Milli Qəhrəmanlar unudulmur!

 

Sentyabrın 19-u Aqil Quliyevin doğum günüdür

 

Milli Qəhrəman Aqil Quliyev 1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.

1980-ci ildə orta məktəbi bitirmiş və indiki Azərbaycan Dövlət Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan əsgəri xidmətə çağırılıb. Hərbi xidmətini başa çatdırdıqdan sonra 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olub. 1988-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Milli Ordu qərargahına gedərək hərbi xidmətə yazılıb. O, Ağdam bölgəsinə göndərilərək, rota komandiri təyin edilib. Aqilin həyata keçirdiyi ilk döyüş əməliyyatı Xocalıda olub. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən aramsız döyüşlərdə onun rotası xüsusi igidlik göstərərək onlarca erməni quldurunu məhv edib.

A.Quliyev 1992-ci il fevralın 25-də hər iki ayağından yaralanıb və bir neçə gündən sonra dünyasını dəyişib.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

 

Şərq.- 2011.- 17 sentyabr.- S. 11.