Gənc alim böyük uğurlara imza atıb

 

Hüseyn Hüseynzadə indi çox maraqlı elmi iş üzərində tədqiqat aparır

 

Mən eşidəndə ki, Hüseynzadə Hüseyn Şahin oğlu 24 yaşında tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, həm sevindim və həm də təəccübləndim. Təəccüblənməyimin əsas səbəbi Hüseynin lap gənc yaşlarında (24 yaşında) üz-çənə cərrahiyyəsi sahəsində belə yüksək ada layiq görülməsidir. Onun yaşıdlarının çoxu həmin yaşda Tibb Universitetinin sonuncu kurslarında oxumasıdır.

Hüseynin belə yüksək nəticəsinin səbəbi orta məktəbə 5 yaşında getməsi, orta məktəbdən məzun olan kimi universitetə qəbul olunması və universiteti qurtaran kimi Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında aspiranturaya qəbul olunmasıdır. Hüseyn həkim aspirantura vaxtının başa çatmasına  2 ay qalmış, yəni 2009-cu il noyabr ayının 20-də dissertasiyanı Azərbaycan Tibb Universitetinin ixtisaslaşmış Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Hüseynzadə Hüseyn hələ gəncdir, onun çox böyük arzuları var. Artıq Hüseyn həkimin elmi işlərinin nəticələri 1 saylı  Bakı şəhər Klinik Mərkəzinin və Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində tətbiq edilir. Onun tədqiqatları üz-çənə nahiyəsinin irinli iltihabi xəstəliyi olan fleqmonalarının cərrahi və konservativ müalicəsinə həsr olunub. O, ilk dəfə olaraq bu ağır xəstəliyin kompleks müalicə üsulunu tapıb. Elmi işlərinin nəticələri jurnal məqalələrində çap olunub, Sankt-Peterburqda, Dubayda, Türkiyədə, Qazaxıstanda keçirilən elmi konfranslarda məruzə olunub. Hüseyn indi çox maraqlı elmi iş üzərində tədqiqat işi aparır. Stomatologiyada inqilaba səbəb olan implantologiya üsulu ilə dişlərin bərpa edilməsi dünyada geniş yayılıb. Tibb üzrə fəlsəfə doktoru Hüseynzadə implantın (dişlərin əkilməsi) gecikmiş nəticələrini aradan qaldırmağı qarşısına məqsəd qoyub.

Bu yolda gənc alim Hüseynzadəyə uğurlar arzu edirik.

 

 

Şərq.- 2011.- 11 yanvar.- S. 12.