Müsəlman
dünyasında bir oyanış var
Hüseynbala
Səlimov: "Bir qədər əvvəl Tunisdə, indi isə
Misirdə baş verənlər normal proseslərdir"
Qərbin Şərqdəki hadisələri
pisləmək tendensiyası görünmür
Yaxın
Şərqdə vəziyyət getdikcə gərginləşir.
Bir müddət bundan öncə Tunisdə baş verən və
"Yasəmən inqilabı" adlandırılan inqilab
artıq görünür ki, digər Yaxın Şərq
ölkələrinə də sirayət etməyə
başlayıb. Tarixən sakit və küt millət kimi
tanınan ərəblər, deyəsən, indi heç də
mağmın olmadıqlarını göstərməyə
başlayıblar. Tunisdəki iğtişaşların
ardınca növbə bu dəfə Misirə çatdı.
Belə ki, bu günlərdə Misir paytaxtı Qahirəni
mitinqlər dalğası bürüməyə
başlayıb.
Yaxın
Şərqdəki vəziyyəti "Şərq"ə
şərh edən müstəqil analitik Hüseynbala Səlimov
deyib ki, illər öncə ərəblərin
passianarlığı haqqında bir etnoloqun
yazısını oxuyub: "O vaxtlar bu fikir mənə bir qədər
qəribə gəldi. Çünki həmişə ərəbləri
süst, sakit və taqətsiz bir millət hesab edirdim. Amma
sonrakı proseslər göstərir ki, ərəblərdə
sözün həqiqi mənasında passianarlıq var. Tunisdəki
hadisələr, indi də Misirdə baş verənlər onun
göstəricisidir ki, müsəlman dünyasında da nə
vaxtsa oyanış başlamalı idi. Və biz
görürük ki, bu artıq başlayıb. Nəzərə
almaq lazımdır ki, bu dövlətlər öz müstəqilliklərini
çox da keçmişdə əldə etməyiblər. Tunisin,
Misirin və digər ərəb dövlətlərinin
müstəqillikləri bir neçə onilliklərdir ki
meydana gəlib. Ona görə də bu tip ölkələrdə
daxili-siyasi vəziyyət, hadisələr bir qədər
aşağı tempdə cərəyan edib. İndi isə vəziyyət
dəyişib. Bu dövlətlər müstəqildirlər,
insanlar anlayırlar ki, təkcə müstəqilliklə qane
olmaq lazım deyil. Müstəqillikdən əlavə ölkənin
daxilində də normal siyasi rejim, normal siyasi situasiya
olmalıdır".
Hüsnü Mübarək artıq 80-i
arxada qoyub
H.Səlimov
qeyd edib ki, bu tip hadisələr normal
qarşılanmalıdır: "Qırğızıstanda
baş verən 2 inqilab, Tunisdə baş verən "Yasəmən
inqilabı", vaxtilə Özbəkistanda inqilaba cəhd
kimi hallar və bunların Misirə, Livana, İordaniyaya, Əlcəzairə
təsiri, sirayət etməsi müsbət haldır. Məsələn,
adicə bir detalı götürək, Misirdə 30 ildir ki,
Hüsnü Mübarək prezidentlik postunda əyləşib.
30 il prezidentlik müddəti ola bilməz axı. Prezidentlik
üçün müddət olar 2 dəfə seçilməklə
8 il, 10 il və ya Fransada birdəfəlik prezidentlik müddəti
7 il olduğuna görə olar 14 il. Amma 30 il hakimiyyətdə
olmaq düzgün deyil axı. Həm də özünü
seçkili institutun təmsilçisi kimi təqdim edən
ölkədə 30 il prezident olmaq bir qədər qeyri-adi
yumordur. Məsələn, mən Hüsnü Mübarəkə
çox sakitcə kral kimi baxa bilərəm. Amma o
özünü seçkilərlə prezident seçilmiş
şəxs adlandıranda, bu məndə kənar millətin
nümayəndəsi kimi ironiya yaradır. Axı necə ola
bilər ki, sən özünü seçkili institutun təmsilçisi
kimi təqdim edəsən, eyni zamanda 30 il hakimiyyətdə
olasan? Bu mümkün deyil axı. Artıq H.Mübarək
yaşının 80-ini arxada qoyub və dövləti miras kimi
öz varisinə, oğlu Camal Mübarəkə ötürmək
niyyətindədir. Təbii ki, Misir cəmiyyəti, ictimaiyyəti
də bundan narazılığını bildirməlidir ki,
bunu da indi edir".
Analitikin
qənaətincə, Avropa, inkişaf etmiş ölkələr
bəzən Misirə, Tunisə və digər ərəb
dövlətlərinə bir qədər geridə
qalmış ölkələr kimi baxır: "Amma nəzərə
almaq lazımdır ki, Atom Agentliyinin direktoru Məhəmməd
əl-Baradeyi, vaxtilə bir neçə
çağırış BMT-nin baş katibi olmuş Botos
Qali kimi şəxslər Misir vətəndaşlarıdır.
Yəni Misir o qədər də geridə qalmış,
arxayın bir dövlət deyil. Eyni zamanda yaxın Şərq
ölkələri Avropadan o qədər də uzaqda yerləşmir.
Bu baxımdan bir qədər əvvəl Tunisdə, indi isə
Misirdə baş verənlər normal proseslərdir. Bu onu
göstərir ki, Müsəlman dünyasında bir
oyanış var. Müsəlmanlar da nə vaxtsa sübut etməli
idilər ki, onlar heç də təsvir edilən, təqdim
olunan ulturaradikal qaragüruhçu deyillər. Bu tip hallar onun
göstəricisidir ki, müsəlmanlar da normal cəmiyyət,
demokratik quruluşa malik cəmiyyət qurub orada yaşaya bilərlər".
Qərb susqun görünür
H.Səlimov
qeyd edib ki, ərəb ölkələrində baş verən
hadisələrə Qərbin, Amerikanın münasibəti
ölçü-biçilidir: "Yəni hansısa bir
formada baş verən hadisələr pislənilmədi. Son illər
baş verən inqilablara və buna Qərb dövlətlərinin
münasibətinə nəzər salsaq, görərik ki, buna
Qərb anlayışla yanaşmağa
çalışır. Məsələn, əvvəllər
hansısa bir inqilab baş verərdisə, Qərb dövlətləri,
Amerika, Rusiya baş verənləri pisləyən bəyanatlar
yayırdılar. Konstitusiyon quruluşdan, legitim hakimiyyətdən
danışırdılar. Amma indi belə deyil.
Qırğızıstanda 2 dəfə inqilab baş verdi, amma
heç bir dövlət konstitusiyon, "legitim" hakimiyyətin
dəyişməsinin pis olduğundan danışmadı. O vaxtlar
Qərbin və Şərqin diktatorları vardı. Məsələn,
ovaxtkı SSRİ yönümlü diktator devriləndə
SSRİ dərhal buna reaksiya verirdi ki, qanuni hakimiyyət
devrilib, çevriliş olub. Və yaxud da Amerika
yönümlü diktator devriləndə ABŞ hakimiyyəti
buna mənfi reaksiya göstərib, SSRİ-nin
açıqladığı fikri bildirirdi, eyni sözləri
təkrarlayırdı. Məsələn, o vaxtlar Haitidə
inqilab baş verdi, ölkənin prezidenti çevrilişlə
devrildi. Amma Amerika məcbur etdi ki, Haiti prezidenti hakimiyyətə
qayıtsın. O qayıtdı, amma çox keçmədi
ki, hakimiyyətdən yenə də getməli oldu. Amma
artıq o dönəmlər deyil. İndi artıq hamı
maraqlıdır ki, hakimiyyətlər prezidentlərin, ali
siyasi dairələrin maraqlarını deyil, ölkənin, cəmiyyətin,
insanların maraqlarına uyğun olsun. Qərb dövlətlərinin,
Amerikanın Tunisdə, Misirdə və digər ölkələrdə
baş verən qarşıdurmaları pisləmək
tendensiyası yoxdur".
Amerika və Avropa çəkinir
Analitik
vurğulayıb ki, Qərb Tunisdə, Misirdə baş verənlərə
haqq da qazandırmır, bir qədər ehtiyat nümayiş
etdirir: "Bu ehtiyatlı münasibət də ondan yaranır
ki, Tunisdə, Misirdə və digər ərəb ölkələrində
dini-siyasi təmayüllər çox ciddidir. Hamı ehtiyat
edir ki, diktator, monarx olsa da, Hüsnü Mübarək hakimiyyəti
devriləndən sonra hakimiyyətə İran rejiminə bənzər,
İrandakı siyasi qüvvələr tipli insanlar gələ
bilər. Elə bu yaxınlarda Livanda baş verən hadisələrlə
bağlı ABŞ dövlət katibi xanım Klintonun
açıqlaması oldu. Bu reaksiyadan görünən odur
ki, Amerika qorxur ki, Livanda indiki hakimiyyət devrilə və onun
yerinə Hizbullah gələ bilər. Yəni bir çox
Şərq ölkələrində alternativ qüvvələrin
islamçılar olması müəyyən mənada Qərbi
hadisələrə fəal müdaxilələr etməkdən
çəkindirir. Amma hazırda Tunisdə İslam təmayüllü
qüvvələrin hakimiyyətə gəlməsi
tendensiyası müşahidə edilmir. Misirdəki hadisələrin
də kökündə İslam təmayüllü qüvvələrin
olduğunu zənn etmirəm".
Dünyada yeni demokratiya dalğası start
götürüb
H.Səlimov
bildirir ki, dünya artıq demokratiyaya doğru addım
atır: "Ultraradikal tamayüllü islamçı qüvvələr
istisna olmaqla, hər hansı bir dünyəvi siyasi qüvvələrin
Tunisdə, Əlcəzairdə, Livanda, Misirdə hakimiyyətlərə
gəlməsi Qərb ölkələrinin tamamilə
maraqlarına cavab verir. Demokratik hakimiyyətlər bir qədər
səmimi siyasi rejimlər olurlar. Demokratiya olan yerlərdə
müharibələrə az hallarda təsadüf edilir, dialoqa
daha çox üstünlük verilir. Daxili-siyasi həyat sakit
olur. Bu baxımdan belə hakimiyyətlər Avropanın,
Amerikanın maraqlarına cavab verir. Yenə də deyirəm
ki, Amerikanın, Avropanın bəzi ərəb monarxist rejimlərinə
mülayim münasibətinin səbəbi daha çox soyuq
müharibə halında baş verib. Soyuq müharibələr
nəticəsində bəzən daxili siyasi vəziyyətə
o qədər də fikir verilmirdi. Qərb ərəb ölkələrinin
daha çox hansı geosiyasi blokda olmalarına nəzər
yetirirdi. O vaxt da bu rejimlərin bir hissəsi SSRİ
yönümlü idisə, digər hissəsi də Qərb
yönümlü idi. Biz həmişə gileylənirdik ki,
dünyada demokratiya dalğası tükənmək üzrədir.
Amma son hadisələr bunun əksini isbatlayır. Hazırda
tam qətiyyətlə demək olar ki, yeni bir demokratiya
dalğasına start verilib. Maraqlı hal isə ondan ibarətdir
ki, yeni demokratik dalğa Şərq ölkələrindən,
müsəlman ölkələrindən start
götürüb. Bu isə İslam dini ilə bağlı bəzi
stereotiplərin dağılmasına səbəb olacaq. Çünki
İslamı daha çox monarxiya ilə, ultraradikal qüvvələrlə
bağlayırlar. Amma müsəlman ölkələrində
demokratik qüvvələrin hakimiyyətə gəlməsi,
düşünürəm ki, dünyada İslama qarşı
olan münasibəti dəyişəcək".
Anar Bayramoğlu
Şərq.- 2011.- 27 yanvar.-S. 3.