"Avropadakı gənclərimiz güclənməlidir"

 

  Gülsel Səfərova: "Allaha şükür, bunun üçün imkanlar var, hər bir təşəbbüsə dəstək verilir"

 

  Çalışırıq ki, gəncliyi müxtəlif istiqamətdə maarifləndirək. Biz ictimai vəkillik, insan hüquqları, sülh kimi dəyərlərə böyük önəm veririk

 

  Azərbaycan gəncliyinin inkişafı Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycan üçün sözsüz, əsas prioritetlərdən biridir. Bu səbəbdəndir ki, Azərbaycan gəncliyinin müasir dünyanın tələblərinə uyğun şəkildə formalaşması istiqamətində dövlət tərəfindən müəyyən proqramlar həyata keçirilir. Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi də Azərbaycan dövlətinin müvafiq siyasətinin göstəricisi kimi qiymətləndirilir.  

   Əvvəlki dövrlərlə müqayisədə son zamanlar gənclərin ictimai-siyasi həyatda fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. İlbəil gənclər təşkilatlarının artması, onların sosial şəbəkələrdəki aktivliyi, müxtəlif proqramlarla çıxış etməsi, beynəlxalq aləmlə ünsiyyəti Azərbaycanın gələcəyi barədə ümidverici düşüncələr aşılayan məqamlardır. Bunlarla yanaşı, əlbəttə, müasir gəncliyin də özünəməxsus problemləri var. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin (AGAT) sədri Gülsel Səfərova ilə söhbətimizin əsas mövzusu da Azərbaycan gəncliyi oldu. Müsahibimiz gənclərimizin həm ölkədaxili, həm də xarici fəaliyyətləri barədə müşahidələri ilə bölüşdü. Bu yöndə ətraflı məlumat üçün G.Səfərova rəhbərlik etdiyi təşkilat barədə də danışdı.

   - Təşkilatımız 2007-ci ildə yaradılıb. Əsas məqsədimiz Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal iştirak etmələrinə köməklik göstərməkdir. Bizim amalımız eyni zamanda azərbaycançılıq, dövlətçilik və mühüm mənəvi dəyərləri qorumaqla Avropa məkanına inteqrasiya etməkdir. Bu sahədə bizim təşkilatın müxtəlif tədbirləri, layihələri, seminarları və s. həyata keçirilib.

   - Fəaliyyətinizi necə qurmusunuz?

   - Bizim fəaliyyətimiz üç istiqamətdə gedir: Avropa qurumları ilə, Azərbaycanın özündə özəl və dövlət qurumları ilə iş. Hər üç istiqamətdə düşünürəm ki, təşkilat uğurlu fəaliyyət göstərir. Çünki demək olar ki, hər iki tərəfdən hər üç istiqamətdə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. Dörd illik fəaliyyətimiz dövründə demək olar ki, Avropanın elə bir dövləti yoxdur ki, orda bizim partnyor təşkilatımız olmasın. Bizim təşkilat Fransanın ən böyük şəbəkəsi olan "Amsed" şəbəkəsinə tamhüquqlu üzvdür.

   Mütəmadi olaraq biz Avropa Birliyi və Avropa Şurasının müxtəlif proqramlarında iştirak edirik. Eyni zamanda Azərbaycanda müxtəlif tədbirlər həyata keçiririk. Ötən il Fransanın təşkilatı ilə əməkdaşlıq çərçivəsində on günlük seminar keçirdik. Avropanın bir neçə ölkəsindən müxtəlif təşkilatlardan Azərbaycana nümayəndələr gəlmişdi. Seminarın mövzusu əsasən, qadın hüquqları, eyni zamanda tarixi-mədəni mübadilə idi.  

   Mütəmadi olaraq xarici ölkələrdə tədbirlər keçiririk. Bu yaxınlarda Strasburqda bizim təşkilati dəstəyimizlə Fransa şəbəkəsi daxilində ekologiya ilə bağlı tədbir etdik.

   - Azərbaycan gəncliyi ilə iş prinsipi hansı formadadır?

   - Azərbaycanda çalışırıq ki, gəncliyi müxtəlif istiqamətdə maarifləndirək. Məsələn, ictimai vəkillik üzrə. Azərbaycan Avropaya inteqrasiya edir, qloballaşan dünyaya öz töhfəsini verir. İlbəil bəşəri dəyərlərə, demokratik institutlara töhfə verməsi daha da güclənir. Bu baxımdan biz ictimai vəkillik, insan hüquqları, sülh kimi dəyərlərə böyük önəm veririk. Biz biznes-etikadan gənclər təşkilatlarına təmənnasız olaraq təlimlər keçirik. Eyni zamanda təmənnasız olaraq digər QHT-lərdə maliyyəgətirmə departamenti yaradılması zəruriliyini ön plana çəkirik. Hətta bizim "Yurd TV"-də bu məsələlərlə bağlı verilişimiz də gedir. Təşkilatımız QHT sferasında ilklərə imza atanlardan biridir. AGAT proseslərə ilk dəfə olaraq teatr, səhnə formasında yanaşma üsulunu gətirib.

   Etdiyimiz hər bir işdə biz Azərbaycan vətəndaşlığını ön plana qoyuruq, tutduğumuz hər bir işdə azərbaycançılıq ideologiyasını ön plana çəkirik. Fəaliyyətimizdə Azərbaycan gəncliyinin qloballaşan dünyada Avropaya inteqrasiya prosesində maksimum töhfəsini düşünürük.

   - Avropada Azərbaycan gəncliyinin təşkilatçılıq baxımından durumu hansı səviyyədədir?

   - Mən bu məsələyə iki tərəfdən yanaşacam. Son beş-altı il ərzində Azərbaycan gəncliyinin diaspor fəaliyyəti artan tendensiya üzrə inkişaf edir. Ötən il Frankfurtda Azərbaycan gənclərinin birinci qurultayı oldu. Orda gənclərin təşkilatlanması, Azərbaycanı təmsil etmək istəyinin nə dərəcədə olduğuna özüm şahidlik etdim. Ora Avropanın 25 ölkəsindən gələn Azərbaycan gəncləri məhz olduqları yerlərdə ölkəmizi təmsilçilikdə kifayət qədər çox maraqlı görsənirdilər. Bu o deməkdir ki, əgər istək varsa, onu fəaliyyətə keçirmək daha asandır. Həm gənclər səviyyəsində, həm də yüksək səviyyələrdə diaspor işinin daha da gücləndirilməsində maraq var. Burda əlbəttə, həm maliyyə rol oynayır, həm istək, həm də başqa amillər. Mənim üçün əsas məsələ odur ki, Azərbaycanın Avropada təmsilçiliyi üçün yüksək səviyyədə təşəbbüs və istək var. İkinci bir tərəf isə bundan ibarətdir ki, diaspor təşkilatlarımız ətrafında olan azərbaycanlıları cəlb etməlidir. Soydaşlarımızı maraqlandırmalıdırlar, təşkilata dəvət etməlidirlər, maraqlı təşəbbüslərlə çıxış etməlidirlər. Mən bilirəm ki, İsveçdə, Çexiyada, Almaniyada yüzlərlə gənc təhsil alır, işləyir. Onları təşkilata cəlb etməsək, əks təqdirdə, bir neçə ildən sonra onları itirmiş olarıq. Amma əlbəttə, bizim istəyimiz Azərbaycan gənclərini, eləcə də digər nəslin nümayəndələrini bir araya yığmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Bu mənada demək olar ki, azərbaycanlıların Avropadakı hazırkı durumu yaxşıdır. Amma daha da güclənməliyik. Allaha şükür, bunun üçün imkanlar var, hər bir təşəbbüsə dəstək verilir. Təki bu dəstək tutarlı və peşəkar olsun və bu dəstək azərbaycanlılardan gəlsin.

   - Dəstək demişkən, Azərbaycanda bir sıra gənclər təşkilatları təşəbbüslərinə, layihələrinə dövlət tərəfindən dəstək olmamasından gileylənirlər. Bildirirlər ki, aidiyyəti dövlət qurumları ancaq özlərinə yaxın təşkilatlara köməklik göstərirlər. Razılaşırsınızmı bu fikirlərlə?

   - Əgər cəmiyyətdə müxtəlif fikirlilər varsa, əgər gənclər müxtəlif istiqamətdə problemin həllinə yönəlik bir fikir, ideya söyləyirlərsə, bu çox mütərəqqi bir haldır. Mən çox sevinirəm ki, bu gün Azərbaycan cəmiyyətində müxtəlif fikirli gənclər var. Lakin müxalif fikirli gənclərin bir qrupu Azərbaycanın inkişafı üçün yox, onun müsbət imicinə kölgə salmaq istiqamətində fəaliyyət göstərir. Fərqli fikirlər əgər Azərbaycanın inkişafı naminədirsə, bu, əlbəttə müsbət haldır. Yox əgər bu fikirlər dövlətçiliyə qarşı yönəlibsə, yaxşı fəaliyyətə kölgə salmaq məqsədi daşıyırsa, mən hər zaman onları tənqid etmişəm, edəcəm də. Əlbəttə, bütün ölkələrdə müxalifyönümlü gənclər var və bu, normal haldır. Sadəcə olaraq azərbaycanlı müxalifyönlü gənclərdə ideoloji qıtlıq göz qabağındadır. Müxalifət mövcud hakimiyyətə qarşı fikirlərini söyləyə bilər, ideyalarını, platformasını irəli sürə bilər. Əgər bu, Azərbaycan dövlətçiliyi əleyhinə aparılırsa, yolverilməzdir. Azərbaycanda müəyyən qrup gənclər var ki, deyə bilmərəm, istəyərəkdən, ya istəməyərəkdən Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərirlər. Bu məni bir gənc kimi üzür. Sadəcə olaraq onların ən çox arxalandıqları yer sosial şəbəkələrdir.

   - Sosial şəbəkələrdəki fəaliyyət də birmənalı qarşılanmır. Sizcə, bizim gənclərdə sosial şəbəkələrdən istifadə mədəniyyəti hansı səviyyədədir?

   - Bu yaxınlarda "Yeni media və şəbəkələşmədə gənclər təşkilatlarının rolu" mövzusunda ikigünlük "dəyirmi masa" keçirdik. Ətrafımıza gənclər təşkilatlarını, jurnalistləri, peşəkarları yığdıq ki, Azərbaycanın dünyada müsbət imicinin inkişafında, lobbiçilik siyasətinin qurulmasında nə kimi işlər görə biləriksə, onları araşdıraq. Çox əfsuslar olsun ki, mən müxalifyönlü gənclərdə bunları görmədim. Yığışıb Azərbaycanın Avropada daha da tanınması, müsbət imicinin formalaşmasında nələri edə bilərik kimi mövzulara toxunmayıblar. Əslində, müxalifətyönlü gənclər belə olmamalıdır. Müxalifətçilik Azərbaycana qarşı yox, mövcud hakimiyyətə qarşı olur. Lakin bizimkilər hakimiyyətlə yanaşı, Azərbaycana qarşı da təbliğat aparırlar. Onlar sosial şəbəkələrə bu tip fəaliyyətlərinin meydanı kimi baxırlar. Amma mən düşünürəm ki, bu, son ayların dəbidir. Bir qədər keçəndən sonra bu, dəbdən düşəcək. Maraqlıdır, bundan sonra hansı variant olacaq. Mən sevinirəm ki, AGAT-ın gəncləri sosial şəbəkələrdə aktivdirlər və onlar hər zaman öz fəaliyyətimizlə bağlı, azərbaycançılıq ideologiyası, tarixi günlərimizlə bağlı sosial şəbəkələrdə aktiv fəaliyyətlə məşğuldurlar. İstədiyimiz mövzuları sosial şəbəkələrdə qaynar mövzu edə bilirik. Bu, əlbəttə ki, AGAT-ın uğurudur. 

   - "Bəs Qarabağ?!" adlı müsabiqəniz maraqla qarşılanır. Qalibin adı nə zaman açıqlanacaq?  

   - Sabah (bu gün-red.).  

   "Fasebazar.az" MMC-nin dəstəyi ilə "Bəs Qarabağ?!" adlı tarixi müsabiqənin yekun mərhələsini həyata keçirəcəyik. Bu müsabiqəni həyata keçirməkdə məqsədimiz əvvəla, gənclərin bu sahədə biliklərə daha çox yiyələnməsinə nail olmaq, Qarabağın Avropaya inteqrasiya prosesindən bilavasitə uzaq olmasını aşılamaq və Azərbaycanın, eyni zamanda Ermənistanın bu münaqişə nəticəsində itirdikləri və itirmədiklərini araşdırmaqdır. Gənclər özləri təyin etməlidirlər ki, bu regionun gələcək taleyini necə görürlər. Yəni gənclər bu istiqamətdə məqalələr yazmalı idilər. Bütün universitetlərdə təqdimat etdik. Müraciət edənlər 60 nəfər oldu. Onlardan 16 nəfəri seçdik, 5-i artıq finalçıdır. Bu məqalələr sırf obyektiv faktlar üzərində yazılan məqalələrdir. Həmin məqalələrdə gənc ruh var. Sabah (bu gün-red.) beş nəfərin arasından qalib seçəcəyik. Qalibə "notebook" hədiyyə ediləcək. Bizim gözümüzdə o beş nəfər finalçı da artıq qalibdirlər. Onların məqalələri bizim çap etdiyimiz "Bəs Qarabağ?!" adlı jurnalda çap olunacaq. Æurnalın növbəti çapı ingilis və rus dillərində olacaq və o, bizim diasporlar vasitəsi ilə Avropaya çatdırılacaq. Biz bu layihə ilə diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltmək istəyirik. Bizim məqsədimiz bu layihəni çap məhsulları vasitəsi ilə bir neçə ay ərzində davam etdirmək və gənclərin baxışını dünya ictimaiyyətinə çatdırmaqdır. Düşünürəm ki, əsas məqsədi Avropaya inteqrasiya olan təşkilatın bundan artıq Azərbaycana töhfəsi ola bilməz.

 

 

  Firdovsi Fərzəliyev

 

  Şərq.- 2011.- 22 sentyabr.- S. 11.