Ramili ittiham etməyin!

 

Onun nifrətinin ünvanı bəllidir

 

Budapeştdə bir qəhrəmanımız var. Ramil!.. Bunu tam inanaraq, uca səslə, üz ağlığı, alın açıqlığı ilə deyirik. Kimsədən dəstək də ummuruq. Kiminsə səsimizə səs verməsinə, sözümüzü təsdiq etməsinə ehtiyac da duymuruq. Bildiyimiz həqiqəti niyə hərraca çıxaraq ki?! Milyonlar üçün Ramil qəhrəmandır, igiddir. Bəli, erməninin layiq olduğu cavabı verdiyi üçün. Daha bu cavab verilməliydimi, hansı halda verilməliydi, necə verilməliydi... bunlarla işimiz yoxdu. Qoy lap kimlərinsə xoşuna gəlməsin dediklərimiz, mövqeyimiz. Qoy desinlər ki, barbarlıqdı bu, adımıza, şanımıza xələl gətirir, beynəlxalq aləm bizə nə deyər, qonşularımız elə himə bənddi və sair və ilaxır...

   Ürəyimizdən keçəni və düşündüyümüzü deyirik. Zatən, bizim düşündüklərimizlə ürəyimizdəkilər eynidir. Bəziləri kimi dildə bir, əməldə başqa cür deyilik. Ramil bizim üçün əsl qəhrəmandır və igiddir. Öz mənafeyini Vətən mənafeyinə qurban verdiyi üçün. Öz gələcəyini Vətənin gələcəyinə qurban verdiyi üçün. Onu gözləyən rahat yaşayışı, rütbəni, vəzifəni, xarici ölkədə işləmək, mənsəb sahibi olmaq imkanını Vətən naminə həbsxanaya dəyişdiyi üçün. Nə qədərdir belə insanımız? Sizdən soruşuruq, Ramili qınayanlar, "o gərək belə etməyəydi" deyənlər. Çoxmu insanımız imtina edər öz parlaq gələcəyindən erməni qanına görə? Çoxmu insanımız əlinə balta alıb əslində öz gənc ömrünü baltalayar, bir erməniyə görə? Yox. Çox az olarıq. Elə bilirsiz, hər nəfəsdə ramillər dünyaya gəlir?! Amma Vətən yükü də elə bu azların çiynində daşınmırmı?! Hamı döyüşə getmir. Hamı göz görəsi özünü odun-alovun içinə atmır. Döyüşdən sağ çıxıb-çıxmayacağını ölçüb-biçməyi ağıllarına da gətirməyənlər, buna heç zamanları da çatmayanlardı ya şəhid, ya qazi olanlar. Bunu çox az adam bacarır. Onlardır əsl qəhrəmanlar. Ramili niyə də qəhrəman hesab etməyək?! Xalqımızı, dövlətimizi, bayrağımızı təhqir edəni qətlə yetirən bir insan qəhrəman hesab edilməyəcəksə, kimə qəhrəman adı verəcəyik? Ramilin hərəkəti tamamilə başadüşüləndir və ona istənilən yöndən haqq qazandırır. Başadüşülməyən Ramili ittiham edənlərdir. Həm də Azərbaycanda. Heç olmasa, bir balaca milli təəssübkeşliyiniz olsun. Çox maraqlıdır, görəsən, Ramili ittiham edənlər eyni situasiyada nə cür davranardı. Çoxu indiyədək deyib ki, həmin vəziyyətə düşməmişik, deyə bilmərik. Əlbəttə, insanın konkret situasiyada necə davranacağını düşdüyü real vəziyyət diktə edə bilər. Sakit bir insan da bəzən hövsələdən çıxıb sükutu pozur. Və əksinə, əsəbi bir insan bəzən gözlənilmədən sakitlik nümayiş etdirir. Kimisə qınamaq, kiminsə haqqında mühakimə yürütmək asan işdir. Amma birisinin hərəkətinə qiymət verməzdən öncə insan gərək özünün nələrə qadir olduğunu, həmin vəziyyətdə necə davrana biləcəyini yəqinləşdirsin. Ramil özü haqqında yüksək fikirdə deyil. İndiyədək onun dilindən belə bir söz də çıxmayıb. O sadəcə, törətdiyi əməlin haradan qaynaqlandığına diqqət yetirilməsini istəyib. Bu isə istənilən əməli analiz etmək üçün əsas predmetdir. Deyirlər, Ramilin hərəkəti xalqa başucalığı gətirməyib? Bəs Ramil o hərəkəti etməmiş olsaydı, o ermənini bu şəkildə susdurmamış olsaydı, xalqımıza başucalığı gətirəcəkdimi? Hərbi təlimlər başa çatdıqdan sonra orada baş verənlərin xəbəri bir başqa zabitin dilindən gəlib buralara çatsaydı, Ramil haqqında nə düşünəcəkdik?! Bir erməni ilə bacarmadı deməyəcəkdikmi?! Bizim nə deməyimizin Ramil üçün heç bir önəmi olmayıb əslində. O, bir gerçəyi düşünüb. Vətən mənə nə deyər?! Bu Vətən ona halal süd vermiş Anasıdır, halal çörək yedirmiş Atasıdır. Qarabağda erməninin od vurub yandırdığı evləridir. İşğal olunmuş, yağmalanmış, qızı-gəlini əsir aparılmış yurdudur. Vətənin tənəsindən keçməyib Ramil. Əsas olan budur. Gənclik də, rütbə də, vəzifə də, rahat yaşayış da, fəxri titullar da, bəzilərinin "gərək belə etməyəydi" qınağı da qurban olsun Vətən tənəsinə! Təki Vətən tənə vurmasın. Ramil etdiyi hərəkətdən peşman da deyil. Həbsxana divarları arasında qalan odur. İllərdir Vətən həsrəti, ailə həsrəti ilə yaşayan, qürbətdə ana itkisi ilə üzləşən də Ramildir. Sizə nə düşüb, Ramilin "dərdini" çəkirsiniz?! Yoxsa dövlətin, xalqın imicini düşünürsünüz? Bunları düşünən politoloq "Ramil Səfərov xalqa başucalığı gətirmədi" sözünü dilinə almaz, bir mətbu orqanı da bunu göydən düşmüş bilib, məqalə başlığı yapmaz, Ramillə Mübarizi müqayisə predmeti etməz, "hər ikisi xalqın qəhrəmanı olmağı haqq edirmi" sualını qoyub müzakirə açmaz.

   Ramilin əməlini qaçaqlarla müqayisə etməksə heç məntiqə sığmır. Ramilin hərəkətini qaçaqların düşmənlərinə münasibəti ilə müqayisə edənlər deyəsən, kiminlə üz-üzə olduğumuzu unudurlar. Qaçaq hara, erməni hara? Qaçaqların mərdliyi haqqında biz də azdan-çoxdan oxumuşuq. Amma tarixdə erməninin mərdini görən olubmu? Bəlkə daha yetər?! Namərdlərə qarşı mərdlik nümayiş etdirmək azarından qurtulmağın vaxtı çoxdan çatıb, hələ o yana da keçib. Başımıza nə gəlibsə, namərdlərlə mərdyana davranmağımızın ucbatından gəlib. Belə davrana-davrana itirmişik torpaqlarımızı. Yetmədimi? Namərdlər haqq etdikləri cəzanı almalıdır. Ramil də o erməniyə layiq olduğu cavabı verib. Bunu çözələmək, o tərəf, bu tərəfə çəkmək lüzumsuzdur. İşğala məruz qalmış bir ölkənin vətəndaşlarına bu xalqa az-çox başucalığı gətirən insan haqqında mənfi fikir söyləməksə qətiyyən yaraşmır. Alnımıza vurulmuş damğanı ilk təmizləyənlərdən biridir Ramil! Ramil Səfərov hələ də erməni əsirliyində qalan qız-gəlinimizin hayfını alıb erməni dığasından. Bunu unutmayın! Budapeşt şəhər həbsxanası Ramilə həsəd aparır indi. Onun mərdliyi, tərbiyəsi, qanacağı, mərifəti, bacarığı, qabiliyyəti, savadı, biliyi dillər əzbəridir. "Qapı"dan sonra Ramil Səfərova yazarlardan kitablarını tərcümə etmək təklifləri gəlir. Azərbaycandanca evlənmək təklifləri. Heç bilirsiz, Ramilə aşiq nə qədər qızlarımız var?!

   Ramil Səfərov Azərbaycan zabitinin qürurunun təcəssümüdür. Ramilin məhkəmədəki nitqindən xəbərsiz olanlar özlərinə əziyyət verib ANS telekanalının internet səhifəsindəki video-çarxa baxsınlar. O nitqdədir Azərbaycan zabiti. Ramil Səfərov danışığı ilə də, duruşu ilə də Azərbaycanı şərəflə təmsil edir. Bunu ürəyində həqiqi Vətən sevgisi və düşmənə həqiqi nifrəti olanlar bilər. "Bütöv bir xalqa nifrət etmək olmaz", "biz gərək sülhpərvər olduğumuzu göstərək", "bunlar dövlətimizin imicinə ziyandır" kimi populist fikirlərə, Ozan Arif demiş, "qarnımız tox artıq". Heç BMT boyda təşkilat imicinin zədələnib-zədələnməyəcəyini eyninə də almır; Dağlıq Qarabağla bağlı 4 qətnaməni necə qəbul edibsə, eləcə də kağız üstə qalır. ABŞ boyda super-dövlət Qəzzada ərəb uşaqlarının başına raket yağışı yağdıran, "Mavi Mərmərə"yə hücum çəkən İsrailin başını sığallayır, demokratiya adı altında İraqa, Əfqanıstana bomba tökür, imicinin hayına qalmır, Rusiya prezidenti "Gürcüstanla 5 günlük müharibə çoxlarına dərs oldu" deyib sağa-sola mesaj göndərib də beynəlxalq imici saya salmır, Ermənistan da havadarlarına güvənərək arxalı köpəyə dönüb qurd basır, işğalçı imici formalaşdırır, xətrinə dəyən yoxdur, bizə nə düşüb? Odur ki, Ramili ittiham etməyin. Onun nifrətinin ünvanı bəllidir. Və bu, çox dəqiq ünvandır.

   Nifrət etməyi bacarmayan sevə bilməz. Gərək düşmənə nifrət edəsən ki, onun üstünə gedəsən. Vətəni sevdiyini sübut edəsən. Ramil bunu sübut etdi. Xoş o kəsin halına ki, sübut üçün əlinə imkan düşür. Nəyi itirdi ki Ramil? İtirdiyi azacıq azadlıqdır. Hərəkət azadlığı bir balaca məhdudlaşıb, vəssalam. Qazandıqlarını sadalayaqmı? Paxılların, yalançı vətənsevərlərin, xaricə yarınanların, qrant xətrinə bu dövləti yıxıb sürüyənlərin, xalqa başucalığı gətirənləri ittiham edənlərin ürəyi partlamaz ki?! Ramili sevənlər çoxdu. Lap çox. Sizin təsəvvür edə bilməyəcəyiniz sayda çox. İllər keçəcək, bəlkə bir gün Ramil qayıdacaq. illər sonra, çox sonralar Ramilə Azərbaycanın Milli Qəhrəmanı adı veriləcək. Mütləq veriləcək. Çünki tarixi silmək mümkündür, insanların qəlbində qərar tutmuş sevgiləri. Sevgilər qəhrəmanlar kimi, həqiqətən, heç vaxt unudulmur.

 

 

Məlahət Rzayeva

 

Şərq.- 2011.- 14 sentyabr.- S. 6.