Klassik və müasir Azərbaycan
ədəbiyyatına peşəkar baxış
Azərbaycan ədəbiyyatşünaslığına
böyük töhfələr vermiş alimlərdən bir
qismi ədəbi-bədii tənqid sahəsində də
böyük işlər görmüşlər.
Ədəbi tənqid
XX əsrdə çox inkişaf etmiş, ədəbiyyatşünaslığın,
bədii ədəbiyyatın təkamülünə,
arınıb təmizlənməsinə xüsusi xidmət
göstərmişdir. Bu baxımdan həmin illərdə
çap edilən əsərlər də öz sanbalı,
xüsusi çəkisi ilə indikilərdən xeyli, örnək
ola biləcək dərəcədə fərqlənir,
seçilir.
Görkəmli
vurğunşünas alim Cəlal Abdullayev də bu ədəbiyyatçı-
tənqidçi qrupuna daxildir. Alimin ədəbi-bədii tənqid
sahəsindəki yaradıcılığı hal-hazırda tədqiq
edilir. C.Abdullayevin müxtəlif illərdə dövri mətbuatda,
elmi məcmuələrdə çap etdirdiyi məqalələri,
monoqrafiyaları ədəbiyyatşünaslıq elminə
çox şey vermişdir.
C.Abdullayevin 2011-ci
ildə çapdan çıxmış kitabında (Əsərləri,
I cild) müəllifin ədəbi-elmi, nəzəri-filoloji, ədəbi-tənqidi
məqalələri toplanılmışdır. Bu məqalələr
ədəbiyyatşünaslığın ta gənclik illərindən
ölənə qədərki dövrə kimi dövri mətbuatda
çap etdirdiyi əsərlərdir. Bu məqalələrin
yarısı ədəbiyyatşünasın şəxsi
arxivindən, yarısı M.F.Axundov adına kitabxananın, bir
qismi isə BDU-nun kitabxanasının arxivindən əldə
edilmişdir. Lakin üzə çıxarılan materiallar
heç də hamısı deyil, keçən əsrin
ortalarında professorun məqalələrini çap etdirdiyi bəzi
qəzet nömrələri adı çəkilən arxivlərdə
tapılmadı.
Əsərlərin
I cildində C.Abdullayevin 100-ə qədər məqaləsi
çap edilmişdir. Bu məqalələr 1957-ci ildən
2010-cu ilə qədərki dövrü əhatə edir.
Kitabdakı məqalələri bir neçə qrupa bölmək
olar:
1) klassiklər
haqqında;
2) ədəbiyyatşünaslıq
haqqında;
3) müasir şair və
yazıçılar haqqında;
4) müharibə
dövründəki ədəbiyyat haqqında;
5) bəzi, şair ədiblərin
elmi-nəzəri, ədəbi-bədii tənqidi
görüşləri, məqalələri haqqında;
6) ədəbiyyat və
sənət məsələləri;
7) çapdan
çıxmış bəzi kitablar haqqında;
8) aşıq
yaradıcılığı haqqında və s.
Klassiklərimizdən
C.Məmmədquluzadənin realist ədəbiyyatımıza
verdiyi töhfələrdən bəhs edilir, ədibin
"Ölülər", "Danabaş kəndinin əhvalatları",
"Anamın kitabı", "Usta Zeynal", "Poçt
qutusu", "Kamança", "Oğru inək" və
s. əsərlərində qaldırılan əsas problemlər
? feodal-patriarxal həyat şəraitində yaşayan avam
xalqın, kənd camaatının faciələrindən
söhbət açılır, "Molla Nəsrəddin"
jurnalının millətin gözünün
açılmasında böyük rol oynadığı,
burada nəşr edilən felyetonların əksəriyyətinin
böyük mühərrir tərəfindən
yazıldığı qeyd edilir. Kitabda C.Məmmədquluzadənin
yaradıcılığına həsr edilmiş 3 məqalə
("Böyük müəhrrir, realist
yazıçı", "Böyük sənətkar, həssas
insan", "C.Məmmədquluzadə və
müasirlik") çap edilmişdir.
Böyük qəlb
şairi M.Füzuliyə həsr edilmiş məqalələrində
("Azərbaycan poeziyasının iftixarı", "Səməd
Vurğun və Füzuli irsi") şairi Azərbaycan
poeziyasının milli dühası, vüqarı və şərəfi,
Azərbaycan ədəbi dilinin həqiqi yaradıcısı
adlandıran C.Abdullayev, neçə əsr keçməsinə
baxmayaraq Füzuli şeirinin bədii zövq verməsinin
başlıca səbəblərini ondakı fikir dərinliyi,
bədii mükəmməllik və poetik fəlsəfi
ümumiləşdirmə ilə əlaqələndirir.
"Azərbaycan poeziyasının iftixarı" adlı məqaləsində
şair-filosof, mütəfəkkir sənətkar Füzulinin
"Leyli və Məcnun", "Şikayətnamə" əsərləri,
"Bəngü badə" alleqorik əsəri təhlil
olunur, qəzəlləri haqqında söhbət
açılır. "Səməd Vurğun və Füzuli
irsi" adlanan digər məqalədə isə Füzulini
şeirimizin məbədi və məbudu, "şeirimizin və
ədəbiyyatımızın atası" adlandıran
S.Vurğunun "Yandırılan kitablar", "20
bahar", "Leyla", "Füzulinin dərdi" adlı
şeirlərində böyük şairi yad etməsi, hətta
o zamankı ədəbi tənqidin amansız hücumlarına
baxmayaraq, özündə cəsarət taparaq bir neçə
Füzulisayağı qəzəl də yazması göstərilir:
"S.Vurğun əruzda "Hörmüz və Əhrimən"
dramatik poemasını, "Qafqaz", "İstiqbal təranəsi"
kimi şah əsərlərini və onlarca digər şeirlərini
bu səpgidə qələmə almışdır".
Tənqidçi
S.Vurğunun Füzulinin "Məni candan usandırdı"
mətləli şeirinin məzmun-mündəricəsinə
uyğun olan "Füzulinin dərdi" şeirinin üzərində
xüsusilə durur, şairin sələfinin adını qəm,
kədər və möhnət sözləri ilə qoşa
çəkdiyini, Füzuli dərdini ümumbəşəri
kədər, "qəm karvanı"
adlandırmasını dönə-dönə təkrar edir.
Azərbaycan
poeziyasının və dramaturgiyasının görkəmli
nümayəndəsi, böyük ədib C.Cabbarlının mənzum
irsi C.Abdullayevin dövri mətbuatda çap etdirdiyi
"Cabbarlının poeziyası" adlı məqaləsində
tədqiq olunur. Dahi sənətkarın
yaradıcılığa ilk dəfə "Bahar"
şeiri ilə qədim basmasından tutmuş, ta
ömrünün son illərinə qədər fəaliyyəti,
silsilə şeirlərinin təhlili bu məqalədə
öz əksini tapmışdır. Şairin klassik şeirin
gözəl nümunəsi olan "Tellər oynadı"
lirik əsəri, motivində siyasi pafos və coşqunluq olan
"Dan ulduzu", "Şərqi" şeirləri, ana
haqqında yazılan ən yaxşı, mükəmməl əsər
hesab edilən "Ana" şeiri,
meşşanlığı, tüfeyliliyi, qadına feodal
münasibəti, məddah şairləri, sənətdə
xalturaçılıq edən aktyorları, istismar
dünyasını, gerçəkliyi, boşboğaz
ziyalıları amansız tənqid hədəfinə tutan
"Arvadlar deyir", "Qızıma", "Qızlardan
kişilərə protesto" adlı şeirləri bir-bir təhlil
obyektinə çevrilir. Dilin sadəliyi,
aydınlığı, ahəngdarlığı nöqteyi-nəzərindən
aşıq poeziyasını xatırladan Cabbarlı
qoşmaları xalq ruhunu, xalq poeziyasının duzlu, mənalı
şeiriyyətini, ifadə tərzini özündə cəmləşdirən
ən gözəl sənət nümunələri hesab edilir.
Ədibin "Qız qalası" poeması son dərəcə
romantik tərzdə işlənmiş, müstəsna
mövzuda yazılmış monumental bir dastan, sonralar Azərbaycan
ədəbiyyatında bir silsilə, yeni tipli poemaların
yaranması üçün gözəl ədəbi nümunə
adlandırılır.
"Zəngin irsin tədqiqi"
adlanan digər məqalə "zəngin və çoxcəhətli
elmi-nəzəri, bədii- publisistik irsə malik olan,
bütün fəaliyyəti boyu öz nadir istedadında elmi və
bədii təfəkkür sahələrini ecazkarlıqla birləşdirən,
bütün əsərlərində intellektual cəhətlərin
qabarıq ifadə ilə fərqlənən Y.V. Çəmənzəminli"
(C.Abdullayev) haqqındadır. Bu məqaləsində Cəlal
Abdullayev Y.V. Çəmənzəminlinin bədii irsinin
öyrənilməsini, onun ictimai fikir tariximizdəki
mövqeyinin aydınlaşdırılmasını Azərbaycan
ədəbiyyat tarixinin yaradılması baxımından vacib
məsələ hesab edir. Ədibin folklorla yaxından
tanış olmasına və yaradıcılığında
dönə-dönə folklor janrlarına yer verməsinə,
onun araşdırılmasına xidmət etməsinə, hətta
özünün bir neçə xalq
yaradıcılığı nümunəsini tapıb aşkara
çıxartmasına böyük qiymət verən
C.Abdullayev onu nadir bir alim, ədib, tükənməz xalq xəzinəsi
ilə olduqca bağlı bir tədqiqatçı
adlandırır. O, B.Abdullayevin "Yusif Vəzir Çəmənzəminli
və folklor" adlı monoqrafiyasının çap
olunmasını təqdirəlayiq hesab edir, kitabın redaktoru
folklorşünaslıq elminin ağsaqqalı, professor M.N.Təhmasibin
rolunu xüsusi qeyd edir.
Klassik Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan Ə.Haqverdiyevin
yaradıcılığı da C.Abdullayevin tədqiqat obyektindən
kənar düşməmişdir. 1957-ci ildə çap
etdirdiyi bu məqalədə gənc tədqiqatçı,
böyük ədib Ə.Haqverdiyevin 1956-cı ildə Azərnəşr
tərəfindən buraxılmış ikicildlik
"Seçilmiş əsərləri"nin I cildi
haqqında danışır. 18 pyes toplanmış bu
kitabın özəlliklərindən danışan gənc tədqiqatçı,
ədibin bəzi əsərlərinin ilk dəfə bu kitabda
nəşr olunduğunu xüsusi qeyd edir. Bundan sonra gənc tənqidçi
uzun müddət mübahisələrə səbəb
olmuş "Pəri Cadu", Azərbaycan dramaturgiyasına
maraqlı bir hədiyyə olan, adı xalq məsəllərindən
götürülmüş "Yeyərsən qaz ətini,
görərsən ləzzətini" komediyası,
"Yoldaş Koroğlu", "Sağsağan",
"Çox gözəl" əsərləri haqqında
geniş söhbət açır.
Romançı
şair və dramaturq, zəngin, hərtərəfli,
ensiklopedik məlumata malik bir sənətkar, filosof təbiətli,
fantaziyaya qapılmağı bacaran və bu xüsusiyyəti
ilə bədii fikrin fövqünə qalxan M.S.Ordubadi həm ədib-tənqidçi,
həm dramaturq və romançı kimi oxuculara təqdim
edilir. Ədibin mətbuat səhifələrində çap
olunmuş "Tənqidçilərimizə",
"Sabir", "Pərdə enir, pərdə
qalxır", "Şeir nə üçündür",
"Qızıl qələm", "Əski və yeni
şeir məktəbləri", "Şeirimiz haqqında
bir neçə söz", "Tənqidimiz haqqında"
və s. tənqidi məqalələrindən tutmuş, tənqidi
görüşləri hərtərəfli aşkara
çıxan "Dumanlı Təbriz", "Qılınc
və qələm" əsərlərində ədəbiyyatın
bir sıra aktual problemlərinə dair nəzəri-estetik
fikirlər sistemi haqqında dərin məlumat verilir.
M.S.Ordubadi, özü tənqid haqqında deyirdi: "Əsil ədəbi-bədii
tənqid obyektiv, müstəqil tənqiddir. Tənqidin əfv
edilməz xətalarından biri əsərə görə
deyil, vaxta görə və şəxsiyyətlərə
görə fikir yürütməkdən ibarətdir". Bizcə
dahi sənətkarın bu qiymətli sözləri
bütün dövrlər üçün aktual
olmalıdır, müxtəlif zaman kəsiklərində
yalnız zəmanənin və şəxslərin tələb
etdiyi şəkildə, qeyri-müstəqil, tez-tez fikrini dəyişən
insanlara bu hikmətli sözlər bir kriteriya, bir örnək,
bir işıq yolu olmalıdır. Yalnız tərifdən
xoşlanan, obyektiv fikri sevməyən yazıçı və
şairləri tənqid edən Ordubadinin tənqidi məqalələrinin
əksəriyyəti şeir və şairlərə həsr
olunmuşdur. Füzulinin məşhur "...Elmsiz şeir, əsası
yox divar olur və əsassız divar qayətdə bietibar
olur" kəlamını deviz götürən ədib,
mövzunu yaxşı öyrənmədən poema yazmağa
xüsusi aludəçilik göstərən, təqlidçiliklə
məşğul olan, müsbət və mənfi cəhətlərin
dolğun, mükəmməl bədii inikasını verə
bilməyən yazarlara qarşı ciddi etiraz edirdi.
Göründüyü kimi, C.Abdullayev M.S.Ordubadinin ədəbi-tənqidi
görüşlərini bütün
yaradıcılığında izləmiş, onları
seçib göstərə bilmişdir. "Quru və
cansıxıcı faktları gözəl bədii materiala
çevirmək" istedadı olan M.S.Ordubadinin "Gizli
Bakı", "Döyüşən şəhər",
"Bədbəxt milyonçu", "Dünya dəyişir"
və s. romanları, "Əndəlisin son günləri",
"Teymurləng və İldırım Bəyazid",
"Məmmədəli şah" və s. kimi səhnə əsərləri,
"Dinçilər", "Sevgilər", "Sədəf",
"Bu da bir möcüzə", "Maral" pyeslərindən
söhbət açılır, "Dumanlı Təbriz"
romanı ilə eyni adlı olan pyesi geniş təhlil edilir.
Professorun başqa
bir məqaləsində görkəmli ədib və ictimai
xadim N. Nərimanovun poetik obrazından bəhs edilir, konkret
olaraq şair N.Həsənzadənin "Nəriman"
poeması təhlil olunur.
C.Abdullayevin "Azad
günlər nəğməkarı"
adlandırdığı dahi bəstəkarımız
Ü.Hacıbəyovun yaradıcılığı bu kitabda
eyni adlı məqalədə özünü göstərir.
Azərbaycan
xalqının təzyiqlərə, təqiblərə baxmayaraq,
milli mənliyimizin, ana dilimizin, əxlaqi-mənəvi dəyərlərimizin
keşiyində sal qayalar kimi möhkəm dayanan şeir-sənət
dühalarından biri olan, o taylı-bu taylı sevimli
şairimiz Şəhriyar C.Abdullayev tərəfindən
çox haqlı olaraq "poetik zirvə"
adlandırılır. Musiqiyə, incəsənətə,
estetikaya xüsusi həzz mənbəyi kimi baxan böyük
şairin bəşəri problemlər, dünyəvi hadisələr
də həmçinin cazibə nöqtəsi olmuşdur. Tənqidçi
yazır: "Bu cazibə nöqtəsində ...Təbriz
şəhəri,... Xoşginab kəndi, bəlkə də
ilham pərisi qədər əhəmiyyətli olan, onun
şairlik istedadının pərvazlanmasında uçuş
mayası, əzəmətli və füsunkar Heydərbaba
dağı, nəhayət özünün ölməz poeziya
kəhkəşanında nurlu bir ulduz, dünya gözəlliyinin
kəbəsi kimi təsvir elədiyi Azərbaycan deyilən bir
qibləgah da vardır.
...Qarşımızda Şərq və Qərbi, klassika
ilə çağdaşlığı, şifahi söz ənənələri
ilə yazılı nümunələri, incə, dərin, səmimi
lirizmlə epikanı, şahə qalxan, ipə-sapa yatmayan
romantika ilə adi, real, ötəri cəhətləri, dərin,
müdrik fəlsəfi düşüncə ilə emosional
hissi ehtirasları, nəhayət bütöv nəzəri bir
sistemlə şeir təcrübəsini hünərvər bir
şəkildə, üzvi surətdə kamil bir ahəngdarlıqla
birləşdirən baş hərflərlə
yazılmış Şəhriyar adlı müəzzəm bir
sənət abidəsi dayanmışdır".
Bəli, belə
yüksək dəyərləndirir Şəhriyar
poetikasını Cəlal Abdullayev. Şairə həsr etdiyi
bir ayrı məqaləsində Şəhriyarın
özünün şeirə-sənətə verdiyi qiymət,
onun haqqındakı fikirləri ayrı-ayrı şeirlərinin
("Şeir və hikmət", "Eynşteynə
Peyğam", "Mumyalanmış adam", "Eyvay,
anam", "Rəssam" və s.) təhlili çərçivəsində
açıqlanır, Şəhriyarın şeirin poetik vəznləri
və s. barədə öz sanballı ilə seçilən
elmi-nəzəri yazıları, məqalələri
saf-çürük edilir.
Nədən
yazırsa yazsın, həmişə qlobal təsviri, ənginliyi,
xalq həyatının ən kiçik təfərrüatlarına,
detallarına, milli kolorit və özünəməxsusluğun
dərin, sirli qatlarına qədər bütün maddi və
psixoloji momentləri bir zərgər dəqiqliyi ilə nəqş
etməyi, əsərinin əsas toxumasında
canlandırmağı sevən sənətkarlardan olan S.Rəhimov
C.Abdullayev tərəfindən bədii ədəbiyyatın tərbiyəvi
əhəmiyyətinə xüsusi diqqət yetirən, onun gənc
nəslin tərbiyəsində böyük təsir
gücünə malik bir yazıçı, novator, məzmun,
mündəricə, fabula, süjet və kompozisiya, daxili və
zahiri portret, təbiət təsvirləri, psixoloji halların
təbii bir dillə verilməsi və s. məsələlərdə
də həmişə təzə, orijinal yollarla gedən ədib,
xalqla, onun mənəviyyatı, adət və ənənəsi
ilə, düşüncə tərzi ilə həmişə
yaxından bağlı olan bir insan kimi qiymətləndirilmişdir.
Professor qeyd edir ki, yazıçının əsərlərində
L.N.Tolstoyun sənətinə xas olan obyektiv varlığın
epik, monumental təsviri ilə yanaşı, Dostoyevski
üslubunu şərtləndirən ruhun təsirli, insanın
mənəvi-psixoloji aləminin yaradıcılıq
prizmasında əsas foks nöqtəsi kimi götürülməsi
hallarına da rast gəlmək mümkündür. Bu
baxımdan ədəbiyyatşünas, S.Rəhimovun
"Şamo" epopeyasını xüsusilə
vurğulayır, "Su ərizəsi",
"Saçlı", "Ağbulaq dağlarında",
"Ana abidəsi" və s. əsərləri xalqın
inkişaf tarixindəki əsas və bütöv mərhələni
əks etdirmək cəhətdən son dərəcə qiymətli
hesab edir.
Daha bir görkəmli
söz ustası - Ə. Məmmədxanlı haqqında
danışarkən onu orijinal əsərlər müəllifi,
mükəmməl bədii tərcüməçi,
kino-ssenarist, həm öz təhkiyəsində, həm də
surətlərin söhbət və monoloqlarında fəal,
çevik, publisistik ifadə tərzindən məharətlə
istifadə edən bir dramaturq adlandırmışdır.
(Davamı növbəti
şənbə sayımızda)
Şəlalə
Abdullayeva,
filologiya
üzrə fəlsəfə doktoru
Şərq.-
2012.- 31 mart.- S. 15.