Şərq 15

 

  Noyabrın 1-də "Şərq" qəzetinin 15 yaşı tamam olacaq. 1996-cı ildən nəşr olunan "Şərq" ağrılı-acılı, enişli-yoxuşlu yollardan keçərək bu günə qədər gəlib çıxıb. Qəzet hər zaman dövlətə, dövlətçiliyə, millətə, xalqa, maarifçiliyə xidmət edib və bundan sonra da əsas tutduğu ideyalarının, məqsədinin arxasınca gedəcək. Məhz buna görədir ki, "Şərq" qəzeti hər zaman öz oxucuları arasında böyük rəğbətə sahib olub.

  

   Yubileylə bağlı ictimaiyyətin tanınmış simaları "Şərq"ə təbrik sözləri ünvanlayıb:

  

   Zəlimxan Yaqub, Xalq şairi:

  

    - "Şərq" qəzeti Şərqin özü kimidir. Onun adında qədimlik, əzəmət, müdriklik, ağıl, ağ saçlar var. "Şərq" Şərqin neçə minillik müdrikliyinin mücəssəməsidir. Ona görə mən "Şərq" qəzetini çox sevirəm ki, o, yarandığı ilk gündən bu yana heç vaxt dedi-qoduya, şər-söhbətə, artıq-əskik şeylərə yer verməyib. Şərq aləmi ilə, ümumiyyətlə, insanlıqla bağlı həmişə yaxşı işlərlə məşğul olub. Bu işlərin də bizim gəncliyə, bizim yetirmələrimizə çox böyük faydası olub. Bu qəzet tərbiyəsizliklə deyil, tərbiyə ilə məşğul olub. Qəzetlərin çox olduğu bir vaxtda "Şərq" qəzeti özünün çəkisi, sanballı ad-sanı ilə seçilib, sevilib, bəyənilib. Bu qədər nəşrlər içərisində özünün nüfuzunu qazanıb. Heç bir vaxt küyə getməyib, xoşagəlməz hərəkətlərlə məşğul olmayıb. Həmişə Şərqin adına layiq hərəkət edib. Müstəqil Azərbaycanımızın bir övladı kimi "Şərq" qəzeti həmişə dövlətə, dövlətçiliyə, millətə böyük vicdanla xidmət edib, fəaliyyət göstərib və həmişə də qəbul olunub. Bu qədər qəzetlərin içərisində qəbul olunmaq çox çətindir. Amma mən çox şadam ki, "Şərq" belə bir nüfuz qazanıb, öz çəkisini də, mərtəbəsini də saxlaya bilib. Mənə elə gəlir ki, hələ bundan sonra da "Şərq" qəzetinin böyük gələcəyi var. Ona görə ki, Azərbaycan doğru yolda hərəkət edir. Bu yolda da doğru yol göstərən mətbuat olmalıdır. Onlardan biri də "Şərq" qəzetidir. Mən sizin kollektivi ürəkdən təbrik edirəm. Arzu edirəm, gələcəkdə çoxlu-çoxlu bayramlar keçirəsiz.

  

   Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor:

  

    - "Şərq" qəzeti mənə çox doğma bir qəzetdir. "525-ci qəzet" qədər doğmadır. "Şərq" informasiya qəzetidir. İnformasiyalı cəmiyyətdə onun öz yeri var. Jurnalistikanın bütün kanonlarını dəqiq yerinə yetirən, qərəzsiz, ədalətli, vicdanlı informasiya təqdim edən tərəfsiz, müstəqil bir qəzetdir. Azərbaycan müstəqil qəzet dünyasının aparıcı orqanlarından biridir. Mən hər səhər informasiyanı demək olar ki, bu qəzetdən alıram. Ona görə ki, ən dəqiq, ən vicdanlı, ən sayqılı, ən ədalətli informasiyalar bu qəzetin səhifəsindədir. Hətta onun nöqsanları olsa belə, mən onu deyə bilmərəm. Ona görə ki, bu qəzetə mənim bir oxucu, hətta bir nəzəriyyəçi məhəbbətim var. "Şərq" qəzeti jurnalistikanın nəzəri aspektlərini izah eləməkdə fakt kimi həmişə köməyimə gəlir.

 

   Seyran Səxavət, yazıçı:  

 

    - Mən "Şərq" qəzeti ilə xeyli vaxtdır ki, tanışam. Demək olar ki, ilk nömrələrindən oxucusuyam. Mən onu şirin qəzet kimi tanımışam. İllər keçəndən sonra bu qəzet bir az turşməzə oldu. Mənə elə gəlir ki, bu, ağlı başında olan bütün oxucuların fikridir. "Şərq" qəzeti dünyaya gəldi, özünü təsdiqlədi, 15 il yol gəldi. Yaşamaq da bir yoldur. Ümumiyyətlə, yolda olmaq özü bir böyük yol getməkdir. Hazırda "Şərq" qəzeti 15-ci kilometrindədir. Arzu edirəm ki, 100, 1000 kilometrlərlə yol getsin. Həmişə yolda olsun. Çünki insan və ya canlı bir orqanizm olan qəzet yolda olanda nəsə olur. Yolda olmaq hərəkət deməkdir. Hər şey yoldadır. Bəlkə dünya da yollardan ibarətdir. Ona görə də mən "Şərq" qəzetini yolda hesab edirəm və bir oxucu kimi bu yolda onlara uğurlar arzu edirəm. Həmişə qarşınızda yaşıl işıq olsun. Baxmayaraq ki, mən bilirəm ki, qəzetin də, adamın da qarşısında həmişə yaşıl işıq yanmır. Uğurlar arzu edirəm. Böyük oğlan olasız.

 

   Firudin Cəlilov, sabiq təhsil naziri:

  

    - Müstəqil qəzetlər içərisində mənim ən çox təmasda olduğum "Şərq" qəzetidir. Onun həm kollektivinə, həm də baş redaktoruna mənim özəl münasibətim, hörmətim var. Çünki orda yazılar obyektiv verilir və demək olar ki, vaxtaşırı da müəyyən məsələlərə aid fikirlərim öyrənilir və bu qəzetdə də dərc olunur.

   İstiqlaliyyətimizi qazandıqdan sonra respublikada qəzetlərin sayı həddindən artıq çoxaldı. Oxucu bazarına girmək də hər qəzetə nəsib olmadı. Amma illərdir ki, "Şərq" qəzeti öz obyektivliyi ilə oxucular tərəfindən sevilən qəzetə çevrilib. Mən sizə bu işdə uğurlar arzulayıram.

  

   Arif Əliyev, "Yeni Nəsil" Æurnalistlər Birliyinin sədri:

  

    - Mənim ən böyük arzum ondan ibarətdir ki, "Şərq" qəzeti özünün bir vaxtlar olduğu yüksəkliyə yenidən qayıda bilsin. O gün olsun ki, siz əvvəlki tirajlarınızı da, böyük reklam fəaliyyətinizi də təkrarlaya biləsiniz və jurnalistləriniz həm işlərindən ləzzət ala bilsinlər, həm də gözəl güzəranları olsun. Mən başa düşürəm ki, indiki səviyyədə hələ ki, jurnalistlərimiz nə gördüyü işdən ləzzət ala bilir, nə də ki, istədiyi pulu ala bilir. "Şərq" qəzetinin kollektivini təbrik edirəm və uğurlar arzulayıram.

  

   Fazil Qəzənfəroğlu, millət vəkili:

  

   - "Şərq" Azərbaycan mətbuat tarixində özünəməxsus bir yeri olan qəzetdir. Onun həm tərtibatı, həm ictimai-siyasi mövzulara təması öz orijinallığı ilə fərqlənir. Qəzetin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında həm təcrübəli simalardan biri kimi, həm də vətənpərvər mövzularda həssaslıq göstərən, Azərbaycan dövlətçiliyinə, ölkənin tarixi keçmişinə bağlı olan şəxsiyyət olduğu üçün qəzet də hər zaman bu istiqaməti önə çəkib. Hesab edirəm ki, əgər Azərbaycan mətbuatının ən yeni tarixi araşdırılsa, orada "Şərq" qəzetinin cəmiyyətdə rolu daha yüksək qiymətləndiriləcək. Çünki həm özünün informasiya yükü ilə, həm də intellektual araşdırmaları ilə cəmiyyətdə ictimai düşüncənin formalaşmasında böyük rol oynayır. Mən qəzetin kollektivini təbrik edirəm və ümid edirəm ki, Azərbaycanın gələcəyində də "Şərq" qəzetinin mətbuat sistemimizdə daha böyük rolu və çəkisi olacaq.

  

   Nazim Məmmədov, iqtisadçı-alim, sabiq millət vəkili:

  

   - Bu gün Azərbaycan mətbuatı çoxşaxəlidir. Hazırda müstəqil, iqtidaryönlü və müxalifətyönlü qəzetlər var. Müstəqil qəzet olan "Şərq" öz dəsti xətti ilə, əslində baş redaktorunun imici və kollektivi ilə digərlərindən çox fərqlənir. Mən "Şərq" qəzetinin 15 illiyini ürəkdən təbrik edirəm. Ümid edirəm ki, Allah bizə və "Şərq" qəzetinə imkan yaradacaq ki, onun 25, 35, 55 illiyini qeyd edək. Arzum budur ki, necə başlayıb bu günə qədər gəliblərsə, elə də davam etsinlər.  

  

   Pənah Hüseyn, sabiq millət vəkili:

  

   - Azərbaycan mətbuatı tarixində "Şərq" qəzetinin də özünəməxsus yeri var. Söz, mətbuat azadlığının cəmiyyətimizdəki təsirinin formalaşmasında da bu qəzetin rolu olub. Buna görə də "Şərq"i yubileyi münasibəti ilə təbrik edirəm.

  

   Aynur Camalqızı, sabiq millət vəkili:

  

   - "Şərq" qəzeti Azərbaycanda öz yeri, rolu, özünəməxsus üslubu olan bir qəzetdir. "Şərq" heç bir siyasi təşkilatın ruporu deyil. "Şərq" qəzeti əslində hamının, bütün oxucularındır. Azərbaycanda belə bir mətbu orqanın olması çox sevindirici və qürurvericidir. Mən bir oxucu olaraq həmişə "Şərq" qəzetini həvəslə vərəqləyib oxumuşam. Yəqin ki, bundan sonra da "Şərq" mənim sevimli qəzetlərimdən biri olacaq. Sizə uğurlar arzulayıram. Obyektiv və qərəzsiz olmağı arzulayıram. Bir də əksər mətbu orqanlarında çatışmayan maarifçilik missiyanıza həmişə sadiq qalmağınızı arzu edirəm. Bu gün 15 yaşınızı qeyd edirsiz və mən arzu edirəm ki, müstəqil Azərbaycanın tarixində "Şərq" qəzeti 150 illiyini də qeyd etsin.

  

   Elmira Axundova, millət vəkili:

  

   - Mən ilk öncə qəzetin bütün kollektivini səmimi qəlbdən təbrik edirəm. Neçə belə illəri sağlıq və rifah içində keçirməyinizi diləyirəm. "Şərq" qəzeti Azərbaycanda yaradılan ilk müstəqil mətbu orqanlardan biri kimi tarixə düşüb. Hər zaman öz obyektivliyi, hadisələrə dərhal reaksiya verəbilmə bacarığı ilə seçilib. Daim aktiv olub, ölkədə gedən iqtisadi, siyasi, mədəni proseslərə jurnalist professionallığı ilə münasibət bildirib. Eyni zamanda, "Şərq" hər zaman Milli Məclisi və millət vəkillərinin fəaliyyətini izləyib, biz deputatlara və fikirlərimizə hörmətlə yanaşıb. Deputatların ictimai məzmunlu çıxışlarını təhrif etmədən cəmiyyətin diqqətinə çatdırıb. Dövlətin də sizə münasibəti və yüksək qiyməti göz qabağındadır.

   "Şərq" qəzetinə uğurlar arzulayır, bu yolda davam etməyinizi diləyirəm. Daha böyük tirajlarla nəşr olunmağınızı səmimi qəlbdən arzu edirəm.

  

   Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor: 

  

    - Mənim düşüncəmə görə, bu gün Azərbaycanda öz simasını saxlayan, sözün həqiqi mənasında mətbuat anlayışını özündə ifadə edən qəzetlərdən biri də "Şərq"dir. Daim oxuduğum qəzetdir. Həmişə informasiya ilə zəngin olan bir mətbu orqandır. Çox çalışqan və işgüzar bir kollektivi var. Çox gözəldir ki, bu kollektivə Akif Aşırlı kimi Azərbaycan mətbuatında ciddi nüfuzu, hörməti olan, hər kəsin özünə dost bildiyi bir bacarıqlı redaktor rəhbərlik edir. Mənim yeganə arzum, istəyim odur ki, "Şərq" qəzeti bir az da tənqidi motivi gücləndirsin. Bu həm sosial sifarişdir, həm də cəmiyyət bu cür qəzetlərdən daha ciddi ictimai problemlərə toxunmağı gözləyir. Qəzetinizə ictimaiyyətin gözləntilərini doğrultmağı arzulayıram.

  

   Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

  

    - "Şərq" Azərbaycan cəmiyyətində oturuşmuş, sanballı, ictimai fikrə təsir edən və zamanın sınağından çıxan qəzetdir. İndiki dövrdə də qəzeti bu qədər yaşatmaq özü bir qəhrəmanlıqdır. Buna görə də həm baş redaktor Akif Aşırlıya, həm də kollektivə böyük şücaətlərinə görə minnətdarlıq düşür. Çətin rəqabət şəraitində "Şərq" qəzeti həmişə öz üslubu, fərqliliyi ilə seçilib. Azərbaycan informasiya məkanında xüsusi yeri olub. "Şərq" həm də millətçi, türkçü, vətənpərvər mövqeyindən dönməz, davamlı olan qəzet olub. Onun baş redaktoru da gözəl ziyalıdır. Onun tariximizin müxtəlif məqamları ilə bağlı araşdırmaları göstərir ki, qəzet həm də Akif Aşırlının ruhunun, dünyagörüşünün daşıyıcısıdır. Mən arzu edirəm ki, qəzet özünün 20-30 yaşını keçirsin. Doğrudur, deyirlər ki, internet mediası yazılı mətbuatı sıradan çıxardacaq, amma mən bilirəm ki, forma dəyişikliyindən asılı olmayaraq "Şərq" qəzetinin kollektivi bütün şəraitlərdə yenə öz nüfuzunu qoruyub saxlaya biləcək. Ona görə də hamınızı təbrik edirəm.

   

 

  Seymur Qasımbəyli

 

  Şərq.- 2011.- 29 oktyabr.- S. 8.