Yusif Günaydının
"Qərib axşamlar"ı
(Açıq
məktub. İlk təəssürat)
Hörmətli Yusif
müəllim, mən əvvəllər də sizi
bir qələm
adamı kimi tanıyırdım; amma belə, yaxından görüşlərimiz
olmamışdı.
Televiziya binasının
vestibülündə görüşdük.
Məni verilişlərinizin
birinə dəvət etmişdiniz. Səsinizin tembri,
diksiyanızın səmimiyyəti, heç
kəsi təqlid etmirdi. Arabir də əllərinizin hərəkəti
(jestləriniz) danışığınızı və səsinizi
müşayiət edirdi.
İstəyirdiniz
ki, təkcə səsinizi yox, fikrinizi də eşidim. Qarşımda
mütaliəçi bir ziyalı prototipinin
dayandığını görürdüm və
özümü də daxilən
yığışdırırdım, yəni sizə tam diqqətlə
qulaq asırdım. Elə buna görə aradabir əvvəlki
verilişlərinizi ötəri olsa da, yada salır;
onların tədqiqat xarakterli olduğunu özünüzə
deyirdim.
Mən
bilirdim ki, aparıcının (xüsusilə televiziya
aparıcısının) hər verilişi ilk imtahan qədər
çətindi. Birinci növbədə isə sizin öz
şərəfiniz var, qorumalısınız. Mehriban
münasibətlərinizi də saxlamalısınız. Bu,
insani keyfiyyətdi, bunsuz olmur. Siz axı, həm də ictimai
televiziyanı təmsil edirsiniz. Özünüzə də,
işlədiyiniz mühitə də nüfuz gətirməlisiniz.
Ucalmalısınız. Tanınmalısınız.
Şöhrətlənməlisiniz. Bütün bunlara təbii
baxmalıyıq.
Yadınızdadırsa,
bir dəfə telefonda dedim, Yusif müəllim, harda
adınızı çəkirəmsə, atanızın
adını hörmətlə çəkirlər.
Cavab
verdiniz ki, Nəriman müəllim, mən də müəllim
oğluyam. "Müəllim" sözünü xüsusi
vurğuyla işlətdiniz.
Öyrəndim
ki, atanız görkəmli dilçi alim olub, türk, ərəb,
fars, rus dillərini mükəmməl bilib. Hələ o vaxt məşhur
akademik Marrın tələbəsiymiş.
Türkçülüyünün üstündə
1936-cı ildə həbs ediblər. Xabarovskda, Özbəkistanda
və b. vətəndən uzaq yerlərdə sürgün həyatı
keçirib. Yalnız qayıdandan sonra oğlu Yusif dünyaya
gəlib, yəni siz, Yusif Günaydın.
Bütün
bunlardan sonra İctimai televiziyanın təqdirəlayiq layihəsi
olan "Qərib axşamlar" verilişini sizin
aparmağınız heç də təsadüfi deyil. Bu, bəlkə
də taleyinizlə bağlı bir layihədir ki, məhz sizə
tapşırılıb.
Bundan
əvvəl televiziya verilişlərinizin ilk qonaqlarından
olmuşdum. Uzaq-yaxın ellərdən Azərbaycan dilində
çoxlu zəng səsləri gəlirdi. Müstəqillik
illərində xarici ölkələrdə nə qədər
diaspora yaranmışdır, onlar bizim əks-sədamızdılar.
Xarici Azərbaycan diasporu ilə belə canlı əlaqələriniz
olduqca xoş təsir bağışlayır. Sanki ərazimiz
böyüyür, bütün azərbaycandilli, türkdilli
planetlə əlaqə yaranır.
Mənim
şair dostum, milliyyətcə Azərbaycanın dağ yəhudisi
Simax Şeyda artıq bir neçə ildir ki, ailəsilə
birlikdə uzaq ölkələrdə yaşayır. Əvvəlcə
İsrailə köçdü, sonralar Almaniyada qərar tutub.
Biz yenidən sizin İctimai televiziya kanalında
görüşdük. Simax Şeyda məşhur şairdi.
Onun Azərbaycanda olduğu kimi, xarici ölkələrdə də
kitabları nəşr edilib, şeirlərinə bəstələnən
mahnılar Amerikada, Moskvada, İsraildə dağ yəhudilərinin
dillərində əzbərdi. Onu həqiqətən sevirlər
və qiymətləndirirlər.
Üç
il bundan qabaq mən Almaniyaya, Münhen şəhərinə
müalicəyə getmişdim. Ürəyimdən əməliyyat
aparılmalıydı. Xəstəxanada yatdığım
günlərdə bu gözəl insan hər gün mənim
yanıma baş çəkirdi. Əməliyyatdan sonra mən
oğlumla bərabər dörd gün onun ailəsində
qonaq oldum. Xanımı və övladları bizə bir ailənin
üzvü kimi diqqət ayırmışdılar. Bunlar
heç vaxt unudulmaz. Sizin ekran vasitəsilə biz yenidən
danışdıq, bir-birimizin səsimizi eşitdik. Vaxtilə
Simax Şeyda Gəncədə böyümüş, sonralar
Bakıya köçmüşdü. Biz o zamandan dostuq,
qardaşıq.
Sizin
verilişlərin tamaşaçısı kimi, "Qərib
axşamlar"a gözəl bir şeir də həsr
etmişdir.
Baxıram qürbətdən vətənə
sarı,
Bu yoldan keçənə, ötənə
sarı.
Bağrıma basıram uca
dağları,
Çəkməyin
Bakıyçın bunca intizar,
Ay "Qərib axşamlar",
"Qərib axşamlar".
İstərəm Qarabağ elində
olum,
Düşsün Xocalıya,
Şuşaya yolum.
O gözəl yerlərə bir də
vurulum,
Oxşasın ruhumu bir də kaman, tar,
Ay "Qərib
axşamlar", "Qərib
axşamlar.
Sizin də fəaliyyət
göstərdiyiniz İctimai
televiziya verilişlərinin
əhəmiyyəti bir
də ondadır ki, müstəqilliyimizin indiki inkişaf mərhələsini, azərbaycançılığımızı,
türkçülüyümüzü, milli dəyərlərimizi
müntəzəm şəkildə,
həm də arzuolunan kimi göstərir.
Xaricdə yaşayan həmvətənlərimizi
başqa xalqların, mədəniyyətlərin içində
əriməyə, manqurtlaşmağa,
qəribliyə düşənləri
qəribləşməyə qoymur. Onların özlərilə bərabər,
uşaqları da sizin dinləyicilərinizdi.
Hər həftə muğamatımızı,
səsimizi, gözəl
dilimizin musiqi səsini, bir növ ana südünün
ətrini eşidirlər.
Yeri gəlmişkən, bizim
hörmətli qələm
dostumuz, ictimai xadim və İctimai
televiziyanın rəhbəri
İsmayıl Ömərovun
adını burada hörmətlə çəkmək
istərdim.
Bu televiziyanın və radionun ilk təşkil edildiyi günlər mənim yaxşı yadımdadır.
Qabiliyyəti olan qələm
sahiblərinin, televiziya
və radio jurnalistlərinin
bu kanal ətrafında həvəslə
cəmləşməsi, onlara
yaradılan yaradıcılıq
mühiti İctimai televiziyanın sürətlə
inkişafına səbəb
oldu.
Əlbəttə, işdə seçim, istedadı görmək özü əsas şərtlərdəndi.
Onu da deyim ki, İctimai radio təşkil ediləndə
ilk çıxış eləyən
mən olmuşam. Bu da yadımdadır
ki, məndən ilk veriliş zamanı müsahibə alan
gənc diktor, Pərvanə adlı qız veriliş qurtarandan sonra studiyadan çıxıb
qonşu otaqda hönkür-hönkür ağlayırdı.
Səbəbini soruşdum, deyə
bilmədi. Yanındakı
iş yoldaşları
dedilər ki, Nəriman müəllim,
biz hamımız ilk radio verilişindən
nigaran idik. Pərvanə studiyadan çıxanda
hamımız onu təbrik etdik. Dedik ki, çox gözəl alındı.
O qız sevincindən
ağlayır. Narahat olmayın.
Mən də sevindim.
Studiyada, yanımda
əyləşib məndən
müsahibə alan bu nəvəm
yaşında olan istedadlı qız üzünü mənə
yox, Allaha tutub yalvarırdı ki, veriliş alınsın. Sən demə, mənim
çıxışımla onun ilk diktorluq fəaliyyəti başlayırmış.
İndi eşitdiyimə görə,
sərbəst veriliş
aparır. Bunlar nadir tapıntılardı.
Sizin özünüz də
bu gərgin jurnalistlik fəaliyyətinizlə
yanaşı, ədəbi
yaradıcılıqla məşğul
olursunuz.
Bu günlərdə "Ədalət" qəzetinin
səhifələrində "Tünük buz" başlığı altında
çap etdirdiyiniz bir silsilə "Mozaika"larınızı oxudum.
Mənim
qırx illik qələm dostum, fədakar şairimiz Xəlil Rza Ulutürkün xatirəsinə
həsr etdiyiniz "Xar tut" adlı esse poetik və
həm də düşündürücüdür. Oxuduqca bu böyük şairlə bağlı xatirələr yada düşürdü. "Karibara", "Dilək adası", "Ana və
bala", "K", "Tünük
buz" kimi fəlsəfi tutumlu hekayələriniz həyatın
müxtəlif məqamlarını
özündə ehtiva
edən qiymətli ədəbi lövhələrdi.
Hadisələri lakonik şəkildə
qələmə almaqla
kiçik detalların
vasitəsilə böyük
mətləblərə toxunmaq
istəyirsiniz.
Sizə, əziz qələm
dostum, İctimai televiziyada "Qərib axşamlar"da Azərbaycanı
təqdim etmək kimi şərəfli bir vəzifə tapşırılıb. Bu, altmış illik yubileyinizə də taleyin töhfəsidir, Yusif.
Yeni uğurlar!
Nəriman Həsənzadə,
xalq şairi
Şərq.- 2011.- 20 yanvar.- S.7.