Azərbaycanda 1919-cu il dekabrın 22-si Jurnalist Günü kimi qeyd edilib

 

    "Jurnalist" qəzetinin nəşrindən 92 il ötür

 

    Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bir çox demokratik təsisatlarla yanaşı, qeyri-hökumət təşkilatları, xeyriyyə fondları, peşə mərkəzləri, mədəniyyət ocaqları yaradıldı. Əsası qoyulan qeyri-hökumət qurumllarından biri də Bakı jurnalistlər və Yazıçılar Birliyi idi. 1919-cu ilin noyabrında təsis edilən Bakı jurnalistlər və yazıçılar Birliyi eyni peşə sahibləri arasında həmrəyliyin, sosial problemlərin birgə həlli üçün həmkarlar ittifaqı səciyyəsi daşıyan bir qurum olaraq fəaliyyət göstərirdi.

    Təşkilat milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, Bakıda müxtəlif qəzet və mətbəələrdə çalışan qələm insanlarını, naşirləri, dövrün yazıçı və şairlərini bir araya gətirir, müxtəlif tədbirlər həyata keçirirdi. Təşkilatın sədri L.P.Umanski, sədr müavini isə bir müddət "Azərbaycan" qəzetində baş redaktor kimi çalışan, təcrübəli jurnalist Xəlil İbrahim idi. Dövrün görkəmli publisistləri, o cümlədən Üzeyir bəy Hacıbəyli Birliyin idarə heyətinin üzvü kimi təşkilatın fəaliyyətinin genişlənməsində, jurnalist həmrəyliyinin yaradılmasında fəallıq göstərir, müxtəlif tədbirlərin keçirilməsinə öz töhfəsini verirdi. Xudat bəy Əzizov Birliyin xəzinədarı idi. 

   Təsis edildiyi gündən başlayaraq jurnalistlər birliyi sosial qayğıya ehtiyacı olan həmkarlarına yardım etmək üçün bir sıra xeyriyyə tədbirləri planlaşdırdı. İanə toplanıldı və bu məqsədlə fond yaradıldı. Belə tədbirlərin biri 1919-cu ilin noyabrın 23-də keçirildi, fonda vəsait yığılması məqsədi ilə Dövlət Teatrında tamaşa göstərildi. Elə həmin gün Azərbaycanda jurnalist gününün keçirilməsi qərara alındı və 1919-cu il dekabr ayının 22-si Azərbaycan Jurnalistləri günü elan olundu, bayram tədbirləri planlaşdırıldı.  

   1919-cu ilin dekabr ayının 22-si Junrnalistlər gününün elanı münasibəti ilə bağlı birgünlük "Jurnalist" qəzeti nəşr olundu. Böyük formatda, 4 səhifə həcmində nəşr olunan "Jurnalist" Bakı jurnalistlər və yazıçılar Birliyinin orqanı kimi oxuculara çatdırıldı. Yüksək çap keyfiyyətinə və jurnalistika peşəsinin mövcud tələblərinə uyğun işıq üzü görən "Jurnalist"in ilk səhifəsi demək olar ki, yalnız müxtəlif xidmətlərin, teatr tamaşalarının, mağaza və dükanların reklamından ibarətdir. Həmçinin qəzetin ilk səhifəsinin sol küncündə Jurnalistlər günü münasibəti ilə Azərbaycan Dövlət Teatrında (indiki Azərbaycan Opera və Balet Teatrında - A.A) beynəlxalq qala-konsertin elanı dərc olunub. Elanın mətnindən bəlli olur ki, qala-konsertdə Azərbaycan və rus sənətkarları ilə yanaşı, fransız, gürcü, polyak, yəhudi artistlərinin də iştirakı nəzərdə tutulub. 

   "Bakı. 22 dekabr" başlığı ilə 2-ci səhifədə çap olunan məqalə jurnalist gününün təsisi və keçirilməsi təəssüratından doğur. Məqalə müəllifi Bakının fəal naşir və jurnalistlərinin bir araya gəlməsinin sevindirici hal olduğunu qeyd edərək yazır ki, siyasi mənsubiyyətindən, düşüncələrindən asılı olmayaraq onların mətbuat və fikir azadlığı ətrafında toparlanması əlamətdar hadisədir. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat və söz azadlığına verdiyi önəmin nəticəsində öz tələblərini irəli sürən müəllif yazır: "Bu gün bizim bayramımızda bəyan etməyi özümüzə borc bilirik ki, elə bir vəziyyət ola bilməz ki, hansı ki, azad dövlətdə mətbuatın öz fikrini, ictimai rəyə təsirini ifadə etməyə maneçiliklər törədilsin. Mətbuatda baş verən cinayətlər üçün qanuni cəzalar mövcud olmalıdır, səlahiyyətli məhkəmələr qərar qəbul etməlidirlər". Azad müstəqil mətbuatın yalnız azad dövlətdə mümkün olduğunu bildirən müəllif qeyd edir ki, yeni dünyanın rəhbərləri bu faktı qəbul etməlidirlər. Şərqdə ilk demokratik dövlət quran Cümhuriyyət liderləri isə azad sözün, müstəqil mətbuatın yaradılması və inkişafı üçün siyasi baxımdan çətin dönəmlər olmasına baxmayaraq, ciddi addımlar atır, fikir plüarizminə önəm verirdilər. Əslində Cümhuriyyət liderlərinin bir çoxu dövlət idarəçiliyinə milli mətbuatdakı ictimai-siyasi fəaliyyətlərindən sonra gəlmişdilər. Azərbaycanın istiqlalının qorunmasının və demokratik inkişafının ana fəlsəfəsi kimi jurnalistlərin peşə fəaliyyətlərini müstəqil mətbuatda ardıcıl, maneəsiz davam etdirmək üçün şəraitin yaradılması prinsiplərini əsas götürürdülər. 

   Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi mətbuat azadlığını insan hüquqlarının tərkib hissəsi kimi qəbul edərək hələ 1919-cu ilin aprelin 30-da Mətbuat haqqında Nizamnamənin hazırlanmasına başladı. Həmin ilin iyun ayının 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyənərək parlamentin müzakirəsinə verdi. Mətbuat azadlığının bütün parametrlərini özündə ehtiva edən layihə oktyabrın 23-dən 30-dək parlamentin iki iclasında müzakirəyə çıxarıldı və qanun qəbul edildi. Qanuna əsasən mətbəə açmaq, çap məhsulları nəşr etmək, mətbu orqanlar yaratmaq və onun satışını həyata keçirmək üçün hökumətin heç bir icazəsi tələb olunmurdu. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin redaktoru ola bilərdi. Qəzet və jurnal çap etmək, mətbəə yaratmaq üçün, sadəcə, mətbuat işləri üzrə baş müfəttişə müəyyən olunmuş formada ərizə verilməsi nəzərdə tutulurdu.  

   Fikrin və siyasi baxışların sərbəst ifadəsi üçün lazım olan hüquqi əsaslar yaradıldığından Bakı jurnalistlər və yazıçılar Birliyi öz fəaliyyətini sırf demokratik əsaslar üzərində qurur, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq qəzetçiləri, naşirləri Söz Azadlığı ətrafında birləşdirməyə səy edirdi. "Jurnalist" adı ilə nəşr olunan birgünlük qəzetdəki yazılar qələm insanlarının həyatı, düşüncələri ilə yanaşı, mətbuat sferasına aid olan elementlərlə zəngindir. Özünü dekabrın 22-ci gününün "sahibi" hesab edən Sergey Qorodeskiy jurnalist sözünün müxtəlif ölkələrdəki açımını verir, İtaliya və Rusiyada jurnalist termininin hansı anlamda işləndiyindən danışır. Bu yazı ilə müəllif sanki jurnalist peşəsi nəzəriyyəsinə giriş verir. Bununla yanaşı, qəzetdə dərc olunan "Bir az felyetonun tarixinə dair" yazısı da həmin dönəmlərin nəşrlərində aparıcılıq edən bu janr barədə öz axtarışlarını qələmə alır. Bakı jurnalist və yazıçılarının bayramı günündə ciddi felyetonçu kimi tədqiqat apardığını, ilk felyetonun nə zaman və kimin tərəfindən qələmə alındığını araşdıran Lev Kores yazır: "Mən bu barədə bütün yaşlı jurnalistlərə sual etmişdim. Onlar bir ağızdan söyləyirlər: - Birinci felyetonçu Kaindir". Felyetonun əsasını yunan mifologiyası qəhrəmanları ilə bağlayan müəllif axtarışlarını və gəldiyi nəticələrin doğruluğunu əsaslandırmaq üçün bu janrın xüsusiyyətlərinə diqqət yönəldir. Felyetonun satira, pamflet və parodiyanın məcmusundan ortaya çıxdığını əsas gətirməklə insan yaranışının təkamül prosesinə diqqət yönəldir və mifik mətnləri təhlil edir və müasir felyetonun 1800-cü ildə "Jurnal de Debats"da çap olunduğunu yazır.  

   Qəzet jurnalistlərinin sensasiya axtarışlarına da yarızarafat, yarıciddi yanaşır, bu barədə dövrün bəzi jurnalistləri üçün xarakterik olan başlıqları "Sensasiya. Müxbirin ifşası" məqaləsi ilə oxuculara çatdırır: "Antanta bolşeviklərlə sülh bağlayacaqmı?", "Denikin Zaqafqaziyaya hücum edəcəkmi?", "İngilislər bu barədə nə düşünür" sərlövhələri altında ciddi informasiya mənbələrinə əsaslanmayan korrispondensiyaların ucuz sensasiya xatirinə qələmə alınmasını peşə dəyərlərinə zidd sayır. Jurnalistlərin siyasi-diplomatik dairələrlə əlaqəli işlənməsini, informasiya mənbəələrini normal qəbul edən müəllif bunun üçün bir neçə örnək də misal göstərir.  

   Birgünlük qəzet kimi işıq üzü görsə də, "Jurnalist" Azərbaycanda və dünyada baş verən hadisələri diqqətdə saxlamış, ictimai-siyasi, mədəni tədbirlər barəsində müxtəlif məzmunlu məqalələr çap etmişdi. Dövrün hadisələrinin izlənilməsi baxımından bu yazıların əhəmiyyəti var. Paris sülh konfransında iştirak edən nümayəndə heyəti üzvü ilə söhbət də bu baxımdan diqqət çəkir. Zaqafqaziyanın taleyi ilə bağlı konfransda aparılan müzakirələrdən xəbər verən nümayəndə heyətinin üzvü hər üç dövlətin müstəqil yaşamasının vacibliyi ilə bağlı müzakirədə Antantanın bu respublikaların konfederasiya şəklində birliyinin tərəfdarı olduğunu qeyd edir, həmçinin, Avropa və Amerika dövlətlərinin Bakı neftindən yararlanmaq planlarından da söhbət açır. Xronika rubrikasında dekabrın 21-də başlayan Azərbaycan-Ermənistan konfransı barədə məlumatla yanaşı, Azərbaycan iqtisadiyyatı ilə bağlı xəbərlər də çap olunub.

  Azərbaycan Xalq Cümhuriyyətinin, məxsusi olaraq o dövr jurnalistlərin məhsulu olaraq yalnız bir sayı işıq üzü görən "Jurnalist" qəzeti mətbuat tariximizin öyrənilməmiş, tədqiqatlardan kənarda saxlanılmış səhifəsi olaraq maraqlıdır. Xüsusən də 1919-cu il dekabrın 22-nin Azərbaycanda Jurnalist günü kimi qeyd olunması nəzərdən qaçırılmamalı, bu tarixi bayramın bərpası istiqamətində iş aparılmalıdır. Həsən bəy Zərdabinin əsəri olaraq 1875-ci ildə iyul ayının 22-də çap olunan "Əkinçi" qəzetinin yaranışı Azərbaycan Milli Mətbuat günü kimi qeyd olunduğu kimi, dekabrın 22-də Jurnalist günü olaraq keçirilməlidir. 1919-cu ilin noyabrından başlayaraq fəaliyyət göstərən Bakı Jurnalistlər və Yazıçılar Birliyinə aid sənədlər arxivlərdən çıxarılaraq tədqiq olunmalı, jurnalistika tariximizin qopan səhifələri bərpa edilərək gənclərə ərmağan olunmalıdır. Jurnalistika gününün bərpası istiqamətində addımların atılması da olduqca vacibdir. Əgər bu işi lazımınca həyata keçirsəydik, bu bizim Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanımızda tarixi ənənələrə sadiqliyimizin sübutu olardı.

 

 

Akif Aşırlı

 

Şərq.- 2011.- 26 yanvar.- S.5.