"Qardaş qayğısı"
Akif Aşırlı
(davamı)
Tiflis mətbuatında
və dünyaya yayılan bir sıra mətbuat orqanlarında Azərbaycan
türklərinin mənfi
obrazının yaradılmasını
ustalıqla həyata keçirməyə çalışan
ermənilər 15 sentyabr
Bakının azad olunması döyüşlərini
xatırlayır, 31 mart soyqırımını
isə unutdurmağa səy göstərirdilər.
Azərbaycan türklərinin mədəni millət saymadıqları üçün
dövlətə sahib olmalarını
"faciə" hesab
edən bədxahların
istəklərinə baxmayaraq,
Azərbaycan ziyalıları
bu düşmən təxribatlarına layiqincə
cavab verirdilər.
Mirzə Bala Məhəmmədzadənin
qəzetdə çap
etdirdiyi "Azəri türkləri" məqaləsini
bu baxımdan düşmənlərə ən
tutarlı elmi, siyasi cavab saymaq
olar. Tiflisdə anti-azərbaycan
yönlü qəzetlərin
nəşrini diqqətə gətirən
M.B.Məhəmmədzadə yazır: "Azərbaycan
türklərinə vəhşi, yırtıcı, quldur, irticaiyyun və qara qüvvə
adlarına insaniyyətpərvər "Borba"larda, "Bayraq"larda görünürdü. Azəri türklərinin
öz ana yurdları uğrunda tökdükləri qan,
atdıqları güllə insaniyyətpərvər tiflislilərə
sanki zəhərli
bir ox kimi
batırdı".
Müəllifin adını çəkdiyi "Borba" və "Bayraq" qəzetləri Tiflisdə nəşr olunur, Azərbaycan istiqlaliyyətinə müsbət yanaşmır, xalqımız barəsində mənfi rəy formalaşdırırdılar.
M.B.Məhəmmədzadə Azərbaycanın bütövlüyü
uğrunda döyüşlərdə
qan töküb şəhid olan Azərbaycan türklərini
istiqlaliyyət qurbanları
kimi şərəfli
ömür sürmələrini,
heç bir millətə qarşı
nifrət etmədiklərini
yazaraq bildirir ki, Tiflis mətbuatının
proseslərə düzgün
qiymət verməməsi
erməni siyasətinin
nəticəsidir: "Bakı
hadisəsi bitmiş və aylar geridə
qalmış olduğuna
baxmayaraq qonşular onu unutmamış, bütün dünya millətlərinə bunu bildirmək, azəri türklərin vəhşi
və yaşamağa layiq olmadıqlarını
sübuta çalışıyorlar.
Məncə, iki millət
arasında olan mübahisə və toqquşma bir millətin layiq olmadığını göstərməz".
Erməni daşnaklarının
31 martda azərbaycanlılara
qarşı törətdikləri
qətliam məhkəməyə
çıxarılsa, bu
qanlı olaylarla yanaşı, ermənilərin
Qars, Ərdəhan, Ərzurum, Anadolu, Urmiya və Səlmasda törətdikləri
qırğınların da
məhkəməyə təqdim
olunacağını bildirən
M.B.Məhəmmədzadə yazırdı: "Onlar da əl atılanda
1905 faciəsi daha o yana, Nikolay arxivləri
meydana gələcək
və bu avtoriyetlər içində
bir yandan Avropa diplomatiyasını,
o biri yandan da erməni daşnak firqəsi öz qırx sənəlik tarixi ilə başlarını
qanlar arasından qaldırıb ən müqtədir diplomatı
belə şaşıracaqdır".
Özünü "mədəni millətlərin"
sırasında hesab edənlərə qarşı
Azərbaycan türklərinin
milli-mənəvi dəyərlərə,
kimliyə və mədəniyyətə sahib olduğunu
faktlarla sübuta yetirən müəllif xalqımızı "mövhumatçı",
"məzhəb ayrılığından"
doğan ixtilaflarla məşğul olan xüsusi bir kəsim adlandıranların
əsassız iddialarına
sahib olduqlarını göstərirdi:
"Məzhəb məsələsini
aradan götürən,
ruhanilər ilə mübarizə edən, qadınları həyati-ictimaiyyətə
soxan birinci azərilər olmuşdur.
Hələ o yana getmişlərdir. Mədəniyyəti tez və asan
alıb öyrənmək üçün
hər millətə
sadə və dövlətli dil, möhkəm ədəbiyyat, asan
hürufat və
yazı lazımdır. Azəri türkləri bu
barədə çalışmış
və hənuz birinci dramaturq
Mirzə Fətəli Axundov
bu fikrilə böyük səfərlər
etmişdir".
Əgər imkan verilsəydi, Azərbaycan türklərinin yaratdığı cümhuriyyətinin Şərqin ikinci Yaponiyası ola bilməsi imkanlarını xatırlayan müəllif qeyd edir ki, bunun üçün bütün siyasi, iqtisadi imkanlar mövcuddur.
1918-ci ilin martından sentyabrın
15-dək bir müddətdə
Zaqafqaziyanın tarixinin
qanlı səhifələrini
vərəqləyən Binəva
ləqəbli müəllif
bu tarixdə müsəlmanların faciələrini
faktlarla qələmə
alır. Müəllif müsəlman
məxluqları üçün
bu dönəmi
qanlı günlər adlandırır: "Bu
günlərdə minlərlə
müsəlman külfətləri sahibsiz
qalmışlar. Bir İrəvan
quberniyasında 42 kənd viran olub, əhalisi tərki-vətən olmuşdur. Biçarə
şamaxılılar qışı öz isticə ocaqlarını buraxıb
yağış-yağmurun altında bu səhraları ata-oğlunu,
ana-qızını gözlərinin yaşını tökə-tökə
axtarırlardı".
Müəllif erməni-bolşevik hərbi birləşmələrinin Şamaxıda günahsız insanları necə qətlə yetirdiklərini, qız uşaqlarının izzəti-namusuna necə toxunduqlarını xatırlayır və bu vəhşiliyi törədənləri "erməni bandaları" adlandırır:
"Xunxar erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız uşaqlarını dizlərinin üstünə mindirib keyfləndirib namusuna təcavüz etdikdə təsəliyyat olurlardı".
Sözlə ifadə
etməkdə çətinlik
çəkdiyimiz bu cür vəhşilikləri
törədən erməni
daşnaklarının Şamaxıda
400 qocanı məscidə
yığaraq xəncərlə
doğraması da tükürpədici faktlardan
biridir: "Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları Şamaxıda islamların müqəddəs
məscidlərinə kimi yandırıb
məhv etmişlər. Bir
böyük minillik
Şamaxıdan imdi bu
saətlikdən ancaq bir məzarıstana bənzər
yanmış uçuq xərabələr
taparsınız".
Binəva ləqəbli
müəllif ermənilərin
Şamaxıya hücumu
zamanı böyük
ədib Abbas Səhhətin həyatını
itirdiyi faktını da dilə gətirir:
"İslam aləmi
Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara qurban
vermişdir. Bununla böylə bir
neçə doxturlar,
cavan-qoca alimlər qətl olunmuşlar".
Bütün bu
tökülən nahaq
qanların cavabını
sormaq üçün
üzünü millətə
tutan müəllif yazır: "Bəsdir, nə vəqtə qədər yatıb dalda, arxada qalacaqsan,
ey yazıq millət? Nahaq yerə ölən
sən, xainlərin gülləsinə düçar
olan sən, başımız qalıb ayaqlar altında, tapdalanan
sən. Bu gün də genə müqəssir olan
sən".
"Qardaş qayğısı"nın
rusca nəşr olunan 2 səhifəsi də Azərbaycan türkcəsindəki məqalələrdəki
faktlar sadalanır,
Andronikin İrəvanda,
Şuşada, Qarsda, Ərdəhanda müsəlmanlara
qarşı törətdiyi
kütləvi qətlləri,
amansız davranışları
diqqətə gətirən
yazıda müəllif
31 martda Bakıda 10 minlərlə silahsız müsəlmanın qətlinə
Tiflis mətbuatının,
siyasətçilərinin niyə
susduqlarını sual
edir.
"Qardaş qayğısı"nda dərc
olunan digər yazılarda da 31 mart soyqırımının ayrı-ayrı
detallarına aydınlıq
gətirilir, müləliflər
tarixşünaslığımıza bu günə qədər bəlli olmayan faktları sadalayırlar.
Azərbaycan xalqının başına
gətirilən bu qanlı faciənin öyrənilməsi, qəzetdəki
faktların elmi araşdırmaya gətirilməsi
üçün "Qardaş
qayğısı" qəzeti
tarixçilərimiz üçün
yeni bir mənbəədir.
Şərq.-
2011.- 22 yanvar.- S. 5.