Ombudsman Mixail Qorbaçovu məsuliyyətə cəlb etməyə çağırıb

 

Elmira Süleymanova: "Bu da təqsirkar şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını zəruri edir"

 

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar bəyanat verib. Müvəkkilin rəsmi saytının yaydığı məlumatda bildirilir ki, E.Süleymanova qanlı faciəni kəskin pisləyib.  

"XX əsrdə törədilmiş ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, humanizmə, ümumən insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu müdhiş hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm qürur günü kimi yazılıb"-deyə sənəddə vurğulanır.  

Bəyanatda bildirilir ki, SSRİ Müdafiə Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürüb, 600-dən çox adam yaralanıb, ölçüyəgəlməz dağıntılar törədilib. Hücum zamanı qadağan edilmiş güllələrdən istifadə olunub, hətta yaralıları çıxaran təcili tibb yardımı maşınlarına həkimlərə atəş açılıb, onlarla tibb işçisi yaralanıb, şəhid olub.  

"Sovet dövləti beynəlxalq hüquq normalarını SSRİ Konstitusiyasını pozaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz edərək insanların ən ali hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozub. Bu faciə bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlığa qarşı yönəlmiş aksiya kimi Sovet hakimiyyətinin bədnam tarixinin qara səhifələrindəndir. Azərbaycanda öz hökmranlığını təsdiqləmək niyyətində olan imperiyanın amansızcasına törətdiyi qırğın əks-nəticə verib, xalqımız müstəqillik uğrunda inadlı mübarizəsini daha da gücləndirmiş, öz qətiyyətini nümayiş etdirib"-deyə sənəddə bildirilir.  

E.Süleymanova bəyan edib ki, 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən qətliam zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. "Bu da təqsirkar şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını zəruri edir. Lakin qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib"-deyə bəyanatda bildirirlir.

"İnanırıq ki, ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar məhz bu prioritetləri nəzərə alaraq, Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, antihumanist, antidemokratik, insan hüquqlarının kobud kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar tarix, bəşəriyyət, eləcə Azərbaycan xalqı qarşısında cavab verəcək, cəzasız qalmayacaqlar".

  

  

Firdovsi

 

Şərq.- 2011.- 19 yanvar.- S. 7.