Azərbaycan turklərinin Osmanlı ilə qarşılıqlı mədəni əlaqələri və ya böyük tarixi köç dalğaları

 

  (Əvvəli ötən sayımızda)

  

   Ümumiyyətlə, Türkiyədə olarkən Amasya, Samsun da daxil olmaqla İzmir, Ankara, Adana və Antalyada oldum. Köklü Azərbaycan türklərinin bir qayda olaraq Amasya ilində (bölgəsində) yaşadıqlarının şahidi oldum. Onlar ailə qurarkən öz qohum-əqrəbalarının içərisindən seçimə üstünlük vermişlər. Bu cür əhəmiyyətli məsələlərə ağsaqqallar xüsusi diqqət yetirərək bu yolda gənclərə çoxlu məsləhətlər verərmişlər. Amasyadan ayrılaraq təhsil, iş və digər səbəblər üzündən başqa şəhərlərə "səpələnən" azərbaycanlılar burada evlənərək bir çox hallarda öz mədəni kültüründən və ənənələrindən uzaqlaşaraq yerli etnos içində ərimişlər. Türkiyəyə sonrakı səfərlərimin hər birində onlarla görüşlərim çox maraqlı və yaddaqalan olmuşdur.

  

   Osmanlıya Azərbaycan türklərinin birinci köç dalğası

  

    Osmanlı dövlətində Amasya tarixən şahzadələr şəhəri adlanmışdır. Yəni Osmanlı sultanının varisi elan edilən şəxs ilk öncə Amasya şahzadəsi olaraq Amasya ilini idarə etməli idi. Məlumdur ki, müəyyən səbəblərdən Osmanlı imperiyasında islamçılıq ideologiyası türkçülük ideologiyasından güclü olmuşdur. Yəni Osmanlı imperiyasının yaşam boyu Amasya şəhəri daha çox xilafətin dini mərkəzi rolunu oynayıb. Bu səbəbdən də Rusiya imperiyası altında yaşayan sünni-məzhəb (hətta bəzən şiyə-məzhəblər də) insanlar dini sıxıntılardan və siyasi təqiblərdən can qurtarmaq yolunu Amasya şəhərinə üz tutmaqda görmüşlər. Məsələn, 1863-cü ildən başlayaraq çar imperiyası Qafqazda siyasi üsul-idarəni həddən artıq sərtləşdirdiyindən, Qafqazda yeni torpaq islahatları adı altında müsəlman türklərin sıxışdırılması zamanı Amasyaya Azərbaycandan böyükmiqyaslı köçlər getmişdir. O zaman Amasyada olan dini mərkəz həmçinin belə narazı kütləyə öz təriqətlərini qəbul etdirərək onların Amasyada yerləşməsini və yaşamasını təmin etməyi öz üzərinə götürmüşdür. Amasyada "Şirvanlılar Camisi" də daxil olmaqla bütün məscidlərin hər birinin geniş həyəti, böyük yeməkxanası və gecələmə otaqları olduğundan bura tək ibadət ocağı deyildi. Burada Azərbaycandan və digər müsəlman bölgələrindən pənah gətirmiş türk-müsəlmanların Amasyada daimi yerləşənə kimi yaşaması və qidalanması üçün böyük yataqxanalar və yeməkxanalar tikilib istifadəyə verilmişdir.

    1863-1875-ci illər köçü zamanı Qazaxdan (əsasən də İncə dərəsi kəndləri, Daş Salahlı, Yuxarı Salahlı) və Borçalıdan 300-ə yaxın ailə Amasyaya köç etmişlər. 1874-cü ilə aid sənədlərdə Qazax qəzasındakı üç kəndin (İncə dərəsindəki kəndlər nəzərdə tutulur) sakinlərinin tamamilə Osmanlı dövlətinə köçmək istəyindən bəhs olunur. Görünür, bu kütləvi köç həmin illərdə Amasyada yaşayan Hacı Mahmud Əfəndinin Mir Həmzə Seyid Nigari ilə olan münasibətlərindən qaynaqlanır.

  

   Çar üsul-idarəsinin dini sıxıntılarından yaranan ikinci köç dalğası

  

   Azərbaycan türklərinin Amasyaya ikinci köçü 1890-1925-ci illəri əhatə edir ki, məhz bu köçün də Qafqazda dini üsul-idarənin sərtləşməsi ilə əlaqələndirmək olar. Bu köç zamanı Amasyaya və ətrafına Azərbaycandan yüzlərcə ailə köçmüşdür.

   1918-ci ildə Osmanlı imperiyasının Birinci Cahan savaşında məğlub olması ilə ölkəyə girən yadelli düşmənlər hərəkətə gələrək Türkiyənin bütün bölgələrində nahaq qanlar axıdaraq "parçala və hökm sür" siyasətini həyata keçirirdilər. Samsun, Amasya, Suluoba və Merzifonda yunan quldurları xalqı qanına qaltan edərək məhv edirdilər... Məhz belə bir zamanlarda Amasyada yaşayan əslən Azərbaycan türklərindən bir neçə nəfər Qazaxa gələrək dəhşətli olayları buradakı əmizadələrinə anlatmışlar. Bu olaydan xəbərdar olan yüzə yaxın atlı dəstə Amasyaya tərəf yol tutmuşdular. Onlar Amasyanın Qarağac kəndinə çatarkən kənd camaatının bir hissəsinin qılıncdan keçirilərək öldürüldüyünü, körpə uşaqların doğrandığını və meyitlərin insanlığa sığmayan təhqirlərə məruz qoyulması səhnəsindən dəhşətə gəlmişdilər. Bu səhnədən sarsılan mücahidlər düşməndən qisas alacaqlarına and içirlər. Gecəykən düşmənin yığışdığı məkanı mühasirəyə almış və orada olan 70-ə yaxın düşmən quldurunu ələ keçirərək onları qisas hissi ilə öldürərək, meyitləri düşmənlərin hərəkət etdiyi yollara atmışdılar. Səhər tezdən bu səhnəni görən düşmənlərin canlarına vəlvələ düşərək pərən-pərən düşmüşdülər. Sağ qalan quldur dəstəsinin üzvləri isə yoldaşlarına bildirmişlər ki, qisas almağa gəlmiş silahlılar o qədər güclü və hirslidirlər ki, hətta bizim ətimizi belə yeyə bilərlər. Bu hadisədən sonra bölgədə bir daha düşmən izi görsənməmişdir.

 

   Cümhuriyyətin süqutu və faciələr burulğanından doğan üçüncü köç dalğası

  

   Türkiyəyə, əsasən də Amasyaya Azərbaycan türklərinin üçüncü - sonuncu köçü 1920-1945-ci illərə təsadüf edir. Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan türkləri öz dövlətinin sahibi olmaq üçün mübarizə aparıb müstəqillik əldə edərək Şərqdə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasını qurdular. Osmanlı dövlətinin çətin durumu olsa belə qardaşlıq borcuna sadiq qalaraq Azərbaycana hərbi yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu istiqlalını yenicə qazanmış, çətin durumda olan Azərbaycanı düşmən əlində olan paytaxtı Bakı ilə qovuşdurdu. Lakin 23 ay yaşayan Cümhuriyyət süqut etdikdən dərhal sonra cümhuriyyət qurucuları təqib edilərək repressiya məngənəsinə salındılar. Baş verə biləcək müəmmalı və ucuz ölümdən can qurtarmaq üçün yeganə gizli yol Türkiyəyə mühacirətə getmək idi. Beləliklə, Türkiyəyə üçüncü köç dalğası başladı. Bu köç əvvəlki köçlərdən ən çox faciəviliyi və dramatikliyi ilə fərqlənmişdir. Çünki bu köç gözlənilmədən ortaya çıxmışdır. Öncədən hazırlığı getməyən köçdə ata baladan ayrı düşmüşdü, oğul anadan, qardaş bacıdan xəbərsiz qalmışdı. Dağlarda qaçaq düşən, min bir əziyyət ilə yollarda vuruşa-vuruşa Türkiyəyə pənah aparan Cümhuriyyət fədailəri ilk vaxtlar Qarsda, İqdırda məskən salsalar da, bir çoxu burada çox tab gətirə bilməmişlər. Keçmiş Cümhuriyyət zabiti, sonra isə Türkiyə ordusunda xidmətə qəbul olmuş Gülməmməd ağa Gülməmmədovun (Mehmet Kazak) köməyi sayəsində tezliklə buranı tərk edərək "müvəqqəti olaraq" Amasyaya qohumlarının yanına getmişdilər. Türkiyədə yaşanan milli istiqlal mücadiləsində yüzlərcə Azərbaycan türküiştirak etmişdir. Ən çox şərq cəbhəsində rus dilini bilən zabitlər hərbi mükəlləfiyyətə daxil edilmişdirlər. Lakin burada onlar sözün əsl mənasında qan ağlayaraq iztirablar içərisində yaşamışlar. Oğlunun, qızının, ailəsinin onun ucbatından Azərbaycanda zülmlər çəkdiyinə dözə bilmirdilər. "Vətən xaini"nin ailə üzvü olması səbəbilə sorğu-sualsız güllələnmə, ən yaxşı halda ilan mələşən düzlərə sürgün edilmə xəbəri ildırım sürəti ilə Amasyaya çatırdı. Göz yaşları tökərək "Ay Vətən, ay balam, ay anam sənə qurban" söyləyərək ağılar deyərmiş dağ əzəmətli kişilər

  

   Danışan canlı şahidlər

  

   Həmin zülmü yaşayan kişilərdən biri də Qazaxın Yuxarı Salahlı kəndindən qaçaq düşərək İqdıra, oradan da Amasyanın Uzunoba kəndinə köç etmiş Şahvələt Kazak olmuşdur. Onun oğlu Amasya Bələdiyyə Məclisinin üzvü, mühəndis Türker Kazakın evində qonaq olarkən atasının 1976-cı ildə lentə alınmış səs yazısına qulaq asdıqca sanki ürəyin bu dəqiqə dayanacaq düşünürsən. Vətən həsrəti, ana yanğısı, qardaş sevgisi, yurd naləsi bir-birinə qarışıbdır bu səsdə. Öz dilindən qopan bir bayatını da sizinlə bölüşürəm:

  

   Əzizinəm qarayazı,

   kağızda qara yazı,

   Cənnətin bir guşəsidir

   Kür üstündə Qarayazı.

  

   Türkər bəy danışırdı ki, onlar hər gün qulaqları səsdə, gözləri yolda yaşadılar ki, Şura hökuməti yıxılacaq, qapılar açılacaq və onlar yaxınlarına qovuşacaqlar. Çox maraqlıdır ki, həmin insanların əksəriyyəti 80-90 yaşa kimi yaşadılar (yəqin, onları vətən həsrəti yaşadırmış). Ən üzücü isə odur ki, onlar 1990-cı ildə sərhədlər açılanda artıq çox qocalmışdılar, Azərbaycana gələ biləcək durumda deyildilər. Ölməmişdən öncə vəsiyyət edərək Azərbaycandan torpaq gətirilməsini və ölərkən gözlərinin vətən torpağı ilə yumulmasını istəyirmişlər. Həmin kişilərin övladları da Azərbaycana çox bağlılıqları ilə seçilirlər. Orxan Kayıhanın, Alparslan İşıklının, İbrahim Yıldırımın, Türkər Kazakın və digərlərinin Azərbaycanı necə bir coşqu ilə sevmələrinin şahidi oldum.  

   Əslən Qazaxın Daş Salahlı kəndindən, Türkiyə Böyük Millət Məclisinin millət vəkili olmuş, hüquqşünas Orxan Kayıhanla (Nəsib bəy Miralayevin oğlu) maraqlı söhbətlərim olurdu (Orxan bəyin mənsub olduğu Miralayevlər soyuna ruslar Azərbaycanda faciələr yaşatmışdı). O söylədi ki, Türkiyədə yaşadıqlarına görə azərbaycanlılar Azərbaycanda yaşayan əqrəbaları ilə əlaqə saxlamaqla onlara əziyyət vermək istəmirdilər. 1940-60-cı illər arasında Sovet ÇK-ları tərəfindən onlarca Azərbaycan türkü qətlə yetirilmişdi. Buna görə də Sovet Xüsusi Kəşfiyyat orqanlarının əməkdaşları tapa bilməsin deyə, Amasyaya gedən Azərbaycan mühacirlərindən çoxu orada müxtəlif vasitələrlə öz ad və soyadlarını dəyişdirmişdilər. Tanınmalarından ehtiyat edərək Azərbaycanda qalan əqrəbaları haqqında isə heç yerdə danışmırdılar. Son nəticədə isə onlar öz soy-kökündən uzaq düşərək qarşılıqlı olaraq unudulurdular. "Evdə bizə tapşırmışdılar ki, məktəbdə, yeməkxanada, evdə pəncərə qarşısında oturmayın. Gecələr küçəyə çıxmayın. Və bu kimi qorxudan xəstəlik gətirən yüzlərcə qadağalı tapşırıqlar verirdilər. Bu buna görə Azərbaycandakı qohumlarına da məktub yaza bilmirdilər ki, orada onları incidəcəklər", - deyə Orxan bəy söylədi.

   İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsinin professoru, plastik-cərrah İbrahim Yıldırım Amasyada və Türkiyədə yaşayan Azərbaycan əsilli türklərin əksəriyyətinin keçmişi haqqında çoxlu məlumata sahibdir. Cümhuriyyətimizin qurucularına dair çoxlu sayda araşdırmaları və kitabları çap olunub. Bu sahədə olan araşdırmaları ilə tanış olduqca bu zəka sahibi haqqında düşüncələrim daha dərinlərə işləyirdi. Bu tarixi bilgilərin sehrindən çıxmaq üçün İbrahim bəy söhbətdə daha çox uşaqlıq xatirələrindən danışdı. İ.Yıldırım "mən körpə uşaq olan zaman nənəmin yanğılı bayatıları məni öz ovsununa salırdı, nənəm Azərbaycan şifahi xalq ədəbiyyatını yaxşı bilirdi. Mənə ilk dəfə öyrətmiş olduğu şeirlər və bayatıları hələ də unutmamışam " söyləyir.

   İkinci Dünya savaşında döyüşən cəbhədən və ya əsir düşərgələrindən Amasyaya qaçmış azərbaycanlılar da müəyyən say təşkil edirlər. Hətta əsir düşmüş, lakin müharibədən sonra Azərbaycana geri qayıtmaqdan imtina etmiş, Avropada yaşayan Azərbaycan türklərindən bəzisi 1947-1949-cu illərdə Türkiyəyə keçərək Amasyadakı qohumlarına qovuşmuşlar.

   Bu gün müstəqil və suveren Azərbaycanımızda yaşadığımıza, qardaş Türkiyə ilə əlaqələrin və gediş-gəlişin asan olmasına görə Ulu Tanrıya çox minnətdarıq. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və bügünkü sağlam formaya gətirilməsində yuxarıda haqqında oxuduğumuz o cəfakeş insanların misilsiz əməkləri isə unudula bilməz. Onların ölməz ruhları qarşısında hər bir Türk övladının ən azından bir mənəvi borcu vardır.

 

 

   Yusif Afşar, Fəlsəfə doktoru

 

   Şərq.- 2011.- 22 sentyabr.- S. 12.