindir. Çünki ailə üzvlərimin heç birinin işi yoxdur. Mən millət vəkili olanda da, İstanbulda baş konsul olanda da ailə üzvlərimin işi olmayıb. Heç kimdən heç bir xahiş etməmişəm. Kiçik qızım Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, oturub evdə, tapmayıb, depressiya ilə yaşayır. O biri qızlarım da ailələri ilə birlikdə çətin həyat tərzi keçirirlər. Minnətdarlığımı hər zaman bildirmişəm, indi bildirirəm ki, prezidentimiz mənə təqaüd ayırıb, mənzillə təmin edib. Amma 2008-ci ildən bəridir ki, mənzilin təmirinə başlaya bilməmişəm. Təmir olmadığına görə qızım kirayədə qalır, aldığım təqaüdü ona verirəm. Bunun adını istəyirlər "ağlamaq" qoysunlar, istəyirlər başqa ad versinlər. Fakt budur ki, çətin şəraitdə yaşayıram. Axı mənim vəzifə tutanlardan nəyim əskikdir? Savadım, danışığım, yazı-pozum, adım-sanım, şəxsiyyətim işləməyimə imkan verir. Diplomatik işlərdə çalışanlar var ki, ağızlarının sözünü danışa bilmirlər. Heç dilimizi əməlli-başlı bilmirlər. Hələ başqa çatışmazlıqları demirəm.

   - Siz məşhur "91-lər"dənsiz, YAP-ın yaranmasının iştirakçılarındansınız. Hakim partiya yaranandan Siyasi Şuranın üzvüsünüz, "Yeni Azərbaycan" qəzetinin yaradıcısı uzun müddət baş redaktoru olmusunuz, millət vəkili, baş konsul kimi missiyalarda olmusuz, tanınmış yazıçı-publisistsiniz...

   - İndi yadıma Heydər Əliyevdən əvvəlki prezidentlərdən birinin dedikləri düşür. Æurnalist Osman Mirzəyev danışıb mənə. Deməli Osman müəllim Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri olanda, mənim Heydər Əliyev haqqında yazdığım məqalə dərc olunan qəzeti o zamankı prezidentə veriblər. O da diqqətlə oxuyub axırda deyib ki, "qoy yazsın, axırını görərik". Bu da axırı. O vaxt da işsiz qalmışdım, indi işsizəm.

   - Azərbaycanda işləmək istərdiniz?

   - Yox. Bunun bir sıra səbəbləri var. Vaxtilə rəhmətlik prezidentimizə ürəyimi açıb danışmışam.

   - Yazıçılar, jurnalistlər müxtəlif tarixi günlərlə əlaqədar təltif edilirlər. Sizin adınıza o siyahılarda rast gəlmirik...

   - Rəşid Behbudov adına Mahnı Teatrında 50 illik, Azərbaycan Yazıçılar Birliyində 60 illik yubileylərim keçirilib. Həm bu yubileylər qəzetlərdə, televiziyalarda işıqlandırıldı. Haqqımda 2 saatlıq canlı yayımla veriliş oldu, barəmdə kitablar çıxıb. Hələ yazdığım ədəbi əsərləri, pyesləri demirəm. Təltif üçün təqdimat yazılsa da, (surəti məndədir) görünür, cənab prezidentə çatdırılmayıb. Çünki onun heç bir təqdimatı diqqətsiz buraxmadığını bilirəm. 

   - Eşitmişik 60 illik yubileyinizin doğulduğunuz Ağdaş rayonunda keçirilməsinə mane olublar...

   - Doğrusu, mən istəmirəm belə məsələlərlə bağlı danışım. İndi ki, sual verirsiz, deyim əhvalat necə olub. Yazıçılar Birliyinin katiblərindən biri mənə demişdi ki, hazırlaş, Ağdaşda yubiley tədbirin keçiriləcək. O hər məni görəndə deyirdi ki, hazırlaş. Bir gün mən ondan xahiş etdim ki, indi ki bu fikrə düşmüsüz, icra başçısından soruşun görək yubiley vaxt olacaq. O da yanımda zəng edib soruşdu. həmin dəqiqə üzünün rəngi tutuldu. Telefonun dəstəyini qoyub, mənə dedi ki, başçı deyir icazə verilməyib. Mənsə əsəbiləşmək əvəzinə güldüm. Gör adamlar işlərlə məşğuldurlar. Mənim yubileyimin doğulduğum rayonda keçirilməsi bəzi adamları niyə bu qədər narahat etdi, bilmədim. Halbuki şair yazıçıların Bakıdan sonra doğulduqları rayonlarda da yubileylərinin keçirilməsi artıq ənənə şəklini alıb. Yeri gəlmişkən deyim ki, həyatım boyu belə haqsızlıq, ədalətsizliklə çox rastlaşmışam. 40 ildir ürəyim ağrıya-ağrıya belələrindən yazıram. Ürəyimdə boş yerə əməliyyat aparılmayıb ki.

   - Sovet dövrü ədəbiyyatı ilə müstəqillik illərinin ədəbiyyatını necə müqayisə edirsiz?

   - Hər iki dövrdə dəyərli ədəbi əsərlər yaranıb. Ona görə müqayisə etməyə ehtiyac görmürəm.  

   - Gənc yazıçılar haqqında fikirləriniz necədir?  

   - Həm ağıllı, məntiqli danışırlar, həm istedadlıdırlar.

   - Postmodernizmə necə baxırsız? Çünki indiki gənc yazarların əksəriyyəti özlərini postmodernistlər adlandırırlar...

   - Bədii əsər dəyərlidirsə, heç bir "izm"in mənası yoxdur. Hansı janrda yazırsan yaz, hansı cərəyandan istifadə edirsən et, gözəl əsərlər yarat, xalq sevsin, oxusun.

   - Bəzi gənc yazarlar Yazıçılar Birliyinin rəhbərliyi ilə barışıq etmək istəyirlər...

   - AYB rəhbərliyi onlarla vuruşub, dalaşıb ki, barışsınlar da. Özləri istəyib yazıblar, danışıblar, küsüblər. İndi barışmaq istəyirlər? Hətta gənc yazıçılardan birinin fikrinə rast gəldim ki, deyir bu barışıq ədəbiyyatın xeyirinə olardı. Başa düşmürəm, gənclər gedib AYB-nin rəhbərliyi ilə görüşüb-öpüşsələr, ədəbiyyat inkişaf edəcək ki? Birdəfəlik bilmək lazımdır ki, hər sahədə olduğu kimi, millətin ədəbiyyatı da özünə oxşayır. Biz nəyiksə, ədəbiyyatımız da odur.

   - Sizcə, hazırkı AYB sədri Anar qurultaydan sonra da sədr kimi postunda qalacaq? 

   - Onu Anar müəllimin özü bilər. Elə bilirsiz AYB- sədr vəzifəsini daşımaq asandır? O işi hər kəs öz çiynində daşıya bilməz.

  

 

  Anar Bayramoğlu

 

  Şərq.- 2011.- 18 oktyabr.- S. 15.