Dövlət müstəqilliyimiz və media"

 

  Dünən Gəncədə "Media və dövlət müstəqilliyimiz" mövzusunda ümumrespublika konfransı keçirilib. Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirə ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, o cümlədən ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, eləcə də müxtəlif bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri qatılıblar.

   80 ildən artıq tarixə malik Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu konfrans zalında baş tutan tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O bildirib ki, Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş quruculuq işləri mediadan da yan ötmür. Mətbuat orqanlarının cəmiyyətdəki yeri və roluna toxunan E.Vəliyev onların ölkəmiz üçün taleyüklü anlarda həmişə qətiyyətli mövqe tutmasına diqqət çəkib. İcra başçısı "Dövlət müstəqilliyimiz və media" mövzusunda ümumrespublika konfransını ölkə əhəmiyyətli hadisə kimi dəyərləndirərək tədbirin KİV-in tarixi missiyasına qiymət nöqteyi-nəzərdən vacibliyini vurğulayıb.  

   Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın XX əsrin əvvəlində dövlət müstəqilliyinə qovuşmasında və əsrin sonunda onu yenidən bərpa etməsində medianın müstəsna rolundan danışıb. "Mətbuatımız suverenliyimizlə bağlı bir-birindən fərqli zamanda fəaliyyət göstərərək müstəqilliyə uzanan yolda, obrazlı desək, hədəfi nişan alan başlıca qüvvə kimi tanınıb. O qüvvə böyük siyasi təlatümlər qarşısında sarsılmayıb, milli özünüdərkdə və milli şüurun oyanışında katalizator rolunu oynayıb. Bu prosesin kökü Həsən bəy Zərdabinin böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi "Əkinçi" qəzetinə gedir. Həsən bəy onu cəmi iki il ayaqda saxlayıb. Lakin bu qısa müddətdəki fəaliyyət əsrin əvvəllərində, belə demək mümkünsə, böyük mətbu təlatümün yaranmasında həlledici rol oynayıb.

   Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi ən böyük dəyərlərdən biri də azad mətbuata sahiblikdir. Bu prosesin 1998-ci ildə ümummilli lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı imzaladığı fərmandan sonra geniş vüsət aldığını deyən Ə.Həsənov mətbuatın varislik prinsiplərinə sadiqliyi üzərində dayanıb. "1918-ci ildə qazanılmış müstəqilliyin təməl kökləri əsrin əvvəllərinə gedir. Həmin vaxt xaricdə təhsil almış ziyalılarımız Vətənə döndülər. Nəşrlər təsis etməyə başladılar. Həmin nəşrlər mahiyyətcə dövlətçilik ideyalarının daşıyıcısı rolunda çıxış edirdilər. Ümumən Azərbaycan mətbuatını inkişaf baxımından bir neçə dövrə bölmək mümkündür. İlk olaraq birinci dövlət müstəqilliyinə qədərki dövrü qeyd etmək istərdim. Xalq Cümhuriyyəti dönəmində həmin maarifçilərin ideyaları artıq dövlət siyasəti formasında inkişaf etdi. Daha sonra mətbuatımızın sovet dövrü başlandı. Amma bu dövrü gerilik mərhələsi kimi xarakterizə etməzdim. Nəyi necə yazmalarından asılı olmayaraq bir nəsil yetişdi ki, sonralar onun nümayəndələri istiqlalımızın əldə edilməsində və möhkəmlənməsində müstəsna rol oynadılar. Onlar fəaliyyətləri ilə dövlətçilik ruhunu bərpa etdilər" - deyə o vurğulayıb.

   Azərbaycan dövlətinin media sahəsində gördüyü işlərdən bəhs edən Ə.Həsənov jurnalistikanın saflaşdırılmasını və onun kənar təsirlərdən qorunmasını vacib vəzifə kimi önə çəkib. İstər bu işdə, istərsə də maddi-texniki bazasının möhkəmləndirilməsində dövlətin mediaya hər zaman böyük dəstək verdiyini deyən PA rəsmisi mövcud kursun təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb və bildirib ki, bu münasibət jurnalistlər tərəfindən yüksək qiymətləndirilib. "Heydər Əliyev Azərbaycanda "Æurnalistlərin dostu" mükafatına layiq görülmüş ilk dövlət başçısıdır. Ölkə jurnalistləri ötən il cənab prezident İlham Əliyevə də "Æurnalistlərin dostu" mükafatını təntənəli şəkildə təqdim etdilər. Bu təqdimat media nümayəndələrinə göstərilən həssas münasibətdən irəli gəlib" - deyə o vurğulayıb.

   "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer jurnalistlərin əhatəsində olmaqdan məmnunluq hissi keçirdiyini bildirərək təmsil olunduğu qurumun hər zaman mediaya dəstək verdiyini və mövcud kursun bundan sonra da davamlı olacağını diqqətə çatdırıb.

   "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov çıxışında 1918-ci ildə Azərbaycan mətbuatının sırf Gəncə dövrü ilə bağlı yaddaqalan anlarından söhbət açıb. O, Azərbaycan dilinin rəsmi dil elan olunmasının Gəncədə gerçəkləşdiyini bildirib. H.Həsənov şəhərlə əlaqədar bir sıra tarixi proseslər haqqında da məlumat verib.

   "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktor müavini Dağbəyi İsmayılov, "Assa İrada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov çıxışlarında müstəqilliyin əldə edilməsində ölkə mətbuatının olduqca çətin və məşəqqətli mərhələ keçdiyini və bu prosesdə ayrı-ayrı qələm sahiblərinin fədakar əməyinin olduğunu vurğulayıblar.

   "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz bildirib ki, Azərbaycan jurnalistləri müstəqillik yollarında "Axın", "Azad söz" və digər gizli bülletenlər buraxırdılar. "Bu nümunələri çox böyük çətinliklə ərsəyə gətirirdik. Elə anlar olurdu ki, onların yayılması üçün yalandan təcili yardım maşınlarına zəng edirdik. Amma insanlar bu qəzetlərin intizarında idilər" - deyə o əlavə edib. "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan da həmin anlara şahidlik etmiş "Yeni Müsavat"ın 1989-cu ildən başlanmış fəaliyyətinə toxunub. O, milli azadlıq hərəkatı iştirakçılarının meydanlarda deyilənlərdən çox qəzet səhifələrində yayılmış informasiyanı əsas tutduqlarını bildirib. Hazırkı dövrdə Gəncədə aparılan işlərdən bəhs edən A.Ayxan bu işlərin ölkə ictimaiyyətinə dolğun, obyektiv və ətraflı çatdırılması üçün şəhərə jurnalist kontingentinin səfərinin təşkilini təklif edib.

   Bugünkü müstəqil mətbuatı Cümhuriyyət dövrü mətbuatının davamçısı kimi dəyərləndirən Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı müasir dövrdə yeni medianın təşəkkülündən söhbət açaraq bu işə dəstək göstərilməsini cəmiyyətin artan informasiya tələbatının ödənilməsi baxımından əhəmiyyətli sayıb.

   "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı təklif edib ki, Gəncənin jurnalistika tarixində oynadığı rol əsas götürülərək şəhərdə mətbuat muzeyi yaradılsın.

   "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında dövlət müstəqilliyi və medianın bir-birini tamamlayan məfhumlar olduğuna diqqəti çəkərək ölkə üçün informasiya idxalı və ixracı məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

   Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev jurnalistlər tərəfindən irəli sürülən təkliflərin dəyərləndiriləcəyini, xüsusən də şəhərin mərkəzi yerlərinin birində mətbuat evinin inşa ediləcəyini bildirib.

   Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan media orqanlarına Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu. Həmin KİV-in təmsilçilərinə, eləcə də qərb bölgəsində fəaliyyət göstərən qəzetlərin təmsilçilərinə "Bakcell" tərəfindən bu şirkətin nömrəsi olan telefonlar hədiyyə edildi. Konfrans iştirakçılarına həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş medal və digər xatirə hədiyyələri verilib.  

   

 

  Firdovsi

 

           Şərq.- 2011.- 20 oktyabr.-S. 3.