"İrşad"ın "Tərəqqi"
və hürriyyət yolu
Azərbaycan milli ictimai
fikir tarixində Əhməd bəy Ağayevin özgün
yeri vardır. O, "Kaspi" və "Həyat" qəzetlərindəki
publisistik və redaktorluq fəaliyyətini milyonçu Murtuza
Muxtarovun vəsaiti ilə özünün açıb və
nəşr etdiyi "İrşad" qəzetində bir qədər
konkret və daha aydın şəkildə davam etdirməyə
başladı. Qəzetin 17 dekabr 1905-ci il tarixli ilk nömrəsində
yazdığı "Qəzetimizin məsləki" və
"İslam və hürriyyət" (davamı növbəti
nömrələrdə) məqalələrində o,
özünün (qəzetin) fəaliyyət proqramını ətraflı
və əsaslı şəkildə izah edib.
Həmin məqalələrdə
islam qövmünün, o cümlədən Qafqaz müsəlmanlarının
(azərbaycanlıların) zamanın ritmini duya bilməyib digər
xalqlardan əsrlərcə geri qalmaları təəssüf və
vətəndaş yanğısı ilə diqqətə
çatdırılıb. Bu geriliyi məşhur Əshabi-kəhf
əhvalatı, həmin əhvalatın "qəhrəman"larının
- Əshabi-kəhf mağarasında getdikləri bir neçə
əsrlik yuxudan oyandıqdan sonra düşdükləri vəziyyətlə
müqayisə edir: mağara sakinləri ayılıb günəşin
bir qədər yüksəldiyini görüb bir-birlərinə
baxaraq, "nə çox yatmışıq!" - deyə təəccüb
edirlər. Əhməd bəy sözünə davam edərək,
"biçarələr bilmiyordular ki, yüz illərcə
yatmışdılar", - deyib əhvalatın gerisini nəql
edir. Belə ki, azuqə dalınca bazara yollanan Əshabi-kəhf
sakinini, onun görkəmini, libasını və
aldığı ərzağa verdiyi pulu görən adamlar təəccüb
və heyrətlə belə deyirdilər:
"Həriflər,
siz nə adamsız, nərədən gəlmisiz? Bu ləfzlər,
bu hərəkətlər, bu rəftarlar, bu pullar köhnə,
qədim pullar, hərəkətlərdir, şimdi işləmiyorlar!"
Sonra o, sözünə davam edib, hazırda biz müsəlmanların
eynən Əshabi-kəhf sakinləri kimi min illik yuxudan
ayılıb təəccüblə hamıdan, bütün
xalqlardan geri qaldığımızı, üfüqdə
güclə seçilən uzaqlaşan karvanın dalınca
baxdığımızı bildirir. Bu vəziyyətə
düşməyimizin səbəbini isə "min ildən bəri
başımıza, dilimizə, ağzımıza, əqlimizə,
qəlbimizə, xəyalımıza və fikrimizə
döyülən dəyənəklər və s. yumruqlar sayəsində
qəflət yuxusunda uyumağımızda görür. Ona
görə "İrşad"ın əsas məqsədlərindən
birinin bu kimi əhvalatların, yəni geriliyimizə, qəflətimizə
səbəb olan cəhətlərin şərhindən və
"...millətimizi qəflət yuxusundan oyadıb karvan
dalınca sürətlə getməyə dəvət etməkdən"
ibarət olduğunu bildirir. Çünki məhz bu cür qəflət
və cəhalət ucbatından "böyük-böyük
səltənətlər batdı, abad vilayətlər viran
oldular; məktəblərimiz bağlanıb elmdən, fəndən,
kəsbdən və sənayedən məhrum olduq". Nəticədə
digər tayfa və xalqlardan o qədər geri qaldıq ki,
"Hər gələn üstümüzdən adlayıb bizə
həqarətlə baxdı! Bizi insaniyyətdən, bəşəriyyətdən
məhrum hesab edib bir meyit surətində gördülər.
Biz isə o gündən bu qəflətə uyub bir qəribə
azara düçar olduq..."
Müəllif göstərir
ki, düçar olduğumuz həmin qəflət və cəhalət
nəticəsində qəlbimiz, ruhumuz bir-birimizə
qarşı həsəd, kin və ədavət tiryəki ilə
doldu, bir-birimizə qənim kəsildik, başqalarının
qarşısında (bir qaradovoy və ya pristav
qabağında) əsir-yesir olduğumuz,
büzüşüb boynu bükük durduğumuz halda,
öz soydaşımızı qanına qəltan elədik.
Bütün bunlar
azmış kimi, ən adi muxtar və hüquqi imtiyazlardan -
ana dilində təhsil, seçkili orqanlarda iştirak, əqidə
azadlığı və s. - belə məhrum edildik. Xalqın
gözünü açıb onun tərəqqisinə kömək
edə biləcək hər hansı binanın - cəmiyyəti-xeyriyyə,
məktəb, mətbuat və s. qurmaq cəhdlərinə
hökumət rədd cavabı verdi. Bunların müqabilində
hakimlər, dövlət məmurları müsəlmanlara hər
cür mənəvi və fiziki, iqtisadi və siyasi, hüquqi
zülmü rəva görüb onları olmazın təhqir,
işgəncə və soyğunlara məruz qoydular... Məsəlmanlar
isə cahillikləri, sadəlövhlükləri ucbatından
bütün bu kimi zülmlərə səbir və itaət
edirdilər. Ə.Ağayev göstərirdi ki, "Laşəkk
və laşübhə əgər bir əsr böylə getsəydi,
müsəlman taifələri cövr və zülmdə, cəhalət
yükü altında əzilib bilmərrə fövt
olardılar". Yaxşı ki, Rusiyada azadlıq hərəkatı,
1905-ci il hadisələri baş verdi və nəticədə
ruslar özləri ilə yanaşı imperiya tabeliyindəki
digər xalqların da hüquqi və iqtisadi, mədəni və
siyasi azadlıqlar qazana bilmələrinə imkan yaratdılar.
Ona görə bu əlverişli şəraitdən maksimum yararlanmağımızın
vacibliyini diqqətə çatdıran Əhməd bəy
Ağayev sözünə belə davam edirdi:
"İştə
bizim qəzetənin bir məsləki də bu nemət və kəramətdən
sürətlə faidələr almağa dəvətdir. Karvandan
geri qalan gərək bir az özünə güc etsin ki,
karvana çatsın; və illa o, həmvarə geridə
qalıb axırı fövt olar. Biz şimdi gərək
qeyrilərdən bir qat daha çabuk gedək, gecə-gündüz
məktəblər güşadı, mədrəsələr
binası, məclislər, məhafillər təşkili fikrinə
düşüb hər bir vəsilə və təriq ilə
özümüzü qeyrilərə çatdıraq".
Ə.Ağayev bu yolda
millətə hansı qüvvələrin daha çox xeyir
verəcəyinin düzgün müəyyənləşdirilməsini
də mühüm vəzifə hesab edir və
yazırdı:
"Burasını
dürüst düşünməliyiz ki, külli Rusiyanı
və o cümlədən biz müsəlmanları əsirlik,
cəbr və zülmün boyunduruğundan xilas edən iki
firqədir; əvvəlinci ərbabi-qələm və əhli-elm,
ikinci fəhlə, kəsbi-sənət və ziraətkarlar.
Əvvəlinciləri
bu işə vadar edən onların biliyi, elmi, mürvəti,
insafı, insaniyyət, ədalət və müsavatpərvərliyi
olub.
İkimcilər isə,
onları da vadar edən hökuməti-sabiqədə olan cəbr
və zülmdən çəkdikləri əziyyətdir".
Müəllifin qənaətinə
görə, hökumətin zülm və istismarı, işgəncə
və təzyiqləri nə qədər güclü olsa belə,
dövlətlilər və mülkədarlar var-dövlətləri,
sərvətlərinin köməyi ilə özlərini
qoruya, mühafizə edə bilirdilər. Sənətkarlar, fəhlə
və kəndlilər isə zülm boyunduruğu altında
getdikcə daha şiddətlə əzilirdilər. Ona görə
cana doyub güclərini birləşdirib həm özlərini,
həm də qeyrilərini azad etdilər. Ə.Ağayev
yazırdı ki: "Bu səbəbdəndir ki, bizim qəzetənin
ümdə məsləklərindən birisi əvvələn
ərbabi-qələm və əhli-elmə bacardıqca
yardım və kömək edib səhifələri də
onların üzlərinə açıq etməkdir. Bu qəzetə
bir-iki və ya neçə adamın deyil. Bu bir milləti
ruznamədir".
Bütün
bunların müqabilində Əhməd bəy millətin qələm
sahiblərini, elm və mədəniyyət, bilik və zəka
sahiblərini millətin azadlığı və
işıqlı sabahı yolunda birliyə, əlbir fəaliyyətə
səsləyirdi.
Qəzetin bu yolda
müdafiəsinə çalışacağı digər
zümrə və sinfə gəlincə, Ə.Ağayev
bildirirdi ki, "saniyən, müsəlman fəhlələrinin,
kəsbü-sənət və ziraətkarların
haqlarını, ixtiyarlarını və nəflərini
gözləyib müdafiə edəcəğiz". Müəllif
"İrşad"ın bu məsələ ilə
bağlı mövqeyini belə izah edirdi: "Əsl millət
bunlardan (yəni sənətkarlar, fəhlə və kəndlilərdən
- A.B.) ibarətdir. Bunlar nərəyə gedərsə, millət
də oraya gedər, bunlar nə istərsə, millət də
onu istər. Bunlardır aləmləri dolandıran.
Kassaları, xəzinələri milyonlar ilə dolduran.
Bunların alınlarının tərləri və əllərinin
qabarlarıdır". (Bu fikirlər Süleyman Sani Axundovun
"Qonaqlıq" hekayəsində "Cəmiyyətin
sütununu kimlər təşkil edir?" sualına
tapılan (verilən) cavabı yada salır.
İslam ümməti
kimi müsəlman fəhlələrinin də avam, hüquqsuz
və köməksiz, arxasız olduğunu nəzərə
alan qəzetin məqsədi onların gözünün
açılması, haqlarının və
hüquqlarının başa salınması, mənafelərinin
müdafiəsi yolunda əlindən gələni edib, güclərinin
birləşdirilməsinə nail olmaq idi.
"İştə
bizim ümdə qəsdlərimizdən birisi də bizim fəhlə,
kəsbü sənətkarlarımızın
gözünü açıb qəflət uyqusundan oyadıb
öz güclərini, zorlarını, qüvvələrini
özlərinə andırmaqdır (başa salmaqdır -
A.B.). Bizim cümlə millətimizin oyanması, dirilməsi bu
fəhlənin, kəsbü sənətü ziraətkarların
oyanmasına və dirilməsinə bağlıdır".
Ə.Ağayev diqqətə
onu da çatdırırdı ki, qarşıda duran bu və
ya digər taleyüklü məqsədə
çatmağın əsas şərtlərindən birini də
bizim qonşu xalqlar, o cümlədən ermənilər ilə
sülh və əmin-amanlıq şəraitində
yaşayıb azadlıq və tərəqqi naminə
gücümüzü birləşdirməkdən ibarətdir.
O, hər iki xalqın bir-biri ilə olan milli xüsumət və
davasını, bu üzdən Qafqazın xarabazara çevrilməsini
həm ermənilər, həm də azərbaycanlılar
üçün zərərli hal hesab edirdi. Ona görə
bildirirdi ki, "iştə bu mülahizələr
üçün qəzetəmiz ələddəvam Qafqazyada
sakin taifələri sülh və müsəlimatə, ittihad
və ittifaqa dəvət edəcəkdir, ta ki birlik və
yeganəlik ilə ümumi vətənimiz Qafqazın səadət
və nikbəxtliyinə çalışaq".
Göründüyü kimi, "İrşad"ın
tutduğu yol illər, əsrlər boyu ətalət və cəhalət
cəngində qalıb digər xalqlar yanında və istismar
altında xar və zəlil olan Qafqaz müsəlmanlarının
(Azərbaycan türklərinin) tərəqqisi, elm və mədəniyyət,
haqq, ədalət mərtəbəsinə yüksəlib,
öz hüquq və azadlığına, işıqlı
sabahına qovuşmasına nail olmaqdır. Bunun
üçün o, Azərbaycan ziyalı, fəhlə, kəndli
və sənətkarlarını mədəni tərəqqi və
şüuru inkişafa, cəhalətə və istismar
dünyasına, müstəmləkəçiliyə
qarşı təşkilatlanmağa, öz güclərini
birləşdirməyə, digər xalqlarla dostluq və əmin-amanlıq
şəraitində ünsiyyət qurmağa səsləyirdi.
Qəzet bu yolda daha
çox ziyalıların, elm və mərifət sahiblərinin,
fəhlə, kəndli və sənətkarların
gücünə arxalanır, ümid bəsləyirdi. Ancaq həmin
mövqe sosialistlərin və bolşeviklərin mübarizə
üsullarından fərqlənirdi; əgər bolşeviklər
ancaq zəhmətkeş siniflərin, daha dəqiq desək, fəhlə
və kəndlilərin - proletarların
azadlığını tanıyır və bu amal uğrunda
kapitalist və mülkədarlığın ləğvini
özlərinə baş məqsəd alırdılarsa,
"İrşad" xalqın geniş kütləsini təşkil
edən fəhlə, sənətkar və kəndlilərin
gücünü milli ziyalı zümrəsinin vətəndaşlıq
səyləri ilə birləşdirib bütövlükdə
millətin, islamiyyətin nicatına
çalışırdı.
Bu nöqtədə
"İrşad" nicatı ancaq məhəbbətdə,
türk və islam xalqlarının küll halında tərəqqisində
görən və buna çalışan füyuzatçılardan
da fərqlənirdi. Daha dəqiq desək,
füyuzatçılar hər şeyi - milli nicatı,
azadlıq və istiqlaliyyəti ümumi təkamüldə, mənəvi-əxlaqi
saflaşmada, ümumtürk və islam birliyində
görüb, ancaq bu nemətlərə sahib olmağı əsas
götürmüşdülərsə, irşadçılar
bütün bunlarla yanaşı, həm də aktiv siyasi və
hüquqi mübarizə tərəfdarı idilər. Bu yolla Ə.Ağayevlə
birgə "İrşad" və "Tərəqqi" səhifələrində
M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyov və
b. milli vətənpərvər ziyalı ədib və mütəfəkkirlər
qələm işlətdilər. Onlar ancaq sinfi yox, milli və
dini dirilik, azadlıq uğrunda
çalışırdılar. Təsadüfi deyil ki, Ə.Ağayev
"İrşad"ın birinci nömrəsində dərc
etdiyi "İslam və hürriyyət" məqaləsində
islamla azadlığın, müsəlmanlıqla hürriyyət
uğrunda mübarizənin bir araya
sığmadığını iddia edənlərə qəti
etirazla islamın öz yaranışından cəbrə,
zülm və haqsızlığa qarşı barışmaz
mövqe tutmaqla kollektiv idarəçiliyə, söz, fikir və
vicdan azadlığına əsaslandığını, ona
görə də əvvəlki dövrlərdə sürətlə
tərəqqi etdiyini, lakin sonralar idarəçilikdə və
baxışlarda baş verən əyinti, aşınma və
qərəz ucbatında hər şeyin dağılmağa,
islamın isə tənəzzülə üz qoymağa
başladığını tutarlı dəlil və
mühakimələrlə əsaslandırıb.
"İrşad"ın tutduğu yol "Tərəqqi",
"Həqiqət" (Ü.Hacıbəyovun redaktorluğu
dövründə), "Azərbaycan" və digər mətbu
orqanlarda davam və inkişaf etdirildi, qabaqcıl milli ictimaiyyət
tərəfindən təqdir olundu. Məsələn,
S.S.Axundovun "Yuxu" hekayəsində göstərilirdi ki,
əsərin təhkiyəçi qəhrəmanı yuxuda qəribə
bir məkana düşdüyünü görür; düzəngahdakı
qoyun sürüsü də, çoban da, meşədəki
quşlar və heyvanlar da canlı olduğu halda, hamısı
hərəkətsiz və sükut içindədir. Hətta
çayın suyu da axar kimi görünürsə, əslində
dayanmış vəziyyətdədir. O, düşdüyü
yer barədə məlumat almağa bir insan axtarır. Ancaq qəbiristanlıqdakı
qəbir daşlarının arasındakı əmmaməli, fəsli,
papaqlı, sarıqlı insanların da dərin yuxuya getdiklərini
görür. Sonra bir günbəzin üzərində
yazılan bu sözləri oxuyur: "Bura zülmət aləmidir.
İşıqlığa çıxmaq istəyənlərin
yolu buradır". O, yazının altındakı sehrli
uçbucağın künclərindəki qızıl
qarmaqları bir-biri ilə birləşdirdikdən sonra tilsimli
qapı açılır. Bir qədər getdikdən sonra bir
meydana çıxan qəhrəman orada 72 yol
ayrıldığını görür. Hekayədə təsvirlər
belə davam edir:
"Bunlardan hansı məni
işıqlığa çıxarar - fikrində ikən yol
başında dirək üstündə barmaq şəkli
"İ" hərfini işarət etdiyini gördüm, o
yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol
başında qondarılmış dirək üzərində
"R" hərfi yazılmışdı. Bu minval ilə hər
meydanda dirək üstündə "Ş", sonra
"A" və axırda "D" hərfləri göstərişi
ilə qapıya çıxdım. Bu qapının üzərində
dirəklər üstündə hərflər mürəkkəb
olub "İrşad" ləfzi yazılmışdı.
Qapını açdıqda günəş pəncərədən
gözlərimə düşüb məni oyatdı.
Küçədən:
-
"İrşad", "İrşad!", təzə qəzet
sədası gəlirdi".
Milli elmi, ədəbi,
mədəni ictimaiyyət "İrşad"ın
xalqımıza əsl tərəqqi və nicat yolunu göstərəcəyi
fikri bax beləcə hakim kəsilmişdi.
Alxan Bayramoğlu,
Filologiya elmləri doktoru,
professor
Şərq.-
2011.-21 oktyabr.- S. 12.