Abbas Səhhətin ölümü
və məzarının sirri
Orta məktəb
illərində "Vətəni sevməyən insan olmaz, olsa
da ol kəsdə vicdan olmaz" şeiri ilə yaddaşımızda qalıb Abbas Səhhət. Heç
düz-əməlli tərcümeyi-halını da oxumamışıq. Yalnız 1874-cü ildə
Şamaxıda doğulduğunu, Azərbaycanın
ilk ali təhsilli həkimlərindən
olduğunu, məktəblilər üçün şeir
yazdığını və 1918-ci ildə vəba xəstəliyindən
dünyasını dəyişdiyini bilirik.
Bu böyük mütəfəkkirin,
milli mətbuatımızın cəfakeşinin
hansı şəraitdə öldüyü
və məzarının harda olması
barəsində təzadlı informasiyalardan
da xəbərdar deyilik.
Bu, bir növ
bizim klassiklərimizə münasibətdə
həssas olmamağımızın göstəricisidir.
Abbas Səhhətin sovet
dönəmində yazılan tərcümeyi-halı yenidən
yazılmalı, ictimaiyyətə
çatdırılmalıdır. Ona görə ki, həqiqəti sovet
dövründə yazmaq, danışmaq yasaq idi. Çünki
biz sovet
xalqının tərkib hissəsi kimi xalqlar dostluğu şəraitində
yaşayır, ermənilərin türk-müsəlman
xalqına qarşı törətdiyi faciələri "atan kazaklara"
bağlayırdıq. Abbas Səhhətin
ölümünə səbəb o
dövrdə yazıldığı kimi tək
aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri
qətliam idi. Ermənilərin
1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda törətdikləri
qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan
qətlə yetirildi, qədim
Şamaxı məscidi içərisində insanlar
yandırıldı. Bu qanlı
qırğınlar zamanı Abbas Səhhətin
evinə də od vuruldu.
Şair əlyazmalarını belə
götürməyə macal tapmadı. Ailəsi
ilə birgə pay-piyadə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik
silahlıları ailəsini yolda yaxalayaraq fiziki və mənəvi
iztiraba düçar etdi. "Dar gündə
lazım olar" deyə
götürdükləri əmanət və azuqə də əllərindən
alındı.
Bu sadəcə bir
insanın həyat hekayətinin, faciəsinin bədii təsviri
yox, yaşanan tarix və faktdır. Bakı erməni-bolşevik
və daşnak birləşmələrinin əsarətindən
azad olunduqdan sonra Gəncədə işıq üzü
görən "Azərbaycan" qəzetinin 1918-ci il 18 noyabr
tarixli sayında məzar yeri indi də naməlum olan Hadinin
"Səhhətin üfüli-əbədisi" məqaləsində
yazılıb bu həyat hekayəti. Şair dostunun
ölüm xəbərini Qafqaz türklərinə
çatdıran Hadi bu barədə yazır: "Şu
müdhiş, şu qorxunc löleyi-hadisat içində
şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə
çəkilib getdi. Həm maddi, həm mənəvi
xadimi-millət olan Səhhət qardaşımızın
üfüli-əbədiyyəsindən (əbədiyyətə
qovuşmağından) hənuz Qafqaziya türklərinin xəbəri
yoxdur".
Abbas Səhhətin ədəbiyyatımızda
əvəzsiz xidmətlərinə toxunan Hadi həmməsləkinin
dəfninə işarə edərək yazır:
"... Əzmi xuraman
fikrindən geri dönməyən sevgili şairimiz Səhhət
Gəncə məzarıstanında dəfn-xak-əbədiyyət
bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var
idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə
oxur, samlərini ləzzatyab-ədəbiyyat eylərdi. Ən nəhayət,
pənc gənc şair-möhtərəmilə həmcivari məzar
oldu".
Hadi şairin 1918-ci ildə
ermənilərin törətdikləri soyqırımın
qurbanı olduğunu da dəqiqliyi ilə yazıya alır:
"Şirvanlı şair, Şirvan faciəsi əsasında
başqaları kibi şəhəri tərkə məcbur
olmuş, yolda soyulmuş, var-yoxu əlindən
alınmışdı. Bir qaç yerlərdə sər-səriyanə
dolanmış, ən sonda Gəncəyə nəqli-məkan
etmişdir. Arada xəstə oldu. Zalım və biaman
ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat
eylədi".
1918-ci ilin mətbuatında
ermənilərin törətdikləri qırğınlar,
soyqırım faciə kimi qiymətləndirildiyindən Hadi də
bu məqalədə Şamaxıda ermənilərin törətdikləri
soyqırımlara faciə kimi yanaşırdı.
A.Səhhətin
soyqırım qurbanı olmasını əsaslandıran
faktın daha tutarlı olmasını sübut edən digər
mənbə ötən il tərəfimdən aşkarlanan
1918-ci il noyabrın 12-də yalnız bir sayı işıq
üzü görən, "Qardaş qayğısı" qəzetində
Binəva ləqəbli müəllifin çap etdirdiyi
"Qanlı günlər" məqaləsidir. Məqalədə
Şamaxıda baş verən vəhşətlərin
detalları ilə yanaşı, A.Səhhətin erməni
"bandaları"nın qurbanı olmasına da toxunulur:
"Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları Şamaxıda
islamların müqəddəs
məscidlərinə qədər
yandırıb məhv
etmişlər. Bir böyük
minillik Şamaxıdan
indi bu saətlikdən
ancaq bir məzarıstana bənzər
yanmış uçuq
xərabələr taparsınız.
İslam
aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara
qurban vermişdir.
Bununla böylə neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar".
Baş verən
bu qanlı olaylardan psixoloji gərginlik keçirən,
səfalət və yoxsulluğa düçar
olan Abbas Səhhət 44 yaşında
dünyasını beləcə
dəyişir. Gəncənin Səbrisgər qəbiristanlığında
dəfn olunur. Oğlunun qəbri üstünə gedən, ağlamaqdan gözünün nurunu itirmiş şairin atası elə qəbiristanlıqdakı çuxura
düşərək vəfat
edir. Ailəsi bütövlükdə vəba xəstəliyindən
məhv olur.
Səhhətin ölüm səbəbi
kimi məzarı da uzun müddət
naməlum qalır.
Səhhətin məzar yerinin müəyyən olunması,
ölüm tarixi və səbəbi barəsində mübahisə
doğuracaq məqamlar
indi də qalmaqdadır. Şairin
1918-ci il iyunun 11-də dünyasını
dəyişməsinin doğru
olmadığını akademik
Kamal Talıbzadə araşdırması ilə
sübut edir. Bəlli olur ki, şairin
ölüm tarixi Hadinin "Azərbaycan"
qəzetində 1918-ci ilin
18 noyabrında çap
etdirdiyi məqalənin
tarixinə əsasən
təqribi hesablama ilə müəyyən edilib. Ancaq Hadinin bu məqaləsində Səhhətin
hansı tarixdə dünyasını dəyişməsi
barəsində kiçik
işarə, qeyd belə yoxdur.
Abbas Səhhətin
qəbri barəsində
də səhih bilgi yoxdur, söylənilən
mülahizələrdə konkretlik
görünmür. 1929-cu
ilə qədər Abbas Səhhətin məzarı, onun harda olması barəsində ümumiyyətlə,
ictimaiyyətdə dəqiq
məlumat olmayıb.
O dövrdə yaşanan
gərgin, ictimai-siyasi
vəziyyət, şairin
ailəsinin məhvi Abbas Səhhətin məzarının üzərinə
sirli, naməlum bir pərdə çəkib.
Azərbaycanın
sovetləşməsindən 10 il sonra
şairin məzarı
yada düşür. 1929-cu ildən sonra
ədəbiyyatşünas-alim Ə.Səidzadə Gəncəyə
gəlir, şairin məzarının axtarışına
çıxır. Səhhəti yaxından tanıyan ailələrə baş çəkir. Bu barədə mart soyqırımından
sonra Gəncəyə
köçən, şairlə
yaxın əlaqələri
olan şamaxılı
Tərrahın oğlu
Nəcəfqulu məzarın
yeri (qəbri yox- A.A) barədə alimə məlumat verir. Şairin qəbrini axtaran Ə.Səidzadənin axtarışlarını
Kamal Talıbzadə
"Abbas Səhhət"
kitabının 64-cü səhifəsində
bu cür qiymətləndirir: "Ə. Səidzadə
Səhhətin dəfn
olunduğu sahəni müəyyənləşdirdikdən sonra ictimai təşkilatların
yardımı ilə həmin yerdə məzar daşı qoydurmuşd
Məhz həmin
məzar daşı
1947-ci ildə Səbrisgər
qəbiristanlığından Gəncənin Sahil bağına köçürülür,
üzərində şairin
büstü ucalır.
Bununla yanaşı, şairin məktəblilər üçün
yazdığı dərslik
və şeirlərin
çapına başlanılır.
Bu gün də orta məktəb kitablarında Səhhət
irsinə müraciət
olunur, onun milli ruhda qələmə
aldığı əsərlərdən
yararlanırıq. Ancaq böyük
mütəfəkkirin faciəli
həyatından yetərincə
xəbərimiz yoxdur.
Abbas Səhhət
yaradıcılığı, maarifçilik missiyasını
uğurla həyata keçirməsi, şəxsiyyəti,
faciəli həyatı
nə qədər öyrənilsə də,
yenə də kifayət etmir. Gəlin klassiklərimizə sayğı
duyaq, onları oxuyaq, öyrənək və gələcək nəslə təbliğ edək.
Akif Aşırlı
Şərq.- 2011.-27 oktyabr.- S. 5.