Azərbaycan türklərinin Osmanlı ilə qarşılıqlı mədəni əlaqələri və ya böyük tarixi köç dalğaları

 

Uzaq olmayan tarixi keçmişimizdə baş vermiş Osmanlı-Teymur, Osmanlı-Ağqoyunlu, Osmanlı-Səfəvi müharibələri iki türk dövlətinin zəifləməsinə, Avropada və Asiyada öz siyasətlərinin yayımının dayanmasına gətirib çıxarıb. İki qardaş dövlətin hərb meydanlarında bir-birinə cəng etməsi qardaşlıq münasibətlərinə kölgə salsa da, münasibətlər qırılmaz formada davam etmişdir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələrinin hər bir sahəsində mövcud olan qardaşlıq münasibətləri tarixi sınaqlardan keçərək günümüzə qədər mürəkkəb və kəşməkəşli bir yol keçmişdir.

Xüsusən, bu yolda çəkilən bütün cəfalar inkişaf etmiş elmi-dini mərkəzlərin üzərinə düşmüşdür. Belə ki, o dövrün mədəni inkişafını elm və din xadimləri qarşılıqlı olaraq Azərbaycandan Osmanlıya, Osmanlıdan isə Azərbaycana daşıyaraq kültür əlaqələrini yaşatmışlar. Əslən Qazaxdan olan tanınmış tibb professoru İbrahim Yıldırım öz araşdırmalarında göstərir ki, ilk zamanlar elmi köç Azərbaycandan Türkiyəyə ixrac edilmişdir.

 

Şirvan və Amasya - türk-islam dünyasının elm mərkəzləri

 

Türkiyədə Amasya bölgəsi, Azərbaycanda isə Şirvan bölgəsi islam dininin möhkəmlənməsində, mədəni-maarif əlaqələrinin inkişafında baza rolunu oynamışdır. Şirvan Azərbaycanın şimal-şərqində geniş bir coğrafi ərazidir. Şirvan bölgəsiylə Amasyanın kültür əlaqələri 13-cü əsrə qədər gedib çıxır. Belə ki, 13-cü əsrdən Şirvanın bir kültür bölgəsi olduğu bizə məlumdur. Həmin illərdə Şirvanda çoxlu sayda elm mərkəzləri açılmışdır. Amasyadan ilk olaraq Pir İlyas Amasi təhsil üçün Şirvana gəlmiş və 8 il (1398-1406) burada oxumuşdur. Şirvanda Şeyx Sədrəddin Şirvanidən dərs almış və Halvəti təriqətinin Amasyada yayıcısı olmuşdur.

Türklər islamiyyəti qəbul etdikdən sonra bir çox səbəbdən "Şamanizm"dən ayrıla bilməmişdilər. Öz ənənələrini və mədəniyyətlərini qorumaq, toplumu öz yolunda saxlamaq məqsədilə yeni yollar axtarmışdılar. Beləcə, mənası "yol" anlamına gələn təriqətlər yaranmış, daha sonra isə müxtəlif istiqamətlər fonunda Xəlvəti, Hüseyniyə və Xalidi kimi alt qruplar əmələ gələrək Amasyaya gətirilmişdir. Bu və digər təriqətlər həmin məktəblərin müridləri tərəfindən Amasyadan Şirvana - Quba, Şamaxı, Kürdəmir, Şəki kimi şəhərlərə, Gəncəbasara - Qazax, Borçalı bölgəsi və Ahıskaya, Tiflis və digər bölgələrə (Həmədan və Təbrizə) və əksinə olaraq bu bölgələrdən Amasyaya daşınaraq yayılmışdır. Həmin təriqət daşıyıcıları olan elm və din xadimi olmuş müridlərin Amasyada və yuxarıda adıçəkilən şəhərlərdə türbələri və qəbirləri günümüzə kimi gəlib çıxmışdır. Türk dünyasının bir kültür xəzinəsi olmuş şahzadələr şəhəri Amasya saysız elm və kültür insanı yetişdirmişdir. Anadolunun türkləşməsində isə özünəməxsus bir yeri vardır. Türk toplumlarının əsrlər boyu baş verən köçlərindən Amasya öz yükünü almış, müxtəlif bölgələrdən gələn türk boyları bu tarixi şəhərdə şərəf duyulacaq bir bütövləşmə yaradaraq kültür zənginliyinə rəng qatmışdılar. Amasya və ətraf ərazilərinə baxılarsa, Balkandan, Qafqazdan və Kırımdan çox köç aldığını görərik. Köçlər ya savaşlar səbəbindən, ya da yaşam durumunun ağır olması səbəbindən baş verirdi. Yaşayış yerinin seçimi isə çoxçeşidli və sərbəstliklə olmuşdur. Azərbaycanın Şirvan və Qarabağ bölgəsindən köç edənlər mərkəz Amasya olmaqla Niksar, Zile, Turxal, Erbağ kəndlərinə, Qazax və Göyçə mahalından gələnlər isə daha çox yenə mərkəz Amasya olmaqla Suluova, Uzunoba, Merzifon, Zile, Göynücək, Mecitözü və Havza kəndlərinə yerləşmişdilər. Danışdıqları Azərbaycan türkcəsini ləhcələrinə kimi, adət-ənənələri isə olduğu kimi yaşatmağı bacarmışdılar. Amasyanın bugünkü toplumunun yarısından çoxu müxtəlif zamanlarda və müxtəlif bölgələrdən köç edənlərdən ibarətdir. Belə ki, 90 min əhalisi olan Amasya bölgəsinin yarıdan çoxu Azərbaycan əsillilərdir, bunun da əksəriyyətini Qazax bölgəsindən gedənlər təşkil edir. Onlar gəldikləri yerlərə yenilik və mədəniyyət gətirərək bölgənin çalışqan əhalisi ilə qaynayıb qarışmışdılar.

 

Azərbaycandan köç edənlərə nədən "şirvanlı"lar deyilib?

 

Çox maraqlı haldır ki, Osmanlıda Amasyaya və ətraf ərazilərə müxtəlif zamanlarda köç etmiş Azərbaycan türklərinə bütünlüklə "şirvanlı" adını vermişlər. "Şirvanlı" adının etmioloji izahını müxtəlif cür izah edirlər. Bu adın daha inandırıcı izahı və haradan qaynaqlandığını professor İbrahim Yıldırım öz araşdırmalarına əsasən belə bir fikir söyləyir: "Əslində, şirvanlı sözü ilk gələn göçmənlərə amasyalıların sorduğu "nerelisiniz" sorusuna verilən cavabdır. Daha sonra Azərbaycanın harasından gəlirlərsə gəlsinlər, hamısına bu ad verilmişdir. Bu göçmənlərdən gəldiklərində başlarına geyindikləri papaqlar səbəbilə bəzən "papaklılar" deyə də bəhs edilir. Gerçəkdə isə "Tərəkəmə", "Qarapapaq", "Qaraqoyunlu", "Ayrım", "Avşar", "Bayat", "Kəsəmən" kimi türk boylarından oluşurlar". Azərbaycandan Amasya və ətraf bölgəyə köç edən insanların marşrut xətlərinin necə ağır və uzun zaman çəkdiyini İbrahim bəy araşdırmalarında belə təsvir edir: "Bu insanlar batıya doğru Qars, Ərzurum quru yoluyla ulaşarkən, Amasya və çevrəsinə köçərkən daha dəyişik bir yol izləməkdəyik. Öncə öz bölgələrindən yenə quru yoluyla Tiflisə, oradan Batuma, oradan da gəmiylə Trabzon və Samsuna gəlib Amasya və yaxın bölgələrə yaylı arabalarla yetişmişdilər".

 

Türkiyə ictimai həyatında və siyası çevrəsində tanınmış simalar

 

Yuxarıda barəsində geniş bir aydınlıq gətirdiyim Amasya bölgəsindəki Azərbaycan türkləri haqqında bilgi əldə etmək marağı məni həmin şəhərə kimi müşayiət etmişdi. Belə ki, ilk dəfə 2008-ci ilin avqust ayında Türkiyəyə 20 günlük səfərim daxilində qardaş ölkəni qarış-qarış gəzdim desəm, yanılmaram. Azərbaycan türklərinin kampakt yaşadığı Amasya şəhərində, həmçinin Suluoba mahalının Uzunoba kəndində oldum. Uzunoba kəndində olarkən sanki mənə elə gəldi ki, ya Qazaxın Yuxarı Salahlı kəndindəyəm, ya da Daş Salahlıdayam. Kəndin yuxarı dağlıq səmtinə getdikdə isə bir anlıq düşündüm ki, İncə dərəsindəyəm. Orada da incəlilər təpəlik, dağlıq ərazilərdə məskən salıblar. Bir daha aydın görünür ki, Azərbaycandan köç edənlər burada da eynən köç etmiş olduqları bölgənin relyefinə uyğun yerləşmə seçimi etmişlər. Amasyadakı böyük bir qəbiristanlıqda məzarları ziyarət edərək Azərbaycandan apardığım torpaqdan bir ovuc bəzi tanıdığımız məzarların üstünə səpdik. Buradakı qəbirlər ailə məzarlığı adı altında arakəsmələrə alınaraq hörülüb. Hansı səviyyədə tanınmış insan olmasından, harada yaşamasından asılı olmayaraq, rəhmətə gedərsə, öz doğmalarının yanında dəfn edilməsini vəsiyət edirlər. Qəbirlərin üstündə çox sadə bir başdaşı qoyulmuşdur (başdaşı üstündə isə qısaca "Şahvalet Kazak, Ruhuna Fatihə, D. 1899, Ö.1990" yazılıb).

Sonrakı dönəmlərdə Azərbaycandan köç edən türklərin niyə məhz Amasyada qərar tutduqlarına yuxarıda göstərmiş olduğum faktlar içindən izah tapa bilərik. Azərbaycan türklərinin Amasya bölgəsində minlərlə hektar torpaq sahələrinin olması bölgədə böyük nüfuz sahibi olmalarından xəbər verir. Burada Mədəd Karayazının, Alı İşıklının, Mehmet Kazakın, Yusif Almalının, Pənah ağa Vəkilovun, Daşdəmirlərin, Laçınların, Sarıların övladlarına məxsus yüzlərcə hektar torpaq sahələri vardır. Təkcə 300 hektardan çox torpaq sahəsi Əfəndiliyə məxsusdur. Bu şəxsi torpaq sahələri hazırda Hacı Mahmud Əfəndi Qaranizadənin övladlarına məxsusdur.

    Osmanlıda böyük nüfuz sahibi olan şəxslərdən Mir Həmzə Seyid Nigari və Hacı Mahmud Əfəndi haqqında bəzi bilgiləri sizlərlə bölüşmək yerinə düşərdi.

Həmzə Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrə görə 1805) Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində anadan olmuşdur. Mir Həmzə təhsilini Şəkinin Kiçik Dəhnə kəndində tamamladıqdan bir müddət sonra, Nəqşibəndi mənsublarının Sivasda toplanmış olmaları səbəbilə bu şəhərə getmişdir. Krım müharibəsi isə onun həmişəlik Osmanlı dövlətinə mühacirət etməsinə səbəb olmuşdu. Həmzə Seyid Nigari bir müddət Ərzurumda yaşayıb və orada dərs deyib. Ərzurumdan İstanbula, oradan da Amasyaya gəlmiş, burada məskunlaşaraq təfsir və hədis dərsləri deməklə yanaşı, təsəvvüf fəaliyyətilə də məşğul olmuşdur. Lakin onun fəaliyyətindən xoşlanmayan, çox sayda müridinin olması və ətrafının durmadan genişlənməsindən qıcıqlanan Sultan Əbdülhəmid Mir Həmzə Nigarinin Xarputa sürgün edilməsi haqqında fərman imzalamışdı. O, 1886-cı ildə orada vəfat etmiş və Amasyaya gətirilərək dəfn edilmişdir. Seyid Nigari eyni zamanda, ruhani bir şair olub. Həyat yoldaşı Nigar dünyasını erkən dəyişdiyinə görə adının sonuna "Nigari" təxəllüsü götürmüşdür.

Mir Həmzə Seyid Nigarinin Amasyaya gətirdiyi iki müridindən biri olan Hacı Mahmud Əfəndi (1835-1891) Qazax rayonunun "İncə dərəsi" adlanan elin Aslanbəyli kəndində anadan olub (İncə dərəsindən gələrək Amasyaya yerləşən bir qisim ailələr "İncəli" soyadını almışlar). Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır. 1863-cü ilin rəsmi rus hərbi sənədində incəli Mahmud Əfəndinin adı Tiflis quberniyasının müridləri içərisində qeyd olunur. Amasya-Azərbaycan mədəniyyəti öncülləri arasında Hacı Mahmud Əfəndidən də qabaq "İncə dərəsi"ndən Amasyaya getmiş elm insanları da olmuşdur. Amasyada Azərbaycan türklərinə məxsus "Şirvanlılar Camisi" Hacı Mahmud Əfəndinin Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı paralarla Mir Həsən Əfəndinin (Həmzə Nigarinin oğlu) nəzarətində inşa edilmişdir. Hacı Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki, hər ikisi də Mövlanə İsmayıl Səracəddin Əfəndinin (1782-1853) müridi olaraq Nəqşibəndi təriqətinin "Xalidi" qolunun yayıcısı olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Amasyada yaşayan həmyerlilərinin demək olar ki, bütün problemlərini həll etməyə qadir insan olub. Mahmud Əfəndi uşaqlarını Amasyada təhsil üçün saxlamış və özü Aslanbəyli kəndinə dönmüş və bir müddət sonra Həcc ziyarətinə getmişdir. Hacı Mahmud Əfəndi 1891-ci ildə vəfat etmişdir. Vəfatından az əvvəl rus məmurları tərəfindən ona yenidən Osmanlı dövlətinə köçmək tövsiyə olunmuşdur. Hacı Mahmud Əfəndi Aslanbəyli kəndində dəfn olunmuş, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid Yasin adlı sufiyə məxsusdur. O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud Əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud Əfəndinin məzar daşında "Ya Allah, Ya Seyid Nigari, Ya Hz. Mövlanə" və şeyxin öz adı yazılmışdır.

Professor İbrahim Yıldırım öz araşdırmalarında qeyd edir ki, Amasyada bələdiyyə strukturunun yaradılmasına 1864-cü ildən başlanılsa da, bələdiyyənin yaradılması 1881-ci ildə baş tutmuşdur. Ancaq ilk bələdiyyə başqanı 1894-cü ildə vəzifə ala bilmişdir. İlk bələdiyyə başqanı isə azərbaycanlı Şirvanizadə Abdurrahim Əfəndi olmuşdur (1894-1895). Sonrakı illərdə Azərbaycan əsilli Amasya bələdiyyə başqanları M.Şevket Laçın (1940-1942, 1943-1946), Hüseyin Özbay (1955-1956, 1957-1958), Şərafettin Dağıstanlı (1980-1984), Süleyman Taşdemir (1991-1994).

Amasyada olan vaxt şəxsi görüşlərim zamanı məlum oldu ki, Mehmet Şevket Laçın əslən Qazaxın Daş Salahlı kəndindən olan Laçınlar soyundandır. Çox təəssüf ki, onun övladları və nəsil davamçılarının 90 %-i Qazaxdakı soylarının kimlər olduğunu unudublar. Süleyman Taşdemir isə Yuxarı Salahlıdakı eyniadlı Daşdəmirlər soyundandır.

Müxtəlif dönəmlərdə Türkiyə Böyük Millət Məclisinə seçilmiş Azərbaycan əsilli Amasya millət vəkillərini də qeyd etsək, azərbaycanlıların Türkiyənin siyası həyatındakı rolunun önəmini görmüş olarıq: Əsat Uras (1924-1945), Hamit Koray (1950-1960), Hüseyin Özbay (1957-1960), M.Kemal Karan (1961-1965), Ahmet Demiray (1965-1969), Orxan Kayıhan (1975-1977).

 

 

Yusif Afşar,

Fəlsəfə doktoru

 

Şərq.- 2011.- 21 sentyabr.- S. 12.