Gənclər
geyimlərində milli atributlardan yararlansa, daha yaxşı
olar
Vətən
bir millətin illər uzunu yaşadığı, adətinin,
ənənəsinin, varlığının, şüurunun,
birliyinin torpağı ilə birləşdiyi məkandır.
Elə bir məkan ki, ana qucağı kimi isti,
ata qoynu kimi əmin və etibarlıdır. Vətən, sadəcə, müəyyən sərhədləri
olan coğrafi bir məkan deyildir. Vətən
xüsusi sevgi və hörmətə layiq müqəddəs
torpaqdır. Biz vətənin suyunu
içir, çörəyini yeyir, havasını uduruq.
Evimiz, kəndimiz, obamız bu torpaqlardadır.
Baba və dədələrimiz bu torpaqlarda
uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış,
onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar.
Onlar bu
torpaqlar uğrunda canlarından keçib, şəhidlik
rütbəsinə yüksəlmişlər. Vətənimizin atributları bizim üçün
müqəddəsdir. Bayrağımız
qanımızı rənginə qatdığımız,
xalqımızın parlayan ulduzu, göylərdə
dalğalanan nazlı, şanlı hilallı bəzəyidir.
O, altında doğulub, kölgəsində
öldüyümüz uca dəyərimizdir. O olmadan nə
azadlıqdan, nə müstəqillikdən, nə də
dövlət və millət kimi varlığımızdan
söz etmək mümkündür. Vətən
gerbi dövlətimizin, xalqımızın
azadlığının, müstəqilliyimizin şanlı
simvoludur. Gerbimiz bayrağımız qədər
qəlbimizdə qürur oyadır. Dövlət
gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın
köksünü qabardan iman gücü və qüdrət əsəridir.
Gerbimizə diqqət etsək, bir qalxanı
xatırladan simvol dövlətimizin sülhsevər dövlət
olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz
yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir.
Əgər belə olarsa, xalqımız bir
qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
Vətən himni gözlərimizi
yaşardıb, qəlbimizi kövrəldən
analarımızın laylası, nənələrimizin
ninnisidir. Himnimiz xalqımızın
güc və qüdrət nərəsidir. Buna görə də himn oxunarkən hörmət əlaməti
olaraq ayağa qalxılır, hamı bərabər oxuyur.
Onun verdiyi güc ilə başımız dikəlir.
Himnimizin hər bir misrası və hər bir kəlməsi
qəhrəman ata-babalarımızın bizə misli-bərabəri
olmayan əmanətidir. Ona hörmət bəsləmək,
onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən
müqəddəs vəzifəmizdir.
Bunun
üçün biz mütəmadi olaraq işlər görməliyik,
gənc nəslin milli vətənpərvərlik hisslərinin
daha da yüksəldilməsi üçün təbliğat
imkanlarından tam şəkildə istifadə etməliyik.
Məsələn, xarici ölkələrdə
dövlətin atributlarını vətəndaşlar öz
üzərlərində, paltarlarında belə
daşıyırlar. Bunun özü də
böyük təbliğat imkanı deməkdir. Amma bizdə
dövlət atributlarının gəzdirilməsi, üzərlərində
görk edilməsi mədəniyyəti bir az
aşağı səviyyədədir. Halbuki
bizim gənclik, istərsə də yaşlı nəsil
bununla atributlarımızı, milli mənlik şüurunu
özlərindən sonra gələnlərə ötürə
bilərlər. Milli vətənpərvərlik
hissinin gücləndirilməsi üçün hansı
addımlar atılmalıdır? Bu sual son
zamanlar öz aktuallığı ilə gündəmə gəlib.
Məsələyə
münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu
deyir ki, milli vətənpərvərlik hissinin yüksəldilməsi
ilə bağlı vəziyyət ölkəmizdə
acınacaqlı durumdadır. Onun sözlərinə
görə, xarici ölkələrdə, qardaş Türkiyə
Cümhuriyyətində, Hollandiyada, Danimarkada və Avropa
ölkələrinin əksəriyyətində atributlar geyimlərində
özünə yer alır: "Bizdə bu məsələyə
diqqət hökmən verilməlidir. Bu məsələlər,
yəni vətənpərvərlik hisslərinin
aşılanması öndə olan məsələ
olmalıdır. İstər təhsil
sistemi olsun, istərsə də KİV olsun, vətənpərvərliyi
lazımi şəkildə təbliğ edə bilmirlər.
Sadəcə olaraq bəziləri elə bilirlər ki,
bayrağımızı, gerbimizi təbliğ etməklə
iş bitir. Xeyr, belə deyil. Düzdü, milli atributlar da təbliğ edilməlidir,
amma bu, vətənpərvərlik hisslərinin
aşılanmasının bir nüansıdır. Təkcə
təbliğatla iş də bitmir. Bizim məktəblərdə
müəllimlərimiz, evdə valideynlər öz
övladlarına milli ruhu aşılamalıdırlar. Hansı ki, bu günün körpələri gələcəyin
gəncləridirlər. Mən təhsil
işçiləri ilə, məktəb direktorları ilə,
universitet rektorları ilə, təhsilin problemləri ilə məşğul
olan insanlarla söhbətlər etmişəm. Ağrıdıcı haldır ki, həmin təhsil
sisteminin işçiləri vətənpərvərliyin
rolunu aydın şəkildə təsəvvür edə
bilmirlər. Bizim təhsil sistemi ilk
növbədə vətəndaş yetirməlidir. Elə vətəndaş yetişdirilməlidir ki, o
Vətənə sevgisini yüksək səviyyədə,
beynində dərk edə bilsin. Uşaq
baxçalarında bu təbliğat başlamalıdır.
Cizgi filmlərindən tutmuş, dərsliklərə
kimi, vətənpərvərliklə bağlı geniş
izahlar verilməlidir, Vətən haqqında geniş bilgilər
verilməlidir. Yəni
insanlarımızın vətənpərvərlik hisslərini
ruhuna yerləşdirmək lazımdır. Təəssüf
ki, bu sahədə böyük boşluqlar var. Mənim
yadımdadır ki, bir neçə il
öncə bu məsələni biz qaldırdıq, Gənclər
və İdman Nazirliyi də o vaxt bununla məşğul oldu.
Hətta gənclərdə vətənpərvərlik
ruhunun inkişaf etdirilməsi ilə bağlı layihə həyata
keçirildi. Amma demək olar ki, bu sahədə sürətli
iş getmir. Vətənpərvərlik hissi olması
üçün təkcə təbliğatın
aparılması ilə iş bitmir". Ə.Qəşəmoğlu
vurğulayıb ki, gənclərin ruhunu tutmaq lazımdır
ki, onlar Vətənin müqəddəsliyini dərk etsinlər,
həqiqətən Vətəni sevsinlər, milli dəyərlərimizi
hər şeydən üstün tutsunlar: "Bu istiqamətdə
işlər görməliyik. Məsələn,
Qazaxıstanda bu sahə o qədər inkişaf etdirilib ki,
orada körpə uşaqdan ta ki yaşlı nəslin nümayəndəsinə
kimi, ağızlarını açanda, danışanda birinci
Qazaxıstana olan məhəbbətlərindən söz
açırlar. Məsələn, Azərbaycanda gündə
bir iaşə müəssisəsi açılır, market,
restoran, kafe və s. istifadəyə verilir. Onların
adlarına baxanda görürsən ki, əksəriyyəti
xarici isimlərdir. Olmazmı ki, həmin
kafenin, marketin, şadlıq evinin adını Azərbaycanın
milliliyini özündə əks etdirən adlardan istifadə
olunsun. Təbii ki, olar. Bu da təbliğat
üçün böyük bir iş sayılır. Hansı ki, dərsə gedən körpə bir
uşaq hər gün o kafenin qarşısından keçəndə
adı görəcək və bu ad onun beyninə həkk
olunacaq. Sonra maraqlanacaq o adın tarixi ilə,
o adın haradan yaranması ilə. Amma bizdə
adların əksəriyyətinin adı heç vətənpərvərliyə
aidiyyəti olmayandır. Görünür,
belə obyektləri açan şəxslərin özlərində
də vətənpərvərlik hissləri lazımi səviyyədə
deyil. Pul elə adamların əlindədir ki, onlarda vətənpərvərlik
hissləri bir az aşağı səviyyədədir.
Deməyim odur ki, ayrı-ayrı faktlar var ki,
onlar problemli olaraq qalır. Amma demək istəyirəm
ki, vətənpərvərlik hisslərinin yüksək
olması vacibdir, zəruridir. Biz müstəqil
dövlətik, müstəqil dövlətin gəncliyində
vətənpərvərlik hissləri güclü
olmalıdır. Eyni zamanda Qarabağ
münaqişəsi kimi problemimiz var, müharibə şəraitindəyik.
Gənclər Vətəni sevməlidirlər
ki, Vətən uğrunda canlarından keçməyə
hazır olsunlar. Vətənpərvərlik
hisslərinin yüksəldilməsi istiqamətində kompleks
tədbirlərə ehtiyac var. İnsanları bir-birinə
bağlayan qüvvə vətənpərvərlik hisslərinin
güclü olmasıdır. Ona görə
də biz gərək milli ideyamızı müəyyənləşdirək.
Necə ki, ölkəmizin milli ideyası
aydın olacaq, o zaman vətənpərvərliklə
bağlı problemləri də asan şəkildə
çözə biləcəyik. Milli
ideyanı tapandan sonra bu ideyaya çatmaq üçün
yollar arayacağıq. Yəni istiqamət
də müəyyən olmalıdır".
Konstitusiya
Araşdırmaları Fondunun prezidenti Əliməmməd
Nuriyev isə bildirib ki, milli dövlət
atributlarımızın təbliği sahəsində
çox geridə qalmışıq: "Vətənpərvərlik
nədir, necə yaranır. Əvvəlcə bu
suallara cavab tapmağa çalışmalıyıq. Hər bir xalqın güvənc yeri,
başını yuxarı qaldırdığında qürur
duyduğu şey milli atributlardır, bayraqdır, gerbdir.
Hesab edirəm ki, cəmiyyətdə populyar olan
insanlar, televiziya aparıcıları, ümumiyyətlə,
televiziyaya çıxan şəxslər geyimlərində,
aksesuarlarında milliliyimizi özündə əks etdirən
şeylərdən istifadə etsələr, bu böyük təbliğat
olar. Məsələn, hər gün
televiziya ekranına çıxan populyar müğənnilər
var ki, onların bəlkə də yüzlərlə fanat
ordusu var. Vətəndaşlarımızın, xüsusən
də gənclərin elə şou nümayəndələri
var ki, hətta kumirinə belə çevrilib. Həmin
populyar şəxs, məsələn, kişi
müğənnilərdən biri televiziyaya çıxanda
kostyumunun üzərinə bayrağımızın və ya
gerbimizin nişanını vursa, bu böyük təbliğat
vasitəsidir. Demək ki, gənclər, onu sevən
insanlar həmin şəxsin bayraq, gerb sevgisini görəcəklər,
onun kimi olmağa çalışacaqlar və ya ümumiyyətlə,
dərk etməyə çalışacaqlar ki, sevdiyi sənət
adamı nədən bayrağımızın
nişanını vurub. Yəni bu, sadə
vətəndaş üçün bir tərpəniş
olacaq. Və yaxud da qadın müğənnilərdən
birinin paltarı bayrağımızın rənglərindən
ibarət olsa, aksesuarında gerbimizin nişanəsi olsa, pis
olar? Əlbəttə ki, bu yolla biz
atributumuzu təbliğ etmiş olarıq.
Ümumiyyətlə,
milliliyin təbliği işi yüksək səviyyədə
aparılmalıdır". Ə.Nuriyev hesab edir ki,
bütün sahələrdə milliliyimizi, milli tariximizi
özündə əks etdirən elementlərdən istifadə
edilməlidir: "Zənnimcə, bu yolla gənclərin milli
ruhunun, milli şüurunun yüksəlməsinə nail ola bilərik.
Məsələn, bu gün bayraq hər yerdə dalğalana
bilməz, yəni bununla bağlı qanun var. Amma insanların
geyimlərində bayrağın olmasına heç kim
qadağa qoymayıb. Bununla yanaşı düşünürəm
ki, baxçalarda, orta məktəblərdə, universitetlərdə
milli kimliyimiz, atributlarımız öyrədilməlidir,
körpə yaşlarından vətəndaşlarımıza
vətənpərvərliklə bağlı tərbiyə
verilməlidir, onların beyinlərinə yeridilməlidir ki,
biz kimik, millətimiz nədir və s. Məsələn, Azərbaycanın
ən ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı körpələrimizə
məlumat verilməlidir, onlar torpaqlarımız uğrunda
candan keçməyi, Vətəni sevməyi lap körpə
yaşlarından öyrənməlidirlər. Eyni zamanda məktəblərdə,
universitetlərdə hər səhər 10-15 dəqiqəlik dərsdən
əvvəl toplantı keçirilməli, dərslər
himnimiz səsləndiriləndən, bayrağımız
qaldırılandan sonra başlamalıdır. Bəzi məktəblərdə
mən bildiyimə görə, belə tədbirlər həyata
keçirilir. Amma elə məktəblər var ki, bunlar olmur.
Eyni zamanda yeni tədris ilində bütün tədris ili
müddətində olmasa da, ilk gün bir saat dərs milli vətənpərvərliyin
təlbiğinə sərf edilməlidir. Hər bir məktəbdə
müəllimlərmiz bunu həyata keçirməlidirlər.
Bunun üçün göstəriş lazım deyil ki. Eyni
zamanda dərslərdə, xüsusən də tarix dərslərində
uyğun mövzular zamanı milli vətənpərvərliyin
təbliği işləri aparılmalıdır. Eyni ilə
də bu sadaladıqlarım universitetlərdə həyata
keçirilməlidir. Məsələn, bizim universitetlərin
demək olar ki, hamısında xarici ölkə vətəndaşları
olan tələbələr təhsil alırlar. Təsəvvür
edin ki, tədris ili başlayan gün universitetin həyətində
böyük bir yığıncaq keçirilir, Dövlət
Himni səsləndirilir, Dövlət Bayrağı
qaldırılır, müəllimlər Azərbaycanın
tarixi ilə bağlı çıxışlar edirlər,
milli kimliyimizlə bağlı nitq söyləyirlər, tələbələri
məlumatlandırırlar. Mən əminəm ki, xarici
ölkədən gələn tələbələr, həmin
tədbirdə iştirak edən xarici vətəndaşlar
bizim milliliyimizlə maraqlanacaqlar. Bu da Azərbaycan
üçün böyük bir təbliğat imkanı deməkdir.
Yəni demək istədiyim odur ki, gənclərdə milli vətənpərvərliyi
inkişaf etdirmək üçün kompleks tədbirlərə
ehtiyac var. Çünki gənclərimizin milli vətənpərvər
ruhunun yüksək olması lazımdır, hətta deyərdim
ki, vacib amillərdəndir. Bu gün ölkənin yükü
gənclərin üzərinə düşür. Bu gənclik
milli ruhda, milli düşüncədə, milli inkişafda
olmalıdır ki, yükü Azərbaycanın adına
uyğun, milli kimliyinə uyğun şəkildə qaldıra
bilsinlər".
Anar
Bayramoğlu
Şərq.-
2011.- 21 oktyabr.- S. 11.