Unikal adam

 

   Gələn il aprelin 1-i Aqil Abbasın 60 yaşı tamam olacaq. Amma Aqillə bağlı ürək sözlərini demək, haqqında yazmaq üçün bir il gözləməyə nə hacət? Aqil elə adamdı ki, ən az görüb tanıyan kəs də onun barəsində məmnunluqla, ağızdolusu danışa bilər.

   O da olaydı mən - az qala otuz il Aqili tanıyan, onu ən müxtəlif ovqatlarda görən, duyan, müşahidə edən adam. Bütün sözlərin, müşahidələrin cəmini, toplusunu bir yerə yığıb, ən müxtəlif məqamlarda - kədərin adamın cızdağını çıxardığı, sevincin qanadlarını döyəcləyib şahə qalxdığı vaxtlarda, ən sakit anlarda, ən çətin situasiyalarda onun elədiklərini, davranışını beynimdən keçirib bir fikrin üzərində dayanıram - AQİL UNİKAL ADAMDI.

    Ömrünün beşinci onilliyini tamamlayanda "50 yaşın Aqili" adlı bir yazı yazmışdım - xarakterində neçə illərdən bəri müşahidə elədiyim müəyyən cizgiləri qələmə almağa çalışmışdım. Aqillə bağlı bir məqamı tez-tez yada salıram - onun üçün Avropanın istənilən ölkəsinə, lap belə Parisə getməkdənsə, Qarabağa - Ağdama, Ağcabədiyə, Bərdəyə səfər etmək daha böyük sevinc, daha böyük rahatlıqdı. Ötən il noyabrın 19-da Vahid Qazinin maşınında Ağdama, Quzanlıya, görkəmli alim Adilə Namazovanın yubiley tədbirinə gedəndə birdən düşündüm ki, Aqillə 25 il əvvəl başladığımız və son illərə kimi tez-tez getdiyimiz bu yolu çoxdandı birgə getmirik. Və mən yolboyu Bakıdan uzaqlaşdıqca ən müxtəlif mövzulardan danışan Aqilin Qarabağa yaxınaşdıqca necə qanadlandığını görür, istər-istəməz həmin sözlərimi xatırlayırdım. O yazını yazmağımdan 9 il keçib, bu 9 ildə Aqillə dəflərlə xarici ölkələrdə səfərlərdə olmuşuq, amma həmişə hiss eləmişəm ki, Aqilin Qarabağa gedəndə tapdığı rahatlığı heç nə əvəz eləyə bilməz. O həqiqətən də Qarabağa gedəndə özünü suda balıq, göydə quş kimi hiss edir. Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, lap belə ayaqüstü elədiyi söhbətlər millət vəkili, yazıçı kimi zahiri görkəm yaratmaq cəhdi, bir vəzifə borcu deyil, ürəkdən gələn mənəvi tələbatdı, öyrəşdiyi, adət elədiyi həyat tərzidi. O, adamlarla ünsiyyətdən zövq alır, hətta ilk dəfə onu görən, sifətindən zəhm və ciddilik tökülən adam da Aqilin söhbətini dinlədikcə bir neçə dəqiqənin içində dəyişir və bu söhbətlərin, arada söhbətə rəng qatan lətifələrin aurasına necə düşdüyünü hiss eləmir, sifətindəki zəhmin nə zaman yüngül təbəssümə çevrildiyindən xəbəri olmur.

      Bir neçə il öncənin söhbətidi. Şimali Qafqazda idik. Bir nəfər yüksək rütbəli polis zabiti də bizimləydi. Aqil müəllimin rəngarəng musiqi və Məmməd Araz şeirilə müşayiət olunan kövrək, təsirli söhbətlərindən vəcdə gələn, onun ard-arda düzdüyü bir neçə məclisdən və əlbəttə, səxavətindən zövq alan o polis zabitinin sonda mənə elədiyi bu səmimi etiraf heç yadımdan çıxmaz: "Allah Aqil müəllimin balalarını saxlasın. Nə gözəl gün yaşadıq, zövq aldıq. Bu gün unudulmaz". Onun polis ciddiyyəti hopmuş sifətindəki xoşbəxt cizgilər indi də gözlərimin qabağındadı.

      Hələ bu nədi ki... Strasburqda Avropa Şurası sarayında, xaricdə təhsil alan tələbənin sözü sözə çevirib "Allah Aqil müəllimdən razı olsun, mənə neçə ay öz cibindən təqaüd göndərib. Onun hesabına oxuya bilmişəm" sözlərini eşidib kövrəldiyim də olub, Qarabağda bir kəndli qadının yaylığının ucunu bura-bura, əllərilə üzünü silə-silə camaatın arasından çıxıb Aqilin üstünə gəlməsini, onu bağrına basaraq loppadan öpüb "Sənə qurban olum, balam sənin hesabına oxuyur" deməsindən qəhərləndiyim də. Bir kənd yolunun qırağında dayanarkən əkinini suvaran kəndlinin əlindəki beli kənara atıb əllərini üstünə silə-silə Aqilə yaxınlaşdığını, onu qucaqlayıb "Sənin hesabına sulayırıq buranı, artezianları sən düzəltdirdin" dediyini eşidəndə isə əməlli-başlı karıxmışdım.

     2008-ci ilin prezident seçkilərində Aqillə birlikdə Qarabağ kəndlərində təbliğat kampaniyasında iştirak edirdik. Aqil yenə öz ampulasındaydı - sadə adamlardan ona üz tutub xahiş eləyən kim, hansısa probeminin həllinə kömək istəyən kim. Bir nəfər ortayaşlı kişi mənə yaxınlaşıb oğlunun polis tərəfindən saxlanıldığını bildirir. Yarızarafat-yarıciddi "Polis işinə Aqil müəllim baxır" deyib, təbəssümlə Aqilə yönəldirəm. Yanında gəzdirdiyi bloknotunu o qələbəliyin içərisində vərəqləyir: "Rəis, xahiş edirəm..." - kişinin üzünə təbəssüm çökür və Aqil müəllimin əlini öpmək istəyir.

       Aqilin o qədər belə məsələləri, insanları depressiyada saxlayan problemləri anında, bir zənglə, bir xahişlə, bir "Sən allah"la həll elədiyinin şahidi olmuşam ki - "Rəis, xahiş edirəm", "Başçı, sən allah", "Prokuror, kasıb adamdır, imkanı yoxdur". Və məsələ anındaca həll olunub...

      Birdən kimsə, hardasa Aqilin əleyhinə danışıb dodaq büzəndə, Aqilin haçansa onun hansısa bir işini həll edə bilmədiyini deyəndə məyus oluram. Bilirəm ki, Aqil həmin adamın azından beş xahişini yerinə yetirib. Amma bir işimiz düzəlməyən kimi kiməsə pis adam demək şakərimiz var, axı.

      Noyabr səfərində Ağcabədi-Ağdam-Bərdə marşrutunda da harda dayanıb, harda maşını saxlayırdıqsa, adamlar üstünə yüyürürdü. Özü də heç görüşlərdən qaçan, xeyirxahlıqdan yorulan deyil. Burda dur, yas yeri var, burda saxla, düşüb kiminsə cibinə pul qoyur, burda dayan, düşüb qollarını açır, bir dəstə adamın hamısıyla qucaqlaşır.

      Tədbirin səhərisi Bərdəyə toya getmişdik. Məclisdə icra başçıları, polis rəisləri də vardı. Oturan kimi: "Rəis, o mal bazarında maşın saxlatmısız, yazıq kasıb adamlardır, de, onu buraxsınlar". Rəis: "Aqil, axı, o, qəza vəziyyəti yaratmışdı" - deyib icra başçısına baxır. Başçının gözlərindəki ifadəni görüb telefonu götürür: "O maşını buraxın, Aqil müəllim tapşırıb". Toyun içində, hay-küydə bir problem də belə həll olunur. Səhərdən bir yerdə olsaq da, heç bu maşın məsələsindən nə vaxt xəbər tutduğunu, bunu ondan haçan, kimin xahiş elədiyini hiss etməmişəm də. Sonra durub toyda sağlıq deyir, ən səmimi, hamıya çatacaq, hamının başa düşəcəyi dildə, hamının hiss edəcəyi emosiya ilə danışır. O, məmurlarla da rahat oturur, danışır, gülür. Onlardan ayrılıb eyni həvəs və coşqu ilə çayxanada ən sadə adamlarla yenə həmin şövqlə söhbətini davam etdirir. Parlamentdə də eyni tonda çıxış edir, ordan çıxıb özünü hansısa tədbirə çatdırır, sonra bir qonaqlıq, daha sonra çayçıda domino... Amma fərqi yoxdu, həmişə elə həmin Aqildi - dəyişməyən, özünə xas xarakterin sahibi.

      Aqilin bir neçə romanının necə yazılmasının da şahidi olmuşam. Doqquz il əvvəl də yazmışdım, Aqilin qələmində indicə iştirakçısı olduğu hadisənin ədəbiyyata çevrilməsi saat məsələsi, gün məsələsidi. Dünənki hadisəni bu gün sənə elə obrazlı, detalları elə qabardaraq danışır ki, duyursan, hiss eləyirsən ki, bu, bir müddət sonra yazacağı hansısa əsərinin bir hissəsi olacaq. Ağ dənizin sahilində, Şimali Qafqazda qalın dəftər-qələmlə gözlərini gah dənizin maviliyinə, gah göyüzünün ənginliyinə, gah da sanatoriyanın divarlarına dirəyib xəyallara dala-dala yazdığı əsərinin "Dolu" olacağını beləcə hiss eləmişəm.

      1990-cı illərdə Aqillə Ağdamda könüllü döyüşçülərin batalyonlarında, ölümlə hər an üz-üzə qalan insanların arasında çox olmuşam. Həmin günlər Aqilin hərbi maşınlarda ermənilərlə dəyişdirilmiş, yanmış meyitlərlə dolu maşınların yük yerinə qalxıb bu dəhşətli mənzərəni necə ağrıyla, əzabla seyr elədiyini görmüşəm. Dostumuz Zakir Fəxrinin Qarabağda şəhid olan qardaşı Kamilin yanmış cəsədinə baxdığını, amma məni baxmağa qoymadığını isə lap indiki kimi xatırlayıram. Üst-üstə qalanan, insanın içini parçalayan bu faciələrə dözməyib özünü Bayata, Azər Hüseynin yeməkxanasına çatdıracaq, bu dərdi, bu ağrını keyitmək ümidilə qırx dərəcəlik mayeyə təşnə kəsiləcək, sonra keçib kənarda, təklikdə, bir ağacın arxasında hönkürəcək - mən Aqilin o hönkürtüsünün havada yaratdığı silkələnməni bütün varlığımla, ətimlə-qanımla duymuşam...

      Amma bir az keçəcək, bayaq hönkütüsüylə adamın damarında qanını donduran Aqil qayıdıb ya hansısa bir kövrək xatirə, ya da bir lətifə danışmaqla ovqatı dəyişəcək, yanındakıları bu əzabdan, bu kədərdən qurtarmağa çalışıcaq...

      Yenə bir neçə il öncənin söhbətidi, Antalyada çimərlikdə özüylə gəzdirdiyi qalın dəftərində nə yazdığını demirdi. Amma bir müddət keçdi, "Allahı qatil edənlər" romanını oxudum və onda təxmin elədim ki, Aqil əsgərlərimizin həyatından bəhs edən bu əsəri yazanda hansı hissləri keçirirmiş - əsəri yazarkən elədiyi qəribə davranışlar içini dağıdan qəzəbdən, hirsdən yaranırmış.

      Ötən ilin yayında, İsmayıllıda rejissor Elxan Cəfərov "Dolu" filminin çəkilişlərini aparırdı. Bir neçə gün mən də Aqillə çəkilişlərdə oldum. Gah filmdə döyüş səhnələrinə çəkilən əsgərlərə nəzarət edən zabitlərlə domino oynayır, gah aktyorlarla, rejisorlarla söhbət edir, çay içir, çörək yeyirdik. O hamıyla, hər kəslə öz dilində, öz maraq dairəsində danışmağı bacarırdı. Hərbçiylə hərbin qayda-qanunlarından, hərbdəki vəziyyətdən elə danışırdı ki, elə bil neçə il bu sahədə çalışıb. Aqil müəllimi həmişə belə görmüşəm - aktyorlarla, rejissorlarla sənətdən, kinodan, mollalarla dindən, alimlərlə tarixdən, etimologiyadan, kəndçiylə, suçuyla torpağın dərdindən, meliorasiyadan, şoranlaşmadan danışır ki, hamı onunla söhbətdən zövq alır.

      ...Mənim tanıdığım Aqil belədi. Mənim tanıdığım Aqil müəllimin - Aqil Abbasın ən böyük əsəri onun özüdü, onun orijinal xarakteri, böyük qəlbi, xeyirxahlıq və yaxşılıq eləməyə daim açıq ürəyidi.

      Onun əsəri yazdıqları yüzlərlə məqalələridi, çıxışlarıdı, hekayələridi, povestləridi, romanlarıdı.

      Onun əsərləri həm də "Sarı odalar"dı, "Yol romanı"dı. 

      İradə Tuncaydı. 

      Oğlanlarıdı - Toğruldu, qürur duyulası, fəxr ediləsi, Azərbaycan gəncliyinin mükəmməl örnəyi Tuncaydı. 

      Nəvələridi - Tansudu, Aylindi. 

      Və yüzlərlə kömək elədiyi, yetişdirdiyi jurnalistlərdi, tələbələrdi, gənclərdi.

      Rəşaddı, Yusifdi, Vahiddi...

 

 

      Şərq.- 2012.- 31 mart.- S. 20.