Azərbaycan himnini dinləmək yox, onu oxumaq lazımdır

 

   "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.

    Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" 13 mart 1998-ci il tarixli, 759 nömrəli Sərəncamından.

   Ümummilli lider Heydər Əliyev bu sərəncamı imzalamamışdan 1 il öncə, 1997-ci ildə ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə keçirilmiş mərasimdə dövlət atributlarına hörmətlə bağlı bir sərəncam imzalamağa məcbur olacağını dilə gətirmişdi. Bir il keçməmiş həmin sərəncam imzalandı. Gələcək nəsillər qarşısında çıxış edən dahi şəxsiyyət bu məsələyə xüsusi diqqət ayırırdı. 14 il öncə ulu öndər belə demişdi: "Məktəblərdə Azərbaycanın müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycanın bayrağına münasibət, onun müqəddəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Keçmişdən qalan ənənələrə görə bu bayrağa o qədər də əhəmiyyət verilmirdi, bu bayraq müəyyən qədər formal xarakter daşıyırdı. Ancaq indi biz yeni bir həyatdayıq. Biz öz müstəqil dövlətimizdəyik, ölkəmizdəyik. Hansı ölkəyə gediriksə - gedək, Azərbaycan bayrağının o ölkədə asılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda bizdə böyük iftixar hissi doğurur.

   Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

   Müstəqil Azərbaycanın çiçəklənən gələcəyini qabaqcadan görən ümummilli lider hesab edirdi ki, gənc nəsil milli atributları təbliğ etməli, onlarla fəxr etməlidir. Heydər Əliyev deyirdi: "Azərbaycanın gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi bayraq ilə bərabər bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur. Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir.

   Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə görə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazımdır. Bizdə təəssüf ki, bu ənənə yaranmayıb. Himni dinləyirik, amma onun sözləri var. Mən hesab edirəm ki, bu bizim həyatımızda çatışmazlıqdır. Himn çalınan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar. Bunun əhəmiyyəti var. Bir var ki, onu dinləyəsən, bir də var ki, o mahnının, musiqinin sədaları altında o sözləri tələffüz edəsən, oxuyasan. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda bu ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür. Ona görə də mən bütün məktəblərin - ali və orta məktəblərin qarşısında vəzifə qoyuram ki, qısa bir müddətdə bütün şagirdlər, tələbələr, müəllimlər Azərbaycanın himnini oxusunlar. Bunu siz necə təşkil edəcəksiniz - məndən yaxşı bilirsiniz. Ancaq bunu təşkil etmək lazımdır ki, hər bir insan himni oxuya bilsin, həm də məharətlə oxusun.

   Mən bunu tək məktəblər üçün demirəm, bütün cəmiyyət üçün deyirəm. Ola bilsin ki, mən bu yaxınlarda bu barədə bir sərəncam da verməyə məcbur olacağam ki, bu işlər yerlərdə təşkil edilsin. Ancaq cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır. Ona görə də mən bu fikri məhz burada - məktəbdə, təhsil işçilərinin qarşısında deyirəm. Bu da sizin vəzifələrinizdən biridir. Arzu edirəm ki, bunu qısa müddətdə həyata keçirəsiniz və mənə məlumat verəsiniz.

   Bu çox lazımdır, vacibdir. Ancaq məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Bugünkü körpələr gələcəyin böyük vətəndaşlarıdır".

   Bəli, bu sözlər heç vaxt unudulmayacaq. Dahi lider tələb edirdi ki, himnimiz dinlənməsin, oxunulsun. Həm də təəssüf edirdi ki, bizdə bu ənənə yaranmayıb. 14 il öncə deyilən bu müdrik sözlər sadəcə söz xətrinə deyilməmişdi. Dahi lider istəyirdi ki, hər bir azərbaycanlı vətəni, milləti sevsin və onun hər bir atributuna hörmət etsin. Dövlət himnini ürəkdən oxusun, musiqisini dinləməsin. Düzdür, vətənpərvər oğul və qızlarımız yetişir və günü bu gün işğal altında olan torpaqlarımızı azad etmək üçün silaha sarılmağa hazır olan oğullar var. Ancaq himnimizlə bağlı problem aradan qalxmayıb. Yenə də himnin oxunmasında probemlər var. Bəs görəsən, nədir bu problem ki, hər bir azərbaycanlının əzbər bildiyi himn tədbirlərdə, mərasimlərdə bir ağızdan və ucadan oxunmur?

   Bir qədər himn barədə: - Himn dövlət simvollarından biri, təntənəli musiqili və ya musiqili poetik əsərdi. Adətən xüsusi qanun ilə nəzərdə tutulan hallarda yerinə yetirilir: hər şeydən əvvəl rəsmi festivallarda, mərasimlərdə və ayinlərdə; onun icrası ərzində ayağa qalxmaq və baş örtüyünü çıxarmaq qəbul edilə bilər.

   Himn dedikdə təntənəli marş başa düşülür. Dövlət himni sırf dövlət anlayışı ilə əlaqədardır, dövlətə məxsusdur, dövlətin rəmzi, simvolu kimi onun əsas atributlarından biridir. BMT tərəfindən tanınmış bütün dövlətlərin öz himnləri vardır.

    Dövlət himni dövlət tərəfindən, onun qanunverici orqanı tərəfindən qəbul olunur. O cümlədən, Azərbaycan Respublikasının daim qürur hissi ilə qarşıladığımız, səsi qulaqlarımıza çatar-çatmaz ayağa duraraq dərin ehtiramla farağat halında dinlədiyimiz, habelə bəzilərimizin

   (təəssüflər olsun ki, hamımızın deyə bilmərik) ucadan oxuduğumuz Dövlət himnimiz 27 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.

   1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi  

   1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

  

   Azərbaycan, Azərbaycan!  

   Ey qəhrəman övladın şanlı Vətəni!  

   Səndən ötrü can verməyə cümlə hazırız!  

   Səndən ötrü qan tökməyə cümlə qadiriz!  

   Üç rəngli bayrağınla məsud yaşa!  

   Minlərlə can qurban oldu,  

   Sinən hərbə meydan oldu!  

   Hüququndan keçən əsgər!  

   Hərə bir qəhrəman oldu!  

   Sən olasan gülüstan,  

   Sənə hər an can qurban!  

   Sənə min bir məhəbbət  

   Sinəmdə tutmuş məkan!  

   Namusunu hifz etməyə,  

   Bayrağını yüksəltməyə,  

   Cümlə gənclər müştaqdır!  

   Şanlı Vətən, şanlı Vətən!  

   Azərbaycan, Azərbaycan!

  

   Bu möhtəşəm himn çalınanda təkcə ayağa qalxıb sayğı duruşu göstərmək yetərli sayılmır. Müqayisə üçün qardaş Türkiyə Respublikasını göstərək. Məktəbli şagird himni oxumasa, onu sinifdən xaric edirlər. Hər bir uşaq ürəklə doğma himnini oxumalıdır. Elə bir mərasimləri yoxdur ki, orada himn sadəcə dinlənilsin. Hətta idman yarışlarında 40-60 minlik tutumlu stadionlara toplaşan azarkeşlər himni elə oxuyur ki, musiqinin səsi eşidilmir. Digər bir müqayisə: Bakıda fəaliyyət göstərən türk liseylərində Türkiyə vətəndaşları bizim şagirdlər birgə təhsil alırlar. Liseylərdə təşkil olunan mərasimlərdə, bayramlarda öncə dövlət himnləri səslənir. İlk olaraq Azərbaycan himni, sonra Türkiyənin Ulusal Marşı. Şagirdlər hər iki himni oxuyurlar. Ancaq Ulusal Marş oxunanda musiqi demək olar ki, eşidilmir.

   Düzdür insafən demək olar ki, bizdə himn ucadan yalnız stadionlarda oxunur. Milli komandamızın oyunlarına gələn sadiq azarkeş kütləsi ürəklə dövlət himnini oxuyur. Amma dövlət tədbirlərində, mərasimlərdə himni oxuyan çox az olur yaxud da heç olmur. Hələ himnimiz bütöv olduğu halda, onu hamılıqla ifa etməyi öyrənməmişik. Bəzi ziyalılarımız hesab edirlər ki, bunun bir səbəbi millətdə xorla mahnı oxumaq ənənəsinin formalaşmamasıdı. Söz yox ki, məktəbdə oxuyan, ali məktəbdə təhsil alan tələbələr himnimizin sözlərini əzbərdən bilirlər. Bəziləri isə düşünür ki, kimsə ucadan himn oxuyursa, o, daha vətənpərvər, daha cəsur, daha qəhrəman sayıla bilməz. Qəhrəmanlıq, vətənpərvərlik himnin ucadan oxunması ilə ölçülməz.

   Qeyd edək ki, milli himnin bərpa olunması 1991-1992-ci illərdə türkoloq-alim, parlamentin elm, təhsil və mədəniyyət komissiyasının sədri Firudin Cəlilovun rəhbərliyi altında həyata keçirilib. Mövzu ilə bağlı Firudin müəllim neçə il əvvəl qəzetlərin birinə açıqlama verərək belə bildirmişdi: "Milli himnimizin ifa olunması yarıtmaz haldadır. Bu məsələdə dövlətçilik prinsiplərini əsas götürüb milli himnimizə böyük məhəbbət hissi aşılamaq, hətta yeri gəlsə, bu yolda radikal addımlar atmalıyıq. O vaxt himnin bərpasında çox çətinliklər çəkdik. Bu işi Gülnarə Qurbanovaya tapşırmışdım. Bəstəkar Aydın Əzimov himnin nota alınmasında, orkestrdə çalınmasında, xorla oxunma variantında, Vaqif Səmədoğlu və Vaqif Bayatlı mətnin bərpasında yardımçı oldular. Onda bəziləri təkid edirdi ki, əvvəlki himnin sözləri Səməd Vurğunun, musiqisi Üzeyir Hacıbəyovun olduğu üçün saxlamaq lazımdır. Çox çətinliklə onları inandırdıq ki, bizim əsl himnimiz 1918-1920-ci illərdə yazılandır. Onun da musiqisi Ü.Hacıbəyovun, sözləri isə Ə.Cavadındır" - deyən Firudin müəllim mətn üzərində iş gedən zaman bəzi arxaik sözlərin yeniləşdiyini, bir neçə ədatın, qoşmanın yerinin dəyişildiyini vurğulamışdı. Himn bərpasında Ə.Cavadın oğlu rəhmətlik Yılmaz Axundzadə də onlara yardımçı olub.

   Bəli, bu gün dövlət atributlarına qarşı laqeydliklər çoxdur. Bu isə bizim dövlətimizin ziyanınadır. Hər millət dövlətinə sevgisini onun atributlarına diqqəti və məhəbbəti fonunda nümayiş etdirir. Böyüklük özümüzdən, evdən, məktəbdən, iş yerindən, ali məktəbdən başlanmalıdır. Millət və dövlət sevgisi, dövlətçilik ənənəsi bu atributlardan başlanır. Burada ziyalıların da böyük məsuliyyəti var.

   Gələcəyə ümidlə baxaraq deyə bilərik ki, yetişməkdə olan gənc nəsil dövlət atributlarının mənasını daha mükəmməl qavrayıb, onların təbliği ilə kütləvi şəkildə məşğul olacaqlar. Gün gələcək xalqımız dövlət himnini hamılıqla və ürəkdən oxuyacaq və bununla qürur duyacaq.

 

 

   Rəşad Baxşəliyev

 

  Şərq.- 2011.- 22 oktyabr.- S. 11.